Məhkəmə qərarları › İş №2(006)-2882/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2882/2025

01.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2882/2025 01.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə Ərizəçi MMC-nin Maraqlı şəxs cəlb edilməklə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi MMC Maraqlı şəxs cəlb edilməklə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2024cü il tarixli MŞB/9/2024-00538 saylı barışıq sazişinin təsdiq edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırılmışdır ki, Ərizəçi MMC ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixli, MBŞ\9\2024-00538 nömrəli barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinə əsasən, Tərəflər etiraf edir ki, İkinci Tərəf vurulmuş 7500 AZN ziyana görə Ərizəçi MMC-yə xx.xx.2024-cü il tarixində 800 AZN ödəniş etmişdir. Tərəflər razılaşırlar ki, qalan borc məbləğini İkinci Tərəf xx.xx.2024-cü il tarixdən etibarən 13 ay ərzində hər ayın 10-dək 515 AZN olmaqla hissə-hissə ödəyəcəkdir. Borc müəyyənləşdirilmiş şəkildə aylıq ödənilmədiyi təqdirdə bu sazişin 4-cü bəndi tərtib edilməklə Sazişin təsdiq olunması üçün Məhkəmə müraciət olunacaqdır. Eyni zamanda Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar birbirini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvirr gün müddətində könüllü şəkildə icra olunmalıdır. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MBŞ\9\2024-00538 nömrəli barışıq sazişi Maraqlı şəxs tərəfindən icra edilmir. Maraqlı şəxs tərəfindən aylıq ödənişlər könüllü şəkildə icra edilmədiyi üçün barışıq sazişinin 3-cü bəndi əsas götürülməklə borc məbləğinin tam şəkildə ödəməsi şərti ilə saziş təsdiq edilməlidir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduğu, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldığı hallarında məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Sadalanan qanunvericilik normalarından görünür ki, tərəflər arasında mediasiya qaydasında bağlanmış barışıq sazişinin şərtləri, həmin barışıq sazişində müddət nəzərdə tutulmuşdursa həmin müddətdə tərəflər tərəfindən könüllü şəkildə icra olunmalıdır. Məhkəmə tərəfindən barışıq sazişi qanuna zidd olmadıqda, eləcə də barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulmayan hallarda barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməsi nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı 9 saylı Mediasiya Təşkilatının keçirdiyi mediasiya prosesi nəticəsində Ərizəçi MMC və Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixldə bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ərizəçi ödənilmiş dövlət rüsumunun maraqlı şəxsdən tutularaq ona ödənilməsini xahiş etdiyindən Maraqlı şəxs 100 manat alınaraq Ərizəçi MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 355-25 - 355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Bakı 9 saylı Mediasiya Təşkilatının keçirdiyi mediasiya prosesi nəticəsində Ərizəçi MMC ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanmış MŞB/9/2024-00538 saylı barışıq sazişi təsdiq edilsin:

1. İkinci Tərəf “Araz Supermarket" MMC-nin “Nərimanov 06" filialında mal qəbulçusu vəzifəsində işlədiyi zaman müxtəlif tədarükçülərdən Marketə mal qəbul edən zaman mənimsəmə nəticəsində Şirkətə vurduğu 7.500 manat ziyana görə xx.xx.2024-ci il tarixində 800 manat ödəniş etmişdir.

2. Tərəflər razılaşırlar ki, qalan borc məbləğini İkinci Tərəf xx.xx.2024-cü il tarixdən etibarən 13 ay ərzində hər ayın 10-dək 515 manat olmaqla hissə-hissə ödəyəcək.

3. Borc müəyyənləşdirilmiş şəkildə aylıq ödənilmədiyi təqdirdə bu Sazişin 4-cü bəndi tətbiq edilməklə Saziş təsdiq olunması üçün məhkəməyə müraciət olunacaq. Maraqlı şəxs ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat alınaraq Ərizəçi MMCyə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar