Məhkəmə qərarları › İş №2(006)-2782/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2782/2023

04.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2782/2023 04.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X14 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1969-cu il təvəllüdlü Bakıda anadan olmuş mərhum qardaşı X8 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1969-cu il təvəllüdlü qardaşı X13 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Həmin vaxt çağırılmış Təcili və X4 Stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərarlıq vərəqəsində qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 21:01 radələrində 1969-cu il təvəllüdlü X10 məxsus kişi cinsli meyid ünvan 1 ünvanında aşkarlanmışdır. Ərizəçi “Bakı Baş Səhiyyə Mərkəzi” X17 35 nömrəli Şəhər Poliklinikasına tibbi şəhadətnamənin alınması üçün müraciət etsə də, ölüm haqqında tibbi şəhadətnaməni almaq mümkün olmamışdır. X8 ölüm səbəbi məlum olmadığı üçün “ölüm haqqında şəhadətnamə verə bilmirik” kimi cavab verilmişdir. Ərizəçinin qardaşı X8 ölməsini təsdiq edən sənəd hər bir halda hansısa orqan tərəfindən tələb olunacağından ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Eyni zamanda X8 ölümünün qeydə alınması məqsədi ilə ərizəçi ərazi üzrə qeydiyyat şöbəsinə rəsmi olaraq ərizə ilə müraciət etmiş, lakin həmin şöbədən “ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir” kimi cavab verilmişdir. Ona görə də ölüm haqqında şəhadətnamənin başqa qaydada alınması qeyri-mümkün olduğundan ərizəçi məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, məzmununa uyğun izahat verərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidlərin ifadəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş: X5 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qayınatasıdır. X3 isə qayınatasının qardaşıdır. Qayınatası ona zəng edərək qardaşı Əvəzin öldüyünü bildirdikdən sonra o, mərhumun dəfn və yas mərasimində iştirak etmişdir. Mərhum Yasamal qəbristanlığında dəfn edilmişdir. Şahid1 ifadəsində bildirmişdir ki, Ərizəçi onun əri, X3 qaynıdır. Qaynı uzun müddət vərəm xəstəliyindən əziyyət çəkmişdir. O, mərhumun yas mərasimində iştirak etmişdir. Mərhum Yasamal qəbristanlığında dəfn edilmişdir. Şahid2 ifadəsində bildirmişdir ki, Ərizəçi və X3 həm onun ərinin qardaşları, həm də əmisi uşaqlarıdır. X3 xəstə idi və xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. O, mərhumun yas mərasimində iştirak etmişdir. Mülki işin materiallarında olan: Doğum haqqında АЗ seriyalı ******* nömrəli şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1966-cı ildə anadan olmuş, atası X9, anası X2r. Doğum haqqında АЗ seriyalı ******* nömrəli şəhadətnamədən görünür ki, X13 xx.xx.1969cu ildə anadan olmuş, atası X9, anası X2r. AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X13 xx.xx.1969-cu il tarixdə doğulmuşdur. Bakı şəhər Təcili və X4 Stansiyasının 16 saylı bölməsinin verdiyi «Ölüm haqqında Xəbərarlıq vərəqəsi»ndən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 21:01 dəqiqədə Binəqədi rayonu, C.Cabbarlı küçəsi, döngə 2, ev 26 ünvanına X8 adına çağırış daxil olmuşd, çağırışı 16 saylı bölmənin həkimi F.Əliyev, tibb bacısı F.İsmayılova yerinə yetirmiş, ölümün ilkin səbəbi kimi «Həkimə qədər ölüm. Kişi cinsli meyit. 3 (üç) gün ərzində poliklinikaya müraciət edin» ifadəsi qeyd edilmişdir. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-16-5/13-763/23 nömrəli məktubunda X8 ölümünün qeydə alınması barədə müraciətə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X8 adına ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X17 “Bakı şəhər Baş Səhiyyə Mərkəzi” X17 35 №-li Şəhər Poliklinikasının xx.xx.2023-cü il tarixli 126 nömrəli məktubunda qeyd edilmişdir ki, Binəqədi rayonu, C.Cabbarlı küçəsi, döngə 2, ev 26 ünvanında yaşamış xx.xx.1969-cu il təvəllüdlü X13 xx.xx.2019-cu ildən 35 nömrəli Şəhər poliklinikasında tibbi qeydiyyatdadır. Müraciətləri: xx.xx.2019 Dz: Xroniki qastritin kəskinləşməsi, Xr.Xolesistopankreatit ilə BTM-ə stasionar müalicəyə 1019 №-li göndərişlə göndərilib. xx.xx.2023-cü il Dz: Kəskin xolesistit. Xəstəyə BTM-nə müayinə və müalicə olunması üçün göndəriş verilmişdir. Qeyd: Xəstə xx.xx.2023-cü il tarixdən 10 nömrəli Şəhər poliklinikasında Fitiziatr tərəfindən Dz: “Ağ ciyərlərin infiltrativ vərəmi dağılma mərhələsi” diaqnozu ilə dispanser qeydiyyatda olmuşdur. Mərhum xx.xx.2023-cü ilədək 1 №-li VƏD Fitiziatr tərəfindən müalicə almışdır. Mərhumun təvəllüdünü nəzərə alaraq ölüm səbəbini təsdiqləyici sənədlər olmadığına görə ölüm haqqında şəhadətnamə verilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19 iyul 2023-cü il tarixli cavab məktubundan görünür ki, idarənin İstintaq X1 ölməsi faktı əsasında hazırki dövr ərzində icraatda cinayət işi yoxdur. Bakı şəhəri Yasamal Bələdiyyəsinin 21 iyul 2023-cü il tarixli 972 nömrəli arayışından görünür ki, X13 (xx.xx.1969-xx.xx.2023) Bakı şəhəri, Şərifzadə küçəsində yerləşən Dağüstü 1 qəbristanlığında xx.xx.2023-cü il tarixdə dəfn olunmuşdur. Beləliklə, məhkəmə tərəfindən ərizəçinin izahatından, şahidlərin ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, xx.xx.1969-cu ildə Bakı şəhərində anadan olmuş X13 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Ərizəçi qardaşının ölümü haqqında şəhadətnamənin alınması üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin tibb müəssisəsinin arayışı olmadığından ölümün qeydə alınmasından imtina edilmişdir. Qardaşının ölüm haqqında şəhadətnaməsi olmadığından, ərizəçi bəzi sənədləşdirmə işlərində çətinlik çəkir. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1 və 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2 və 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2 və 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, xx.xx.1969-cu ildə Bakı şəhərində anadan olmuş X8 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı şahidlərin ifadəsi və təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, hazırki ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1969-cu ildə Bakı şəhərində anadan olmuş X8 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar