Məhkəmə qərarları › İş №2(006)-3321/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3321/2024

14.06.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3321/2024 14.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Xalıqova Məstanə Mətləb qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs qismində qeyd etməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin ərizədə qeyd edilən halları: Ərizəçi Maraqlı şəxs ilə 08 sentyabr 2009-cu il tarixdə Bakı Şəhər Binəqədi Rayon Qeydiyyat Şöbəsində 1138 №-li reyestr qeydi ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-4441/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən birgə nikahlarında pozulması və uşaqların yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, ümumilikdə 350 manat sabit pul məbləğində aliment ödənilməsi qət edilmişdir. 2024-cü il üçün yaşayış minimumunun miqdarı 235 (iki yüz otuz beş) manat təşkil etdiyindən xx.xx.2024-cü il tarixdə cavabdeh ilə aralarında alimentin məbləğinin artırılmasına dair Bakı 20 saylı Mediasiya Təşkilatında MŞB/İ8/2024-00038 saylı "Barışıq Sazişi'’ bağlanmış, həmin sazişlə xx.xx.2024-cü il tarixindən başlayaraq. xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat məbləğində alimentin ödənilməsinə dair razılığa gəlinmişdir. Cavabdeh barışıq sazişinin şərtlərini icra etmir və alimenti ödəmir. Barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməkdən boyun qaçırır, ona görə məhkəməyə müraciət olunması və mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi zərurəti meydana gəlmişdir. Ərizəçinin tələbi: Ərizəçi Maraqlı şəxs ilə xx.xx.2024-cü il tarixində Bakı 20 saylı Mediasiya Təşkilatı vasitəsilə bağlanmış barişiq sazişi təsdiq barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsin etirazı: Maraqlı şəxs tərəfindən ərizəçinin tələbinə qarşı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: xx.xx.2024-cü il tarixli MŞB/20/2024-00038 nömrəli Bakı şəhəri 20 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış barışıq sazişinə əsasən, - Tərəf 2 (Maraqlı şəxs) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4441/2021 saylı xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi üzrə Tərəf 1-ə (Ərizəçi) aliment üzrə yaranmış 9.050 AZN borc məbləğini qəbul edir və həmin aliment borc məbləğini xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü tarixədək ödəməyi öhdəsinə götürür. - Tərəf 2 (Maraqlı şəxs) alimentin artırılmasına razıdır və hər uşağa görə xx.xx.2024cü il tarixindən başlayaraq 235 AZN olmaqla, cəmi 470 AZN sabit pul məbləğində alimenti hər ay ödəməyi öhdəsinə götürür. AZ-İİ seriyalı 587795 nömrəli doğum haqqında şəhadətmənin surətinə əsasən, X5 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində doğulmuşdur, atası Maraqlı şəxs, anası X4r. AZ-İİİ seriyalı 102177 nömrəli doğum haqqında şəhadətmənin surətinə əsasən, X6 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulmuşdur, atası Maraqlı şəxs, anası X4r. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4441/2024 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, Maraqlı şəxs ilə X7 arasında xx.xx.2009-cu il tarixdə Bakı Şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsində bağlanmış və 1138 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X2 anaları X3 yanında qalmaları, Maraqlı şəxs xx.xx.2021-ci il tarixdən hesablanmaqla, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq X3 xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Şəhəri İcra Hakimiyyətinin Mənzil Kooperativinin Təsərrüfat İdarəsinin xx.xx.2024-cü il tarixli 01/10 nömrəli arayışına əsasən Ərizəçi ünvan 1 ünvanında yaşayır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 7-1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 75.1.Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.3.Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını, ərizəçinin izahatını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Ərizəçinin tələbi mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/20/2024-00038 nömrəli barışıq sazişinin “Tərəf 2 (Maraqlı şəxs) Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4441/2021 saylı xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi üzrə Tərəf 1-ə (Ərizəçi) aliment üzrə yaranmış 9.050 AZN borc məbləğini qəbul edir və həmin aliment borc məbləğini xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü tarixədək ödəməyi öhdəsinə götürür. Tərəf 2 (Maraqlı şəxs) alimentin artırılmasına razıdır və hər uşağa görə xx.xx.2024-cü il tarixindən başlayaraq 235 AZN olmaqla, cəmi 470 AZN sabit pul məbləğində alimenti hər ay ödəməyi öhdəsinə götürür.” hissəsində məcburi icra üçün təsdiq edilməsidir. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını, işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişini təhlil edərək hesab edir ki, ərizəçinin Barışıq Sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Tərəflər mediasiya prosesində aliment ilə bağlı məsələdə barışıq əldə etmişlər. Ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Hazırda maraqlı şəxs sazişlə müəyyən edilmiş könüllü icra müddəti ərzində üzərinə götürdüyü öhdəliyi icra etməkdən imtina edir. Belə olan halda sazişin məcburi icrasının təmin edilməsi məqsədilə məhkəmə sözügedən barışıq sazişinin təsdiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə ərizə təqdim edilməsi üçün 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi (Maraqlı şəxs qismində qeyd etməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında 12 fevral 2024-cü il tarixdə Bakı şəhəri 20 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış MŞB/20/2024-00038 saylı barışıq sazişi təsdiq olunmalıdır. Ödənilmiş 40 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 305, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında 12 fevral 2024-cü il tarixdə Bakı şəhəri 20 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış MŞB/20/2024-00038 nömrəli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: - Tərəf 2 (Maraqlı şəxs) Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4441/2021 saylı xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi üzrə Tərəf 1-ə (Ərizəçi) aliment üzrə yaranmış 9.050 AZN borc məbləğini qəbul edir və həmin aliment borc məbləğini xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü tarixədək ödəməyi öhdəsinə götürür. - Tərəf 2 (Maraqlı şəxs) alimentin artırılmasına razıdır və hər uşağa görə xx.xx.2024cü il tarixindən başlayaraq 235 AZN olmaqla, cəmi 470 AZN sabit pul məbləğində alimenti hər ay ödəməyi öhdəsinə götürür. Ödənilmiş 40 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar