Məhkəmə qərarları › İş №2(1-8)-1439/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1439/2026

08.07.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1439/2026 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Iddiaçı hüquqi varisi maraqlı şəxs1 cavabdeh “xxxx” LTD–yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək funksiyalarının icrası zamanı sağlamlığın pozulmasına görə maddi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı Iddiaçı hüquqi varisi maraqlı şəxs1 cavabdeh “xxxx LTD”-yə qarşı (maraqlı şəxs3 və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi maraqlı şəxs qismində cəlb edilməklə) “bədbəxt hadisə zamanı ödənişin və kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ######## 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsindən iddiaçı Iddiaçı hüquqi varisi maraqlı şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. «xxxx» Şirkətinin iş icraçısı vəzifəsində çalışmış Iddiaçı Şirkət tərəfindən X13 inşası zamanı ##.##.2007-ci il tarixdə iş vaxtı yıxılaraq xəsarət almışdır. ##.##.2009-cu il tarixdə **/**** saylı əmrlə əmək qabiliyyətinin fasiləsiz olaraq 6 aydan çox itirilməsinə görə o, Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin c) yarımbəndi ilə vəzifəsindən azad edilmişdir.

2. X6 müvafiq əmrinə əsasən təhqiqat komissiyası yaradılmış, toplanmış sənədlər əsasında bədbəxt hadisənin təhqiqatı aparılmış, Iddiaçı və digər şəxslərin (şahid) izahatları alınmış, müvafiq sənədlər (o cümlədən əmək müqaviləsi, iş icraçısının vəzifə təlimatı, əmək kitabçası, tibbi sənədlər) toplanmış, fotoşəkillər çəkilmiş, təhqiqat aktı, eləcə də istehsalatda baş vermiş bədbəxt hadisə haqqında IZ formalı akt tərtib edilmişdir. Iddiaçı görülən işləri yoxlayarkən obyektin ikinci mərtəbəsindən (vitrajın üstündən) özü də hiss etmədən, bilmədən yıxıldığını, şirkətin xəstəxana xərclərini ödədiyini, yıxılarkən baş gicəllənməsi və ürək döyüntülərinin olmadığını bildirmişdir. Komissiyanın rəyinə görə hadisənin təhqiqatı zamanı alınmış izahatlara, sorğulara və təhqiqat aktının IV bölməsinin 4.1-ci bəndinə əsasən həmin hadisənin baş verməsində “xxxx” şirkətinin digər vəzifəli şəxsləri tərəfindən əməyin mühafizəsi üzrə Qanunvericilik Aktlarının və Qaydalarının pozulmasına yol verilməmiş, Milli OK-nin tikintisinə rəhbərlik edən iş icraçısı Iddiaçı xəsarət alması öz ehtiyatsızlığı səbəbindən baş vermişdir.

3. Iddiaçı ## ###### 2024-cü il tarixdə vəfat etmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı Iddiaçı cavabdeh «xxxx LTD» şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş 250.000 manat həcmində maddi zərərin cavabdeh «xxxx» şirkətindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Iddiaçı Iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, «xxxx» şirkətinə daxil olan «xxxx» şirkətində 2006-cı ildən iş icraçısı vəzifəsində işləmişdir. 2009-cu ildə «xxxx» şirkətinin Salyan Olimpikin tikintisində iş icraçısı olmuşdur və həmin yerdə iş üzrə baş vermiş bədbəxt hadisə zamanı əmək qabiliyyətini itirmişdir. Iş üzrə şirkətdə 2007-ci ilin yanvar ayının 10-da hadisə baş vermişdir. Ildə aylıq 165 manat hal-hazırki vaxtadək müavinət təyin edilmişdir. Qeyd etdiyi kimi, verilən 169 manat dövrün tələbatlarını ödəmir və hal-hazırda iş icraçısının statistik orta əmək haqqı 1.500-2.000 manat arasında müəyyən edilir. Məhz bu baxımdan hesab edir ki, iş üzrə icraçının orta aylıq əmək haqqının 80 faizi ona ödənilməlidir. Digər tərəfdən, təyin ediləcək müavinət 14 il ərzində almadığı üçün bu məbləğ göstərdiyi illər üzrə toplanaraq ona verilməlidir. Hesab edir ki, cavabdeh onun sağlamlığına xəsarət yetirilməsində birbaşa təqsirlidir və bu baxımdan sağlamlığını uzun müddət itirdiyi üçün ona kompensasiya ödəməlidir. Digər tərəfdən, uzun müddət ağır xəstə olduğu üçün həyat yoldaşı X1 ona qulluq etmiş və 2007-ci ildə bu hadisənin nəticəsində şəkər xəstəliyinə tutulmuşdur. Bununla yanaşı ona şirkət heç bir yardım və kompensasiya ödəmədiyi üçün, arvadı uzun illər ona qulluq etmiş və 2020-ci ilin dekabr ayının 3-də dünyasını dəyişmişdir. Ümumiyyətlə cavabdehin hüquqa zidd hərəkətləri nəticəsində ona maddi və fiziki zərər vurulmuşdur. Bu aşağıdakılardan ibarətdir: 1. Qazancının itirilməsinə görə 200.000 manat; 2. Müalicəsi üçün çəkdiyi xərc 30.000 manat; 3. X1 ona qulluğa və sanotoriyalar haqqı 15.000 manat; 4. Xüsusi nəqliyyat vasitəsi verilməsinə görə nəqliyyat xərcləri 5.000 manat. Hesab edir ki, cavabdeh onun sağlamlığına zərər vurmaqla və vaxtına uyğun düzün müavinət verməməklə ümumilikdə ona 250.000 manat maddi zərər vurmuşdur. Cavabdehin nümayəndəsi (vəkili) vəkil4 məhkəmə iclasında iddiaya etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mülki Məcəllənin 1096.1ci maddəsinə

6. əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Belə ki, iddia tələbinin əsaslılığı üçün ilk növbədə iddiaçının əmək qabiliyyətini itirilməsi ilə nəticələnən sağlamlığına dəymiş zərərin yaranmasında cavabdehin təqsirli olub olmaması, habelə cavabdehin buna görə məsuliyyət daşıyıb-daşımaması araşdırılaraq hüquqi qiymət verilməlidir. Zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. Iddiaçının ona vurulmuş maddi zərərin əvəzinin tələb etməsi barədə iddiasına hüquqi qiymət verilərkən öncə baş vermiş hadisədə cavabdehin təqsirinin olub olmaması aydınlaşdırılmalıdır. Təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Göründüyü kimi, işəgötürənin məsuliyyəti yalnız təqsirli olduğu halda yaranır. Istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Göründüyü kimi, əməyin mühafizəsi qaydalarının pozulmasında yalnız təqsiri sübuta yetirilən işəgötürən məsuliyyətə cəlb oluna bilər. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Iddia ərizəsində qeyd edilmişdir ki, «xxxx-LTD» şirkətinin hüquqazidd hərəkətləri nəticəsində (delikt) iddiaçıya (qazancın itirilməsinə görə 200000 manat, müalicəsi üçün 30000 manat, qulluq və sanitariya haqqı 15000 manat, nəqliyyat xərcləri 5000 manat) maddi və fiziki zərər vurulmuşdur. Ehtimal edilmiş əsaslarla tələb irəli sürülmüş, həmçinin iddia tələbi dəqiq deyil və hər hansı sübutla öz təsdiqini tapmır. Zərərin miqdarı və ya dəyərinin sübut edilməsi üçün müvafiq sənədlər təqdim edilməmişdir. Iddiaçı ona dəymiş və iddia tələbində qeyd etmiş olduğu əldən çıxmış faydanın mənbələrinin hansı şəraitdə və necə yarandığını, həmin zərərin hansı hallar nəzərə alınmaqla hesablandığını məhkəmə qaydasında əsaslandıra bilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilənlər və Azərbaycan Respublikası MPM-nin tələblərinə əsasən iddia tələbinin rədd edilməsini xahiş etdi.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qətnaməsi ilə (hakim Vüsalə Musayeva) iddia tələbi rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işin araşdırılmış hallarından iddiaçının əmək funksiyalarının icrası zamanı baş vermiş bədbəxt hadisədə xəsarət alması işin mübahisəsiz halı olsa da həmin bədbəxt hadisənin baş verməsində təqsiri müəyyən edilmiş tərəf iş üzrə cavabdeh deyildir, bədbəxt hadisə iddiaçının özünün ehtiyatsızlığından baş vermişdir. Qanunvericiliyin tələblərinə əsasən Iddiaçı ##.##.2007-ci il tarixdə X13 tikintisi zamanı baş vermiş bədbəxt hadisə ilə əlaqədar xəsarət alması müəyyən edilmiş qaydada təhqiq edilmiş və aidiyyəti komissiyanın gəldiyi nəticədə də bədbəxt hadisənin iş icraçı Iddiaçı xəsarət alması öz ehtiyatsızlığı səbəbindən baş verməsi göstərilmiş, işəgötürən şirkətin digər vəzifəli şəxsləri tərəfindən əməyin mühafizəsi üzrə Qanunvericilik Aktlarının və Qaydalarının pozulmasına yol verilməməsi müəyyən edilmişdir. Belə olduğu təqdirdə iddia əsaslı hesab oluna və təmin edilə bilməz.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191, 209, 216, 217 və 239-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4 və 216-220-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)- 10.nömrəli, ## ###### 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin ****/**** olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən tərəfindən işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmiş, işin halları səhv müəyyən edilmiş, nəticədə iş üzrə maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir.

12. Işin apellyasiya icraatı zamanı iddiaçı Iddiaçı ##.##.2024-cü il tarixdə vəfat etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qərardadı ilə (hakimlər Akif Isgəndərov sədrlik edən və məruzəçi, Səadət Səlimova və Məhəmməd Rüstəmli) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)- ****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ləğv edilərək, mülki işin icraatına iddiaçının ölümü ilə əlaqədar xitam verilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ## ###### 2024-cü il tarixdə vəfat etdiyindən və barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçı vaxtilə əmək münasibətində olduğu «xxxx LTD»-də çalışarkən sağlamlığına dəymiş zərərin ödənilməsini tələb etmiş və birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra ölmüşdür. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli hüquq münasibəti bilavasitə ölən tərəfin şəxsiyyəti ilə əlaqədar olduğundan, yəni bu hüquq yalnız onun özünə məxsus olduğundan və vərəsəlik qaydasında keçmədiyindən iş üzrə hüquq varisliyinə yol verilmir.

15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə istinad edərək əsaslandırmşdır.

c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

16. Maraqlı şəxs maraqlı şəxs1 (vəkil X3) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin ## ###### 2024-cü tarixli qərardadının ləğv edilərək işə mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərarı ilə (hakimlər X9 (məruzəçi), X4 və X2) iddiaçının hüququ varisi maraqlı şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qərardadının ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

18. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının tələbləri əmək hüququ münasibətlərindən irəli gəlməklə iddiaçıya maddi fayda gətirən əmlak xarakterli tələblərdir. Mübahisəli hüquq münasibəti ölən iddiaçının özünün əmək qabiliyyətini itirməsi ilə nəticələnən bədən xəsarətləri alması ilə bağlı olsa da, onun vərəsələrinin bu münasibətlərdən irəli gələn və ölənə məxsus olmuş hüquqları müdafiə etmək, o cümlədən ölənə vurulmuş maddi ziyanı tələb etmək hüququ istisna olunmur. Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə mirasın kütləsinə yalnız fiziki obyektlər olan əşyalar deyil, sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələblər və hüquqlar da daxildir. Bu baxımdan apellyasiya məhkəməsinin hazırkı iş üzrə mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməməsi barədə qənaəti duzgun olmamışdır.

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin gəldiyi nəticə və işin icraatına MPM-in 261.0.7-ci maddəsinə əsasən icraat xitam verməsi düzgün olmamışdır. Hazırki işin müəyyən edilmiş halları baxımından barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verir. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalıdır.

20. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7, 262.4, 407.2, 416.1-ci maddələrinə istinadən əsaslandırmışdır.

d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** saylı, ## ######## 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı Iddiaçı (prosessual hüquq varis maraqlı şəxs1) apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006) ****/**** saylı işi üzrə ##.##.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Fuad Talışınski (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Azad Imanov).

22. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 76, 77, 80-82, 88, 106.2, 217.4, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən və işə aidiyyəti olmayan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, qeyd edilməlidir ki, baş vermiş bədbəxt hadisədə şirkətin hər hansı təqsiri müəyyən edilməmişdir. Iddiaçının hüquqi varisinin əsas arqumentlərindən biri olan tərtib edilmiş aktın saxtalaşdırılması məsələsinə gəldikdə isə qeyd edilməlidir ki, hazırkı iddia tələbi çərçivəsində həmin akt mübahisələndirilməmiş və prosessual qanunvericiliyə əsasən (qanunda göstərilən müstəsna hallar olmadığından) məhkəmənin tələbdən kənara çıxaraq mövcud olmayan tələbləri müzakirə etmək səlahiyyəti yoxdur.

23. Kollegiya qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşaraq qeyd etmişdir ki, baş vermiş bədbəxt hadisədə şirkətin hər hansı təqsiri müəyyən edilməmişdir. Iddiaçının hüquqi varisinin aktın saxtalaşdırıldığına dair dəlili ilə bağlı qeyd edilməlidir ki, hazırkı iddia tələbi çərçivəsində həmin akt mübahisələndirilməmiş və prosessual qanunvericiliyə əsasən (qanunda göstərilən müstəsna hallar olmadığından) məhkəmənin tələbdən kənara çıxaraq mövcud olmayan tələbləri müzakirə etmək səlahiyyəti yoxdur

25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217.1, 217.2, 217.3, 217.4, 217.5, 239.1, 239.2, 239.4, 239.5-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 48, 77.1, 88, 218.3, 385.2-ci maddələrinə maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

26. Iddiaçı Iddiaçı hüquqi varisi maraqlı şəxs1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsi və ya iddianın təmin edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayətində maddi hüquq pozuntusu kimi, Mülki Məcəllənin 1096.1-ci maddəsinə istinad edilərək qeyd edilmişdi ki, fiziki və hüquqi şəxs digər şəxsə vurduğu zərəri tam həcmdə ödəməlidir. Bu norma delikt məsuliyyətinin əsas prinsipini müəyyən edir və aşağıdakı elementlərin mövcudluğunu tələb edir: zərərin mövcudluğu hüquqa zidd hərəkət və ya fəaliyyətsizlik səbəb-nəticə əlaqəsi məsuliyyət daşıyan şəxs. Iş materallarından görünür ki, zərər faktı mövcuddur (əmək qabiliyyətinin itirilməsi),zərər tikinti fəaliyyəti zamanı baş vermişdir, zərər ilə istehsalat fəaliyyəti arasında səbəb-nəticə əlaqəsi mövcuddur. Buna baxmayaraq apellyasiya məhkəməsi həmin halları nəzərə almamış və zərərin ödənilməsi ilə bağlı məsuliyyəti rədd etmişdir. Beləliklə, Mülki Məcəllənin 1096-cı maddəsi düzgün tətbiq edilməmişdir. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərə real zərər və əldən çıxmış gəlir daxildir. Iş materiallarında göstərilir ki, zərərçəkmiş şəxsin əmək qabiliyyəti azalmışdır, bu səbəbdən onun gəlir əldə etmək imkanları məhdudlaşdırılmışdır. Belə olan halda məhkəmə maddi zərəri və itirilmiş qazancı araşdırmalı idi. Apellyasiya instansiyası bu halları qiymətləndirməmiş və zərərin tam ödənilməsi prinsipini tətbiq etməmişdir. Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən işəgötürən işçilər üçün təhlükəsiz və sağlam əmək şəraiti yaratmağa borcludur. Iş üzrə sübutlardan görünür ki, əmək təhlükəsizliyi qaydalarının pozulması ilə bağlı X6 rəsmi məlumatı mövcuddur. Işəgötürən tərəfindən təhlükəsizlik tədbirlərinin görüldüyü sübut olunmamışdır. Beləliklə, işəgötürənin qanuni vəzifəsi yerinə yetirilməmişdir. Apellyasiya instansiyası isə bu hüquqi vəziyyətə lazımı qiymət verməmişdir. Mülki Məcəllənin 1108-ci maddəsi yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə məsuliyyətə aiddir. 1. Tikinti fəaliyyəti yüksək təhlükə mənbəyi hesab olunur. Bu halda məsuliyyət obyektiv xarakter daşıyır və təqsirin sübutu tələb olunmaya bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinə və “Məhkəmələr və hakimlər haqqında” Qanunun müddəalarına əsasən məhkəmələr hüquq normalarını tətbiq edərkən məhkəmə təcrübəsinin vahidliyini təmin etməlidirlər. Ali Məhkəmənin Plenum qərarları və formalaşmış məhkəmə təcrübəsi hüquq normalarının düzgün tətbiqinin izahını verir və aşağı instansiya məhkəmələri həmin hüquqi mövqeləri nəzərə almalıdır. Lakin Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqelərə ziddir. Zərərin əvəzinin ödənilməsi ilə bağlı məhkəmə təcrübəsinin pozulması AR Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən zərər vurmuş şəxs həmin zərəri tam həcmdə ödəməlidir. Ali Məhkəmənin formalaşdırdığı təcrübəyə görə zərərin mövcudluğu və səbəb-nəticə əlaqəsi müəyyən edilərsə zərərin əvəzinin ödənilməsi təmin edilməlidir. Ali Məhkəmə dəfələrlə qərarlarında qeyd etmişdir ki, məhkəmələr zərərin mövcudluğunu müəyyən etdikdən sonra məsuliyyət məsələsinə formal yanaşa bilməz və zərərin əvəzinin ödənilməsinin hüquqi əsaslarını hərtərəfli araşdırmalıdır. Apellyasiya instansiyası isə bu prinsipi nəzərə almamış və zərərin mövcudluğuna baxmayaraq məsuliyyəti rədd etmişdir. Bu isə məhkəmə təcrübəsinin vahidliyinin pozulması deməkdir.

28. Sübutların qiymətləndirilməsi ilə bağlı məhkəmə təcrübəsinin pozulması Ali Məhkəmənin hüquqi mövqeyinə görə məhkəmə qərarı qəbul edilərkən iş üzrə bütün sübutlara hüquqi qiymət verilməli və mühüm sübutların nəzərə alınmamasının səbəbi qərarda göstərilməlidir. Iş materiallarında olan X6 rəsmi məktubu əmək təhlükəsizliyi qaydalarının pozulması ilə bağlı mühüm sübutdur. Lakin apellyasiya instansiyası məhkəməsi həmin sənədə hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

30. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

31. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

32. Maddə 1097.1. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

33. Maddə 1117. Müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir.

34. Maddə 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.

35. Maddə 1118.2. Itirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

36. Maddə 217 (hissə 1). Işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur.

37. Maddə 217 (hissə 2) Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır .

38. Maddə 217 (hissə 3) Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır.

39. Maddə 217 (hissə 4) Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır.

40. Maddə 217 ( hissə 5) Bədbəxt hadisələrin araşdırılmasının, uçotunun aparılması bu maddədə nəzərdə tutulmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir.

41. Maddə 239 (hissə 1) Istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.

42. Maddə 239 (hissə 2) Işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.

43. Maddə 239 (hissə 3) Istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir.

44. Maddə 239 (hissə 4) Istehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır.

45. Maddə 239 (hissə 5) Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”

46. Bənd 1.2. Müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində işçilərin səhhətinin pozulması hallarda təhqiq edilməlidir.

47. Bənd 1.5. Işəgötürən və ya zərərçəkən (onun vəkili və ya marağını qoruyan şəxs) Təhqiqat komissiyasının qərarı ilə razılaşmadıqda, X6 Xidmətinin (əvvəlki redaksiyada X6) rəhbərliyinə və ya məhkəməyə müraciət edə bilər.

48. Bənd 1.8. Istehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, IZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir. Bədbəxt hadisələri törədən səbəblərin aradan qaldırılması üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə nəzarəti X6 Xidməti həyata keçirir.

49. Bənd 2.1. Ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı X6 Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə X6 Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır.

50. Bənd 2.5. Təhqiqat komissiyası bədbəxt hadisənin səbəbini və iş yerinin şəraitini təhqiq edir, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının standartlarının pozulmasına yol vermiş şəxsləri aşkar edir. Hadisənin şahidlərindən və zərərçəkəndən izahatlar alır, bədbəxt hadisənin səbəblərini və onların aradan qaldırılması üzrə tədbirləri göstərməklə lazımi nüsxələrdən ibarət tədqiqat aktı tərtib edir və müəssisə tərəfindən hadisə barədə IZ formalı aktın düzgün olmasına nəzarət edir.

51. Bənd 4.1. Təhqiqat komissiyası toplanmış materiallar əsasında bədbəxt hadisənin baş verməsində işəgötürən (onun vəzifəli şəxsləri) və zərərçəkən (zərərçəkənlər) tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qanunvericilik aktlarının, qaydaların, vəzifə (peşə) üzrə təlimatların hansı nisbətdə pozulmasını müəyyən edib təhqiqat aktında göstərməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməlidir.

57. Ilk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.

58. Işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz halıdır ki, «xxxx» Şirkətinin iş icraçısı vəzifəsində çalışmış Iddiaçı Şirkət tərəfindən X13 inşası zamanı ##.##.2007-ci il tarixdə iş vaxtı yıxılaraq xəsarət almış və sağlamlığı pozulmuşdur.

59. Iddiaçı iddia etmişdir ki, hadisənin baş verməsində cavabdeh təqsirli olmuş, atasına münasibətdə delikt törədildiyindən müalicə, reabilitasiya və digər məruz qaldığı xərclərin və digər maddi zərərin əvəzi cavabdehdən tutulmalıdır.

60. Kollegiya hesab edir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən iddianın əsassız olduğuna düzgün hüquqi qiymət verilmişdir.

61. Mülki Məcəllənin 1096.1-ci maddəsində deliktə verilən anlayışa görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Normanın dispozisiya şərtindən də göründüyü kimi, başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran hərəkət təqsirli olaraq törədildiyi halda mülki hüquq pozuntusu hesab edilir və məsuliyyət yaradır Bu qaydadan istisna MM-nin 1097.1-ci maddəsində nəzərdə tutulmuş, müəyyən edilmişdir ki, təqsirsiz törədilmiş əmələ görə məsuliyyət yalnız qanunla müəyyən edildiyi halda mümkündür.

62. Hazırkı halda Iddiaçı əmək müqaviləsi üzrə öhdəliklərinin icrası zamanı xəsarət aldığından tələbin qanuni əsası MM-nin 1117-ci maddəsidir. Həmin normada təqsirsiz məsuliyyət nəzərdə tutulmadığından hazırkı halda iddianın əsaslı hesab edilməsi üçün cavabdehin baş vermiş hadisədə təqsiri müəyyən edilməli idi. Işə mahiyyəti üzrə baxmış məhkəmələr tərəfindən təqdim edilmiş sübutlar əsasında bədbəxt hadisənin baş verməsində “xxxx” şirkətinin vəzifəli şəxslərinin təqsirini müəyyən etmədiyindən iddianın rədd edilməsi qanuni və əsaslı olmuşdur.

63. Apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətində qeyd edilmiş maddi və prosessual pozuntulara yol verilməmişdir.

64. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

65. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi

Qərara aldı:

Iddiaçı Iddiaçı hüquqi varisi maraqlı şəxs1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ######## 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar