Məhkəmə qərarları › İş №2(006)-3072/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3072/2022

06.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3072/2022 06.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Nəsimi Rayon Məhkəməsi Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. xx.xx.1977-ci il tarixdə Bakı şəhərində doğulmuş X11 qardaşıdır. Qardaşında böyrək çatışmamazlığı xəstəliyi var idi. Qardaşı həmin xəstəlikdən xx.xx.2022-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında rəhmətə getmişdir. Həmin gün qardaşı rəhmətə gedəndə təcili yardım çağırsalar da, Təcili və X7 Stansiyasından həkim və tibb bacısı gələndə artıq qardaşı rəhmətə getmişdir. Bu barədə onlara sənəd verilmədi. Həmin gün qohumlarla birgə onu Abşeron rayon Məmmədli kənd qəbirstanlığında dəfn etmişlər. Bu barədə Azərbaycan Respublikası Abşeron rayon Məmmədli Bələdiyyəsnin xx.xx.2022-ci il tarixli arayışında göstərilmişdir. Lakin qardaşının ölümünü təsdiq edən sənədi almamışlar. Hazırda bəzi sənədləşmə işlərinin aparılması üçün ölüm haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Belə ki, polis idarəsinin sahə müvəkkili qardaşının ölümünün qeyd edilməsi üçün qardaşının ölüm haqqında şəhadətnaməsini istəyir. Buna görə də mərhum qardaşı X5 ölüm faktı müəyyən edilməlidir. Ərizəçi xx.xx.2022-ci il tarixdə ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələri İdarəetmə Birliyi Bakı şəhər Baş Səhiyyə Mərkəzinin 3 saylı şəhər poliklinikasına müraciət etmiş, lakin cavab məktubunda mərhumun hər hansı bir xəstəliyi ilə əlaqədar poliklinikaya müraciət edilmədiyini, mərhumun hansı xəstəlikdən rəhmətə getməsi barədə məlumat olmadığından ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir. Bu barədə məhkəməyə müraciət edilməsi tövsiyyə etmişdir. Göstərilənlərə əsasən ərizəçinin qardaşı xx.xx.1977-ci il təvəllüdlü X5 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs tərəfindən məhkəməyə məktub göndərilərək, işə onların nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək göstərmişdir ki, o, mərhum X1 qardaşıdır. Onun qardaşı 29 aprel 2022-ci il tarixində evdə vəfat etmişdir. Onun böyrək çatışmamazlığı xəstəliyi var idi. Mərhum Z.Məmmədovu Abşeron rayon Məmmədli kənd qəbiristanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək göstərmişdir ki, o, mərhum X5 bacısıdır. Onun qardaşı 29 aprel 2022-ci il tarixində evdə vəfat etmişdir. Onun səhhətində ciddi problemlər var idi. Mərhumu həmin tarixdə Abşeron rayon Məmmədli kənd qəbiristanlığında dəfn etmişlər. İş materiallarında olan xx.xx.1977-ci il tarixdə verilmiş V-JQ № 377601 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X6, anası X4. İş materiallarında olan xx.xx.1981-ci il tarixdə verilmiş Vİİİ-JQ № 327819 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X6, anası X4. İş materiallarındakı Bakı şəhəri Təcili və X7 Stansiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanından X5 adına çağırış daxil olmuşdur. Həmin ünvanda həkimə qədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan 3 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 212 nömrəli məktubdan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olmuş xx.xx.1977-ci il təvəllüdlü X11 29 aprel 2022-ci il tarixdə həmin ünvanda vəfat etmişdir. Mərhum 3 saylı şəhər poliklinikasının xidməti ərazisində qeydiyyatda olmasına baxmayaraq, heç bir xəstəliklə əlaqədar poliklinikaya müraciət etməmişdir. Mərhumun hansı xəstəlikdən rəhmətə getməsi barədə məlumat olmadığından ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkünsüzdür. İş materiallarında olan Abşeron rayon Məmmədli Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri Təcili və X7 Stansiyasının xx.xx.2022-ci il tarixli xəbərdarlıq vərəqəsinə əsasən dünyasını dəyişmiş mərhum X2 rayon Məmmədli kənd qəbiristanlığında dəfn edilmişdir. İş materiallarındakı 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. Əsaslandırıcı hissə: Beləliklə, məhkəmədə ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin qardaşı X11 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində (ev şəraitində) vəfat etmiş və Abşeron rayon Məmmədli kənd qəbiristanlığında dəfn edilmiş, lakin ərizəçi qardaşının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi qardaşının ölümü haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi qardaşı X5 29 aprel 2022-ci il tarixdə Bakı şəhərində (ev şəraitində) vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçi qardaşı X5 29 aprel 2022-ci il tarixdə Bakı şəhərində (ev şəraitində) vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar