Məhkəmə qərarları › İş №2(006)-230/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-230/2021

28.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-230/2021 28.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 nümayəndəsi və vəkili X10, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (X15, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) «pilləkən tikilməsinin qeyri-qanuni hesab edilməsi, pilləkənin sökülməsi, binanın pilləkən qəfəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X11 qarşı «pilləkən tikilməsinin qeyri-qanuni hesab edilməsi, pilləkənin sökülməsi, binanın pilləkən qəfəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, X27 küçəsi ev 251 ünvanda yerləşən binanın pilləkən qəfəsinin ikinci mərtəbəsində yerləşən hissəsini qeyri-qanuni sökərək qarşı binanın üçüncü mərtəbəsindən həyətin ortasından keçməklə həmin pilləkən qəfəsinə birləşən pilləkənin tikilməsinin qeyri-qanuni hesab edilməsi, tikilmiş qeyri-qanuni pilləkənin sökülməsi və binanın pilləkən qəfəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi vəzifəsinin X8 üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi mübahisə predmeti barəsində müstəqil tələb irəri sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişlər. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, X27 küçəsi ev 251 ünvanda yerləşən 52, 53 və 55 nömrəli mənzillər onun mülkiyyətindədir. Qeyd edilən ünvanda yerləşən evlərin bir hissəsi Şəmsi Bədəlbəyli küçəsinə tərəf olan hissədə, bir hissəsi isə X27 küçəsinə tərəf olan hissədə yerləşsə də ümumilikdə ünvan X27 küçəsi ev 251 kimi müəyyən edilmişdir. Həmin ünvanda yerləşən evlərin Şəmsi Bədəlbəyli küçəsinə tərəf olan hissəsi dörd mərtəbəli, X27 küçəsinə tərəf yerləşən hissəsi isə iki mərtəbəlidir. Həyətə həm Şəmsi Bədəlbəyli küçəsi (yəni Heydər Əliyev parkına tərəf olan hissə) həm də, X27 küçəsindən giriş vardır. Onun mülkiyyətində olan mənzillər Şəmsi Bədəlbəyli küçəsinə tərəf, yəni Heydər Əliyev parkına tərəf olan hissədə yerləşir və birbaşa çıxışı parka tərəfdir. Bundan başqa, o, həyətdən keçməklə X27 küçəsinə tərəf çıxışdan da istifadə edə bilir. Onlarla eyni həyətdə yerləşən və birbaşa çıxışı X27 küçəsinə tərəf olan bina iki mərtəbəlidir. Həmin binanın sakinləri də həyətdən keçməklə Şəmsi Bədəlbəyli küçəsinə tərəf olan çıxışdan istifadə edə bilirlər. X27 küçəsinə tərəf olan iki mərtəbəli binanın sakinlərindən biri iki mərtəbəli binanın üzərində əlavə 3-cü mərtəbə tikmişdir. Həmin mərtəbə qeyri-yaşayış sahəsidir. Bu yaxınlarda isə həmin tikintinin sahibi tikdiyi həmin tikilidən onların pilləkən qəfəsinə çıxış açmaq üçün qeyri-qanuni tikinti işləri görməyə başlamışdır. Belə ki, həmin şəxs onların binanın pilləkən qəfəsinin həyətin daxilinə baxan hissəsini qeyri-qanuni olaraq söküb dağıdaraq qarşı binada artırdığı üçüncü mərtəbədən onların binanın pilləkən qəfəsinin ikinci mərtəbəsinə pilləkən tikib quraşdırmaqla məşğuldur. Halbuki həmin şəxsin çıxışı X27 küçəsinə tərəfdir. Şəmsi Bədəlbəyli küçəsinə tərəf çıxmaq üçün isə o, həyətə düşməli və Şəmsi Bədəlbəyli küçəsinə tərəf oradan çıxmalıdır. O, dəfələrlə bununla bağlı həmin şəxsin işlərini görən işçilərə qeyri-qanuni hərəkətlərini dayandırmalarını tələb etsə də, bu günə qədər qeyriqanuni tikinti dayandırılmamışdır. Belə görünür ki, bu şəxs nəyin bahasına olursa olsun, öz qeyri-qanuni əməllərini başa çatdıraraq tikdiyi üçüncü mərtəbədən onların binanın pilləkən qəfəsinin ikinci mərtəbəsinə çıxış əldə etməklə həyətə düşüb oradan keçmədən Şəmsi Bədəlbəyli küçəsinə çıxmaq niyyətindədir. Bu isə həm qanunvericiliyin, həm də binada mülkiyyət sahibi olan şəxs kimi onun və digər vətəndaşların hüquqlarının kobud surətdə pozulmasıdır. Bu səbəbdən, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh X15 məhkəməyə iddiaya etiraz və iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı ona qarşı «tikilinin qanunsuz hesab edilib sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hal-hazırda həmin iddia tələbinə dair 2(006)-1672/2020 saylı mülki iş məhkəmənin icraatındadır. İddiaçı Bakı şəhəri, Nəsimi rayonu X27 küçəsi ev 251 ünvanda yerləşən binanın pilləkən qəfəsinin ikinci mərtəbəsində yerləşən hissəsini qeyri-qanuni sökərək qarşı binanın üçüncü mərtəbəsindən həyətin ortasından keçməklə həmin pilləkən qəfəsinə birləşən pilləkənin tikilməsinin qeyri-qanuni hesab edilməsini, tikilmiş qeyri-qanuni pilləkənin sökülməsini, binanın pilləkən qəfəsinin əvvəlki əziyyətinin bərpa edilməsi vəzifəsinin onun üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Daha sonra isə iddiaçı iddianın təmin tədbiri barədə ərizə ilə müraciət edərək həmin ünvanda yerləşən sözügedən pilləkənin tikilməsinin ona və üçüncü şəxslərə qadağan edilməsini məhkəmədən xahiş etmişdir. Nəsimi rayon Məhkəməsinin 21.10.2020-ci il tarixli qərardadı ilə iddianın təmin tədbiri barədə ərizə təmin edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, İddiaçı tərəfindən verilmiş iddia ərizəsi tamamilə əsassız və qərəzlidir. Belə ki, iddiaçı yalnızca öz şəxsi mülahizələrinə əsaslanaraq tərtib etdiyi iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində isə heç bir hüquqi əsaslandırma və fakt qeyd olunmamışdır. Əslində isə mövcud olan vəziyyət iddiaçının heç bir hüquq və mənafeyini pozmur. İlk öncə qeyd edir ki, M.Əliyev küçəsi 251 ünvanda yerləşən 2 mərtəbəli yaşayış binasının üstündə 3-cü mərtəbənin tikilməsi tam qanuni əsaslarla həyata keçirilmişdir. Belə ki, sözügedən tikilinin onlardan əvvəlki mülkiyyətçisi X13 olmuşdur. Həmdulla Cəfərov uzun müddət əvvəl həmin mərtəbədə hazırki qeyri-yaşayış sahəsini tikdirmişdir. Daha sonra isə həmin ərazinin sənədləşdirilməsi və adına rəsmiləşdirilməsi prosesinə başlamışdır. İlk olaraq Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun həmin binanın «Texniki vəziyyəti və onun üzərində əlavə bir mərtəbənin tikilməsinin mümkünlüyü barədə» 2008-ci il tarixli rəyi alınmışdır. Həmin rəydə göstərilmişdir ki, ətraf binaların memarlıq üslubuna uyğun olaraq ümumi memarlıq ansamblının qorunub saxlanması məqsədi ilə inşa edilmiş 3-cü texniki mərtəbə X1 istifadəsindədir və bu tikili binada yaşayan vətəndaşların və ətrafda fəaliyyət göstərən hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmur. Daha sonra isə həmin tikilinin ətraf sakinlərin hüquq və azadlıqlarını pozmaması barədə 15 saylı MKİS tərəfindən 03.05.2011-ci il tarixli 26 saylı arayışı da verilmişdir. Bunun ardınca qeyriyaşayış sahəsinin əvvəlki mülkiyyətçisi Həmdulla Cəfərov həmin sahənin mövcud vəziyyətdə istifadəsinə verilməsi ilə bağlı Nəsimi rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Nəsimi rayon İcra Hakimiyyəti başçısının 13.05.2011-ci il tarixli 181 nömrəli sərəncamı ilə X1 ünvan 3 ünvanda yerləşən 2 mərtəbəli binanın 3-cü mərtəbəsində öz vəsaiti hesabına quraşdırdığı texniki mərtəbə mövcud vəziyyətdə onun istifadəsinə verilmişdir. Daha sonra 23.09.2011-ci tarixli sərəncamla yuxarıda qeyd olunan sərəncama düzəliş edilmiş və «istifadəsinə icazə verilsin» ifadəsi «adına sənədləşdirilməsinə icazə verilsin» ifadəsi ilə əvəz olunmuşdur. 26.05.2018-ci il tarixdə isə 062022 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə həmin qevri-vaşaviş sahəsi onun mülkiyyətinə keçirilmiş və adına rəsmiləşdirilmişdir. İddiaçı iddia tələbinin əsassızlığı isə burada sübut olunur. Belə ki, 2008-ci ildə tikilmiş üçüncü mərtəbə üçün mümkünlük rəyi alındıqdan sonra verilmiş sərəncamda ərazinin plan-sxemi də tərtib edilərək əlavə olunmuşdur. Sərəncama əlavə edilmiş tikilinin planında hazırda iddiaçının mübahisələndirdiyi pilləkən də qeyd olunmuşdur. Daha sonra adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən texniki pasport verilərkən də həmin pilləkən tikilinin ayrılmaz tərkib hissəsi kimi göstərilmişdir. Bir daha qeyd edir ki, iddiaçının mübahisələndirdiyi pilləkən tamamilə qanuni formada tikilmiş və tikinti-texniki normalara uyğun həyata keçirilmişdir. Ən əsası isə həmin tikili heç bir tərəfin hüquqlarını pozmur. Əgər ki, doğurdan da həmin pilləkən oradakı sakin və vətəndaşları narahat etsəydi, hüquqlarını pozsaydı, 11 ildən uzun müddətdə bir şikayət və ərizə ünvanlanardı. Yuxarıda da göstərildiyi kimi həmin 3-cü mərtəbə uzun müddət əvvəl tam formada tikilmişdir. Tikinti planında göstərilən pilləkən də elə həmin vaxt tikilmişdir. Lakin bu uzun müddət ərzində nə iddiaçı, nə də digər şəxslər bununla bağlı öz narazılıqlarını bildirməmişlər. Həmçinin məhkəmənin nəzərinə çatdırır ki, bu formada, ortaq həyətə malik olacaq layihə ilə tikilmiş binaların keçid və ya pilləkən vasitəsi ilə birləşdirilməsi təbii haldır. Əraziyə məhkəmə tərəfindən daha əvvəl edilmiş yerli baxış zamanı da müşahidə olunmuşdur ki, həmin tip üzbəüz tikilmiş az mərtəbəli binalar pilləkən vasitəsi ilə birbirilərinə birləşdirilir. Bakı şəhərinin bir çox yerlərində bu formada (xalq arasında «italiyanskiy evlər») binalar tikilmişdir. Bu tip binaların ortaq həyətləri və alarındakı məsafə az olduğundan binalar arasında keçid və pilləkənlər tikilməkdədir, bundan əlavə texniki pasportda da qeyd olunmuş pilləkənin tikilə biləcək başqa yeri yoxdur. Belə ki, pilləkən hazırki nöqtəyə birləşməsə, birbaşa həyətə tikilsə bu zaman da qarşı binanın girişinin önünü kəsəcəkdir. Bildirir ki, İddiaçı uzun illər orada mövcud olmuş tikiliyə qarşı tələb irəli sürməsi məqsədyönlü şəkildədir. Belə ki, İddiaçı onların qanuni tikilisinə qarşı tələb irəli sürməzdən əvvəl həmin tikili üçün ona pul ödəmələrini onlara bildirmişdir. Onlar isə tikili planında nəzərdə tutulan pilləkənin tam qanuni formada tikildiyini, buna görə heç bir pul ödəməyəcəklərini bildirmişlər. İddiaçı isə ona pul ödəməyəcəkləri təqdirdə onları məhkəməyə verəcəyini, tikililərini də sökdürəcəyini bildirmişdir. Daha sonra isə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsi ilə müraciət etməkdə yeganə məqsədi onlardan hər hansı bir yolla pul mənimsəyib əsassız varlanmaqdır. Qeyd etmək istəyir ki, iddiaçının iddia ərizəsi əsassız olmaqla yanaşı həm də iddia müddəti ötürülməklə verilmişdir. Etirazdan əlavə olaraq iddia müddətinin tətbiqi arədə ərizə ilə də məhkəməyə müraciət etmişdir. Belə ki, yuxarıda da qeyd etdiyi kimi sözügedən ünvandakı 3-cü mərtəbədə yerləşən tikili 2008-ci ilə qədər tam tikilib bitirilmişdi. Bunu təsdiq edən isə 2008-ci il tarixdə Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun verdiyi rəydir. Belə ki, həmin rəydə qeyd olunub ki, M.Əliyev küçəsi 251 saylı ünvanda yerləşən binanın 2-ci mərtəbəsinin üzərində tikilmiş 3-cü mərtəbə ətraf binaların memarlıq üslubuna uyğun olaraq ümumi memarlıq ansamblının qorunub saxlanması məqsədi inşa edilmişdir və X1 istifadəsindədir. İşlə bağlı ilk hazırlıq iclasının 24.01.2020-ci il tarixdə keçirilməsini nəzərə aldıqda iddia ərizəsinin də təqribi olaraq həmin tarixlərdə verilməsi aşkar olunur. Bununla da, Mülki Məcəllənin 373.1-ci maddəsində göstərilən ümumi iddia müddəti, yəni 10 illik müddət ötürülmüşdür. Belə olan halda işin icraata götürülməsi və baxılması qəbuledilməzdir. Hesab edir ki, iddia ərizəsinə etirazdan əlavə olaraq verdiyi müddətin tətbiq olunması barədə ərizə də təmin edilməlidir. İddiaçı öz iddia ərizəsində göstərdiyi tələblərin hamısı əsassızdır. İddia ərizəsi yalnızca subyektiv və qərəzli formada hazırlanmışdır. Belə ki, iddia ərizəsində göstərilən tələblərdən ilki həmin pilləkənin qanunsuz hesab edilməsi tələbidir. Lakin həmin pilləkənin Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 13.05.2011 və 23.09.2011-ci il tarixli sərəncamlarının tikinti planlarında aşkar formada göstərilməsi, alınmış texniki pasportda da eyni formada pilləkənin qeyd olunması, həmin tikilinin uzun illər əvvəldən tikilib qurtarması kimi təsdiq edici faktlar iddia tələbinin əsassızlığını göstərir. Tikilinin sökülməsi tələbinə gəldikdə isə iddia bu hissədə də qəbuledilməzdir. Bir daha qeyd edir ki, həm tikilmiş üçüncü mərtəbə, həm də həmin mərtəbənin tikinti planında qeyd olunmuş pilləkən tam qanuni formada tikilmişdir və onun mülkiyyətinin ayrılmaz tərkib hissəsidir. Mülkiyyət hüququ isə qanunvericiliklə qorunur və toxunulmazdır. Həmçinin uzun illər həmin tikiliyə heç bir etirazı və iradı olmamış iddiaçının hazırki tələbi yalnızca onların qanuni fəaliyyətlərinə maneçilik törətmək üçündür. İddiaçı hazırki iddia tələbi ilə qonşuluq hüququndan sui-istifadə etməyə çalışır. Bildirir ki, hazırki iddia tələbində iddiaçı tərəfə hər hansı bir təsir məsələsi mövcud deyildir. Belə ki, o, yalnızca alğı-satqı müqaviləsi yolu ilə əldə etdiyi tikili sahəsindən qanunvericiliyə uyğun formada istifadə edir. Burada qonşuya - yəni iddiaçıya hər hansı bir ziyanlı və ya digər formada bir təsir yoxdur, tikilmiş pilləkən nə iddiaçının, nə də digər şəxslərin hüquqlarını pozmur. Əgər əhəmiyyətsiz dərəcə təsir olsa belə Mülki Məcəllənin 171-ci maddəsində göstərilən «qonşu təsirinə dözmək vəzifəsi» norması tətbiq olunacaqdır. Belə ki, həmin maddədə göstərilir ki, «torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.» Lakin bir daha qeyd edir ki, göstərilən tikili tam olaraq qanuni formada hazırlanmış və iddiaçıya nə əhəmiyyətli, nə də əhəmiyyətsiz təsiri yoxdur. Həmin pilləkənin istifadəsi zamanı əgər ki, hər hansı əhəmiyyətsiz təsir olacağı təqdirdə də bu təsirə dözmək iddiaçının vəzifəsi hesab olunur. Göründüyü kimi, İddiaçı iddia tələbi tamamilə əsassızdır. Yuxarıda da qeyd etdiyi kimi sözügedən pilləkən həm İcra Hakimiyyətinin sərəncamına əlavə olunmuş tikili planında, həm də adına təqdim edilmiş texniki pasportda qeyd olunmuşdur. Həmin pilləkənlə bağlı İddiaçı iddia irəli sürməsinin heç bir hüquqi əsası yoxdur. Həmçinin iddia tələbi ilə bağlı müddət də iddiaçı tərəfindən ötürülmüşdür. Buna görə də hesab edir ki, İddiaçı ona qarşı «qeyri-qanuni tikililərin sökülməsi» tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Sonradan, X15 əsl Cavabdeh ilə əvəz olunmuş, X15 isə cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəri sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qəbul etmədi, 3-cü şəxs X8 məhkəməyə təqdim etdiyi etirazın məzmununa uyğun izahat verdi, məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, məhkəmədən iddianın əsassız olduğundan və iddia müddəti ötürüldüyündən rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi X12 məhkəmə iclasında izahat verərək bildirdi ki, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 13 may 2011-ci il tarixli 181 saylı sərəncamı ilə vətəndaş X13 ərizə ilə müraciət edərək, M.Əliyev küçəsi 251 ünvanda yerləşən 2 mərtəbəli yaşayış binasının üstündə öz vəsaiti hesabına quraşdırdığı 3-cü texniki mərtəbənin mövcud vəziyyətdə istifadə edilməsinə icazə verilmişdir. Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti başçısının 23 sentyabr 2011-ci il tarixli 372 saylı sərəncamı ilə isə Nəsimi RİHB-nin 13.05.2011-ci il tarixli 181 saylı sərəncamının giriş hissəsində və 1ci bəndində qismən dəyişiklik edillərək Sərəncamın giriş hissəsində və 1-ci bəndində «istifadəsinə icazə verilsin» ifadəsi «adına sənədləşdirilməsinə icazə verilsin» ifadəsi ilə əvəz olunaraq «adına sənədləşdirilməsinə icazə verilsin» kimi oxunması qərara alınmışdır. Tərəflərindən verilmiş hüquqi sənədlər qanunvericiliyin tələblərinə uyğun olaraq verilmiş və hazırki mübahisənin predmeti deyildir. X13 tərəfindən qeyd edilən sərəncama əsasən aparılan işlərin kiminsə hüquqlarının pozulması halı İcra Hakimiyyəti tərəfindən müəyyən edilməmişdir. Buna baxmayaraq hazırki mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 nümayəndəsi və vəkili X18 məhkəmə iclasında izahat verərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi X15 hazırki iş üzrə əvvəlcə cavabdeh, hazirda isə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində çıxış etsələr də, cavabdeh qismində cəlb edildiyi zaman məhkəməyə təqdim etdikləri iddiaya etiraz ərizəsini müdafiə etdiklərini, iddianın əsassız olduğunu, habelə iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə İddiaçı və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak etmiş tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 13 may 2011-ci il tarixli 181 saylı sərəncamından görünür ki, vətəndaş X13 ərizə ilə müraciət edərək, M.Əliyev küçəsi 251 ünvanda yerləşən 2 mərtəbəli yaşayış binasının üstündə öz vəsaiti hesabına quraşdırdığı 3-cü texniki mərtəbənin mövcud vəziyyətdə istifadə edilməsinə icazə verilməsini xahiş etmişdir. Sənədləri araşdıran zaman məlum olmuşdur ki, Bakı şəhərinin baş planına uyğun olaraq paytaxtda aparılan yenidənqurma işləri ilə əlaqədar Füzuli, Ş.Bədəlbəyli küçələri və R.Behbudov prospektinin kəsişməsində yerləşən Heydər Əliyev parkının yaxınlığında, Mirzağa Əliyev küçəsi 251 saylı ünvandakı 2 mərtəbəli binanın Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun həmin binanın «Texniki vəziyyəti və onun üzərində əlavə bir mərtəbənin tikilməsinin mümkünlüyü barədə 2008-ci il tarixli rəy»inə əsasən ətraf binaların memarlıq üslubuna uyğun olaraq ümumi memarlıq ansamblının qorunub saxlanılması məqsədi ilə inşa edilmiş 3-cü texniki mərtəbə X1 istifadəsindədir və bu tikili binada yaşayan vətəndaşların və ətrafda fəaliyyət göstərən hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmur. Bu barədə 15 saylı MKİS-in 03.05.2011-ci il tarixli 26 saylı arayışı təqdim edilmişdir. Bununla əlaqədar qərara alınmışdır ki:

1. X1 Nəsimi rayonu M.Əliyev küçəsi 251 ünvanda yerləşən 2 mərtəbəli binanın 3cü mərtəbəsində öz vəsaiti hesabına quraşdırdığı texniki mərtəbənin mövcud vəziyyətdə istifadəsinə icazə verilsin.

2. Mövcud qeyri-yaşayış sahəsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada sənədləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası ƏMDK-yə müraciət edilməsi vətəndaş X9 tövsiyə olunmuşdur.

3. Sərəncamın surəti vətəndaş H.Y.Cəfərova, rayon MKTB-yə və məlumat üçün rayon Polis İdarəsinə göndərilsin. X1 ərizəsi, 15 saylı MKİS-in 03.05.2011-ci il tarixli 26 saylı arayışı, həmçinin X6- Qəbul Aktı qoşma şəklində sərəncama əlavə olunmuşdur. - Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti başçısının 23 sentyabr 2011-ci il tarixli 372 saylı sərəncamından görünür ki, vətəndaş X13 ərizə ilə Nəsimi rayon İcra Hakimiyyətinə müraciət edərək, qeyri-yaşayış sahəsinin mövcud vəziyyətdə istifadəsinə icazə verilməsi barədə Nəsimi RİHB-nin 13.05.2011-ci il tarixli 181 saylı sərəncamının 1-ci bəndində texniki səhvə yol verildiyindən həmin bənddə qismən dəyişiklik edilərək «istifadəsinə icazə verilsin» ifadəsinin «adına sənədləşdirilməsinə icazə verilsin» ifadəsi ilə əvəz edilməsini xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq qərara alınmışdır ki:

1. Nəsimi RİHB-nin 13.05.2011-ci il tarixli 181 saylı sərəncamının giriş hissəsində və 1-ci bəndində qismən dəyişiklik edilsin.

2. Sərəncamın giriş hissəsində və 1-ci bəndində «istifadəsinə icazə verilsin» ifadəsi «adına sənədləşdirilməsinə icazə verilsin» ifadəsi ilə əvəz olunaraq «adına sənədləşdirilməsinə icazə verilsin» kimi oxunsun.

3. Sərəncamın surəti vətəndaş H.Y.Cəfərova, 15 saylı MKİS-ə və məlumat üçün rayon Polis İdarəsinə göndərilsin. X1 ərizəsi qoşma kimi sərəncama əlavə edilmişdir. - 28.12.2017-ci il tarixli AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsindən görünür ki, X13 yuxarıda qeyd olunan qeyri-yaşayış sahəsini X25 satmışdır. - 26.05.2018-ci il tarixli AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsindən görünür ki, X26 həmin qeyri-yaşayış sahəsini X2. - 15.10.2019-cu il tarixli AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsindən görünür ki, X15 həmin qeyri-yaşayış sahəsini X3. - 25.12.2019-cu il tarixli bağışlama müqaviləsindən görünür ki, X19 həmin qeyriyaşayış sahəsini Cavabdeh bağışlamışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyun 2021-ci il tarixli 10/1444 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu X27 küçəsi ev 251 ünvanda yerləşən pilləkən meydançası qeyri-yaşayış sahəsinə aid texniki pasportun məlumatlarında nəzərdə tutulduğunu və eləcə də, həmin tikiliyə dair Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən 29.12.2019-cu il tarixli çıxarış verildiyini nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının» 4.1 və 4.2-ci bəndlərinə uyğun şəhərsalma, tikinti norma və qaydalarına uyğun inşa olduğu müəyyən edilir (1-ci sual üzrə). Bakı şəhəri Nəsimi rayonu X27 küçəsi ev 251 ünvanda yerləşən pilləkən meydançası qeyri-yaşayış sahəsinə aid olan pilləkənə və İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu X27 küçəsi ev 251 ünvanda yerləşən 52, 53 və 55 saylı mənzillərə aid olan giriş-çıxış qapıları ayrı-ayrılıqda olduğundan binanın pilləkən qəfəsindən istifadə edilməsinə hər hansı bir maneçilik törətmədiyi müəyyən edilir (2-ci sual üzrə). Bakı şəhəri Nəsimi rayonu X27 küçəsi ev 251 ünvanda yerləşən pilləkən qəfəsinin inşa olunmasına dair mülki iş materiallarında müvafiq icazəverici sənədlərin olmadığı müəyyən edilmişdir. Lakin mülki iş materialına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş texniki pasportun məlumatları ilə qeyri-yaşayış sahəsinə aid pilləkən meydançası öz əksini tapmışdır (3-cü sual üzrə). Bakı şəhəri, Nəsimi rayonu, X27 küçəsi ev 251 ünvanda qeyri-yaşayış sahəsinə aid pilləkən həyətyanı torpaq sahəsinin daxilində quraşdırılmış dəmir dirəklər üzərində inşa olunduğu müəyyən edilmişdir (4-cü sual üzrə). Eyni zamanda qeyd olunur ki, quraşdırılmış pilləkən mənzillərin yerləşdiyi binaya təhlükə törədib-törətməməsi məsələsi tikinti-texniki ekspertin səlahiyətlərindən kənar olduğundan həmin məsələ, tikinti kostruktoru (mərkəzdə həmin sahə üzrə mütəxəssis yoxdur) tərəfindən müvafiq hesablamalar aparıldıqdan sonra müəyyən oluna bilər. İşin araşdırılmış hallarından görünür ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu X27 küçəsi ev 251 ünvanda yerləşən mübahisəli sahə X9 məxsus olmuş və onun müraciəti əsasında M.Əliyev küçəsi 251 ünvanda yerləşən 2 mərtəbəli yaşayış binasının üstündə öz vəsaiti hesabına quraşdırdığı 3-cü texniki mərtəbənin mövcud vəziyyətdə istifadə edilməsinə icazə verilmişdir. Daha sonra X13 28.12.2017-ci il tarixli AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsinə əsasən qeyd olunan qeyri-yaşayış sahəsini X25, 26.05.2018ci il tarixli AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsinə əsasən isə sonuncu sözügedən sahəni X2. İş materiallarından görünür ki, İddiaçı hazırki iddianı qaldırarkən mübahisəli sahənin mülkiyyətçisi X15 olmuş və ona qarşı qaldırılmış iddiaya etirazında tikinti işlərinin əvvəlki mülkiyyətçi tərəfindən aparılaraq sənədləşdirilməsini, 26.05.2018-ci il tarixdə isə 062022 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə həmin qeyri-yaşayış sahəsinin onun mülkiyyətinə keçirilməsini və adına rəsmiləşdirilməsini qeyd edərək mübahisəli tikilinin heç bir tərəfin hüquqlarını pozmamasını göstərmişdir. İş materiallarından görünür ki, 15.10.2019-cu il tarixli AN-İ seriyalı ******* saylı alğısatqı müqaviləsinə əsasən X15 həmin qeyri-yaşayış sahəsini X4, 25.12.2019-cu il tarixli bağışlama müqaviləsindən görünür ki, X19 həmin qeyri-yaşayış sahəsini Cavabdeh bağışlamışdır. Beləliklə də, hazırda mübahisəli sahənin mülkiyyətçisi Cavabdehdır. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Hazırki mübahisəli vəziyyət üzrə xüsusi bilik tələb olunduğundan iş üzrə müvafiq ekspertiza təyin edilmiş və ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, X27 küçəsi ev 251 ünvanda yerləşən pilləkən meydançası qeyri-yaşayış sahəsinə aid texniki pasportun məlumatlarında nəzərdə tutulduğunu və eləcə də, həmin tikiliyə dair Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən 29.12.2019-cu il tarixli çıxarış verildiyini nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının» 4.1 və 4.2-ci bəndlərinə uyğun şəhərsalma, tikinti norma və qaydalarına uyğun inşa olduğu müəyyən edilir. Bakı şəhəri Nəsimi rayonu X27 küçəsi ev 251 ünvanda yerləşən pilləkən meydançası qeyri-yaşayış sahəsinə aid olan pilləkənə və İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu X27 küçəsi ev 251 ünvanda yerləşən 52, 53 və 55 saylı mənzillərə aid olan giriş-çıxış qapıları ayrı-ayrılıqda olduğundan binanın pilləkən qəfəsindən istifadə edilməsinə hər hansı bir maneçilik törətmədiyi müəyyən edilir. Bakı şəhəri Nəsimi rayonu X27 küçəsi ev 251 ünvanda yerləşən pilləkən qəfəsinin inşa olunmasına dair mülki iş materiallarında müvafiq icazəverici sənədlərin olmadığı müəyyən edilmişdir. Lakin mülki iş materialına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş texniki pasportun məlumatları ilə qeyri-yaşayış sahəsinə aid pilləkən meydançası öz əksini tapmışdır. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə hesab edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsi ilə bağlı əsaslı dəlillər irəli sürülmədiyindən həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Belə ki, ekspertin rəyinin digər sübutlarla birgə qiymətləndirilməsi zamanı müəyyən edilmişdir ki, qeyd olunan pilləkənin mövcud olması, istifadə edilməsi iddiaçıya, onun əmlakına, səhhətinə və s. maraqlarına heç bir təhlükə törətmir, iddiaçının həmin pilləkənlə bağlı narahat olması üçün obyektiv heç bir səbəb yoxdur. Pilləkən nə iddiaçının, nə də 3cü şəxslərin mənafeyinə xələl gətirmir. İddiaçı tərəf tələbində pilləkənin iddiaçının öz mənzilinə giriş-çıxışına maneə törətdiyini bildirsə də, Bakı şəhəri Nəsimi rayonu X27 küçəsi ev 251 ünvanda yerləşən pilləkən meydançası qeyri-yaşayış sahəsinə aid olan pilləkənə və İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu X27 küçəsi ev 251 ünvanda yerləşən 52, 53 və 55 saylı mənzillərə aid olan giriş-çıxış qapıları ayrı-ayrılıqda olduğundan binanın pilləkən qəfəsindən istifadə edilməsinə hər hansı bir maneçilik törətmədiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, pilləkənlə bağlı iddiaçının subyektiv hüququ məhz bu məqamla bağlı olduğundan, həmçinin həmin məqamın əsassız olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: - 23.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. - 23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. - 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. - 27.1-ci maddəsinə əsasən bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. - 27.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir. - 27.3-cü maddəsinə əsasən bu Məcəllənin 27.2.2-ci maddəsində nəzərdə tutulmuş tələb vaxtında yerinə yetirilmədikdə razılaşdırmanı həyata keçirən orqan həmin tələbin yerinə yetirilməsi iddiası ilə məhkəməyə müraciət etməlidir. Göründüyü kimi, pilləkənlə bağlı yarana biləcək digər hər hansı bir məqamla (pilləkənin müvafiq icazəverici sənədlər olmadan inşa edilməsi və s.) bağlı iddiaçının subyektiv hüququ mövcud deyil, həmin hüquq müvafiq İcra Hakimiyyətinə məxsusdur. İcra Hakimiyyəti isə uzun illər ərzində həmin pilləkənlə bağlı hər hansı narahatçılıq, narazıçılıq bildirməmiş, həmin pilləkənlə bağlı öz subyektiv hüququndan istifadə edərək iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Məhkəmə hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bənnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan məhkəmə tərəfindən iddia müddətinin tətbiqindən imtina edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «pilləkən tikilməsinin qeyri-qanuni hesab edilməsi, pilləkənin sökülməsi, binanın pilləkən qəfəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. 100 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı «pilləkən tikilməsinin qeyri-qanuni hesab edilməsi, pilləkənin sökülməsi, binanın pilləkən qəfəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. 100 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar