Məhkəmə qərarları › İş №2(006)-2180/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2180/2024

05.04.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2180/2024 05.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, Ərizəçi Səfərova (Musayeva) Şəlalə Əbdülhəsən qızının iştirakı ilə, Ərizəçi Səfərova (Musayeva) Şəlalə Əbdülhəsən qızının Maraqlı şəxs qismində cəlb etdiyi “mediasiya prosesində bağlanmış sazişin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Səfərova (Musayeva) Şəlalə Əbdülhəsən qızının “mediasiya prosesində bağlanmış sazişin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir Ərizə onun əsaslanmışdır ki, 05 mart 2019-cu il tarixdə 488 nömrəli nikah şəhadətnaməsinə əsasən cavabdeh Maraqlı şəxs ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X3 adında övladları dünyaya gəlmişdir. Aralarında olan münasibətlər pozulduğundan qarşılıqlı razılıq əsasında nikahın pozulması qərarına gəlmişdirlər. Bununla bağlı tərəflərindən 9 saylı Mediasiya Təşkilatına müraciət edilmiş, mediasiya sessiyası zamanı barışıq əldə edilmişdir. “xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən, tərəflər arasında bağlanılmış nikaha xitam verilsin və bu məqsədlə tərəflərdən hər hansı biri müvafiq rayon məhkəməsinə müraciət etsin. Belə halda digər tərəf nikaha xitam verilməklə bağlı iddia tələbini qəbul edir. Birgə nikahdan dünyaya gəlmiş xx.xx.2020-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək ikinci tərəfin (ananın) yanında qalması, onun saxlanılması üçün ata tərəfindən hər ay 220 (iki yüz iyirmi) manat aliment məbləğinin anaya ödənilməsi, atanın David Musayevi anası ilə birlikdə Azərbaycan Respublikası hüdudlarından xaricə çıxmasına icazə verməsi və bununla bağlı rəsmi icazə sənədini və digər lazım olan sənədləri verməyi öz öhdəliyinə götürməsi,ananın David Musayevi atası ilə birlikdə Azərbaycan Respublikası hüdudlarından xaricə çıxmasına icazə verməsi və bununla bağlı rəsmi icazə sənədini və digər lazım olan sənədləri verməyi öz öhdəliyinə götürməsi, atanın övladı ilə gündəlik rejimini pozmamaq şərti ilə və heç bir məhdudiyyət qoyulmadan istənilən gün istənilən saatda görüşə və ünsiyyət yarada bilməsi” barədə razılığa gəlinmişdirlər. Lakin aralarında razılıq əldə edilməsinə baxmayaraq bu günədək barışıq sazişinin müddəaları icra edilməmiş və ona uşağın ölkədən çxıarılması üçün notarial qaydada təsdiq edilmiş razılıq verilməmişdir. Habelə bu günədək aliment məbləği də ödənilməmişdir. Bununla bağlı Maraqlı şəxs yazılı və şifahi müraciətlər etsə də bu günə qədər barışıq sazişi icra edilməmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi Səfərova (Musayeva) Şəlalə Əbdülhəsən qızı ərizəyə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxs qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 1 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsi tərəfindən 19 iyun 2020-ci il tarixdə verilmiş № AZ-İV 458696 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin xx.xx.2020-cü il tarixdə X3 adlı uşağı doğulmuşdur. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/9/2023-01664 nömrəli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: - 1.1. Tərəflər arasında bağlanmış nikaha xitam verilsin və bu məqsədlə tərəflərdən hər hansı birisi müvafiq rayon məhkəməsinə müraciət etsin. Belə halda digər tərəf nikaha xitam verilməklə bağlı iddia tələbini qəbul edir. - 1.2. Tərəflər razılaşdılar ki, birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək İkinci Tərəfin (Ananın) yanında qalsın. - 1.3. Tərəflər razılaşdılar ki, Birinci Tərəf (Ata) birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2020-ci il təvəllüdlü X1 üçün hər ay 220 (iki yüz iyirmi manat) AZN aliment məbləğini İkinci Tərəfə (Anaya) ödəyəcək. - 1.4. Birinci Tərəf (Ata) birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2020-ci il təvəllüdlü X2 İkinci Tərəf ilə (Ana ilə) istənilən zaman Azərbaycan Respublikası hüdudlarından xaricə çıxmasına icazə verir və bununla bağlı rəsmi icazə sənədini və digər lazım olan sənədləri verməyi öz öhdəliyinə götürür. - 1.5. İkinci Tərəf (Ana) birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2020-ci il təvəllüdlü X2 Birinci Tərəf ilə (Ata ilə) istənilən zaman Azərbaycan Respublikası hüdudlarından xaricə çıxmasına icazə verir və bununla bağlı rəsmi icazə sənədini və digər lazım olan sənədləri verməyi öz öhdəliyinə götürür. - 1.6. Birinci Tərəf (Ata) övladı ilə gündəlik rejimini pozmamaq şərti ilə və heç bir məhdudiyyət qoyulmadan istənilən gün, istənilən saatda görüşə və ünsiyyət yarada bilər. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat şöbəsi tərəfindən 15 mart 2024-cü il tarixdə verilmiş № AZ-İ 484708 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Səfərova (Musayeva) Şəlalə Əbdülhəsən qızı ilə Maraqlı şəxs nikahına xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, Maraqlı şəxs ilə Səfərova (Musayeva) Şəlalə Əbdülhəsən qızı arasında barışıq sazişi bağlanmış, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilməmişdir. Barışıq sazişinin şərtlərindən göründüyü kimi, həmin sazişin təsdiq edilməsinə maneə yaradan (MPM-nin 355-26-cı maddəsində sadalanmış) hallar yoxdur. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, ərizəçi Səfərova (Musayeva) Şəlalə Əbdülhəsən qızının Maraqlı şəxs qismində cəlb etdiyi “mediasiya prosesində bağlanmış sazişin təsdiq edilməsi” tələbinə dair ərizəsi təmin edilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki-Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Səfərova (Musayeva) Şəlalə Əbdülhəsən qızının Maraqlı şəxs qismində cəlb etdiyi “mediasiya prosesində bağlanmış sazişin təsdiq edilməsi” tələbinə dair ərizəsi təmin edilsin. Maraqlı şəxs ilə Səfərova (Musayeva) Şəlalə Əbdülhəsən qızı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/9/2023-01664 nömrəli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

1. Tərəflər arasında bağlanmış nikaha xitam verilsin və bu məqsədlə tərəflərdən hər hansı birisi müvafiq rayon məhkəməsinə müraciət etsin. Belə halda digər tərəf nikaha xitam verilməklə bağlı iddia tələbini qəbul edir.

2. Tərəflər razılaşdılar ki, birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək İkinci Tərəfin (Ananın) yanında qalsın.

3. Tərəflər razılaşdılar ki, Birinci Tərəf (Ata) birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2020-ci il təvəllüdlü X1 üçün hər ay 220 (iki yüz iyirmi manat) AZN aliment məbləğini İkinci Tərəfə (Anaya) ödəyəcək.

4. Birinci Tərəf (Ata) birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2020-ci il təvəllüdlü X2 İkinci Tərəf ilə (Ana ilə) istənilən zaman Azərbaycan Respublikası hüdudlarından xaricə çıxmasına icazə verir və bununla bağlı rəsmi icazə sənədini və digər lazım olan sənədləri verməyi öz öhdəliyinə götürür.

5. İkinci Tərəf (Ana) birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2020-ci il təvəllüdlü X2 Birinci Tərəf ilə (Ata ilə) istənilən zaman Azərbaycan Respublikası hüdudlarından xaricə çıxmasına icazə verir və bununla bağlı rəsmi icazə sənədini və digər lazım olan sənədləri verməyi öz öhdəliyinə götürür.

6. Birinci Tərəf (Ata) övladı ilə gündəlik rejimini pozmamaq şərti ilə və heç bir məhdudiyyət qoyulmadan istənilən gün, istənilən saatda görüşə və ünsiyyət yarada bilər.

Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar