Məhkəmə qərarları › İş №2(006)-318/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-318/2022

30.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-318/2022 30.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “əmlakın naturada ayrılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “əmlakın naturada ayrılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 701,4 kv.mdən ibarət qeyri-yaşayış sahəsi X2 ilə birgə nikah dövründə əldə edilmiş əmlak olmuşdur. Tərəflər arasında olan nikah pozulduqdan sonra iddiaçı əmlak bölgüsü tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Nəsimi rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-473/2014 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ünvan 1 (indiki ünvan 2 ünvanında yerləşən 701,4 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin yarı, ½ payına mülkiyyət hüququ tanınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cü il tarixli, 2(103)-139/2019 saylı qətnaməsi və Ali Məhkəmənin MK-nın xx.xx.2020-ci il tarixli, 2(102)2942/2020 saylı qərarı ilə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-473/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş (********** Qeydiyyat nömrəli) Çıxarışa əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 19A ünvanında yerləşən 701,4 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin yarı, 1/2 payı mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçının həmin Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 19A ünvanında yerləşən 701,4 kv.m-dən ibarət əmlak kompleksini cavabdehlə birlikdə istifadə etməsi mümkünsüzdür. Həmin əmlaka dair ümumilikdə 10 ilə yaxın bir müddətdir ki, məhkəmə mübahisəsi gedir. Çünki iddiaçının keçmiş həyat yoldaşı illərdir ki, həmin əmlakın ona çatası hissəsini vermək istəmirdi. İddiaçı illərlə çəkən məhkəmə prosesinin nəticəsi olaraq həmin əmlaka dair payının müəyyən edilməsinə nail olmuşdur. Hazırda həmin əmlak keçmiş həyat yoldaşının faktiki nəzarətindədir. Həmin əmlakdan istifadə edə bilmir və birlikdə istifadə mümkünsüzdür. İllərdir ki, həmin əmlakdan gəlir əldə edilir və istismar edilir. Bu müddət ərzində də, hazırda da iddiaçının varlığı, mülkün yarı payının payçısı olduğu nəzərə belə alınmır. 2010-2020-ci illər üzrə ünvan 3 ünvanında yerləşən sahəsi 701,4 kv.m olan qeyri-yaşayış sahəsinin qazancı guya 7671,58 manat təşkil etmişdir. 2010- 2020-ci il tarixləri əhatə edən 10 illik dövr ərzində Bakı şəhərinin mərkəz yerlərindən birində sənəd üzərində 701 kv-lik (həmin qeyri-yaşayış sahəsi hündür olduğundan müəyyən hissəsi iki mərtəbəli hala salınmışdır ki, bu da faktiki olaraq 1000-1500 kv.m- dən çox sahə edir) sahənin 7671,58 manat gəlir təşkil etməsi heç cür ağlabatan və reallığa uyğun deyil. Ona görə ki, 10 ili aylara bölsək (120 ay edir ki, 7671,58 manatı 120 aya bölsək (7671,58 :120 =63,92 (altmış üç manat 92 qəpik)) sözügedən qeyri- yaşayış sahəsinin aylıq gəliri cəmi 64 manatdan az təşkil edir (bu da o deməkdir ki, iddiaçıya o böyüklükdə icarə sahəsindən hər ay üçün cəmi 32 manat qazanc düşür). Bu da tamamilə əsassız gəlir göstəricisidir. Belə bir rəqəm vergi və digər hallara görə edilmiş uydurma, həqiqəti ifadə etməyən rəqəmlərdir. Həmin əmlak kompleksi sənəd üzərində Cavabdeh adında olsa da, ona faktiki nəzarəti keçmiş həyat yoldaşı etdiyindən, cavabdehlə birlikdə əmlakın istifadəsi mümkünsüzdür. Odur ki, əmlakının qeyri-qanuni sahiblikdən götürülməsi məqsədilə naturada bölünməsini istəyir. Göstərilənlərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 19A ünvanında yerləşən 701,4 kv.mdən ibarət əmlak kompleksinin xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus 1/2 hissəsinin naturada ayrılıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə əlavə barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 19A ünvanında yerləşən 701,4 kv.m-dən ibarət əmlak kompleksinin xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus ½ hissəsinin naturada ayrılıb iddiaçıya verilməsinə dair, mülkiyyətdə olan əmlak kompleksi naturada bölündüyündən texniki sənədlər üzrə birgə ümumi istifadəsində olan sahələrin də naturada (ayrılması) bölünməsi və həmin ümumi istifadədə olan sahənin də 1/2 hissəsinin naturada ayrılıb iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia ərizəsinə əlavə barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 19A ünvanında yerləşən əmlak kompleksinin tikililərinə gedən asfalt örtüklü keçid yolunun “B” tikilisinə qədər olan hissəsinin ümumi istifadədə saxlanılmaqla, “A” tikilisi ilə “B” tikilisi arasındakı asfalt örtüklü sahədə sərhəd divarları hörülməklə və bölünmüş sahələrə ayrı-ayrılıqda giriş-çıxış qapıları qoyulmaqla, asfalt örtüklü 1-ci hissə, həmçinin “A”, “B” tikililəri və “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş yeni tikilinin (602,1 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə) İddiaçı verilməsi və cavabdehin həmin sahədən çıxarılması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmiş və bildirmişdir ki, mübahisəli əmlak kompleksinə dair verilmiş çıxarış faktiki olaraq ləğv edilmişdir. Həmin əmlak İddiaçı ilə Hüseyn Vəliyevlə birgə nikah dövründə əldə olunmuş əmlak olmasına baxmayaraq, əmlakın ½ hissəsi Hüseyn Vəliyevin atası Cavabdeh adına rəsmiləşdirilmiş, sonradan məhkəmə qərarları ilə Cavabdeh adına olan çıxarış ləğv edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 19 A İddiaçı adına 1/2 hissə, Cavabdeh adına 1/2 hissə kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28 iyun 2022-ci il tarixli, 10/1304 №-li ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 19A ünvanında yerləşən əmlak kompleksinin tərəflər arasında ½ paylara münasib bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Bunun üçün əmlak kompleksinin tikililərinə gedən asfalt örtüklü keçid yolunun “B” tikilisinə qədər olan hissəsi ümumi istifadədə saxlanılmaqla, “A” tikilisi ilə “B” tikilisi arasındakı asfalt örtüklü sahədə sərhəd divarları hörülməklə və bölünmüş sahələrə ayrı-ayrılıqda giriş-çıxış qapıları qoyulmaqla, asfalt örtüklü 1-ci hissə, həmçinin “A” və “B” tikililəri və “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş yeni tikli tərəflərdən birinə (602,1 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə), asfalt örtüklü 2-ci hissə, eləcə də “C” tikilisi (609,5 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə) isə bütünlüklə 2-ci tərəfin sərəncamına verilə bilər. Ekspert tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil etmişdir. Əsaslandırıcı hissə: Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 19 A ünvanında yerləşən qeyri-yaşayış sahəsi (əmlak kompleksi) iddiaçı ilə cavabdehin paylı mülkiyyətindədir, hazırda iddiaçı həmin qeyri-yaşayış sahəsinin real bölgüsünün aparılmasını tələb edir, ekspert rəyinə əsasən həmin daşınmaz əmlakın tərəflərin paylarına uyğun bölünməsi texniki cəhətdən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Eyni Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Qeyd olunan Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İş materiallarından göründüyü kimi, mübahisəli qeyri-yaşayış sahəsi (əmlak kompleksi) tərəflər arasında paylarına uyğun real bölgüsü texniki cəhətdən mümkündür. Məhkəmə iş materiallarını araşdıraraq, habelə ekspert rəyini və tərəflərin izahatlarını nəzərə alaraq hesab edir ki, ekspert tərəfindən tərtib olunmuş və mübahisəli qeyri-yaşayış sahəsinin hazırki faktiki vəziyyətini əks etdirən plan-sxemdə göstərilmiş 701,4 kv.m sahənin “A” tikilisi (370,7 kv.m) naturada ayrılaraq İddiaçı, “B” (124,3 kv.m) və “C” (206,4 kv.m) tikililəri isə Cavabdeh payı kimi müəyyənləşdirilməlidir. Məhkəmə iddia tələbinin ““A” tikilisi ilə “B” tikilisi arasındakı asfalt örtüklü sahədə sərhəd divarları hörülməklə və bölünmüş sahələrə ayrı-ayrılıqda giriş-çıxış qapıları qoyulmaqla, asfalt örtüklü 1-ci hissə, həmçinin “A”, “B” tikililəri və “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş yeni tikilinin (602,1 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə) İddiaçı verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, işdən göründüyü kimi “A”, “B” və “C” tikililəri arasında olan sahələr paylı mülkiyyətçilərin ümumi istifadəsində olmaqla, iddiaçının tələb etdiyi yeni inşa olunmuş tikili tərəflərin mülkiyyət hüququnu təsdiq edən çıxarışda öz əksini tapmamışdır və belə olan halda isə ekspertiza rəyində göstərilməsinə baxmayaraq, bölgünün predmeti ola bilməzlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci maddəsinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Həmin Məcəllənin 227.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin. Məhkəmə qeyd olunan qanunun normalarını analogiya üzrə tətbiq edərək hesab edir ki, iddia ərizəsi yuxarıda göstərilən həcmdə təmin olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ünvan 4 ünvanda yerləşən, tərəflərin paylı mülkiyyətində olan sahəsi 701,4 kv.m.-dən ibarət əmlak kompleksinin “A” tikilisi naturada ayrılaraq İddiaçı, “B” və “C” tikililəri isə Cavabdeh verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı və Cavabdeh müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE******************** X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respüblikası MPM-nin 216-220-ci maddələrin rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. ünvan 4 ünvanda yerləşən, tərəflərin paylı mülkiyyətində olan sahəsi 701,4 kv.m.dən ibarət əmlak kompleksinin “A” (370,7 kv.m) tikilisi naturada ayrılaraq İddiaçı, “B” (124,3 kv.m) və “C” (206,4 kv.m) tikililəri isə Cavabdeh verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı və Cavabdeh müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE******************** X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar