Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3169/2023 09.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi qardaşı X5 30 iyun 1971-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olaraq həmin ünvanda yaşamışdır. O, 01 may 2023-cü il tarixdə həmin ünvanda vəfat etmişdir. X21a mərhumun adına çağırış edilmişdir. Mərhumun ölümü onu mənəvi və psixoloji cəhətdən sarsıtdığından və kifayət qədər hüquqi savadı olmadığından onun ölüm faktının müəyyən edilməsi üçün lazımi işləri vaxtında həyata keçirə bilməmişdir. Daha sonra Nəsimi rayon Qeydiyyat şöbəsinə mərhum qardaşının ölüm faktını təsdiq edən şəhadətnamənin verilməsi ilə bağlı müraciət etsə də, qeydiyyat şöbəsi onun müraciətinə imtina cavabı verərək, məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilmişdir. Göstərilənlərə əsasən, 30 iyun 1971-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış ərizəçinin qardaşı X2 01 may 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onu müdafiə etdi və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə maraqlı şəxs Nəsimi rayon Qeydiyyat şöbəsi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə çağrılmış, lakin nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirmişdir ki, mərhum X5 onun əmisinin oğlu olub. Bir həyətdə qalırdılar. Qonşuluqda onun yaxın dostları var idi. Gəlib görmüşdülər ki, artıq keçinib. Həmin vaxt özü işdə idi, zəng etdilər ki, Rövşən rəhmətə gedib. Masazır qəbirstanlığından dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X14 ifadəsində bildirmişdir ki, mərhum X5 onun dayısı olub. Öz evində yaşayırdı. Onun vəfat etməsini o da görmüşdür. X21 çağırdılar, X21 polisin gəlməsini tələb etdi. Ağzından qan gəlirdi. Masasır qəbirstanlığından dəfn olunmuşdur. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 31 iyul 1971-ci il tarixdə verilən doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1971-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan 29 aprel 1974-cü il tarixdə verilən doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1974-ce il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Bakı şəhər Nəsimi rayon prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri Elşən Məmmədli tərəfindən qəbul edilən 08 iyun 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, X2 qaraciyər serrozundan ölməsi ilə əlaqədar toplanmış 231-c-23 nömrəli araşdırma materialı üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs 21 iyun 2023-cü il tarixli cavab məktubundan görünür ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarətetmə Birliyi” X22 “Bakı şəhər Təcili və X9 Stansiyası” X17 25 iyul 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 14:17-də “103” xidmətinə ünvan 4 ünvanında Rövşən adlı şəxsin (51 yaş) adına “halı pis” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı 5 saylı bölmənin həkimi Fəridə Məmmədova icra edərək, X4 (52 yaş) məxsus meyit ilə rastlaşmış, “Həkimə qədər kişi cinsli meyit” diaqnozu qoymuş və Covid-19 virus infeksiyasının aşkarlanması üçün yaxma nümunəsi götürmüşdür. Meyit 20-ci polis bölməsinin kapitanı Nailzadəyə təhvil verilmiş və hadisə barədə 20-ci polis bölməsinin əməkdaşı Ələkbərov məlumatlandırılmışdır. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin qardaşı X5 01 may 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev 12 ünvanında yerləşən evində vəfat etmiş və Masazır qəbirstanlığında dəfn edilmiş, lakin ərizəçi mərhum qardaşının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi qardaşının ölümü haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi qardaşı X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1971-ci il təvəllüdlü X2 01 may 2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X1 vəfat etməsi faktının müəyyən edilməsi “ölüm haqqında şəhadətnamə”nin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-3169/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3169/2023
09.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver