Məhkəmə qərarları › İş №2(006)-301/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-301/2021

04.03.2021 · Müqavilələrin ləğv edilməsi - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-301/2021 04.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçıların nümayəndəsi və vəkili X12, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh LPO QSC «xxxx» KB-yə qarşı “əmlakların ipoteka yüklülüyündən azad olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı1 və X13 ilə cavabdeh ləğv prosesində olan QSC “Bank Standart” KB-nin Lənkəran filialı arasında bağlanmış 18 iyun 2008-ci il tarixli, № ********** və № **********-1 saylı ipoteka müqavilələrinə xitam verərək, ünvan 1 və Lənkəran şəhəri, Məhəmməd Əsədov küçəsi, dalan 1, ev 7 A nömrəli fərdi yaşayış evlərinin girovdan azad olunmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan QSC "xxxx" KB-nin Lənkəran filialına qohumları X10 biznesinin inkişaf etdirilməsindən ötrü 100.000 (bir yüz min) manat məbləğində kredit götürülməsindən ötrü müraciət etmişdir. X5 faktiki biznesi və real gəlirləri qənaətbəxş qiymətləndirilərək, daşınmaz əmlak girov qoyulmaqla, sözügedən məbləğdə kreditin verilməsinin reallaşması barədə kreditorla danışıqlar aparmışlar. Nəticə etibarı ilə X5 biznesinin potensialı naminə o - İddiaçı1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini və mərhum qardaşı X1 şəhəri, Məhəmməd Əsədov küçəsi, dalan 1, ev 7A ünvanında yerləşən fərdi yaşayış evini verilən kreditin təminatı olaraq ipoteka yüklü edərək, birinciyə 18 iyun 2008-ci il tarixində ********** saylı kredit müqaviləsi əsasında 100.000 (bir yüz min) manat məbləğində kredit verilmişdir. X2 götürmüş olduğu kredit üzrə bir müddət ödənişlərini etdikdən sonra, biznesində yaranan qeyri-stabillik onun maddi durumunun pisləşməsi ilə nəticələnərək, aylıq kredit ödənişlərin ödəməkdə çətinliklərlə qarşılaşmışdır. Belə olduğu təqdirdə, kreditor müqavilə şərtlərinin pozulduğunu görərək, aidiyyəti üzrə Lənkəran rayon məhkəməsinə müraciət etməklə, cavabdeh X10, İddiaçı1 və X8 qarşı "kredit müqaviləsinin ləğv edilməsi, kredit və kredit borcuna hesablanmış faizlərin ödənilməsi və tələbin girov predmetinə yönəldilməsi" barədə iddia qaldırmışdır. Mülki iş məhkəmə icraatında mübahisələndirilən zaman iddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB-nin nümayəndəsinin Azərbaycan Respublikasının Mülki Prosessaul Məcəlləsinin 53-cii maddəsinə əsasən məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, tələbin girov predmetinə yönəldilməsi hissəsində azaltmışlar. Yekun olaraq, 19 oktyabr 2010-cu il tarixli, 2 (049)-1435/2010 saylı qətnamə ilə iddia təmin olunaraq, cavabdeh X3 92.262 (doxsan iki min iki yüz altmış iki) manat 29 qəpik tutularaq, iddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB-yə ödənilməsi qət edilmişdir. Lənkəran rayon məhkəməsinin 22 noyabr 2010-cu il tarixli, 2 (049)-1435/2010 saylı icra sənədini cavabdeh X10 yenidən icra etmədiyi üçün icra məmuru məcburi icra tədbirlərinə başlamış və iddiaçının ərizəsi əsasında, məhkəməyə təqdimatla müraciət edərək, götürülən kreditin təminatı olaraq girov qoyularaq ipoteka yüklü edilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evlərinə pul tələbinin yönəldilməsindən ötrü qərar çıxarılmasını xahiş etmişdir. İcra məmurunun təqdimatı 20 fevral 2012-ci il tarixli. 8 (049)-14/2012 saylı qərardadla təmin olunaraq, 22 noyabr 2010-cu il tarixli, 2 (049)-1435/2010 saylı icra sənədinin icrası məqsədi ilə X2 tərəfindən ipoteka yüklü edilmiş, İddiaçı1 və X8 məxsus ünvan 1-də və ünvan 2-da yerləşən fərdi yaşayış evlərinə yönəldilmişdir. Bütün bunlara rəğmən, məhkəmə qərarı əsasında pul tələbi fərdi yaşayış evlərinə yönəlməsinə baxmayaraq, iddiaçı ilə şifahi razılaşma əsasında icra vərəqəsi bu günə qədər hissə-hissə 20.000 (iyirmi min) manata yaxın məbləğdə icra edilmişdir. Belə ki, Lənkəran rayon icra və probasiya şöbəsinə şifahi sorğuları əsasında 20 fevral 2012-ci il tarixli. 8(049)-14/2012 saylı qərardadın icrasından ötrü fərdi yaşayış evlərinin yekun hərrac protokollarının nəticəsi barədə məlumat alarkən, bəlli olmuşdur ki, ləğv prosesində olan QSC ‘'Bank Standart" KB sonuncu hərrac prosesi zamanı fərdi yaşayış evləri ipoteka saxlayana təklif olunsa da, ipoteka saxlayan tərəfindən qəbul olunmadığından, icra sənədi icrasız icra şöbəsinə qaytarılmışdır. Cavabdeh X5 ləğv prosesində olan QSC “Bank Standart" KB-də olan kredit hesabından çıxarışa da nəzər yetirərkən aşkar şəkildə görünür ki, daxil olan pul vəsaiti yalnız onlar - cavabdehlər tərəfindən ödənilmiş kredit ödənişləridir. Qeyd etdiyimiz kimi yekun hərrac prtokolu əsasında fərdi yaşayaış evlərimiz ipoteka saxlayan tərəfindən qəbul olunmadığından, tərəflər arasında alqı-satqı müqaviləsi baş tutmamış və bu günə qədər də, Lənkəran rayon icra və probasiya şöbəsi tərəfindən 20 fevral 2012-ci il tarixli, 8 (049)- 14/2012 saylı qərardadın icrası baş tutmamışdır. Əlavə olaraq qeyd edirlər ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinə yaxınlaşaraq, ipoteka yüklü olan fərdi yaşayış evlərinin üzərində hansı prosessual hərəkətlərin görüldüyünü soruşarkən, mütəxəssislər tərəfindən əmlaklarının yalnız ipoteka yüklü olduğunu bildirmişlər və heç bir hərrac protokolu üzrə alqı-satqı müqaviləsinin aparılmamasını qeyd etmişlər. Hesab edirlər ki, hazırkı iddia tələbləri üzrə qüvvədə olan qanunvericiliyə əsasən tam haqlıdırlar və iddiaları təmin olunmalıdır. İddiaçıların nümayəndəsi və vəkili X18 məhkəməyə ərizə ilə müraciət edərək iş üzrə cavabdeh ləğvedici Əmanətlərin Sığortalanması Fondunun əsl cavabdeh LPO QSC «xxxx» KB ilə əvəz edilməsini xahiş etmişdir. Daha sonra iddiaçıların nümayəndəsi və vəkili X18 məhkəməyə ərizə ilə müraciət edərək, iddiaçılar Sərdar Rəşid oğlunun və İddiaçı2 cavabdeh LPO “xxxx” KB qarşı mülki iş üzrə ünvan 4 ünvanında yerləşən və ünvan 12aşayış evlərinin ipoteka yüklülüyündən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçıların nümayəndəsi və vəkili X18 yuxarıda qeyd olunan məzmunda izahat vermiş və əlavə olaraq bildirmişdir ki, X10 ilə cavabdeh arasında 18 iyun 2008-ci il tarixdə ********** saylı Kredit müqaviləsi bağlanmış və Ə.Qənbərova 100000 (yüz min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq hazırkı iş üzrə mübahisə predmeti olan əmlaklar - ünvan 5 ünvanında yerləşən və ünvan 6 fərdi yaşayış evləri ipoteka qoyulmuşdur. Daha sonra 28 dekabr 2009-cu il tarixdə Ə.Qənbərov və cavabdeh arasında 18.06.2008-ci il tarixli ********** saylı Kredit müqaviləsinə dəyişiklik edilmiş və 01 saylı Əlavə saziş bağlanaraq Ə.Qənbərova 86206,22 manat (səksən altı min iki yüz altı manat iyirmi iki qəpik) məbləğində kredit verilmişdir. 01 saylı Əlavə sazişə əsasən kredit müqaviləsinin müddəti 18 avqust 2013-cü il traixədək uzadılmışdır. Yuxarıda göstərilənlərdən və ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə göndərilmiş sorğuya əsasən göndərilmiş cavab məktubundan görünür ki, hazırki iş üzrə mübahisə predmeti olan əmlaklar tərəflər arasında bağlanmış 18.06.2008-ci il tarixli və ********** və **********-1 saylı ipoteka müqavilələri üzrə yaranmış öhdəliklərin təminatı kimi hal-hazıradək bankın xeyrinə yüklülükdədir. Yuxarıda qeyd edilən ipoteka müqaviləsi üzrə əsas öhdəliyin ölçüsü və icra müddəti dəyişdiyi halda, müvafiq dəyişikliyə dair daşınmaz əmlakın dövlət reyestrində ipotekanın əlavə dövlət qeydiyyatı aparılmamışdır. Göstərilənərə əsasən qanunvericiliyin tələbi ilə əmlakın yüklülüyü dövlət reyestr xidmətində qeydiyyata alınmadığından əmlakların yüklülüyü etibarlı hesab edilə bilməz. Bütün bunları və “İpoteka haqqında” Qanunun 14-cü maddəsini nəzərə alaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh QSC “Bank Standart” KB-yə qarşı “ünvan 5 ünvanında yerləşən və ünvan 6 fərdi yaşayış evlərinin girovdan azad olunması tələbinə dair” qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən LPO QSC “xxxx” KB-nin nümayəndəsi Nümayəndə iddiaya etiraz edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Lənkəran şəhəri, M.Əsədov küçəsində mülkiyyətində olan 0,03 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 62.6 kv.m yaşayış, 74.8 kv.m köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrü İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində ********* nömrə ilə 26.05.2008-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Lənkəran şəhəri, Məhəmməd Əsədov küçəsi, dalan 1-də mülkiyyətində olan 0.03 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 35.1 kv.m yaşayış, 35.1 kv.m Köməkçi sahədən ibarət 7a nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində ********* nömrə ilə 26.05.2008-ci il tarixdə qeydiyyata alınmışdır. Kreditor QSC “xxxx” KB ilə borc alan X11 arasında bağlanmış 18.06.2008-ci il tarixli ********** saylı kredit müqaviləsinə 01 saylı, 28.12.2009-cu il tarixli əlavə sazişdən görünür ki, müqavilənin 2.1 və 2.3-cü bəndlərinin aşağıdakı redaksiyada verilməsi müəyyən edilmişdir: “2.1. “Kreditor” “Borcalan”a 86.206,22 manat məbləğində kredit verir. 2.3. Kreditin ödənilməli olduğu son tarix 18 avqust 20136-cü ildir. Tərəflər kreditin ödənilməsi müddətinin uzadılması razılığına gəldikdə, bu müqavilə ilə müəyyən edilmiş qaydada bağlanan əlavə müqaviləyə əsasən müqavilənin müddəti uzadıla bilər. Müddət uzadıldıqda yeni müddət bitmiş müddətin sonundan hesablanır. Bu 28.12.2009-cu il tarixli 01 saylı əlavə saziş 18.06.2008-ci il tarixli ********** saylı kredit müqaviləsinin ayrılmaz hissəsi hesab edilir. Digər qəbul edilmiş şərtlər qüvvədə qalmış sayılır. İpoteka saxlayan QSC “xxxx” KB ilə ipoteka qoyan X13 və borcalan X9 arasında bağlanmış 18.06.2008-ci il tarixli **********-1 saylı ipoteka müqaviləsinə əsasən, İpoteka saxlayanla borcalan arasında bağlanmış 18.06.2008-ci il tarixli ********** saylı kredit müqaviləsinə müvafiq olaraq İpoteka saxlayan borcalana 36 ay müddətinə illik 22% ödəmək şərti ilə 100.000 manat məbləğində kredir verməyi, borcalan isə kreditdən istifadəyə görə faizləri hər ay İpoteka saxlayana ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə borcalanın öhdəliyinin icrasını təmin etmək məqsədilə İpoteka qoyan Lənkəran şəhəri, M.Əsədov küçəsi, dalan 1-də mülkiyyətində olan 0,03 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 35.1 kv.m yaşayış, 35.1 kv.m köməkçi sahədən ibarət 7a nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, X8 məxsus Lənkəran şəhəri, M.Əsədov küçəsində dalan 1-də 0.03 ha torpaq sahəsi ilə birlikdə 7a nömrəli fərdi yaşayış evinin 18.06.2008-ci il tarixdən 36 ay müddətinə 18.06.2008-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində ********* qeydiyyata nömrəsi 23.06.2008-ci il tarixdə alınmışdır. İpoteka saxlayan QSC “xxxx” KB ilə ipoteka qoyan İddiaçı1 və borcalan X9 arasında bağlanmış 18.06.2008-ci il tarixli ********** saylı ipoteka müqaviləsinə əsasən, İpoteka saxlayanla borcalan arasında bağlanmış 18.06.2008-ci il tarixli ********** saylı kredit müqaviləsinə müvafiq olaraq İpoteka saxlayan borcalana 36 ay müddətinə illik 22% ödəmək şərti ilə 100.000 manat məbləğində kredir verməyi, borcalan isə kreditdən istifadəyə görə faizləri hər ay İpoteka saxlayana ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə borcalanın öhdəliyinin icrasını təmin etmək məqsədilə İpoteka qoyan Lənkəran şəhəri, M.Əsədov küçəsində mülkiyyətində olan 0,03 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 62.6 kv.m yaşayış, 74.8 kv.m köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, İddiaçı1 məxsus Lənkəran şəhəri, M.Əsədov küçəsində yerləşən 0.03 ha torpaq sahəsi ilə birlikdə 7 nömrəli fərdi yaşayış evinin 18.06.2008-ci il tarixdən 36 ay müddətinə 18.06.2008-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində ********* qeydiyyat nömrəsi ilə 23.06.2008-ci tarixdə qeydiyyata alınmışdır. Lənkəran Rayon Məhkəməsinin 19.10.2010-cu il tarixli, 2(049)-1435/2010 saylı qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, cavabdeh X4 92262 manat 29 qəpiyin tutularaq “Bank Standart” KB-yə verilməsi qət edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 20.02.2012-ci il tarixli, 8(049)-14/2012 saylı qərardadından görünür ki, təqdimatın təmin edilməsi, Lənkaran Rayon Məhkəməsinin 19.10.2010-cu il tarixli, 2(049)-1435/2010 saylı icra sənədinin icrası məqsədi ilə X2 tərəfindən ipoteka yüklü edilmiş X8 və İddiaçı1 məxsus Lənkəran şəhəri, M.Əsədov küçəsi, ev 7-də yerləşən fərdi yaşayış evlərinə yönəldilməsi qərara alınmışdır. Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 07.04.2016-cı il tarixli, AZ-İ 803012 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 29.03.2016-cı il tarixdə şəkərli diabet səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 07.04.2016-cı il tarixdə 98 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri 51 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş, reyestrdə 2V-62 nömrə ilə qeyd edilmiş 30.09.2016-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 29.03.2016-cı il tarixdə ölmüş X6 vərəsəsi İddiaçı2 miras əmlakdan 1/1 hissədə pay alması müəyyən edilmişdir. Şəhadətnamə verilən miras əmlak Lənkəran şəhəri, X17 küçəsi 58 ünvanında yerləşən ümumi sahəsi 157.7 kv/m olan daşınmaz əmlak və həmin ünvanda yerləşən ümumi sahəsi 0.01928 ha olan torpaq sahəsindən ibarətdir. Lənkəran rayon icra və probasiya şöbəsi tərəfindən “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Sevər Umarovaya ünvanlanmış 27.10.2020-ci il tarixli məktubdan görünür ki, Lənkəran rayon məhkəməsi tərəfindən verilmiş 2(049)-1435\2010 saylı, 22 noyabr 2010-cü il tarixli icra sənədinin icrası məqsədi ilə borclu X11 tərəfindən ipoteka ilə yüklü edilmiş X13 və İddiaçı1 məxsus ünvan 11a-da və Lənkəran şəhəri M.Əsədov küç. ev 7-də yerləşən fərdi yaşayış evlərinin açıq hərrac vasitəsi ilə satılmasından ötrü 01 fevral 2013-cü il tarixli, 871 saylı sifariş tərtib olunaraq icra olunmasından ötrü hərrac mərkəzinə göndərilmişdir. Hərracların keçirilməsi barədə Lənkəran rayon icra və probasiya şöbəsinə məlumat göndərilsə də, son hərrac protokolu şöbəyə təqdim edilməmiş və həmin fərdi yaşayış evlərinin alqı-satqısı barədə məlumatları yoxdur. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 02.11.2020-ci il tarixli məktubdan görünür ki, sorğunun icrası olaraq tərəflərindən sözügedən daşınmaz əmlaklara dair arxiv qovluğuna baxış keçirilmiş və bütövlükdə aidiyyəti hissədə mövcud elektron baza məlumatları araşdırılmışdır. Aparılan araşdırmaların nəticəsi olaraq məlum olmuşdur ki, yuxarıda barəsində qeyd olunan ünvanda yerləşən, hazırkı iş üzrə iddiaçılardan sayılan İddiaçı1 məxsus hər iki fərdi yaşayış evi “xxxx” QSC KB Lənkəran filialı ilə həmin şəxs arasında bağlanmış 18 iyun 2008-ci il tarixli, ********** və eyni tarixli **********-1 saylı notarial təsdiqlənmiş “ipoteka müqavilələri üzrə yaramış öhdəliklərin təminatı kimi hal-hazıradək ipoteka predmeti olaraq həmin bankın xeyrinə yüklülükdədir. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, QSC “xxxx” KB ilə X10 arasında bağlanmış 18.06.2008-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 22% dərəcəsi ilə 100000 manat məbləğində kredit verilmiş və kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı1 və X13 ilə Bank arasında 18 iyun 2008-cu il tarixli ipoteka müqavilələri bağlanmış, tam mülkiyyət hüququ ilə X8 məxsus olan Lənkəran şəhəri, M.Əsədov küçəsi dalan 1-də 0,03 ha torpaq sahəsi ilə birlikdə 7a nömrəli fərdi yaşayı evi və həmin ünvanda yerləşən torpaq sahəsi ilə birlikdə 7 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)- 1435/2010 saylı, 19.10.2010-cu il tarixli qətnaməsi ilə cavabdeh X4 92262 manat 29 qəpiyin tutularaq “Bank Standart” KB-yə verilməsi qət edilmişdir. Qeyd edilməlidir ki, iddiaçı qismində məhkəməyə müraciət etmiş QSC “xxxx” KB-nin iddia tələbləri “kredit müqaviləsinin ləğvi, kredit və kredit borcuna hesablanmış faizlərin ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi”ndən ibarət olsa da, işin məhkəmə araşdırması zamanı Bank Mülki-Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddia tələblərinin həcminin azaldılmasına dair ərizə ilə iddianın yalnız “kredit müqaviləsinin ləğv edilməsi, kredit və kredit borcuna hesablanmış faizlərin ödənilməsi” tələbləri barəsində qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Buna baxmayaraq daha sonra məhkəməyə daxil olmuş Lənkəran rayon İcra şöbəsi tərəfindən təqdimata əsasən Lənkəran Rayon Məhkəməsinin 19.10.2010-cu il tarixli, 2(049)-1435/2010 saylı icra sənədinin icrası məqsədi ilə ipoteka yüklü edilmiş X8 və İddiaçı1 məxsus Lənkəran şəhəri, M.Əsədov küçəsi, ev 7-də yerləşən fərdi yaşayış evlərinə tutmanın yönəldilməsi xahiş edilmiş və Məhkəmənin 20.02.2012-ci il tarixli, 8(049)-14/2012 saylı qərardadına əsasən sözügedən təqdimatın təmin edilməsi qərara alınmışdır. Bunun nəticəsi olaraq ipoteka ilə yüklü edilmiş X13 və İddiaçı1 məxsus ünvan 11a-da və Lənkəran şəhəri M.Əsədov küç. ev 7-də yerləşən fərdi yaşayış evlərinin açıq hərrac vasitəsi ilə satılmasından ötrü 01 fevral 2013-cü il tarixli, 871 saylı sifariş tərtib olunaraq icra olunması üçün hərrac mərkəzinə göndərilmişdir. Lakin hərracların keçirilməsi barədə Lənkəran rayon icra şöbəsinə sorğu ilə müraciət olunsa da, son hərrac protokolu, fərdi yaşayış evlərinin alqı-satqısının hərracda baş verdiyini təsdiq edən hər-hansı məlumat məhkəməyə təqdim edilməmiş, hər iki fərdi yaşayış evinin hələ də LPO QSC “xxxx” KB-nin xeyrinə ipoteka ilə yüklü olduğu müəyyən edilmişdir. Mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olmuş “İpoteka haqqında” Qanunun ipoteka predmetinə tutmanın yönəldilməsi əsaslarını müəyyən edən 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 43.3-43.5-ci maddələrinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq bu Qanunun 43.1.1ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Bu Qanunun 48.1.1-48.1.5-ci maddələrində ipotekaya xitam verilmə əsasları nəzərdə tutulmuşdur. Bu hallar sırasına ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; “İpoteka haqqında” Qanunla nəzərdə tutulmuş digər hallar aid edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” qərarında əks olunan mövqeyinə əsasən “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır.... “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində göstərilən əsasla xitam verilməsinin prosedura ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ikinci hərrac keçirildikdən sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər. Həmin Qərarda qeyd olunmuşdur ki, ipoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. «İpoteka haqqında» Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarır. Göründüyü kimi, X13 və İddiaçı1 məxsus və Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş ünvan 11a və Lənkəran şəhəri M.Əsədov küçəsi ev 7 ünvanında yerləşən fərdi yaşayış evlərinin açıq hərrac vasitəsi ilə satılmasından ötrü 01 fevral 2013-cü il tarixli, 871 saylı sifarişin icra olunması üçün müvafiq hərrac mərkəzinə göndərilməsinə baxmayaraq hərracın keçirilib-keçirilməməsi barədə məlumatların əldə edilməsi nə tərəflərin, nə də ki məhkəmə tərəfindən göndərilmiş sorğulara əsasən mümkün olmamışdır. Bu halların müəyyən edilməməsi isə öz növbəsində hərracın baş tutmaması və nəticədə ipoteka saxlayanın öz hüququndan vaxtında istifadə etməməsinə dəlalət etməklə ipoteka qoyana ipoteka haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ipotekaya xitam verilməsi imkanından istifadə etmək, yəni müvafiq tələblə məhkəməyə müraciət etmək hüququ yaratmışdır. Məhkəmə həmçinin cavabdeh bankın “kredit müqaviləsi üzrə borcun tutulması və s.” tələblərinə dair işə Lənkəran Rayon Məhkəməsində baxılarkən həmin işin icraatı çərçivəsində “tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbindən imtina etdiyini nəzərə alaraq qeyd etməyi zəruri sayır ki, sonradan X2nun məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş borcuna görə icra icraatı zamanı borcluya məxsus olmayan, üçüncü şəxslərin (hazırki iş üzrə iddiaçıların) mülkiyyətində olan daşınmaz əmlaka LPO QSC “xxxx” KB-nin xahişinə əsasən icra məmurunun təqdimatı ilə “İcra haqqında” Qanunun 45.1-ci maddəsinə uyğun olaraq tutmanın yönəldilməsini məhkəmə əsassız hesab edir. Belə ki, həmin Qanunun 45.1-ci maddəsinin tələblərinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. İş materiallarından göründüyü kimi, Lənkəran Rayon Məhkəməsində müvafiq təqdimata baxılarkən ünvan 11a və Lənkəran şəhəri M.Əsədov küçəsi ev 7 ünvanında yerləşən fərdi yaşayış evlərinin X2na məxsus olmadığı, hazırki iş üzrə İddiaçı1 və İddiaçı2 əri olmuş mərhum X6 mülkiyyətində olduğu müəyyən edilmişdir. Mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olmuş “İpoteka haqqında” Qanunun 35-ci maddəsinə görə ipoteka saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən ipoteka predmeti hesabına ödənilməsinə aşağıdakı hallarda yol verilir: ipoteka predmetinə məhkəməyə müraciət edilmədən tutmanın yönəldilməsi ipoteka müqaviləsində nəzərdə tutulduğu halda; ipoteka kağızı verildiyi və ya rəsmiləşdirildiyi halda; ipotekaya tutmanın yönəldilməsi əsası yarandıqdan sonra ipoteka saxlayanla ipoteka qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması olduqda; ümumi paylı mülkiyyətdə olan ipoteka predmetinə məhkəməyə müraciət edilmədən tutmanın yönəldilməsi barədə ipoteka saxlayanla bütün mülkiyyətçilərin notariat qaydasında təsdiqlənmiş razılaşması olduqda. Bu Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş hallar olmadıqda və ya ipoteka qoyanın yaşadığı (olduğu) yeri müəyyən etmək mümkün olmadıqda ipoteka predmetinə tutma yalnız məhkəmənin qərarı əsasında yönəldilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı1 və İddiaçı2 məxsus ünvan 4 ünvanında yerləşən və ünvan 12aşayış evlərinin üzərində LPO QSC “xxxx” KB-nin xeyrinə edilmiş ipotekaya xitam verilməklə həmin əmlaklar ipoteka yüklülüyündən azad olunmalıdır. Belə ki, məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı1 və İddiaçı2 məxsus ünvan 4 ünvanında və ünvan 12aşayış evlərinin üzərində LPO QSC “xxxx” KB-nin xeyrinə edilmiş ipotekaya xitam verilməklə həmin əmlaklar ipoteka yüklülüyündən azad olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar