Məhkəmə qərarları › İş №2(006)-248/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-248/2025

07.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-248/2025 07.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, Ərizəçi İddiaçı, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi İddiaçı Cavabdeh maraqlı şəxs qismində cəlb edilməklə «şəxsin ölmüş elan edilməsi» barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı Cavabdeh maraqlı şəxslər qismində cəlb etməklə, «şəxsin ölmüş elan edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, qəyyumluğu altında olan xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 anaları, bacısı xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş X4 və ataları xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş X8 2019-cu ilin aprel ayında Suriya Ərəb Respublikasında ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, bacısı X10 xx.xx.2003-cü ildə X9 rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Nikahları Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 227 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Onların bu nikahdan 3 övladları xx.xx.2004-cü il təvəllüdlü Seyfulin Əli-Sahib Nail oğlu, xx.xx.2008-ci il təvəllüdlü X13, xx.xx.2013-cü il təvəllüdlü X11 anadan olmuşlar. 2014-cü ildə X15 işləmək adı ilə Türkiyə Respublikasına getmişdir. Həmin ilin oktyabr ayında bacısı X10 3 övladını da götürüb Türkiyəyə, ərinin yanına getmişdir. Təxminən 2016-cı ildə X10 anası ilə telefon əlaqəsi saxlamış və Suriya Ərəb Respublikasında olduqlarını bildirmişdir. Həmin ildə Suriyada onların Sumeya adlı övladları anadan olmuşdur. O, 2019-cu ilin aprel ayının əvvəllərində sosial şəbəkələrdən bacısı X4, əri X8 və onların övladları Seyfulin Əli-Sahib Nail oğlunun vəfat etdiklərini, qızları, Əzizə, Zeynəb və X22 Respublikasının “Əl-Hol” qaçqın düşərgəsində əsirlikdə olduqlarını öyrənmişdir. Bundan sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə, müxtəlif dövlət orqanlarına müraciət edərək, vəfat etmiş bacısının Suriyada əsirlikdə olan azyaşlı övladlarının Azərbaycan Respublikasına gətirlməsini xahiş etmişdir. 13 yanvar 2021-ci il tarixində isə bacısı Səbinənin qızı Əzizə Suriyada əsir düşərgəsində vəfat etmişdir. 28 may 2022-ci il tarixində dövlətimiz tərəfindən bacısının övladları, xx.xx.2013-cü il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X12 Azərbaycan Respublikasına gətirilmişdir və onun himayəsinə verilmişdir. Uşaqlar hal-hazırda onunla birgə yaşayırlar. Nizami rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli 1-1/132 Sərəncamına əsasən o, bacısı X4 övladları, xx.xx.2013-cü il təvəllüdlü X11 və xx.xx.2016cı il təvəllüdlü X12 üzərində qəyyum təyin olunmuşdur. Bildirir ki, mərhum bacısının azyaşlı övladları hal-hazırda onun qəyyumluğu altındadır və onların bütün maddi və mənəvi tələbatları onun üzərindədir. Lakin özü ailəli olduğundan, uşaqların maddi imkanı aşağı olduğundan, qəyyumluğu altında olan bacısı uşaqlarının maddi və mənəvi tələbatını qarşılaya bilmir. Sosial müavinətlər haqqında Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, 18 yaşına çatmayan uşaqların ailə başçısını itirməyə görə müavinət almaq hüququ vardır. Lakin qəyyumluğu altında olan bacısı uşaqlarının anaları X4 və ataları X8 ölmələrini təsdiq edən sənəd olmadığına görə uşaqlara ailə başçısını itirməyə görə sosial müavinət ala bilmir. Hesab edir ki, qəyyumluğu altında olan xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 anaları, bacısı X4 və ataları X8 2019-cu ilin aprel ayında Suriya Ərəb Respublikasında ölmüş elan edilmələri faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 2961/2024 saylı qərardadı ilə ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh cəlb edilməklə «şəxsin ölmüş elan edilməsi» barədə ərizəsi ilə bağlı e-2(006)-2961/2024 saylı mülki iş üzrə X4 ölmüş hesab edilməsi tələbinin ayrılaraq, ayrıca icraatda baxılması qərara alınmışdır. Sonradan, ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizə təqdim edib, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş X8 05 dekabr 2018-ci il tarixdə Suriya Ərəb Respublikasında ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizəni müdafiə edərək, məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, uşaqların xalasıdır. Sosial şəbəkədə “Hər iki valideynini itirmiş uşaqların qohumları axtarılır” başlığı altında bacısı uşaqları barədə paylaşım edilmişdir. Bu paylaşımdan sonra dövlət qurumları ilə daimi əlaqədə olaraq uşaqların axtarışına başlamışdır. O, Suriyadan fərqli-fərqli nömrələrlə əlaqə saxlamışdır. Çeçenistanlı bir qadınla əlaqə saxlayarkən ona bacısının və yoldaşının şəhid olduğunu bildirmişdir. Bacısının yoldaşı müharibəyə getməkdən imtina etmiş, lakin müharibəyə aparılmış və təxminən 05 dekabr tarixində şəhid olmuşdur. Bacısı isə ondan 4 ay sonra, təxminən 19 aprel tarixində ərazinin bombalanması səbəbilə həlak olmuşdur. Uşaqlar Suriyada çadırlarda qalırdılar. Uşaqların çadırdan atılmamasına, qidalanmasına görə o, hər ay 100 ABŞ dolları məbləğində pul göndərirdi. İzahatının sonunda məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizəçinin izahatına əlavəsinin olmadığını bildirdi və ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Əvvəlki məhkəmə iclası keçirilən zaman maraqlı şəxs Cavabdeh məhkəməyə məktub ünvanlayaraq ərizəyə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, nümayəndənin məhkəmə iclasına gələ bilməməsinin üzrlü səbəbi kimi iş həcminin çox olması göstərilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxs Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirdi ki, o, İddiaçı həyat yoldaşıdır. Bu işlə Aidə xanım özü məşğul olurdu, o, sadəcə telefon danışıqlarından xəbərdar idi. Aidə xanıma daim psixoloji, mənəvi dəstək olurdu. 2019-cu ilin aprel ayında baldızı, ondan 4 ay qabaq, təxminən 2018-ci ilin 05 dekabr tarixində onun həyat yoldaşı rəhmətə gedib. Bu məlumatlardan sonra isə uşaqların axtarışına başlamışlar. Baldızı və yoldaşı onlara Türkiyəyə işləmək üçün getdiklərini söyləmişlər. Sonradan bilmişlər ki, onlar Suriyaya gediblər. Aidə xanımın bacısını Suriyada tanıyanlar var idi, daimi onlarla əlaqə saxlayaraq məlumat alırdı. Bu əlaqələr hesabına X8 vəfat etdiyini öyrənmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, o, ərizəçinin və X4 anasıdır. Qızı ilə yoldaşı onlara Türkiyəyə getdiyini bildirmişlər. Sonradan məlum olmuşdur ki, əslində Suriyadadırlar. Onların vəfat etdiyi, uşaqların isə əsirlikdə olmaları barədə məlumatlar daxil olmuşdur. X8 təxminən 05 dekabr 2018-ci il tarixdə, X4 isə bir qədər sonra vəfat etməsi barədə məlumat əldə etmişlər. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 3-16-5/7-69-992/2024 nömrəli arayışla müəyyən olunur ki, X15 ilə X6 nikahı haqqında 08 iyul 2003-cü il tarixdə 327 nömrəli akt qeydi tərtib olunmuş, nikah Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində qeydə alınmış, nikah bağlandıqdan sonra arvada Seyfulina soyadı verilmişdir. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 3320/2022 saylı qətnaməsinə əsasən, X3 xx.xx.2016-cı ildə Suriya Ərəb Respublikasında doğulması faktı müəyyən edilmişdir. - Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı 205904 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, X15 ilə X4 birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X11 doğulmuşdur. - Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 731413 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, X15 ilə X4 birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X12 doğulmuşdur. - Sverdlovsk vilayət Sverdlovsk şəhəri Oktyabrsk rayonu VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətinə əsasən, X17 xx.xx.1983-cü il tarixdə anadan olmuş, atası X18, anası X1. - Sverdlovsk vilayət Sverdlovsk şəhəri Oktyabrsk rayonu VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətinə əsasən, X14 xx.xx.1985-ci il tarixdə anadan olmuş, atası X18, anası X1. - Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 1- 1/132 saylı sərəncamına əsasən X11 və X3 üzərində İddiaçı qəyyum təyin olunmuşdur. - Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, 08/A-2358ƏH nömrəli Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinə ünvanladığı məktubun surətinə əsasən, xx.xx.2020-ci tarixli 4/15/2624/15/20 nömrəli məktubu əsasında xx.xx.2013-cü il təvəllüdlü X2 xx.xx.1998-ci il tarixli “Azərbaycan Respubilkasının vətəndaşlığı haqqında“ Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmiş və bu barədə xx.xx.2020-ci il tarixli 08/1674 nömrəli məktub göndərilmişdir. Həmçinin, xx.xx.2016-cı il təvəllüdlü Seyfulina Sumeyanın Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası"nın 4.1.5-ci yarım bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. - Bakı şəhəri Suraxanı rayon Qeydiyat Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/7- 10-1039/24 saylı məktubuna əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bidirilir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından X7in, X8 ölümünün qeydə alınması mümkün olmamışdır. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli 3-38-2/33-2962/24 saylı məktubuna əsasən, X15 xx.xx.2014-cü il tarixdə ölkədən çıxış etmişdir. - X28 Komitəsinin xx.xx.2024-cü il tarixli, BAK 24/00837-DKOJ saylı məktubuna əsasən, X8 BQXK tərəfindən heç vaxt qeydiyyata alınmadığı və BQXK-da onun haqqında heç bir məlumatın olmadığı bildirilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2-30125/24 saylı məktubuna əsasən, xx.xx.1981-ci il təvəllüdlü X15 xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək Bakı şəhəri Balandin 42 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. - Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli, 804-xid-24 saylı məktubuna əsasən X8 axtarışı və ya ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olmamış və hər hansı araşdırma aparılmamışdır. - Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 03/208 saylı məktubuna əsasən, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin axtarış xidmətinə X8 2019-cu ildə Suriya Ərəb Respublikasında ölməsinə və ya həmin şəxsin axtarılmasına dair hər hansı bir məlumat, müraciət daxil olmamışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-6/2-9933/2024 saylı məktubuna əsasən, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş X8 ölkə hüdudlarından kənarda silahlı birləşmələrin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi və ölümü barədə müraciət (məlumat) daxil olmamışdır. N.Seyfulin yerli və dövlətlərarası axtarışa elan edilməmişdir. - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-39-5/2-4577/2024 saylı məktubuna əsasən, xx.xx.1981-ci il təvəllüdlü, AR vətəndaşı X15 xx.xx.2014-cü il tarixdə Azərbaycanı tərk etmiş və bu günədək geri qayıtmamışdır. X32 Respublikasında münaqişə bölgəsində həlak olmasına dair dəqiqləşdirilməmiş məlumatlar daxil olsa da, həmin məlumatları rəsmi qaydada təsdiq etmək mümkün olmamışdır. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3751/2024 saylı qətnaməsi ilə (hakim Həbibə Miriyeva) xx.xx.1985-ci il tarixdə Rusiya Federasiyasının Yekaterinburq şəhərində doğulmuş X4 Suriya Ərəb Respublikasında ölmüş elan edilməsi, məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi günün X4 ölüm günü hesab olunması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. - 41.2-ci maddəsinə əsasən, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər. - 41.3-cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 305.1.2-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. - 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. - 306.2-ci maddəsinə əsasən, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. - 314.1-ci maddəsinə əsasən, hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır. - 315.2-ci maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9.5-ci bəndinə görə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir. Məhkəmə qeyd edir ki, şəxsin ölmüş elan edilməsi üçün qanunverici üç müstəqil əsas nəzərdə tutmuşdur: “şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumatın olmaması”, “ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşməsi və ondan altı ay ərzində xəbər çıxmaması” və “hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş şəxs haqqında hərbi əməliyyatlar qurtardığı gündən azı iki il keçdikdən sonra məlumatın alınmaması”. Göstərilən əsaslardan hər hansı biri mövcud olduqda məhkəmə şəxsi ölmüş elan etməkdə haqlıdır. Birinci halda (şəxsin yaşayış yerində harada olması barədə beş il ərzində məlumat olmazsa) qanunverici şəxsin ölməsinə güman verən halın, hadisənin olmasını tələb etmir. Bu zaman şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmaması ərizəçiyə şəxsin ölmüş elan edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ verir. İkinci halda isə şəxsin ölmüş elan edilməsi üçün ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisənin baş verməsi zəruridir. Üçüncü halda isə hərbi əməliyyatların keçirilmiş olması və şəxsin xəbərsiz itkin düşməsi tələb olunur. İşin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, X15 ilə X10 08 iyul 2003-cü il tarixdə rəsmi nikaha daxil olmuş, nikahları Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 327 nömrə ilə qeydə alınmış, birgə nikahlarından 4 övladları dünyaya gəlmişdir. Əldə edilmiş məlumatlara görə X15 həyat yoldaşı X10 və övladları ilə 2014-cü il tarixdə ölkə hüdudlarını tərk etmiş və həmin tarixdən etibarən bir daha geri qayıtmamışlar. Hazırda X8 ölmüş elan edilməsi barədə ərizə ilə müraciət edilmiş və ərizədə şəxsin 05 dekabr 2018-ci il tarixdə ölmüş elan edilməsi tələb olunur. Ərizə ilə müraciət edən şəxs İddiaçıdır. İşdə olan sənədlərə görə ərizəçi İddiaçı X8 baldızı və uşaqlarının qəyyumudur. Ərizəçi İddiaçı, bacısı və onun ailəsindən uzun müddət xəbər ala bilmədiyindən, aidiyyəti orqanlara rəsmi müraciətlər etmiş, eləcə də qeyri-rəsmi əlaqələr yaradıb müxtəlif şəxslərdən bacısı və onun ailə üzvləri haqqında məlumat əldə etməyə çalışmışdır. Ərizəçinin səyləri və dövlət orqanlarının dəstəyi ilə azyaşlılar xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 ölkəyə gətirilməsinə nail olunmuş, İddiaçı azyaşlılar üzərində qəyyum təyin olunmuşdur. Ərizəçinin hazırki ərizə ilə məhkəməyə müraciət etməsində məqsəd, qəyyumu olduğu uşaqların saxlanmasına görə müavinət təyin edilə bilməsi üçün uşaqların valideyn himayəsindən məhrum olmasını göstərən zəruri sənədlərin əldə edilməsi ilə əlaqədardır. Məhkəmə qeyd edir ki, işin məhkəmədə araşdırılması zamanı təqdim edilmiş sənədlərlə yanaşı, aidiyyəti qurumlara sorğu məktubları ilə müraciət edilmiş, ərizəçinin izahatı ilə yanaşı iş üzrə məlumat verə biləcək şəxslərin şahid qismində ifadələrinin alınması təmin edilmişdir. Sübutların məcmusu əsasında X8 2014-cü il tarixdə ölkə hüdudlarını tərk etdiyi, həmin tarixdən etibarən geri qayıtmadığı, X32 Respublikasında münaqişə bölgəsində həlak olmasına dair məlumatlar olması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X8 ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxt keçdiyindən, eləcə də onun olduğu Suriya Ərəb Respublikasında ölüm təhlükəsi yaradan şərait mövcud olduğundan, hərbi əməliyyatlar aparıldığından və keçən uzun müddət ərzində harada olması barədə məlumat olmadığından, X8 ölmüş elan edilməsi barədə ərizə təmin edilməlidir. Həmçinin, şahid ifadələri əsasında X8 həlakının güman edildiyi tarix 05 dekabr 2018-ci il tarix hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 13 avqust 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş X15 05 dekabr 2018-ci il tarixdə Suriya Ərəb Respublikasında ölmüş elan edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar