Məhkəmə qərarları › İş №2(006)-3006/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3006/2025

30.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3006/2025 30.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhər Nəsimi rayon Qeydiyyat şöbəsinə qarşı «ölüm faktının müəyyən edilməsi»nə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhər Nəsimi rayon Qeydiyyat şöbəsini maraqlı şəxs qismində göstərməklə, «ölüm faktının müəyyən edilməsi»nə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci il təvəllüdlü X1 xx.xx.1993-cu il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhumə övladı X2 Bakı şəhərində dünyaya gəlmişdir. Mərhumə övladı uzun illər əvvəl 8 aylıq olarkən vəfat etmişdir. O vəfat edən zaman övladı üçün ölüm şəhadətnaməsi almamışdır. Bundan başqa övladının Bakı qəbiristanlığında dəfn edilməsi faktını şahidlər də təsdiq edə bilərlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ölüm haqqında şəhadətnaməni başqa qaydada ala bilmir. Hazırda övladının ölüm faktının müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X4 ifadəsində bildirmişdir ki, ərizəçi onun qaynatasının gəlinidir. X2 8 aylıq olanda sudurğa keçirərək rəhmətə getmişdir. Uşağın rəhmətə getdiyini qaynatası ona xəbər vermişdir. Uşaq sudurğa keçirəndə onu Qarayev adına xəstəxanaya aparmışlar. Mərhuməni Yasamal qəbirstanlığında dəfn etmişlər. Dəfn mərasimində qaynatası, özü və mərhumənin atası iştirak etmişlər. Məhkəmə iclasında iştirak edən şahid X3 ifadəsində bildirmişdir ki, o, ərizəçinin baldızıdır. X2 dünyaya gələndən xəstə idi. 8 aylıq olanda sudurğa keçirərək rəhmətə getmişdir. Mərhumənin sudurğa keçirdiyini birinci ona xəbər vermişlər. Mərhuməni əvvəl Göy Məscdiə, daha sonra evə aparıblar. Mərhuməni Yasamal qəbirstanlığında dəfn etmişlər. Dəfn mərasimində yoldaşı, qardaşı, mərhumənin atası iştirak etmişlər. Maraqlı şəxs iş yükünün çoxluğunu nəzərə alaraq məhkəmə iclasını nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-16-5/8-xx-xx-1870/24 saylı məktubundan görünür ki, ölümün qeydə alınması ilə bağlı zəruri sənədlər təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. - Bakı şəhəri Yasaml Bələdiyyəsinin 29 may 2025-ci il tarixli, 970 saylı məktubundan görünür ki, X2 (xx.xx.1992-xx.xx.1993) qəbirdaşına əsasən Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsində yerləşən Dağüstü qəbirstanlığının 8-ci sektorunda dəfn olunmuşdur. - “Respublika Pediatriya Mərkəzi” PHŞ-nin 10 iyun 2025-ci il tarixli, 18-1-91/3- 102/2025 saylı arayışından görünür ki, xx.xx.1992-ci il təvəllüdlü X1 xx.xx.1993-cü il saat 06:00-da Ə.F.Qarayev adına X5 (hal-hazırda Respublika Pediatriya Mərkəzi PHŞ strukturuna daxil olan) “Bronxopnevmaniya, Hipertenziya” diaqnozu ilə Somatik Reanimasiya şöbəsinə ağır vəziyyətdə daxil olduğuna və xx.xx.1993-cü il saat 21:30-da “KRVİ qıcolma sindromu, Broxnevmaniya, Hipertenziya, Ürək-damar və tənəffüs çatışmazlığı” diaqnozu ilə ölümü haqqında arxiv ölüm qeydiyyat jurnalında qeydlər mövcuddur. - “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-nin 24 iyun 2025-ci il tarixli, 18-1/2-İ- 76xx-xx-15755/2025 saylı məktubundan görünür ki, TƏBİB-in tabeliyində olan “Respublika Pediatriya Mərkəzi” PHŞ (Tibb müəssisəsi) tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli 18-1-91/3-102/2025 nömrəli arayışa əsasən xx.xx.1992-ci il təvəllüdlü X1 xx.xx.1993-cü il tarixində saat 06:00-da “Ə.G.Qarayev adına X10”-nda (hazırda Tibb müəssisəsinin strukturuna daxil olan) “bronxopnevmoniya, hipertenziya” diaqnozu ilə Somatik reanimasiya şöbəsinə ağır vəziyyətdə daxil olması və xx.xx.1993-cü il tarixində saat 21:30-da “KRVİ qıcolma sindromu, bronxopnevmoniya, hipertenziya, ürək-damar və tənəffüs çatışmazlığı” diaqnozu ilə ölümü haqqında arxiv ölüm qeydiyyat jurnalında qeydlər mövcuddur. - 18 may 1983-cü il tarixdə verilmiş, İX-KГ seriyalı, 300961 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İbrahimova (Babayeva) Arzu Nadir qızı xx xxxxxx 1968-ci il tarixində Bakı şəhərində dünyaya gəlmişdir. - 14 aprel 1960-cı il tarixdə verilmiş, 997738 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 27 mart 1960-cı il tarixdə Bakı şəhərində dünyaya gəlmişdir. - 22 iyul 1990-cı il tarxdə verilmiş V-ЖГ seriyalı, 390936 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X8 arasında 22 iyul 1990-cı il tarixdə 2033 akt qeydi ilə qeyd edilməklə nikah bağlanmışdır. - 19 sentyabr 1992-ci il tarixdə verilmiş XVİİ-ЖГ seriyalı, 263601 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 26 iyul 1992-ci il təvəllüdlü X2 adlı övladları dünyaya gəlmişdir. İş materiallarına həmçinin dəfn yerinin fotoşəkli də əlavə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinin tələbinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 310.1-ci maddəsinin tələbinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Göründüyü kimi, Ərizəçi övladı X1 ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə,məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə,hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1992-ci il təvəllüdlü X1 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 320ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1992-ci il təvəllüdlü X1 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar