Məhkəmə qərarları › İş №2(103)-6751/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6751/2024

24.12.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6751/2024 24.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 24 dekabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh «Nurgün İnşaat LTD»-yə qarşı 250.000 manat həcmində maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim V.Musayeva, iş № 2(006)-2131/2024) iddia təmin olunmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, belə olan vəziyyətdə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinin tələbinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qanunun yuxarıda göstərilən normalarına əsasən iş üzrə tərəflərdən biri olan fiziki şəxsin ölməsi o halda iş üzrə icraatın xitam olunması üçün əsas ola bilər ki, həmin şəxsin ölümdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməsin. Mübahisəli hüquq münasibətinin hüquq varisliyinə yol verib-verməməsi həmin münasibətin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Belə ki, şəxsi xarakter daşıyan və ölən tərəfin şəxsiyyəti ilə bilavasitə əlaqədar olan hüquq münasibətlərində prosessual hüquq varisliyinə yol verilmir. Hazırkı iş üzrə iddiaçı vaxtilə əmək münasibətində olduğu «Nurgün İnşaat LTD»-də çalışarkən sağlamlığına dəymiş zərərin ödənilməsini tələb etmiş və birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra ölmüşdür. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mübahisəli hüquq münasibəti bilavasitə ölən tərəfin şəxsiyyəti ilə əlaqədar olduğundan, yəni bu hüquq yalnız onun özünə məxsus olduğundan və vərəsəlik qaydasında keçmədiyindən iş üzrə hüquq varisliyinə yol verilmir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, prosessual hüquq varisliyi maddi hüquq varisliyi ilə sıx bağlıdır. Ona görə də əgər maddi hüquq münasibətlərində hüquq varisliyinə yol verilirsə, prosessual hüquq varisliyi də mümkündür. Hüquq və vəzifələrin başqa şəxsə keçməsinə yol verilməyən öhdəliklərdə, habelə varisliyə yol verməyən hüquq münasibətlərində tərəfin sıradan çıxması həmin öhdəliyin və ya hüquq münasibətlərinin xitamına səbəb olur və belə halda prosessual hüquq varisliyi yarana bilməz. Yuxarıdakılara əsasən və MPM-in 261, 391, 402, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. Mülki işin icraatına iddiaçının ölümü ilə əlaqədar xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar