Məhkəmə qərarları › İş №2(006)-2818/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2818/2022

16.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2818/2022 16.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov İlham Məmməd oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi CCC qızının iştirakı ilə Ərizəçi AAA oğlunun maraqlı şəxs qismində **** Qeydiyyat şöbəsini cəlb etməklə "ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi AAA oğlu maraqlı şəxs qismində **** Qeydiyyat şöbəsini cəlb etməklə "ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi AAA oğlunun anası BBB qızı xx.xx.2014cü il tarixdə ev şəraitində insult nəticəsində vəfat etmişdir. Təcili və təxirəsalınmaz tibbi yardım çağırılsa da, həkimlərin gəlişinə qədər artıq ölüm baş vermişdir. Ərizəçi ölüm haqqında şəhadətnamənin alınması məqsədilə **** Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin oradan ərizəçiyə xx.xx.2022-ci il tarixli imtina məktubu verilərək, ölüm haqqında həkim şəhadətnaməsinin olmaması səbəbi ilə ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir və məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Ərizəçinin mərhum anası Bakı şəhəri, Yasamal rayonu qəbirstanlığında dəfn olunmuşdur. Hal-hazırda onun qeydiyyatdan çıxarılması üçün, əlavə kommunal xərclərdən azad olmaq üçün ölüm faktının müəyyən olunmağı lazımdır. Göstərilənlərə əsasən BBB qızının xx.xx.2014-cü il tarixdə vəfat etməsi hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi CCC qızı ərizədə göstərilənləri təsdiq etmiş, ərizəyə əlavə təqdim edərək BBB qızının ünvan 1 ünvanında yerləşən 44,45,47,48,50 saylı mənzildə yaşadığını və həmin mənzildə xx.xx.2014-cü il tarixdə vəfat etdiyini bildirmiş, ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs **** Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxs **** Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və mülki işin materiallarını araşdırıb hesab edir ki, hüquqi faktın müəyyən edilməsi barədə ərizə təmin edilməlidir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, BBB qızı xx.xx.1926-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. 21 fevral 2022-ci il tarixli, 25 №-li arayışdan görünür ki, BBB qızı xx.xx.2014-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Dağüstü 2 qəbirstanlığında dəfn olunmuşdur. Bakı Şəhər Baş Səhiyyə Mərkəzinin 1 №-li Şəhər Poliklinikası tərfindən verilmiş xx.xx.2022-ci il tarixli, 143 nömrəli məktubdan görünür ki, BBB qızının xx.xx.2014-cü il tarixində ölümü ilə əlaqədar 1 №-li Şəhər Poliklinikasında hər hansı qeydiyyat aparılmamışdır. BBB qızının 1 №-li Şəhər Poliklinikasında ambulator kartası və hər hansı xəstəliyi ilə əlaqədar məlumat olmadığına görə ölüm haqqında 106 saylı arayışın verilməsi mümkün olmamışdır. **** Qeydiyyat şöbəsinin ölüm haqqında akt qeydinin qeydə alınmasından imtina haqqında xx.xx.2022-ci il tarixli, 05/Q-260/75 nömrəli məktubundan görünür ki, AAA oğlunun etibarnamə üzrə nümayəndəsi **** Qeydiyyat şöbəsinə ərizəçinin anası BBB qızının ölümünün qeydə alınması üçün müraciət etmiş, lakin ölümün qeydə alınması üçün zəruri sənədlər təqdim edilmədiyindən ölümün qeydə alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. Beləliklə, məhkəmədə ərizəçinin nümayəndəsinin izahatından və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin BBB qızı xx.xx.2014-cü il tarixdə Bakı şəhərində ev şəraitində vəfat etmiş, Bakı şəhəri, Yasamal rayonu, Dağüstü 2 qəbirstanlığında dəfn olunmuşdur, lakin ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli Qərarının 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Qeyd olunan Plenum Qərarının 9.3 və 9.4-cü bəndlərinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və AAA oğlunun anası BBB qızının 14 aprel 2014-cü il tarixində Bakı şəhərində ev şəraitində vəfat etməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi AAA oğlunun "ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçi AAA oğlunun anası BBB qızının 14 aprel 2014-cü il tarixində Bakı şəhərində ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində **** Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar