Məhkəmə qərarları › İş №2(006)-2739/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2739/2024

11.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2739/2024 11.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri X2 ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişlərdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 25 07.1993-cı ildə X6 ilə rəsmi qaydada nikaha daxil olmuşdur və bu nikahdan övladları olmamışdır. Həyat yoldaşı peşəkar hərbiçi olmuş və 22 il dövlətə xidmət etmişdir. Əfqanıstanda apardığı döyüşlər zamanı bədənindəki qalan qəlpələr onun ağciyərinə daxil olaraq orada şiş əmələ gətirdiyindən 2011-ci ildən ona çox əziyyət vermişdir. Uzun müddət müalicə almasına baxmayaraq heç bir nəticə olmamış və o, uzun sürən ağciyər onkoloji xəstəliyindən 18 aprel 2012-cü il tarixdə Xətai rayonu Əhmədli qəsəbəsi, M.Hadi-62 ünvanında olan 55 saylı uşaq bağçasında (məcburi köçkün kimi yerləşdikləri ünvanda) dünyasını dəyişmiş və onu Biləcəri qəsəbəsində məcburi köçkünlər üçün salınmış qəbiristanlıqda dəfn etmişlər. Halhazırda da onun qəbri Biləcəri qəbiristanlığındadır. Qeyd etmək istəmişdir ki, 1992-1998-ci illərdə torpaqların azadlığı uğrunda döyüş bölgəsində xidmət etdikləri vaxtda onların mənzilləri Şuşadan olan məcburi köçkün ailəsi tərəfindən zəbt edildiyindən əri ilə birlikdə bacısının yaşadığı Xətai rayonu Əhmədli qəsəbəsi, M.Hadi-62 55 saylı uşaq bağçasında yaşamışlar və hazırda da həmin ünvanda yaşayır. Həyat yoldaşının ölümündən sonra aldığı streslərdən uzun müddət xəstə olma səbəbindən ona ölüm şəhadətnaməsi ala bilməmişdir. Yəni onun həyatda yoxluğu ilə barışa bilməməsi səbəbindən ala bilməsə də yaşadığı müddətdə bu sənədi almasına ehtiyac duyulur. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 bildirdi ki, o, ərizəçinin bacısıdır. Mərhum hərbiçi olmuş və uzun müddət xəstə yatmışdır. Dəfndə iştirak etmişdir. Biləcəri qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində idafə vermiş X3 bildirdi ki, ərizəçi ilə tanışlığı vardır uzun müddən yaxın münasibətdə olmuşlar. Mərhum hərbiçi olmuş və uzun müddət xəstə yatmışdır. Dəfndə iştirak etmişdir. Biləcəri qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarından görünür ki, X4 ilə X6 xx.xx.1993-cü il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Bayramova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X13 Bakı Baş Səhiyyə X11 Şəxs 20 nömrəli şəhər poliklinikası tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş məlumatdan görünür ki, 3-cü mkr R.Məmmədov küçəsi ev 19 m 18 ünvanında qeydiyyatda olmuş və ünvan 21-ci il təvəllüdlü X1 rayonu 20 nömrəli şəhər poliklinikasına müraciəti olmayıb. Eyni zamanda V.Bayramov xx.xx.2012-ci il tarixində vəfat etdiyində, yaxınları ölüm haqqında tibbi şəhadətnamə yazılması üçün poliklinikaya müraciət etməmişdilər. Hal-hazırda xx.xx.2016-ci il tarixində vəfat edən V.Bayramovun adına Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2018-ci il tarixli 5 nömrəli qərarına əsasən ölüm haqqında tibbi şəhədətnamə poliklinika tərəfindən yazılması imkan xaricindədir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsinin mümkün olmadığı bildirilmiş, ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçilər göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiklərindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X6 oğlunun ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçilərin qızları X2 xx.xx.2012-ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiklərindən, habelə onun ölməsi ərizəçilərin izahatı, şahid ifadələri və digər materiallar ilə sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizəçilərin ərizəsi təmin edilməklə xx.xx.1961-ci il tarixdə doğulmuş X2 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1961-ci il tarixdə doğulmuş X2 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar