Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2454/2025 29.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X7 oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi ziyana görə 4000 manat, mənəvi ziyana görə 35000 manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 3(104)- 682/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarına əsasən maddi və mənəvi ziyan vurduğu üçün cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən kompensasiya tutulub iddiaçıya ödənilməlidir. xx.xx.2024-cü il tarixdə Daşkəsən şəhəri Heydər Əliyev prospektində iddiaçıya məxsus avtomobil ilə hərəkətdə olan zaman heç bir əsas olmadan Daşkəsən rayon Polis idarəsinin əməkdaşları iddiaçını saxlatdırıb Polis idarəsinə aparmış, avtomobili cərimə meydançasına, iddiaçını isə Gəncə şəhər Narkoloji dispanserinə apararaq müayinədən keçirtmişlər. Bir neçə dəqiqədən sonra avtomobili cərimə meydançasından iddiaçıya vermiş və onu maşınla birlikdə azad etmişlər. xx.xx.2024-cü il tarixdə Milli Məclisə keçirilən seçkilərdə iştirak etmək üçün namizədliyi X1 irəli sürüldüyü üçün 100 saylı Göygöl-X2 Komissiyasına xx.xx.2024-cü il tarixdə gedib sənədlərini təqdim etmişdir. Həmin gün saat 17:00-da Daşkəsən Rayon Məhkəməsinə çağırılıb heç nədən xəbəri olmadan İnzibati Xətalar Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirləndirilib 300 manat cərimə olunmağı barədə qərar qəbul olunub. Daşkəsən Rayon Məhkəməsinin 3(030)-129/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından Gəncə Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Gəncə Apellyasiya Məhkəməsi 3(104)-393/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarla Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(030)-129/2024 nömrəli qərarını ləğv edib, işi yenidən araşdırılması üçün Göygöl Rayon Məhkəməsinə göndərmişdir. Göygöl Rayon Məhkəməsi 3(066)- 317/2024 nömrəli, xx.xx.2024-cü il tarixli İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilməsi barədə qərarı qəbul etmişdir. İddiaçı bu qərarı əsassız və sifarişli hesab etmişdir. Bu qərardan da Gəncə Apellyasiya Məhkəməsinə şikayət vermiş, 3(104)-682/2024 saylı, xx.xx.2024-cü il tarixli qərar ilə Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(066)-317/2024 nömrəli qərarı ləğv edilmişdir. İddiaçı Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən deputatlığa namizədliyi veriləndən sonra polis, prokurorluq və məhkəmə tərəfindən ona qarşı bu təqiblər başlayıb, adını narkoman qoyaraq onun işgüzar nüfuzuna xələl gətirib adını ləkələyiblər. Seçkilərdə imza toplama kompaniyasında tezliklə 500 imza topladığını görüb rəqiblərinə bildiriblər ki, məhkəmə tərəfindən narkoman olduğu üçün 300 manat cərimələnib. Rəqibləri ona namizədliyini geri götürməsə narkoman olduğunu bütün respublikada yayacaqlarını və sosial şəbəkədə şəklinin altına xəbərdarlıq etmək üçün rəy yazıb bildiriblər ki, iddiaçı narkomandır. Buna görə də ərizə yazıb namizədliyini geri götürmüşdür ki, çox adam bu şər böhtanı bilməsin. Əgər hüquq mühafizə orqanları qanunsuz hərəkətləri ilə onun adını narkoman qoymasaydılar, o Milli Məclisdə deputat seçiləcəkdi və uzun illər yüksək maaş alacaqdı. Dövlətə öz bilik və bacaracağı qədər fayda verəcəkdi.
3. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi iddia ərizəsinə etiraz göndərərək, iddianın rədd edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı maddi zərərə görə kompensasiya tələb edərkən həmin zərərin nədə ifadə olunmasını təsdiq edən sənədlər təqdim etmədən, ümumi ifadələrlə kifayətlənir. Belə ki, əmək fəaliyyəti barədə, aylıq gəliri ilə bağlı, vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdarı barədə, habelə ayda konkret qazancı barədə hər hansı təsdiqedici sübutlar təqdim etməmişdir. Ümumiyyətlə, iddiaçı xərcləri əsaslandırmadan maddi zərərə görə yüksək məbləğdə kompensasiya ödənilməsini tələb edir. İddiaçı, həmçinin, mənəvi ziyanın ödənilməsini də tələb edir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının iddia tələbində Maliyyə Nazirliyini cavabdeh qismində göstərməsinin əslində heç bir hüquqi əsası yoxdur. O, maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, onun iddia ərizəsində bu zərəri sübut edəcək heç bir fakt mövcud deyildir.
a) Məhkəmə prosesi:
5. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı məhkəmə iclasında iştirak etməmiş məhkəməyə ərizə göndərərək, iştirakı olmadan qərar qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən nümayəndələrinin məhkəmə iclasında iştirakları təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
8. Daşkəsən Rayon Məhkəməsinin 3(030)-129/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinib 300 manat məbləğində cərimə edilməsi qərara alınmışdır.
9. Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-393/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməsinə dair Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(030)-129/2024 nömrəli qərarının ləğv edilməsi, işin yenidən araşdırılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
10. Göygöl Rayon Məhkəməsinin 3(066)-317/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, inzibati xəta törətmiş İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilməsi qərara alınmışdır.
11. Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-682/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Göygöl Rayon Məhkəməsinin 3(066)-317/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş İddiaçı inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməsi qərara alınmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
12. Beləliklə, məhkəmə müəyyən etdi ki, Daşkəsən Rayon Məhkəməsinin 3(030)-129/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinib 300 manat məbləğində cərimə edilmişdir. İddiaçı bu qərardan apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməsinə dair Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(030)-129/2024 nömrəli qərarı ləğv edilmiş, iş yenidən araşdırılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir.
13. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, “məhkəmə iclasında aydın oldu ki, Daşkəsən Rayon Polis Şöbəsində aparılan araşdırma ilə əlaqədar olaraq Daşkəsən şəhər sakini İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin X4də müayinədən keçmişdir. Həmin vaxt onda THC-narkotik vasitə sərxoşluğu aşkar olunmuşdur. Bu hal qeyd edilən X4 xx.xx.2024-cü il tarixli, 1831 saylı rəyində də təsdiq edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə 41 gün sonra həmin dispanserdə müayinədən keçdikdə isə onda THC-narkotik vasitə sərxoşluğu aşkar olunmamışdır, ayıq olması məlum olmuşdur. Bu isə onun bədənindən qeyd edilən THC-narkotik vasitənin ifraz olunması ilə əlaqədar olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İddiaçı qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini nəzərə alıb ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq bilmişdir.”
14. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından iddiaçı apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsi xx.xx.2024-cü il tarixli qərarı ilə şikayəti qismən təmin edib, qərarı ləğv etmiş, İddiaçı inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün onun barəsində inzibati xəta haqqında işin icraatına xitam vermişdir. Həmin qərarda qeyd edilmişdir ki, “İddiaçı istinad olunan inzibati xətanın onun tərəfindən törədilməsi iş materiallarında olan mötəbər sübutların məcmusu ilə təsdiq edilir. Birinci İnstansiya Məhkəməsi haqlı olaraq İddiaçı İXM-nin 206-cı maddəsi ilə təqsirli bilmişdir. Lakin məhkəmə ona tənbeh təyin etməkdə haqlı olmamışdır. Belə ki, İddiaçı inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə iş üzrə icraata xitam verilməlidir.”
15. Hazırda iddiaçı hüquq-mühafizə orqanlarının ona vurduğu maddi ziyana görə 4000 manat, mənəvi ziyana görə 35000 manat pulun Maliyyə Nazirliyindən tutularaq ona ödənilməsini, cavadeh isə iddianın rədd edilməsini xahiş edir. c) Məhkəmənin mövqeyi:
16. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş məhkəmə qərarlarından İddiaçı İXM-nin 206-cı maddəsi ilə təqsirli bilindiyi aşkar formada müəyyən olunur. Belə ki, Gəncə Apellyasiya Məhkəməsi xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının şikayətini qismən təmin edib, qərarı ləğv etməsində əsası iddiaçının məsuliyyətinin və ya təqsirinin olmaması deyil, sadəcə məsuliyyətə cəlb etmə müddətinin keçməsi olmuşdur. Qeyd olunan müddətin keçməsi iddiaçının inzibati xətanı törətməməsi demək deyil. Yəni məhkəmənin iddiaçını törətdiyi əmələ görə təqsirli sayması düzgün olmuşdur. Lakin iddiaçı qərarları mübahisələndirdiyinə görə, müddətin axımı davam etmiş və onun məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Deməli, hazırda qeyd olunan sahədə fəaliyyəti həyata keçirən dövlət orqanlarının iddiaçıya qarşı hər hansı səhvinin olduğu sübut edilmir. İnzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsinin səbəbi də dövlət orqanlarının qanunsuz hərəkət və ya hərəkətsizliyi olmamış, iddiaçının məhkəmə qərarlarından verdiyi şikayətlərə görə yenidən araşdırma aparılması olmuşdur. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilməsi qərara alınsa da, bu qərar icra edilməmiş, faktiki olaraq iddiaçıya heç bir maddi və mənəvi ziyan dəyməmiş, məhz müddətin keçməsi əsası ilə onun şikayətinə baxan yuxarı instansiya məhkəməsi tərəfindən sözügedən qərar ləğv edilmişdir. Yəni iddiaçı barəsində mübahisələndirilməsi mümkün olan və icra edilməmiş belə qərarın çıxarılması faktiki olaraq onun heç bir hüququnu pozmamışdır. Belə ki, iddiaçı qanunazidd əməli törətsə də, həmin əmələ görə qanunda nəzərdə tutulmuş cəriməni faktiki olaraq ödəməmiş, nə də onun hüquqları başqa şəkildə pozulmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında da iddiaçının İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi faktı təsdiq edilir. Qeyd olunanlara baxmayaraq, iddiaçı ona maddi və mənəvi zərər dəydiyini iddia edir. Məhkəmə isə hesab edir ki, bu, artıq hüquqdan sui-istifadədir. Qanunazidd əməli törətsə də, barəsində çıxarılmış qərarlardan şikayətlər verərək, özünün məsuliyyətə cəlbetmə müddətinin keçməsinə səbəb olan iddiaçı hələ hüquqdan vicdansızcasına sui-istifadə edib, bu proseslər nəticəsində ziyana məruz qaldığını da iddia edir. Halbuki, elə özünün törətdiyi qanunazidd əməl nəticəsində dövlət büdcəsinə dəymiş ziyan ödənilməmiş, məsuliyyətə cəlbetmə müddəti keçdiyinə görə iddiaçı faktiki olaraq qanunazidd əməlinin nəticəsini icra etməmişdir. İddiaçı özünü analoji olaraq bəraət almış şəxslərdən hesab etsə də, məhkəmə qeyd edir ki, onun qanunazidd əməli törətməsi faktı təsdiqləndiyindən və onun hər hansı digər səbəblə (sübut çatışmazlığı, yanlışlıq və s.) deyil, məhz müddətin keçməsi əsası ilə məsuliyyətə cəlb edilməsi mümkün olmadığından, onu inzibati tənbehin qanunsuz verilməsi nəticəsində zərər çəkən digər şəxslərlə eyniləşdirmək düzgün deyildir.
17. Xüsusilə qeyd edilməlidir ki, məhkəmə tərəfindən maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Maddi zərər tələbi üzrə araşdırma aparılarkən şəxsin ehtimal edilən deyil, məhz real zərər və əldən çıxmış fayda qismində zərərə məruz qalması halı müəyyənləşdirilməli, habelə həmin zərərin məbləği mülahizə əsasında və ya ağlabatan həddə deyil, yalnız buna dair təsdiqedici sübutlar əsasında tutulmalıdır. Əldən çıxmış fayda qismində zərər tələbində də şəxsin onu əldə etmək üçün əvvəlcədən gördüyü tədbirlər, bu məqsədlə hazırlıq işlərinin mövcud olub-olmaması, işlədiyi dövrdə real gəlirləri və s. nəzərə alınmalıdır.
18. Mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır.
19. İddiaçı tərəfindən hazırkı iş üzrə zərərin ödənilməsi tələb edilsə də, ona qarşı hər hansı hüquqazidd əməlin törədildiyini sübut edə bilmir. Bu zaman artıq nə törədilmiş əməl nəticəsində ona birbaşa zərər yetirildiyini, nə mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqənin olmasını, nə də hüquqpozan şəxsin təqsirinin olmasını araşdırmağa lüzum qalmır. Belə ki, əgər mübahisənin mahiyyətində hüquqazidd əməl, hər hansı hüquq pozuntusu yoxdursa, belə olan halda əməl ilə onun nəticəsi arasındakı səbəbli əlaqənin də olmadığı aşkar məsələdir.
20. Maddi zərərlə bağlı müvafiq sübutların iddiaçı tərəfindən təqdim edilməməsi isə məhkəmənin maddi zərərlə bağlı iddianı rədd etməsi üçün əsas hesab olunur. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia maddi zərərinə ödənilməsi hissəsində rədd edilməlidir.
21. İddia tələbinin “35000 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsi ilə əlaqədar isə qeyd edilməlidir ki, məhkəməyə iddiaçı tərəfindən sübut qismində təqdim edilən məhkəmə qərarları iddiaçının lehinə deyil, əleyhinə qətnamə çıxarılması üçün əsasdır. Çünki, həmin sənədlərdən iddiaçıya qarşı hər hansı qanunsuz hərəkətin edildiyi müəyyən edilmir. Əksinə iddiaçının inzibati xəta törətdiyi təsdiq edilir. Bundan başqa iddiaçıya hansı formada mənəvi zərər dəyməsi, hüquq-mühafizə orqanlarının hansı qanunsuz hərəkətləri nəticəsində ona zərərin dəyməsi sübut edilmir. Buna görə də məhkəmə hesab edir ki, iddia bu hissədə də əsassız olduğu üçün təmin edilməməlidir. d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:
22. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 68, İİİ hissə. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1-21.2. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi və s. Maddə 1096, 1097.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
24. Göstərilənlərlə yanaşı, məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyrimaddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür.
25. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsinin ziyanın təminindən ibarət olması kimi göstərilmişdir.
26. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası: Maddə 41. Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.
27. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
28. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı: Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.
29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir.
30. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»: 13-cü bənd. Mənəvi zərərə aid məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Nəticə:
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova