Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2771/2025 03.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi Maraqlı şəxs qismində cəlb «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizəsini onunla əsaslandırmışdır ki, ərizəçinin Bakı şəhərində doğulan və Bakı şəhəri,Nəsimi rayonu,B.Bağırov küçəsi,ev 40-da qeydiyyatda olan mərhum anası X3 xx.xx.1936-ci il təvəllüdlü Bakı şəhərində rəhmətə gedib. Anasının vəziyyəti xx.xx.2025-ci il tarixdə qəflətən pisləşmişdir və tez təcili yadım çağırıblar. Təcili yardım çatanda mərhum anası artıq ölmüşdür. Mərhum anası rəhmətə getdikdən sonra onu xx.xx.2025-ci il tarixdə Abşeron rayonu Digah qəsəbə qəbirstanlığında dəfn ediblər. Ərizəçi isə bununla bağlı ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Nəsimi rayonu Qeydiyyat şöbəsinə müraciət etsə də onun əlində əsaslı sənədlər olmadığı üçün imtina edilmişdir. Bir sözlə ölüm haqqında şəhadətnamə ərizəçiyə bir çox sənədləşmə işlərində lazım olur. Qeydiyyat şöbəsinin imtina etməsi onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Göstərilənlərə əsasən, mərhum xx.xx.1936-cı il tarixdə doğulan X1 xx.xx.2025ci il tarixdə Bakı şəhəri Nəsimi rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qət edilməsini və qətnamənin icrasının Nəsimi rayonu Qeydiyyat Şöbəsinə havalə edilməsini xahiş edir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X2 öz ifadəsində bildirmişdir ki, hazırki mülki iş üzrə ərizəçi bacısı, X3 isə mərhum anasıdır. Anası 2 ildir ki, yataq xəstəsi idi. Onun səhhəti xx.xx.2025-ci il tarixində qəfildən pisləşmiş və o, təcili tibbi yardım gələnə qədər vəfat etmişdir. O, anasının dəfn mərasimində iştirak etmişdir. Digah qəsəbəsində dəfn edilmişdir.
5. Mülki iş üzrə maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
7. Beləliklə, məhkəmədə ərizəçinin izahatından, şahid ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin anası X3 xx.xx.2025-ci il tarixində Bakı şəhəri Nəsimi rayonunda vəfat etmiş və Abşeron rayonu Digah qəsəbə qəbirstanlığında dəfn edilmişdir, lakin ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir.
b) Mülki işin materialları:
8. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənlərlə əlaqədar ölümün qeydə alınması üçün zəruri sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır.
9. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X7 “Bakı Baş Səhiyyə Mərkəzi” X7 3 nömrəli Şəhər Poliklinikasının xx.xx.2025-ci il tarixli məktubuna əsasən xx.xx.2025-ci il tarixli ərizəyə cavab olaraq bildirilir ki, mərhum xx.xx.1936-cı il təvəllüdlü X1 ölümü qəfləti və səbəbi məlum olmadığından Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ölüm haqqında şəhadətnamə”nin verilmə qaydasının 4.4.5 bəndinə əsasən poliklinika tərəfindən “Ölüm haqqında tibbi şəhadətnamə” verilməsi mümkün deyil.
10. Azərbaycan Respublikası Digah Bələdiyyəsi tərəfindən verilən 17/3 nömrəli, xx.xx.2025 tarixli arayışa əsasən mərhum X3 14 mart 2025-ci il tarixdə ölmüşdür. 14 mart 2025-ci il tarixdə Abşeron rayonu Digah qəsəbə qəbirstanlığında dəfn olunub.
11. Təcili və X4 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2025-ci il tarixdəki Əsəd Əhmədov 22a mənzil 163-dəki çağırışa əsasən X1 həkimə qədər ölümü müəyyən edilmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır.
13. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
14. Göründüyü kimi ərizəçi anasının ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
16. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
17. Həmin Qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
18. Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
19. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi anası xx.xx.1936-cı il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 21 Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
22. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1936-cı il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.