Məhkəmə qərarları › İş №2(006)-2724/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2724/2024

21.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2724/2024 21.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, ərizəçi İddiaçı iştirakı ilə, ərizəçi İddiaçı Cavabdeh maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə əsasən mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı Cavabdeh maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1940-cı il tarixdə doğulan X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası - X11 xx.xx.1940-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Qeyd etmişdir ki, X2 xx.xx.2024-ci il tarixdə vəziyyəti pisləşdiyi üçün təcili tibbi yardım çağırmışlar, lakin təcili tibbi yardım maşını gəlmədiyində vəziyyəti kəskin pisləşdi. xx.xx.2024-cü il tarixdə X3 Yardım gələndə həkim yoxladıqda artıq onlara bildirdi ki, anası rəhmətə getmişdir. O qohumları ilə birgə anası X1 qəsəbəsində yerləşən kənd qəbristanlıqda dəfn etmişlər. Ölüm haqqında şəhadətnamə almaq üçün ərizəçi Qeydiyyat şöbəsinə müraciət etsə də, onun əlində əsaslı sənədlər olmadığı üçün ona imtina edilmişdir. Ölüm haqqında şəhadətnamənin olmaması ona bir çox sənəd işlərində problemlər yaradır. Bir sözlə ölüm haqqında şəhadətnamə ona bir çox sənədləşmə işlərində lazım olur. X2 ölüm faktını şahidlər və xx.xx.2024-cü il Təcili və X4 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsi təqdim etdiyi, həmçinin qəbiristanlıqda olan fotoşəkil də təsdiq edə bilər. Tərəflərin iştirakı və izahatı: Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq mülki iş üzrə keçiriləcək məhkəmə baxışı iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: Bakı-Nəsimi RPİ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE seriyalı № 02849892 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.1940-cı ildə Bakı şəhərində anadan olmuşdur. Cavabdeh ərizəçi İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli 3-1635/8-15-593/24 nömrəli məktubda bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.Ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. Azərbaycan Respublikası «Bakı şəhər Baş Səhiyyə Mərkəzi» X19 3 saylı Şəhər Poliklinikasının 18-1-1-1/2-B-554-xx-xx/2024 nömrəli xx.xx.2024-cü il tarixli İddiaçı Nazir oğluna ünvanlanmış məktubundan görünür ki, anası xx.xx.1940-cı il təvəllüdlü X5 ölümü qəfləti və səbəbi məlum olmadığından Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli 05 №-li Qərarı ilə təsdiq edilmiş "ölüm haqqında şəhadətnamə"-nin verilmə qaydasının 4.4.5-ci bəndinə əsasən tərəflərindən mərhumun adına “Ölüm haqqında tibbi şəhadətnamə" verilməsi mümkün deyil. “Bakı şəhəri Təcili və X4 Stansiyası” PHŞ X12 vəsiqəsinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə X11 üçün təcili tibbi Yardım briqadası çağırılmışdır. Saat 14:14-də X11 üçün bir sıra müalicə tədbirləri aparılmış və tədbirlərin nəticəsində sahə həkimlərində müayinə məsləhət görülmüşdür. Bakı şəhəri Təcili və X4 Stansiyası” PHŞ X12 vəsiqəsinin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə X11 üçün təcili tibbi yardım briqadası çağırılmışdır. Saat 14:57-də X11 üçün bir sıra müalicə tədbirləri aparılmış və tədbirlərin nəticəsində sahə üzrə poliklinikaya müraciət etmək məsləhət görülmüşdür. Bakı şəhəri Təcili və X4 Stansiyası” PHŞ X12 vəsiqəsinin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə X11 üçün təcili tibbi Yardım briqadası çağırılmışdır. Saat 18:45-də X7 ailəsinin təkidi ilə heç bir tibbi müdaxilə edilməmiş və tədbirlərin nəticəsində poliklinikaya müraciət etmək məsləhət görülmüşdür. TQS seriyalı 112/1 nömrəli tibbi kitabçanın surətindən görünür ki, xx.xx.1940-cı il təvəllüdlü X11 3 saylı şəhər poliklinikasında qeydiyyatdadır. Mərdəkan kənd qəbristanlığının nəzarətçisi X13 tərəfindən imzalanan sənədin surətindən görünür ki, X11 xx.xx.2024-cü il tarixdə Mərdəkan qəbristanlığında dəfn olunmuşdur. Təcili və X4 Stansiyasının xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X5 həmin tarixdə Mərdəkan bağları, 860B ünvanında həkiməqədər ölümü aşkar edilmişdir. Bakı şəhəri Oktyabrskiy rayon VVAQ tərəfindən verilmiş Xİİİ-ЖГ seriyalı, 383603 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1940-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X6, ana qrafasında X9 qeyd edilmişdir. Bakı şəhəri Nəsimi rayon VVAQ tərəfindən verilmiş İİ-ЖГ seriyalı, 330190 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında İddiaçı, ana qrafasında X10 qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi: Ərizəçi İddiaçı məhkəmə iclasındakı izahatından və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin anası X11 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmiş və Mərdəkan kənd qəbiristanlığında dəfn edilmişdir, lakin ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini əldə edə bilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1940-cı il təvəllüdlü X5 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməsi üçün kifayət qədər əsaslar vardır. Odur ki, ərizə təmin edilməli və ərizəçi İddiaçı anası xx.xx.1940-cı il təvəllüdlü X5 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1940-cı il təvəllüdlü X5 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar