Məhkəmə qərarları › İş №2(006)-3372/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3372/2022

28.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3372/2022 28.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi X2 ilə xx.xx.1998-ci ildə nikaha daxil olmuşdur. Nikahları Bakı şəhəri Səadət Sarayında qeydə alınmışdır. Birgə nikahdan 3 övladları vardır. X2 xx.xx.2022-ci ildə yaşadıqları ünvan 1-də qəflətən ürək çatışmamazlığından vəfat etmiş və Abşeron rayonunun Mehdiabad qəbiristanlığında dəfn edilmişdir. Bakı şəhəri, Binəqədi RİH başçısənın M.Ə.Rəsulzadə QİƏD üzrə nümayəndəsinin 16.06 2022-ci il tarixli, 1156 №-li arayışında göstərilir ki, vəfat edən vaxtadək X2 ünvan 1- də yaşamış və qeydiyyatda olmuşdur. Bakı şəhəri Təcili və X4 Stansiyasının xx.xx.2022-ci il tarixli, 03/110 saylı xəbərdarlıq vərəqəsində göstərilir ki, 49 yaşlı X1 xx.xx.2022-ci il tarixdə, saat 03:59-da həkimə qədər ölümü müəyyən edilmişdir. Göstərilənlərə əsasən ərizəçinin mərhum həyat yoldaşı, xx.xx.1973-cü il təvəllüdlü X1 ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə məktub göndərilərək, işə onların nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək göstərmişdir ki, o, mərhum X1 qardaşıdır. Qardaşı xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında qəflətən ürək çatışmazlığından vəfat etmişdir. Onu Mehdiabad qəbiristanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək göstərmişdir ki, o, mərhum X2 ilə dost olmuşdur. Mərhum dostu xx.xx.2022-ci il tarixdə qəflətən ürək çatışmazlığından vəfat etmişdir. Onu Mehdiabad qəbiristanlığında dəfn etmişlər. İş materiallarında olan Bakı şəhəri Səadət Sarayı tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş Vİ-JQ № 481562 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X6 nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 508 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Qurbanova soyadı verilmişdir. İş materiallarındakı Bakı şəhəri Təcili və X4 Stansiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanından X1 adına çağırış daxil olmuşdur. Həmin ünvanda həkimə qədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan Abşeron rayon Mehdiabad Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, mərhum X2 xx.xx.2022-ci il tarixdə Mehdiabad qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan 9 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 255 nömrəli məktubdan görünür ki, ünvan 2 ünvanda xx.xx.2022-ci il tarixdə qəflətən rəhmətə getmiş 1973-cü il təvəllüdlü X2 poliklinikada heç bir xəstəliklə qeydiyyatda olmadığı üçün tərəflərindən onun ölümü haqqında tibbi şəhadətnamə verilməmişdir. İş materiallarındakı Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. Əsaslandırıcı hissə: Beləliklə, məhkəmədə ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin həyat yoldaşı X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində (ev şəraitində) vəfat etmiş və Mehdiabad qəbiristanlığında dəfn edilmiş, lakin ərizəçi həyat yoldaşının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi həyat yoldaşının ölümü haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə ərizənin “ölüm haqqında şəhadətnamənin verilməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, ərizə həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-cü maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə qeyd edir ki, hazırkı qətnamə qanuni qüvvəsini aldıqdan sonra Nəsimi rayon Qeydiyyat şöbəsinə icra olunması üçün göndərilməklə, ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli və Ərizəçi həyat yoldaşı X1 09 iyun 2022-ci il tarixdə Bakı şəhərində (ev şəraitində) vəfat etməsi faktı müəyyən edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi qismən təmin edilsin. Ərizəçi həyat yoldaşı X1 09 iyun 2022-ci il tarixdə Bakı şəhərində (ev şəraitində) vəfat etməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar