Məhkəmə qərarları › İş №2(006)-2729/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2729/2022

16.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2729/2022 16.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu, xx.xx.1973cü il tarixdə Bakı şəhərində doğulmuş X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi, bu barədə şəhadətnamənin verilməsinin Nəsimi rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, Ərizəçi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, oğlu, xx.xx.1973-cü il tarixdə Bakı şəhərində doğulmuş X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1973-cü il tarixdə Bakı şəhərində doğulmuş X2 (şəxsiyyət vəsiqəsi məlumatları AZE ********) xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində vəfat etmişdir. Bununla bağlı Təcili və X3 Stansiyası ölüm haqqında xx.xx.2022-ci il tarixli xəbərdarlıq vərəqəsi vermiş və həmin sənəddə «Həkimə qədər ölüm. Kişi cinsli meyid» qeydi aparılmışdır. Sulu-Təpə qəbristanlığının nəzarətçisinin verdiyi xx.xx.2022-ci il tarixli məlumat-arayışdan görünür ki, X2 xx.xx.2022-ci il tarixdə Sulu-Təpə qəbristanlığında dəfn edilmişdir. Mərhum E.Məmmədrzayevin qəbrinin üstü götürülmüşdür, fotoşəkli ərizəyə əlavə edilmişdir. O, mərhum oğlu E.Məmmədrzayevin adına ölüm haqqında şəhadətnamə almaq və oğlunun yetkinlik yaşına çatmayan övladı ilə bağlı ünvanlı sosial yardım almaq üçün müraciət etmək istəyir. ünvan 2ının xx.xx.2022-ci il tarixli cavab məktubunda ona ölümün səbəbini bilmədikləri üçün Forma N 106 almaq üçün Nəsimi rayon Məhkəməsinə müraciət etməsi tövsiyə olunmuşdur. Maraqlı şəxs də xx.xx.2022-ci il tarixli məktubu ilə oğlu E.Məmmədrzayevin ölümünü qeydə almaqdan imtina edib və bunu ölüm haqqında həkim şəhadətnaməsinin olmaması ilə əsaslandırıb. Oğlu E.Məmmədrzayevin ölüm faktının müəyyən olunması oğlunun adına ölüm haqqında şəhadətnamənin və mərhum oğlunun övladına ünvanlı sosial yardım alınması məqsədi ilə müraciət üçün lazımdır. Lakin o, həmin sənədi başqa qaydada əldə edə bilmir. Hazırkı işlə bağlı Şahid1 və Şahid2 məhkəmədə şahid qismində dindirilməsini xahiş edir. Hər iki şahid oğlunun vəfat etməsi, həm də onun dəfn olunması barədə məlumatlara malikdirlər. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə 08 iyun 2022-ci il tarixli 05/9-945/75 saylı məktub ünvanlayaraq ərizəyə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, nümayəndənin məhkəmə iclasına gələ bilməməsinin üzürlü səbəbi kimi iş həcminin çox olmasını göstərmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, mərhum onun qonşusudur. xx.xx.2022-ci il tarixdə Bakı şəhərində rəhmətə getmişdir. Dəfndə iştirak etmişdir. Sulutəpə qəbiristanlığında dəfn edilmişdir. Şahid2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, mərhum onun dayısıdır. xx.xx.2022-ci il tarixdə Bakı şəhərində rəhmətə getmişdir. Dəfndə iştirak etmişdir. Sulutəpə qəbiristanlığında dəfn edilmişdir. Ərizəçinin oğlu X2 xx.xx.1973-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. İş materiallarına əlavə olunmuş digər sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin oğludur. Bakı şəhəri T və TTYS-nin 5 saylı Bölməsinin xx.xx.2022-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X1 adına çağırış daxil olmuş, 05:06-da ünvana gələn həkim həkimgələnə qədər ölüm baş verdiyini (kişi cinsli meyit) qeyd etmişdir. xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X2 19 fevral 2022-ci il tarixdə Sulu-Təpə qəbristanlığında dəfn olunmuşdur. Qəbrüstü xatirə daşının şəklindən görünür ki, mərhumun qəbrinin üstü götürülərək, başdaşı quraşdırılmışdır. Mərhumun əksi, soyadı və adı, doğum və vəfat tarixi mərmər üzərinə həkk olunmuşdur. Maraqlı şəxs 16 mart 2022-ci il tarixli 05/Q-468/75 saylı məktubundan görünür ki, ərizəçiyə oğlu X1 ölümünün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınmasının qeydiyyat şöbəsində mümkün olmaması bildirilmişdir. 5 nömrəli şəhər Poliklinikasının 09 mart 2022-ci il tarixli 117 saylı məktubundan görünür ki, uzun müddət Nəsimi rayonu 5 saylı şəhər poliklinikasına müraciət etmədiyinə, müayinə və müalicə almadığına görə ölümün səbəbini bilmədiklərinə görə mərhumun adına Forma № 106 almaq üçün ərizəçiyə Nəsimi rayon Məhkəməsinə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi oğlunun ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1973-cü il tarixdə Bakı şəhərində doğulmuş X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1973-cü il tarixdə Bakı şəhərində doğulmuş X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Hazırkı qətnamə faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar