Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2022/2020 01.07.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı cavabdehlər Net MMC və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhər Lokal Vergilər Baş İdarəsinə qarşı “işdən azad etmə və ölkədən çıxış məhdudiyyətinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Net MMC və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhər Lokal Vergilər Baş İdarəsinə qarşı “onun Net MMC-nin direktoru vəzifəsindən azad edilməsi, ölkədən getmək hüququnun təmin edilməsi, direktorluqdan azad edilməsi barədə qeydin dövlət qeydiyyatına alınması” tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı bir neçə cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan tələbləri birləşdirmiş, həmçinin iddia tələbinin əsasını təşkil edən müvafiq sübutlarını iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanlarını vəzifəsidir. Məhkəmə ilk olaraq qeyd edir ki, iddiaçı ölkədən çıxış məhdudiyyətinin ləğv edilməsi ilə bağlı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra həmin məhdudlaşdırmanın götürülməsi üçün vergi orqanlarına müraciət edə bilər. Belə ki, həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanlarını vəzifəsidir. Məhkəmə onu da qeyd edir ki, hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə kommersiya məhkəmələrində baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin məcəllənin 40-2-ci fəsili vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatı əhatə edir. Göründüyü kimi, “işdən azad etmə” və “ölkədən çıxış məhdudiyyətinin ləğv edilməsi” tələbləri bir-biri ilə əlaqədar deyillər. Hazırkı halda iddiaçı belə tələbləri birləşdirdiyi üçün ərizənin məhkəmə icraatı mümkün deyildir, ona görə iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.0.5-ci maddəsinə əsasən, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri əlavə edilir; 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir; Məhkəmə qeyd edir ki, İddiaçı iddia tələbində həmçinin “onun Net MMC-nin direktoru vəzifəsindən azad edilməsini xahiş etsə də, həmin tələbin əsasını təşkil edən müvafiq sübutlarını iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, hesab edirəm ki, qeyd olunan nöqsanlara görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən, bu məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Net MMC və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhər Lokal Vergilər Baş İdarəsinə qarşı “onun Net MMC-nin direktoru vəzifəsindən azad edilməsi, ölkədən getmək hüququnun təmin edilməsi, direktorluqdan azad edilməsi barədə qeydin dövlət qeydiyyatına alınması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Nöqsanları aradan qaldırdıqdan sonra təkrarən, ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ İddiaçı izah edilsin. Qərardad İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun qaytarılması üçün əsasdır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2022/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2022/2020
01.07.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver