Məhkəmə qərarları › İş №2(006)-3175/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3175/2023

07.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3175/2023 07.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı paylı mülkiyyətdən payın naturada bölünməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvandakı paylı mülkdən 3/60 hissənin ½ hissəsindən qalan hissənin naturada ayrılaraq ona reyestrdən çıxarış və ayrıca ünvan verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nəsimi rayonu, S.Rəhimov küçəsi, ev 184 ünvanda yuxarıda adlarını sadaladığı şəxslərin adlarına paylı mülk mövcuddur. Həmin ünvandakı evin 3/60 hissənin 1/2 hissəsindən qalan hissə onun mülkiyyətindədir. Mülkiyyətində olan hissə ilə bağlı hər hansı bir hüquqi məzmunlu hərəkət həyata keçirmək zərurəti yarandıqda bütün cavabdehlərin razılıqlarını almaq tələb olunur ki, onların da harada olmaları və faktiki yaşayış yerlərinin müəyyən edilməsi barədə çətinliklə üzləşməli olur. Ona görə də yuxarıda göstərilən payının naturada ayrılaraq adına ayrıca ünvan və reyestrdən çıxarış verilməsi zərurəti yaranmışdır. Yuxarıda göstərdiyi kimi cavabderhlərin razılıqlarını almaq üçün çətinliklərlə üzləşməsi mülkiyyətində olan yaşayış sahəsinin barəsində istədiyi sərəncamı verə bilmir ki, bu da onun mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ümumi sahəsi 1405.5 kv.m olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 184 - 9/60 hissədə Cavabdeh1, tikliüstünün 1/48 hissəsi və zirzəmi 30.0 kv.m Cavabdeh2, tikiliüstü 1/48 hissədə Cavabdeh3, tikiliüstü 3/16 hissə və 3/60 hissədə Cavabdeh4, tikiliüstü 4/16 hissədə Cavabdeh5, 8/60 hissədə X2, 2 60 hissədə Cavabdeh7 Aşotovnanın, 12/60 hissədə Cavabdeh9, tikliüstü 8/16 hissədə Cavabdeh10, 10/60 hissədə X3, 1/60 hissədən ½ hissədə X4, 1/60 hissədən ½ hissədə Cavabdeh13, 3/60 hissədən 30 kv.m Cavabdeh14 Səhhətziya oğlunun, 3/60 hissənin ½ hissəsindən qalan hissədə İddiaçı və 6/60 hissədə X6 paylı mülkiyyətlərindədir. İş materiallarında olan hədiyyə verənlər X5 və X8 ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, həmin müqavilə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin hədiyyə verən X1 (3/60 hissəsinin ½ hissəsindən qalan hissə)-anası hədiyyə alan İddiaçı, hədiyyə verən X7 (3/60 hissəsinin ½ hissəsindən qalan hissə)-nənəsi hədiyyə alan İddiaçı bağışlamaları haqqında bağlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tətqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6427 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzər alaraq, ünvan 1 ünvanda yerləşən paylı mülkdən 3/60 hissənin ½ hissəsindən qalan hissəsinin (yəni texniki pasportda göstərilən 25,26,27,28,28,30 saylı tikililər) faktiki olaraq digər mənzillərdən təcrid şəklində ayrıldığını, mənzilin blokdan ayrıca giriş-çıxış qapısının olmasını, o cümlədən mənzilin daxilində kommunal xidmətli sahələrinin (mətbəx, dəhliz, sanitar-qovşağı və s.) olduğunu nəzərə alaraq, İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun, iddiaçıya məxsus payın faktiki istifadə vəziyyəti üzrə naturada ayrılmasının texniki baxımdan mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213-cü maddəsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə iclasında təqdim edilmiş sənədlərlə müəyyən olundu ki, iddiaçı ünvan 1 ünvandakı paylı mülkdən 3/60 hissənin ½ hissəsindən qalan hissənin mülkiyyətçisidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən aydın olur ki, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi İddiaçı məxsus hissədə naturada ayrılması texniki cəhətdən mümkündür. Odur ki, məhkəmə hesab edir ki, qeyd olunan hissədə iddia təmin edilməli, ünvan 1 ünvanda paylı mülkdən 3/60 hissəsinin ½ hissəsindən qalan hissə İddiaçı naturada ayrılmalıdır Məhkəmə iddia tələbinin “ayrıca ünvan verilməklə çıxarış verilməsi” hissəsinə münasibətdə qeyd edir ki, həmin məsələ məhkəmənin həll etdiyi məsələlərə aid olmadığından həmin hissədə iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.4-cü maddəsinə əsasən ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, iş üzrə məhkəmə xərclərinin tərkib hissəsi olan ekspertiza tədqiqatının dəyəri-50 manat məbləğində pul vəsaiti iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. ünvan 1 ünvanda paylı mülkdən 3/60 hissəsinin ½ hissəsindən qalan hissə İddiaçı naturada ayrılsın. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdeh İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar