Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2339/2022 08.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, ərizəçinin nümayəndəsi və vəkili Vəkil, maraqlı şəxs X2 iştirakları ilə, Ərizəçi (X4 maraqlı şəxs qismində cəlb edilməklə) "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi (X4 maraqlı şəxs qismində cəlb edilməklə) ərizə ilə məhkəməyə müraciət edərək, X4 ilə Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 17 dekabr 2021-ci il tarixdə mediasiya prosesində Ərizəçi birinci tərəf, X4 isə ikinci tərəf olaraq birgə nikahlarından 11.08.2007-ci ildə doğulmuş X5 yaşayış yeri Ərizəçi ünvanında olması və onun himayəsinə verilməsi üçün barışıq sazişi imzalamışlar. Buna baxmayaraq X1 əməl etməkdən imtina edir, atası Ərizəçi himayəsinə verilməsinə imkan vermir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil yuxarda qeyd edilən məzmunda izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs X4 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. 10 yaşına çatdığından, nikah pozulduqdan sonra hansı valideynin yanında qalmaq istəməsi barədə 11.08.2007-ci il təvəllüdlü X5 məhkəmə iclasında fikri öyrənilmiş və o, atasının yanında qalmaq istədiyini bildirmişdir. Əsaslandırıcı hissə: Ərizə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış 17 dekabr 2021-ci il tarixli, MŞİH- 09110 nömrəli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:
1. Ərizəçi (iştirak etdi Etibarnamə üzrə nümayəndəsi Vəkil) və X4 (tərəflər) arasında birgə nikahdan anadan olmuş 11.08.2007-ci il təvəllüdlü X5 yaşayış yeri atası Ərizəçi yanında müəyyən edilməsi və X5 atası Ərizəçi himayəsinə verilməsinə tərəflər qarşılıqlı razılıq əldə etdilər.
2. X7 atasının yanında yaşamasına və atanın himayəsinə verilməsinə etirazının olmadığını və razılığını bildirdi.
3. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə İlə əlaqədar birbirini və ya aidiyyəti şəxsləri, filiallarını, törəmələrini, təsisçilərini və onların müvafiq təmsilçilərini, hazırkı və keçmiş direktorlarını, vəzifəli şəxslərini, idarəçilərini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklər ilə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər.
4. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir.
5. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notariusun icra qeydinə əsasən həyata keçirilə bilər.
6. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.
Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, Ərizəçi ilə X4 arasında barışıq sazişi bağlanmış, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi maraqlı şəxs X4 tərəfindən könüllü qaydada icra edilməmişdir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilmişdir, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Belə ki, 10 yaşına çatdığından, nikah pozulduqdan sonra hansı valideynin yanında qalmaq istəməsi barədə 11.08.2007-ci il təvəllüdlü X5 məhkəmə iclasında fikri öyrənilmiş və o, atasının yanında qalmaq istədiyini bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, sözügedən 17 dekabr 2021-ci il tarixli, MŞİH-09110 nömrəli barışıq sazişinin bir hissəsi qanuna ziddir və sazişin bu hissəsinin təsdiq edilməməsi təsdiq edilən hissədən ayrılması mümkündür. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş qanuna zidd olmayan hissədə məhkəmə tərəfindən təsdiq edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsinin tələblərinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Ərizəçi (X4 maraqlı şəxs qismində cəlb edilməklə) "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair ərizəsi qismən təmin edilməli, Ərizəçi ilə X4 arasında bağlanılmış 17.12.2021-ci il tarixli barışıq sazişi “Ərizəçi və X4 birgə nikahdan anadan olmuş 11.08.2007-ci il təvəllüdlü X5 yaşayış yeri atası Ərizəçi yanında müəyyən edilsin və X5 atası Ərizəçi himayəsinə verilsin” hissəsində təsdiq edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə qismən təmin edilsin. Ərizəçi ilə X4 arasında bağlanmış 17 dekabr 2021-ci il tarixli, MŞİH-09110 nömrəli barışıq sazişi aşağıdakı şərtlər hissəsində təsdiq edilsin:
1. “Ərizəçi ilə X2 birgə nikahlarından anadan olmuş 11.08.2007-ci il təvəllüdlü X5 yaşayış yeri atası Ərizəçi yanında müəyyən edilsin və X7 atası Ərizəçi himayəsinə verilsin.” məzmunlu barışıq sazişi təsdiq edilsin.
Ərizə digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Cəmilə Musayeva