Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2426/2023 25.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “işə bərpa olunma və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “işə bərpa olunma və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, saxta ərizə əsasında qanunsuz olaraq işdən azad olunduğu üçün işə bərpa edilməyi, məcburi buraxdığı iş günləri üzrə əmək haqqının ödənilməsi, sonuncu iş günündə, yəni 28 fevral 2023-cü il tarixdə ödənilməyən 37.96 (otuz yeddi manat, 96 qəpik) AZN ödənilməsi, saxta ərizə əsasında qanunsuz yolla işdən çıxarılmağında maraqlı və günahkar olan "xxxx" ASC-nin işçiləri barəsində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsi və mənəvi zərərə görə ona 50.000 (əlli min manat) AZN təzminat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 10 oktyabr 2019-cu il tarixində “Azərişıq" ASC-nin Strateji araşdırma və planlaşdırma şöbəsində aparıcı hüquqşünas vəzifəsində, 24 dekabr 2020-ci il tarixdən Cəmiyyətin Daxili Nəzarət İdarəsində aparıcı mütəxəssis vəzifəsində və 18 yanvar 2022-ci il tarixdən isə Cəmiyyətin Sağlamlıq, Əməyin təhlükəsizliyi və X5 Şöbəsində apancı mühəndis vəzifəsində işləmişdir. 28 fevral 2023-cü il tarixdə ona məlum oldu ki, o, işdən çıxarılmışdır. 01 mart 2022-ci il tarixdə əmək müqaviləsinə hansı əsaslarla xitam verilməsi barədə əmrin surətini, adına olan əmək kitabçasını, aylıq aldığı bütün əmək haqqıları barədə geniş arayışın, sonuncu haqq-hesabın və barəsində xasiyyətnamənin ona verilməsi ilə bağlı cəmiyyətin rəhbərliyinə müraciət etmişdir. 03 mart 2023-cü il tarixdə əmək kitabçası ona təqdim olundu. Əmək kitabçasında xx.xx.2023-cü il tarixli, 00817 saylı əmrlə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “a" bəndinə əsasən öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi qeyd edilmişdir. Lakin o, heç kimdən, heç vaxt işdən azad edilməyi barədə xahiş etməmiş və bu barədə heç bir ərizə verməmişdir. Saxta ərizə əsasında qanunsuz olaraq işdən çixarılmağına görə işə bərpa edilməyi üçün 06 mart 2023-cü il tarixdə “Azərişıq" ASC-nin sədri cənab Vüqar Əhmədova müraciət etmişdir. Lakin hal-hazır ki vaxtadək həmin müraciət ərizəsi heç bir cavab verilməmişdir. İşdən azad edildiyi günü bundan xəbəri olmamış, yəni 28 fevral 2023-cü il tarixdə o, işdə olmuş, lakin həmin günün (sonuncu iş günü) əmək haqqısı 37.96 (otuz yeddi manat, 96 qəpik) AZN ona ödənilməmişdir. İşdən çıxıb evə gedərkən ona şöbə rəisim zəng edərək bildirmişdir ki, sabah kadrlar şöbəsində olsun. Heçnədən xəbərsiz səhər kadrlar şöbəsinə getdikdə ona bildirilmişlər ki, o, öz ərizəsilə işdən xaric edilmişdir. Saxta ərizə əsasında qanunsuz olaraq izdən azad olunmağı onun sarsıntı keçirməyinə, iş yoldaşları və kollektiv arasında nüfuzdan düşməyinə səbəb olmuşdur. “Azərişıq" ASC-nin bəzi əməkdaşları tərəfindən onun barəsində çox böyük haqsızlıq olunub, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-cı maddəsinin, 2-ci hissəsinin “a" bəndinin, 83cü madəsinin 2-ci hissəsinin 84-cü və 87-ci maddəsinin 3-cü hissəsinin tələbləri kobud surətdə pozulub, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, izahatında qeyd etdi ki, hazırki iddia tələbi üzrə məhkəmə tərəfindən iddia müddəti tətbiq edilməlidir. Belə ki, İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək xahiş etmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilsin. Sağlamlıq, əməyin təhlükəsizliyi və X5 şöbəsinin aparıcı mühəndis İddiaçı ilə bağlanmış əmək müqaviləsinə öz xahişi ilə xx.xx.2023-cü il tarixindən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. "xxxx" ASC-nin İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə tərəflərindən xitam verildiyi səbəbdən də xx.xx.2023-cü il tarixdə iddiaçıya əmək kitabçası və son-haqq hesab təqdim edilmişdir. Bundan sonra iddiaçı xx.xx.2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif vermiş, xx.xx.2023-cü il tarixdə Bakı 2 saylı Mediasiya Təşkilatında ilkin mediasiya sessiyası keçirilmiş və iddiaçıya ilkin mediasiya sessiyasında "xxxx" ASC-nin iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞB/2-02588 saylı arayış verilmişdir. İddiaçı iddia ərizəsinin xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində qeydiyyata alındığı nəzərə alınsa, onun 1 aylıq iddia müddətinin ötürdüyü məlum olur. İddiaçı iddia tələbinə iddia müddəti şamil edilməlidir. Odur ki, İddiaçı "xxxx" ASC-yə qarşı tələbi üzrə iddia müddəti keçdiyindən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, tərəflər arasında 10 oktyabr 2019-cu il tarixdə əmək müqaviləsi bağlanmışdır və müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə 3 ay müddətinə onun 2 ayı sınaq müddəti olmaqla bağlanmışdır. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən əmək müqaviləsinə öz xahişi ilə xitam verilmişdi. İş materiallarında olan k/20-05932 saylı xx.xx.2020-ci il tarixli əmrin surətindən görünür ki, İddiaçı strateji araşdırma və Planlaşdırma şöbəsinin aparıcı hüquqşünası xx.xx.2020-ci il tarixindən Daxili Nəzarət İdarəsinin Daxili araşdırmalar sektoruna aparıcı mütəxəssis vəzifəsinə keçirilməsi və əmək haqqı ştat cədvəlinə uyğun olaraq 1050 manat müəyyən edilməsi əmr edilmişdir. İş materiallarında olan k/22-00163 saylı xx.xx.2022-ci il tarixli əmrin surətindən görünür ki, İddiaçı Daxili Nəzarət İdarəsinin aparıcı mütəxəssisi xx.xx.2022-ci il tarixindən Sağlamlıq, əməyin təhlükəsizliyi və X5 şöbəsinə aparıcı mühəndis vəzifəsinə keçirilməsi. Əmək haqqı ştat cədvəlinə uyğun olaraq 910 manat müəyyən edilməsi əmr edilmişdir. İş materiallarında olan İddiaçı ərizəsindən görünür ki, o, 28 fevral 2023-cü il tarixdə SƏTƏMM şöbəsinin müdiri Rəşad Muxtarov onu xidməti otağına dəvət edərək bildirmişddir ki, bu gündən əmək müqaviləsinə xitam verilib və o, kadrlar şöbəsinə getməlidir. Bununla bağlı əmək müqaviləsinə hansı əsaslarla xitam verilməsi barədə əmrin surətini, adına olan əmək kitabçasının təsdiq olunmuş surətini və əslini, aylıq aldığı bütün əmək haqqıları barədə geniş arayışın, sonuncu haqq-hesabın və barəsində xasiyyətnamənin ona verilməsi üçün aidiyyəti üzrə göstəriş verilməsi barədə "xxxx" ASC-nin sədrinə müraciət etmişdir. İş materiallarında olan Bakı 2 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh tərəfin nümayəndəsi xx.xx.2023-cü il tarixə saat 12.00-a təyin olunmuş ilkin mediasiya sessiyasına gəlməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan İddiaçı ərizəsinin surətindən görünür ki, o, xx.xx.2023-cü il tarixdə işdən öz xahişi ilə azad olmaq üçün "xxxx" ASC-nin sədrinə ərizə ilə müraciət etmişdir. İş materiallarında olan xəbərdarlığın surətindən görünür ki, İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş. Son haqq hesab vərəqəsini və əmək kitabçasının götürülməsi üçün müraciət olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il 3-16-16/2-4/1211 saylı ekspert rəyinin surətindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 54-cü vərəqində İddiaçı adından olan 30 yanvar 2023-cü il tarixli “Ərizə”də olan yazılar - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 54-cü vərəqində İddiaçı adından olan 30 yanvar 2023-cü il tarixli “Ərizə"nin aşağı hissəsində “İmza:" qrafasında “İddiaçı" yazılarının qarşısında olan imzanın - İddiaçı tərəfindən icra olunub-olunmaması haqqında tədqiqat prosesinin təsviri hissəsinin göstərilən səbəblərdən müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il 3-16-16/2-4/1211 saylı ekspert rəyinin surətindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 54-cü vərəqində İddiaçı adından olan 30 yanvar 2023-cü il tarixli “Ərizə”də olan yazılar - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuş və işin faktiki hallarından görünür ki, iddiaçıya işəgötürən tərəfindən onunla bağlanmış əmək müqaviləsinə bu və ya digər şəkildə xitam verilməsi üçün təsir (təzyiq, təhdid və s. bu kimi üsullarla) göstərilmişdir. Çünki, iddiaçının iş vaxtı işdə olmaması hər hansı mötəbər sübutlarla təsdiq olunmur və işçinin öz xahişi ilə işdən azad olunması barədə ərizəni özü deyil başqa şəxs tərəfindən yazıldığı ekspert rəyi ilə də sübuta yetirilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərin birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir; 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər; 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər; 69-cu maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətinin hüquqi qüvvəsi yoxdur; 69-cu maddəsinin 5-ci hissəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir; 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz; 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsədə tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmişəmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edildi ki, İddiaçı10 oktyabr 2019-cu il tarixində “Azərişıq" ASC-nin Strateji araşdırma və planlaşdırma şöbəsində aparıcı hüquqşünas vəzifəsində, 24 dekabr 2020-ci il tarixdən Cəmiyyətin Daxili Nəzarət İdarəsində aparıcı mütəxəssis vəzifəsində və 18 yanvar 2022-ci il tarixdən isə Cəmiyyətin Sağlamlıq, Əməyin təhlükəsizliyi və X5 Şöbəsində aparıcı mühəndis vəzifəsində işləmişdir. 28 fevral 2023-cü il tarixdə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. Məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında İddiaçı tərəfindən 30 yanvar 2023-cü il tarixli “işdə azad edilməsi” ərizəsindəki “imza:” sözü yazılmış qrafanın qarşısındakı imza və ərizənin mətni - imza və mətn nümunələri təqdim olunan İddiaçı tərəfindən icra olunmuşdurmu? sual qoyulmuşdur. xx.xx.2023-cü il 3-16-16/2-4/1211 saylı ekspert rəyindən göründüyü kimi, mülki işin 54-cü vərəqində İddiaçı adından olan 30 yanvar 2023-cü il tarixli “Ərizə”də olan yazılar - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Göründüyü kimi, İddiaçı işdən azad edilməsi barədə xx.xx.2023-cü il tarixli ərizəsini yazmamış, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə "xxxx" ASC-nin 28 fevral 2023-cü il tarixli k/23-00817 saylı əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozulmaqla verilmiş, İddiaçıla əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmamış, saxta ərizə əsasında qəbul edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddianın sonuncu iş günündə, yəni 28 fevral 2023-cü il tarixdə ödənilməyən 37.96 (otuz, yeddi manat, 96 qəpik) AZN ödənilməsi hissəsinə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı bir iş günü üçün 37.96 (otuz, yeddi manat, 96 qəpik) AZN pul alması barədə sübut məhkəməyə təqdim etmədiyindən iddianın həmin hissəsi təmin edilməməlidir. Eyni zamanda məhkəmə iddianın saxta ərizə əsasında qanunsuz yolla işdən çıxarılmağında maraqlı və günahkar olan "xxxx" ASC-nin işçiləri barəsində Qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsi hissəsinə də hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddia ərizəsində həmin tələbi göstərsə də ərizənin kim tərəfindən icra olunduğunu göstərmədiyindən iddianın həmin hissəsi təmin edilə bilməz. Məhkəmə iddianın mənəvi zərərə görə mənə 50.000 (əlli min manat) AZN təzminat ödənilməsi hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddianın həmin hissəsi qismən təmin edilməlidir. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə mənəvi ziyanın tutulması hissəsinə münasibətdə hesab edir ki, iddiaçıya dəymiş mənəvi ziyanın həcmi çox olmaqla real qiymətləndirilmir və cavabdehdən iddiaçının xeyrinə vurulmuş mənəvi ziyanın əvəzi kimi 500 manat məbləğində pulun tutulmasını ədalətli və ağlabatan hesab edir. Məhkəmə eyni zamanda, cavabdehin nümayəndəsi tərəfindən təqdim edilən “iddia müddətinin tətbiq edilməsi barədə” ərizəyə münasibətdə qeyd edir ki, hazırda iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Hazırki iş üzrə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli müvafiq əmrlə xitam verilmiş, xx.xx.2023-cü il tarixdə iddiaçıya əmək kitabçası və son haqq-hesab təqdim edilmişdi. Bundan sonra iddiaçı xx.xx.2023-cü il tarixdə mediasiyaya müraciət etmiş, xx.xx.2023-cü il tarixdə isə mediasiya şurası tərəfindən arayış təqdim edilmişdi. Bundan sonra iddiaçı xx.xx.2023cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mediasiyaya müraciət edildiyi vaxt müddətin hesablanması dayandırılmışdır. AR “Mediasiya haqqında” Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Məhkəmə qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı qanunda nəzərdə tutulmuş müddət ərzində məhkəməyə müraciət etmişdir. Bununla da məhkəmə iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsinə dair cavabdehin nümayəndəsinin dəlillərini tam əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı – İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli k/23-00817 saylı əmr ləğv edilməli, İddiaçı sağlamlıq əməyin təhlükəsizliyi və X5 şöbəsinin aparıcı mühəndisi vəzifəsinə işə bərpa edilməli və ona xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı və cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı vurulmuş mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində pul ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı iddianın qalan hissədə əsaslı olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin əmək müqaviləsinin xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli k/23- 00817 saylı əmr ləğv edilsin və İddiaçı məcburi iş buraxma müddəti ücün əmək haqqı ödənilməklə İddiaçı "xxxx" ASC-nin Sağlamlıq, Əməyin təhlükəsizliyi və X5 Şöbəsində apancı mühəndis vəzifəsinə bərpa edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı vurulmuş mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində pul ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-2426/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2426/2023
25.09.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver