Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-336/2020 21.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçıların nümayəndəsi və vəkili X4, cavabdeh “xxxxxxx” KB ASC-nin nümayəndəsi X3 və cavabdeh "Cavabdeh2" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və X1 rayon İcra və probasiya şöbəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər “xxxxxxx” KB ASC və "Cavabdeh2" MMC-yə qarşı "hərracın nəticələrinin etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi və ipoteka predmetinin ipoteka ilə yüklülüyündən azad edilməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və X13 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxx” KB ASC-nin xeyrinə kreditinin təminatı olaraq yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 3,35 saylı mənzil üzrə keçirilmiş hərracın yekunları barədə xx.xx.2019-cu il tarixli 34/2 saylı protokolun etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi və həmin ipoteka predmetinin ipoteka ilə yüklülüyündən azad edilməsi barədə qətnamə qəbul edilməsini və cavabdehlərin əməlinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarılaraq aidiyyatı üzrə prokurorluğa göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili X10iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 666/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu İddiaçı1 və X7 57037,72 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu və bildirişin qeydə alınması üçün 30 manat xidmət haqqının əvəzi tutularaq tələbkar “xxxxxxx” KB ASC-nin xeyrinə ödənilməli, tutma ipotekaya qoyulmuş, İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 3 saylı evin 35 saylı mənzilinə yönəldilməli, həmin mənzilin qiyməti 70.000 manat müəyyən edilməklə açıq hərracda satılmalı, satışdan əldə olunan vəsait hesabına borclular İddiaçı1 və X11 “xxxxxxx” KB ASC-yə olan borcu ödənilməklə, satışdan əldə olunan vəsait artıq olduqda qalan pul vəsaiti İddiaçı2 qaytarılmalı, ipoteka predmeti olan mənzil satıldıqdan 01 ay sonra borclular İddiaçı2, İddiaçı1 və X13 həmin mənzildən çıxarılmalıdır.Nəsimi rayon İcra və Probasiya şöbəsi ipoteka ilə yüklü edilmiş mənzilin hərraca çıxarılması barədə Cavabdeh2 MMC-yə xx.xx.2019-cu il tarixdə məktub göndərilmişdir. Lakin bundan sonrakı hərəkətlər barəsində və ipoteka ilə yüklü edilmiş mənzillə bağlı keçirilmiş hərracın nəticələrindən iddiaçıların məlumatları olmamışdır. Hərracın keçirilməsi və artıq tərəflər arasında yekun protokolun bağlanması barədə isə İcra şöbəsinin çağırışına əsasən həmin idarədə olduqdan sonra iddiaçının məlumatı olmuşdur. Nəsimi rayon İcra və Probasiya şöbəsindən verilən məlumata görə, hərrac təşkilatı tərəfindən ilkin hərrac xx.xx.2019-cu il tarixdə, təkrar hərrac isə xx.xx.2019-cu il tarixdə keçirilmişdir. Lakin qeyd edilən hərracla bağlı iddiaçılara hər hansı bildiriş göndərilməmiş, hərrac iddiaçıların iştirakları olmadan keçirilmiş və hərracın nəticələri barədə iddiaçılara məlumat verilməmişdir. Bununla da, ipoteka qoyan kimi hərracda alıcı qismində də iştirak etməkdən məhrum olmuşdurlar. Əldə olunan sənədlərdən məlum olmuşdur ki, ipoteka ilə yüklü edilmiş həmin mənzil hərraca çıxarılmış, lakin hərracda qalib olmadığından borclunun həyat yoldaşı İddiaçı2 mülkiyyətində olan mənzil daha aşağı qiymətə 44.625 manata tələbkara təklif olunmuş, təklif qəbul edilmiş və xx.xx.2019-cu il tarixli, 34/2 saylı hərracın yekunları barədə protokol tərtib edilmişdir.Cavabdeh2 MMC-dən hazırki mübahisələndirilən hərracla bağlı bəzi sənədlərin təsdiq edilmiş surətlərini əldə etsələr də, hərracların baş tutub-tutmamasmın səbəbləri barədə yazılı məlumat verilməmiş və hərracların keçirilməsi ilə əlaqədar bildirişlərin ipoteka qoyan tərəfindən əldə edilməsini təsdiq edən sənədlər təqdim edilməmişdir. Qanunvericiliyin tələbinə görə, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməlidir. Həmçinin bu zaman sifarişli poçt göndərişi ilə bağlı ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunur.Hərracın nəticələri ilə bağlı Cavabdeh2 MMC və Nəsimi rayon İcra və Probasiya şöbəsindən əldə edilən sənədlər arasındakı ziddiyyətlər şübhəli məqamlardan xəbər verir. Belə ki, Cavabdeh2 MMC-dən əldə olunan xx xxxx 2019-cu il tarixli, 34/2 saylı protokolda və eyni tarixli müqavilədə alıcı "xxxxxxx” KB ASC qrafasındakı nümayəndənin imzası ilə Nəsimi rayon İcra və Probasiya şöbəsindən əldə olunan 34/2 saylı protokolda və eyni tarixli müqavilədə alıcı “xxxxxxx” KB ASC qrafasındakı nümayəndənin imzası arasında fərqlilik gözlə görünəcək şəkildədir. Belə ki, hərrac təşkilatının təqdim etdiyi protokol və müqavilədə alıcı qrafasında imzanı bir şəxs, İcra şöbəsinin təqdim etdiyi sənədlərdə isə alıcı qrafasında imzanı digər şəxs icra etmişdir. Bundan əlavə, Nəsimi rayon İcra və Probasiya şöbəsin təqdim etdiyi sənədlərdə mübahisələndirilən protokol və müqavilədə kobud qanun pozuntusuna yol verilmişdir. Belə ki, alıcının nümayəndəsi Orxan Əbilovun “imzası” “xxxxxxx” KB ASC Problemli korporativ kreditlərinin idarə edilməsi departamentinin möhürü ilə də təsdiq edilmişdir. X21 nümayəndəsi olduğu hüquqi şəxs - “xxxxxxx” KB ASC adından etibarnamə verilmişdir. Hazırda mübahisələndirilən hərracın yekunları barədə protokol üzrə ipoteka saxlayan tələbkarın hər hansı departamenti deyil, birbaşa hüquqi şəxsin özü - “xxxxxxx” KB ASC-dir və bankın hər hansı departamentinin isə bu protokolu imzalamaq səlahiyyəti yoxdur. Hərrac təşkilatının təqdim etdiyi sənədlərdə qanunvericiliyin tələb etdiyi müddətlərə uyğun olaraq keçirilmiş hərracın nəticələrinə dair protokolun tərtib edildiyi görüntüsü yaratmaq üçün tələbkara aid qrafada saxtakarlıq edilmiş və bununla da cinayət törədilmişdir. Qeyd olunanlara əsasən Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işinin başlanılması və bu əmələ hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarılaraq aidiyyatı üzrə prokurorluğa göndərilməsi zəruridir. Bütün bunlar deməyə əsas verir ki, tələbkar bank hərrac təşkilatı ilə əlbir olub mübahisələndirilən protokol və müqavilənin qanunvericiliyin “ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər...”, həmçinin “İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir” tələbinə uyğunlaşdırmaq məqsədi daşımışdır. Bu mənada qanunun birbaşa göstərişinə əsasən ipotekaya xitam verildiyindən, bankla hərrac təşkilatı məsələyə hüquqi don geyindirməyə çalışmaqla bərabər mülkiyyətlərinə qəsd edilmişdir. Bundan əlavə, Cavabdeh2 MMC hərracların baş tutub-tutmamasının səbəbləri barədə məlumat verilmədiyi üçün belə qənaətə gəlirik ki, tələbkar 1-ci hərracda iştirak etmiş, lakin başqa iştirakçı olmadığı üçün hərrac baş tutmamışdır. Çünki qanunun tələbinə uyğun olaraq yəqin ki, hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsinə dair ipoteka saxlayana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmişdir. Belə olan təqdirdə tələbkar bu hərracda iştirak etmiş, lakin başqa iştirakçı olmadığı üçün hərrac baş tutmamışdır. Ona görə də, hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə təkrar hərrac keçirməli idi. Hesab edirlər ki, hərracın keçirilməsi vaxtı barədə ipoteka qoyana qanunla müəyyən edilmiş müddətlər ərzində məlumat verilməməsi, həmin mənzilin hazırki bazar qiymətinin hərracın nəticələrinə dair protokolda göstəriləndən 2,5 dəfə çox olması, habelə qanunvericiliyə zidd olaraq üçüncü hərracın keçirilməsi formal xarakter daşımır və əhəmiyyətli dərəcədə qanun pozuntusudur. Həmçinin mülki qanunvericiliyin məhkəmələrə hərracın nəticələrini yoxlamaq səlahiyyəti verməsi məhz ədalət mühakiməsi orqanının üzərinə müvafiq tələb əsasında qanunu kobud pozmaqla keçirilmiş hərracın nəticələrini etibarsız hesab etmək vəzifəsi qoyur. Qanunvericilikdə iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "Cavabdeh2" MMC-nin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Nəsimi rayon İcra və Probasiya şöbəsinin 561-217203/5-13 saylı xx.xx.2019-cu il tarixli sifarişinə əsasən İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 3 saylı evin 65 saylı mənzilin açıq hərracda satılmasına dair Nəsimi Rayon Məhkəməsinin 2(006)- 666/2017 saylı xx.xx.2017-ci il tarixli icra vərəqəsi “Cavabdeh2" MMC-yə göndərilmiş və əmlakın ilkin satış qiyməti 70000 manat məbləğində müəyyən edilmişdir. İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 3 saylı evin 65 saylı mənzilin xx.xx.2019-cu il rarixdə keçirilmiş ilkin hərracda ilkin satış qiyməti 70000 manata, xx.xx.2019-cu il rarixdə təkrar hərracda 15% endirimlə hərraca çıxarılmış, lakin “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun 43.1.2-ci maddəsinə əsasən hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış elan olunmuşdur. Həmin qanununun 3.7-ci maddəsinə əsasən əmlak 25% endirimlə banka təklif olunmuşdur. Cavabdeh2 MMC-nin hərracın yekunları barədə xx xxxx 2019-cu İ tarixli, 34/2 nömrəli protokola əsasən əmlak 44625 manata tələbkar “xxxxxxx” ASC-yə satılmışdır. İddiaçılara hərracın keçirilmə vaxtı və yeri barədə xx xxxxxx 2019-cu il tarixli ilkin hərracın keçirilməsi ilə bağlı və xx xxxxxx 2019-cu il tarixli təkrar hərracın keçirilməsi ilə bağlı bildirişlər poçt vasitəsilə borclunun qeydiyyatda olduğu, icra vərəqəsində qeyd olunan və iddiaçının özünün iddia ərizəsində də qeyd etdiyi ünvana göndərilmiş və qəbul edilmişdir. Həmçinin xx xxxxxx 2019-cu il tarixli və xx xxxxxx 2019-cu il tarixli “Kaspi” qəzetində keçirilən hərraclarla bağlı elanlar yerləşdirilmişdir. Cavabdeh2 MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini onlara əlavə olunmuş sənədlərlə birlikdə, iqtisadi mübahisələr üzrə isə mülahizənin digər tərəfə göndərilməsi barədə sübutları işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxxxxx” KB ASC-nin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, “xxxxxxx” KB ASC tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 4/202 saylı rəyindən də görünür ki, Hərrac təşkilatının hərracın yekunları barədə xx xxxx 2019-cu il tarixli 34/2 nömrəli protokolunda və Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxx 2019-cu il tarixli müqavilədə sənədlərin əsillərində olan imzaların hər ikisi “xxxxxxx” KB ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X15 tərəfindən icra olunmuşdur. Həmin sənədlərin kserosurətləri mötəbər sübut hesab edilə bilməz. Orxan Əbilov özü də təsdiq edir ki, hərracın yekunları barədə protokolu və Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləni o imzalamışdır. “xxxxxxx” KB ASC öz üzərinə düşən öhdəlikləri yerinə yetirmiş və heç bir qanun pozuntusuna yol verməmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Nəsimi Rayon İcra və Probasiya Şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-666/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdehlər İddiaçı1 və X7 müştərək qaydada əsas borc üzrə 51.287,06 (əlli bir min iki yüz səksən yeddi ABŞ dolları, altı sent) ABŞ dolları, faiz borcu üzrə 5550,66 (beş min beş yüz əlli ABŞ dolları, altmış altı sent) ABŞ dolları, cərimə borcu üzrə 200 (iki yüz) ABŞ dolları, cəmi 57.037,72 (əlli yeddi min otuz yeddi ABŞ dolları, yetmiş iki sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul, habelə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat xidmət haqqının əvəzinin alınaraq «xxxxxxx» KB ASC-yə ödənilməsi, tutmanın ipotekaya qoyulmuş İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən 3 saylı evin 35 saylı mənzilinə yönəldilməsiBakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən 3 saylı evin 35 saylı mənzilin ilkin satış qiyməti 70.000 (yetmiş min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin hesabına cavabdehlər İddiaçı1 və X11 iddiaçı «xxxxxxx» KB ASC-yə olan kredit borcunun ödənilməsi, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin İddiaçı2 qaytarılması, ipoteka predmeti olan mənzil satıldıqdan bir ay sonra cavabdehlər İddiaçı2, İddiaçı1 və X9 həmin mənzildən çıxarılmaları qət edilmişdir. İş materiallarında olan "Cavabdeh2" MMC tərəfindən Nəsimi rayon İcra şöbəsinə, “xxxxxxx” KB ASC-yə, İddiaçı1, İddiaçı2 və X12 ünvanlanmış xx.xx.2019-cu il tarixli, 03/20 nömrəli bildirişin təsdiq edilmiş surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Nəsimi rayon Məhkəməsinin 2(006)- 666/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə ipoteka qoyulan Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 3 saylı evin 35 saylı mənzilinə yönəldilməsi, hərracda 70000 manat ilkin satış qiyməti ilə satılması və müvafiq olaraq hərracın xx.xx.2019-cu il, saat 11:00-da keçiriləcəyi bildirilmişdir. İş materiallarında olan "Cavabdeh2" MMC tərəfindən “xxxxxxx” KB ASC-yə, İddiaçı1, İddiaçı2 və X12 ünvanlanmış xx.xx.2019-cu il tarixli, 03/20-1 nömrəli bildirişin təsdiq edilmiş surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Nəsimi rayon Məhkəməsinin 2(006)-666/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə ipoteka qoyulan Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 3 saylı evin 35 saylı mənzilinə yönəldilməsi, hərracda 59.500 manat 15% endirimli satış qiyməti ilə satılması və müvafiq olaraq hərracın xx.xx.2019-cu il, saat 11:00-da keçiriləcəyi bildirilmişdir. İş materiallarında olan “Kaspi” qəzetinin xx xxxxxx 2019-cu il tarixli buraxılışında Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 3 saylı evin 35 saylı mənzilinin 70000 manat qiymətinə hərraca çıxarılması və müvafiq hərracın keçirilməsinin xx xxxxxx 2019-cu il tarixə saat 11:00-a təyin edilməsi barədə məlumat dərc edilmişdir İş materiallarında olan “Kaspi” qəzetinin xx xxxxxx 2019-cu il tarixli buraxılışında Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 3 saylı evin 35 saylı mənzilinin 59.500 manat qiymətinə (70.000/15%=10.500; 70.000-10.500=59.500) təkrar hərraca çıxarılması və müvafiq hərracın keçirilməsinin xx xxxx 2019-cu il tarixə saat 11:00-a təyin edilməsi barədə məlumat dərc edilmişdir. İş materiallarında olan Hərrac Təşkilatının 34/2 nömrəli, xx xxxx 2019-cu il tarixli hərracın yekunları barədə protokoldan görünür ki, İddiaçı2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 3 saylı evin 35 saylı mənzili Nəsimi rayon Məhkəməsinin 2(006)-666/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin, Nəsimi rayon İcra və probasiya şöbəsinin 561-217203/5-13 nömrəli, xx.xx.2019-cu il tarixli məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 70000 manat, əmlakın təkrar hərracdakı ilkin satış qiyməti 15 % endirimlə 59500 manat, “xxxxxxx” KB ASC-nin 1349 saylı xx.xx.2019-cu il tarixli məktubuna əsasən ipoteka predmetinin 25% aşağı olan qiyməti 44625 manat qiymətlə tələbkarın əldə etmək hüququnun olması bildirmişdir. Həmin tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən “xxxxxxx” KB Açıq Səhmdar Cəmiyyəti əmlakı qəbul edərək balansına götürmüşdür. İş materiallarında olan Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən, İddiaçı2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 3 saylı evin 35 saylı mənzili 44625 manat qiymətə “xxxxxxx” KB Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınmışdır. İş materiallarında olan "Cavabdeh2" MMC tərəfindən İddiaçı2 (ünvan: ünvan 1 bildiriş göndərilməsi barədə SS553520369AZ saylı sifarişli poçt qəbzinin surətindən görünür ki, həmin bildiriş xx.xx.2019-cu il tarixdə xəbərnaməyə imza edilməklə götürülmüşdür. İş materiallarında olan teleqramın təsdiq olunmuş surətindən görünür ki, SS553540111AZ saylı sifarişli-xəbərnaməli məktub xx.xx.2019-cu il tarixdə H.B.Əliyev 3, mənzil 35 ünvanına İddiaçı2 çatdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 5/184 saylı rəyindən görünür ki, "Cavabdeh2" MMC-nin direktoru Y.Əliyev və “xxxxxxx” KB ASC-nin etibarnamə əsasında nümayəndəsi Orxan Əbilov arasında bağlanmış Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə xx xxxx 2019-cu il tarixli müqavilənin 9.2-ci bəndində “O.S.Əbilov” yazısı qarşısında olan imza texniki üsullarla köçürülməyib, birbaşa əl ilə qələm vasitəsilə icra olunmuşdur. (Aparılmış tədqiqatın dəyəri 73 manat təşkil edir). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 4/202 saylı rəyindən görünür ki: - Ekspertizaya təqdim edilmiş, mülki işin 144-cü vərəqəsində olan olan Hərrac təşkilatının hərracın yekunları barədə xx xxxx 2019-cu il tarixli 34/2 nömrəli protokolunda ““Alıcı: xxxxxxx KB ASC”” qrafasından aşağıda “Etibarnamə üzrə nümayəndə: X15” qrafasındakı imza, 226-cı vərəqəsində olan Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxx 2019-cu il tarixli müqavilədə “9.2. Əldə edən tələbkar” qrafasından aşağıda “O.S.Əbilov” yazısı qarşısındakı imza; əksləri mülki işin 19-cu vərəqəsində olan Hərrac təşkilatının hərracın yekunları barədə xx xxxx 2019-cu il tarixli 34/2 nömrəli protokolunun kserosurətində ““Alıcı: xxxxxxx KB ASC”” qrafasından aşağıda “Etibarnamə üzrə nümayəndə: X15” qrafasındakı imza, 20-21-ci vərəqələrində olan Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxx 2019-cu tarixli müqavilənin kserosurətində “9.2. Əldə edən tələbkar” qrafasından aşağıda “O.S.Əbilov” yazısı qarşısındakı imza – X15 tərəfindən icra olunmuşdur. - Əksləri ekspertizaya təqdim edilmiş, hərracla bağlı xx.xx.2019-cu il tarixli bildirişin çatdırılması barədə poçt xəbərnaməsinin kserosurətində “şəxsən” və “etibarnamə ilə” qrafalarında olan imzalar - İddiaçı1 tərəfindən yox, İddiaçı2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. - Əksləri ekspertizaya təqdim edilmiş, hərracla bağlı xx.xx.2019-cu il tarixli bildirişin çatdırılması barədə poçt xəbərnaməsinin kserosurətində “şəxsən” və “etibarnamə ilə” qrafalarında olan imzaların - İddiaçı3 tərəfindən icra olunub- olunmadığını tədqiqat prosesinin təsviri hissasinin 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. (Aparılmış tədqiqatın dəyəri 138 manat təşkil edir). “İpoteka haqqında” Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata, (hərracın təşkilatçısına) sifariş verir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən, hərracın təşkilatçı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayanla ipoteka qoyan arasında müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 415.1-ci və 415.2-ci maddələrinə görə, auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, MM-in 415.2ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Beləliklə, məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-666/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı1 və X7 müştərək qaydada əsas borc üzrə 51.287,06ABŞ dolları, faiz borcu üzrə 5550,66 ABŞ dolları, cərimə borcu üzrə 200 ABŞ dolları, cəmi 57.037,72 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul, habelə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat xidmət haqqının əvəzinin alınaraq «xxxxxxx» KB ASC-yə ödənilməsi, tutmanın ipotekaya qoyulmuş İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən 3 saylı evin 35 saylı mənzilinə yönəldilməsiBakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən 3 saylı evin 35 saylı mənzilin ilkin satış qiyməti 70.000 manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin hesabına cavabdehlər İddiaçı1 və X11 iddiaçı «xxxxxxx» KB ASC-yə olan kredit borcunun ödənilməsi, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin İddiaçı2 qaytarılması, ipoteka predmeti olan mənzil satıldıqdan bir ay sonra cavabdehlər İddiaçı2, İddiaçı1 və X9 həmin mənzildən çıxarılmaları qət edilmişdir. Cavabdeh2 MMC tərəfindən Nəsimi rayon İcra və Probasiya Şöbəsinə, “xxxxxxx” KB ASC-yə, İddiaçı2 və qeyrilərinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 03/20 nömrəli və xx.xx.2019-cu il tarixli, 03/20-1 nömrəli bildirişlərlə İddiaçı2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 3 saylı evin 35 saylı mənzilinə tutmanın yönəldilməsi və hərracda satılacağı bildirilmişdir. “Kaspi” qəzetinin buraxılışlarında müvafiq fərdi yaşayış evi ilə bağlı hərracın keçirilməsi tarixləri barədə elanlar verilmiş, xx.xx.2019cu ildə birinci hərrac, xx.xx.2019-cu il tarixindətəkrar hərrac keçirilmiş, təkrar hərrac baş tutmamış və xx.xx.2019-cu il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı” müqaviləsinə əsasən ipoteka saxlayan “xxxxxxx” KB ASC ipoteka predmeti 44.625 manata almışdır. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən, məhkəmə belə qənaətə gəlir ki, ipoteka predmeti olmuş əmlaka tutmanın yönəldilməsi məqsədilə "Cavabdeh2" MMC tərəfindən keçirilmiş hərracın etibarsızlığı üçün hər hansı bir əsas yoxdur. Belə ki, hərrac təşkilatçısı olan "Cavabdeh2" MMC-tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməklə ipoteka saxlayana, ipoteka qoyana keçiriləcək hərracla bağlı məlumat verilməsi istiqamətində tədbirlər görüldüyü, həmçinin kütləvi informasiya vasitələrində elanların dərc edildiyi iş materiallarında olan sənədlərlə sübut olunur. Bununla da, mübahisəsiz qaydada təsdiq olunur ki, hərracın təyin olunması və keçirilməsindən ipoteka qoyan və ipoteka saxlayanın kifayət qədər məlumatı olmuşdur. Hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə rəsmi qaydada xəbərnaməli bildiriş göndərmiş, həmin bildiriş hazırkı iddia üzrə iddiaçının – mənzilin mülkiyyətçisi İddiaçı2 ünvanına rəsmi qaydada təqdim olunmuş və həmin ünvan üzrə çatdırılmış şəxs tərəfindən xəbərnaməyə imza edilməklə alınmışdır. Bununla bağlı xx.xx.2019-cu il tarixdə İddiaçı2 bildiriş göndərilməsi barədə SS**********AZ saylı sifarişli poçt qəbzi mövcuddur. İş materiallarında olan hərracla bağlı bildirişin çatdırılması barədə poçt xəbərnaməsində “şəxsən” və “etibarnamə ilə” qeyd olunan qrafalardakı imzaların iddiaçılara məxsus olması müəyyən edilməsə də, hərrac təşkilatı poçt göndərişinin məhz iddiaçılara çatdırılması (verilməsi) ilə bağlı hər hansı məsuliyyət daşımamalıdır. Çünki bildiriş Hərrac Mərkəzinə iddiaçıların məlum olan ünvanına göndərilmişdir. Hazırki iddia ərizəsində də iddiaçılar Hərrac Mərkəzinin bildirişləri göndərdiyi ünvanı qeyd etmişlər. Beləliklə, iddiaçıların həmin dəlili əsaslı hesab edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, Hərrac təşkilatının hərracın yekunları barədə xx xxxx 2019-cu il tarixli 34/2 nömrəli protokolunda (əsli) “Alıcı: xxxxxxx KB ASC” qrafasından aşağıda “Etibarnamə üzrə nümayəndə: X15” qrafasındakı və Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxx 2019-cu il tarixli müqavilədə (əsli) “9.2. Əldə edən tələbkar” qrafasından aşağıda “O.S.Əbilov” yazısı qarşısındakı imzaların “xxxxxxx KB” ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X15 tərəfindən icra olunması keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası ilə öz təsdiqini tapdığından iddiaçıların O.S.Əbilovun hərracın yekunları barədə protokolu imzalamaq səlahiyyəti olmamasına və hərrac təşkilatının təqdim etdiyi protokol və müqavilədə alıcı qrafasında imzanı bir şəxs, İcra şöbəsinin təqdim etdiyi sənədlərdə isə alıcı qrafasında imzanı digər şəxsin icra etməsinə dair dəlilləri də əsaslı deyildir. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, işin tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, hazırkı iş üzrə mübahisələndirilən hərrac bu məsələni tənzimləyən qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Tələbin əsaslı olması iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Həmçinin məhkəmə iddiaçının cavabdehlərin əməlinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarılaraq aidiyyatı üzrə prokurorluğa göndərilməsi xahişi ilə əlaqədar qeyd edir ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçılar iddia ərizəsində xüsusi qərardad çıxarılmasını tələb etmələrinə baxmayaraq, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Məhkəmə isə məhkəmə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlir ki, cavabdehlərin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarılmadığından hazırki mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və X9 Nəsimi rayon İcra və probasiya şöbəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər “xxxxxxx” KB ASC və "Cavabdeh2" MMC-yə qarşı "hərracın nəticələrinin etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi və ipoteka predmetinin ipoteka ilə yüklülüyündən azad edilməsi" tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və X9 Nəsimi rayon İcra və probasiya şöbəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər “xxxxxxx” KB ASC və "Cavabdeh2" MMC-yə qarşı "hərracın nəticələrinin etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi və ipoteka predmetinin ipoteka ilə yüklülüyündən azad edilməsi" tələbinə dair iddiası təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 211 manat (138 manat+73 manat) manat iddiaçılar İddiaçı1, İddiaçı2 və X6 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-336/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-336/2020
21.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver