Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3268/2025 12.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi»nə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində göstərməklə, «ölüm faktının müəyyən edilməsi»nə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1989-cu il təvəllüdlü mərhum X1 xx.xx.1990-cu il tarixdə Göyçay şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X3 onun övladıdır. Övladı körpə vaxtı ürək çatışmazlığından xx.xx.1990-cu ildə Göyçay şəhərində vəfat etmişdir. Həmin gün övladının cəsədini dini və ənənəvi qaydalara müvafiq olaraq Göyçay rayonu, 1-ci Ərəbcəbirli kənd ərazisində yerləşən qəbristanlıqda dəfn etmişdirlər. xx.xx.2025-ci il tarixində Maraqlı şəxsnə müraciət edərək, X2 ölümünün qeydiyyata alınmasını xahiş etmişlər. Elə həmin tarixdə onlara imtina məktubu ünvanlanmışdır. Ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı bildirilir ki, mərhum X1 atası X4 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və həmin şəxsin vəfatından sonra vərəsəlik işinin açılması ilə 3 saylı “Asan” xidmətində olan notariat ofisinə müraciət edilmiş və həmin notariat ofisinin elektron sistemində digər övladı X1 olduğu göstərilmişdir. Bu səbəbdən həmin şəxsin ölüm haqqında şəhadətnaməsinin zərurəti yaranmışdır. Şəxsin dəfn olunmasına dair sübutlar isə aiddir ki, X3 vəfat edən zaman başdaşı qoyulmuş, Azərbaycan Respublikası Göyçay Rayon Ərəbcəbirli Bələdiyyəsindən xx.xx.2025-ci il tarixli arayış alınmış, həmçinin ölüm faktını təsdiq edən şahidlər mövcuddur və həmin şəxslər məhkəmə baxış iclasında təqdim ediləcəklər. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X5 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısıdır, mərhum bacısı oğludur. Mərhum təxminən 6 aylıq olanda bacısı ilə yeznəsi həyəcanla onu qucaqlarında gətirib və o da uşağı qucağına alaraq dərhal xəstəxanaya çatdırıb. O vaxt evləri xəstəxana ilə üzbəüz idi. Həkimlər çox çalışmış, lakin artıq gec olduğunu və uşağın keçindiyini bildirmişlər. Mərhum Göyçay rayon qəbistanlığında dəfn edilib. O, körpə olduğuna görə yas mərasimi keçirilməmişdir. Xəstəxanadan mərhumun ölümü ilə bağlı sənəd istədiklərində keçmiş sənədlərin qalmadığını, yandırdıqlarını bildiriblər. Məhkəmə iclasında iştirak edən şahid X6 ifadəsində bildirmişdir ki, ərizəçi onun anası, mərhum onun qardaşıdır. X3 rəhmətə gedəndə onun 3 yaşı olmuşdur. Mərhumu Göyçay rayon qəbirstanlığında dəfn etmişlər. O, mərhumun qəbrini ziyarət etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X7 ifadəsində bildirmişdir ki, o, ərizəçi onun anası, mərhum onun qardaşıdır. X3 rəhmətə gedəndə onun 5 yaşı olub. Hadisə baş verəndə yalnız gedib anasını çağırmasını xatırlayır. Maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi iş yükünün çoxluğunu nəzərə alaraq məhkəmə iclasını nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Göyçay rayon Ərəbcəbirli Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 13 saylı arayışına əsasən, Ərizəçi mərhum övladı X3 xx.xx.1989-cu ildə Göyçay şəhərində doğulmuşdur, xx.xx.1990-cı ildə vəfat etmiş, 1-ci Ərəbcəbirli kənd ərazisində yerləşən qəbiristanlığında dəfn olunmuşdur. - Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 3-16-5/8-15-285/2025 saylı məktubuna əsasən, Maraqlı şəxs akt qeydləri arxivində xx.xx.1990-cı il tarixdən xx.xx.2025-ci il üzrə yoxlama aparılarkən X1 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. - Maraqlı şəxs xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X3 xx.xx.1989-cu il tarixdə Göyçay şəhərində doğulmuşdur. Bu barədə xx.xx.1989-cu il tarixdə Maraqlı şəxs tərəfindən 418 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası “X4”, anası “Ərizəçi”, hər ikisinin milliyyəti “azərbaycanlı” olaraq qeyd olunmuşdur. - “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “Göyçay Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2025-ci il tarixli 18-1-40/2-750/2025 saylı məktubuna əsasən, Göyçay RMX PHŞ-nin 1989-cu illərə dair sənədləri saxlanılmadığından xx.xx.1989-cu il təvəllüdlü X1 ölüm faktına dair sənədin göndərilməsi mümkün olmamışdır. - 09 oktyabr 1964-cü il tarixdə verilmiş, A3 seriyalı, 698084 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 02 sentyabr 1964-cü il tarixində Göyçay şəhərində dünyaya gəlmişdir. - “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən əldə olunan məlumatdan görünür ki, Ərizəçi xx.xx.1957-ci il tarixdə Göyçay şəhərində dünyaya gəlmişdir. - AZ-İİ seriyalı, 164772 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarına həmçinin dəfn yerinin fotoşəkli də əlavə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinin tələbinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 310.1-ci maddəsinin tələbinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Göründüyü kimi, Ərizəçi övladı X1 ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə,məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə,hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1989-cu il təvəllüdlü X1 xx.xx.1990-cı il tarixdə Göyçay şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 320ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1989-cu il təvəllüdlü X1 xx.xx.1990-cı il tarixdə Göyçay şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-3268/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3268/2025
12.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver