Məhkəmə qərarları › İş №2(006)-340/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-340/2021

09.04.2021 · Müqavilələrin ləğv edilməsi - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-340/2021 09.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və "X2 Mərkəzi" MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankına qarşı "ipotekaya xitam verilməsi və s." tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin ipotekasına xitam verilməsi və həmin mənzillərin ipoteka edilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(004)- 137/2017 saylı qətnaməsi ilə “xxxx” MMC-nin 649237 manat məbləğində borcun iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi qət edilmişdir. Nəsimi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərracda satılması həyata keçirilmişdir. Sözügedən qətnamənin icrası ilə əlaqədar birinci hərrac xx xxxxxxxx 2019-cu il tarixdə keçirilmiş, hərrac baş tutmamış və ikinci hərracın keçirilməsi xx xxxxxxx 2019-cu il tarixə təyin edilmişdir. İkinci hərracın keçirilməsindən sonra hərrac baş tutmamışdır və nəticədə qanunvericiliyin tələbinə uyğun olaraq ipoteka predmeti banka təklif olunmuşdur. Artıq həmin zamanda 5 ay keçməsinə baxmayaraq bank tərəfindən ipoteka predmeti əldə edilməmişdir. Belə olan halda “İpoteka haqqında” Azərbaycan Respubikası Qanunun 43.8-ci maddəsinin tələbinə əsasən ipotekaya xitam verilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, ilk olarak bu cür iddianın yaranmasının səbəblərinin açıqlanması labüddür. Belə ki, QSC «xxxx» KB QSC «xxxx» KB ilə “xxxx” Məhdud Məsulliyətli Cəmiyyət arasında xx xxxx 2014-cü il tarixli 1xx/xx/3218/14 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən Cəmiyyətə illik 18 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 700.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə X3 Bakı şəhəri, Yasamal rayonu, Musabəyov yaşayış sahəsi Kamal Rəhimov küçəsində yerləşən 15 nömrəli binada 53.6 kv.m ümumi, 21,3 kv.m yaşayış, 32.3 yardımçı sahədən ibarət 1 otaqlı 176A nömrəli mənzili və Bakı şəhəri, Yasamal rayonu, Musabəyov yaşayış sahəsi Kamal Rəhimov küçəsində yerləşən 15 nömrəli binada 131.8 kv.m ümumi, 71,0 kv.m yaşayış, 60.8 yardımçı sahədən ibarət 3 otaqlı 177A nömrəli mənzili, İddiaçı Bakı səhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində istifadədə olan 0.1555 ha torpaq sahəsində yerləşən 7 nömrəli binada 154.1 kv.m ümumi, 92.2 kv.m yaşayış, sahəsindən ibarət 4 otaqlı 41 nömrəli mənzili xx xxxx 2014-cü il tarixli 1xx/xx/3218/14 saylı sonrakı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Eyni zamanda xx xxxx 2014-cü il tarixli 1xx/xx/3218/14 saylı kredit müqaviləsi üzrə X1 rayonu, Güzdək qəsəbəsində yerləşən 0.525 ha torpaq sahəsini xx xxxx 2014-cü il tarixli 170/01/32T8/14 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bundan başqa kredit müqaviləsi üzrə Cəmiyyətin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə cavabdehlərdən X8 və X9 “xxxx” MMC-nin üzərinə götürdüyü öhdəliklərə görə zamin durmalarına dair xx xxxx 2014-cü il tarixli 1xx/xx/3218/14 saylı zaminlik müqaviləsi bağlamışdır. Lakin Cəmiyyət öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 551.802,12 manat məbləğində əsas borc, 21.239,80 manat qəpik məbləğində faiz borcu, 4.720,28 manat qəpik cərimə borcu, ümumilikdə isə 577.762,20 manat qəpik məbləğində borcu qalmışdır. Məhkəmə qətnaməsi ilə borc Bankın xeyrinə tutulmuş, tutma ipoteka predmetlərinə yönəldilmişdir. Keçirilmiş hərraclar zamanı əmlak satılmaması ilə əlaqədar Bank tərəfindən qəbul edilmişdir. Lakin buna baxmayaraq İddiaçı tərəfindən bu cür iddia irəli sürülmüşdür. İddianı əsassız və qanunsuz hesab edirlər. Belə ki, Azərbaycan Respublikasının Mülki 1091.1-ci maddəsinə əsasən “Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin”. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə “Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.” Müqavilə yaranmış borcun qaytarılmaması və ipotekaya xitam verilməsi barədə iddianın qaldırılması yalnız və yalnız əsassız varlanma kimi qiymətləndirilə bilər. Digər tərəfdən ipoteka predmeti Bank tərəfindən qəbul edilmişdir. Belə olan halda qaldırılmış iddia əsassızdır. Bununla da iddiaçı Bankın hüquqularını əsassız və qanunsuz olaraq pozmaq niyyətindədir. Qeyd olunanlar bir daha onu təsdiq edir ki, ümumiyyətlə tərəflər arasında mübahisə mövcud deyil və bu iş məhkəmədə baxıla bilməz. Göstərilənlərə əsasən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və "X2 Mərkəzi" MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan “xxxx” MMC-nin sifarişçiyə, tələbkara və borcluya ünvanladığı xx.xx.2019-cu il tarixli 01 №-li bildirişin surətindən görünür ki, sifarişçiyə, tələbkara və borcluya İddiaçı məxsus Bakı səhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində yerləşən 7 saylı evin 41 saylı mənzilinin (ilkin satış qiyməti 126.000 manat olmaqla) satılması üçün açıq hərracın keçirilməsinin vaxtı (xx.xx.2019-cu il tarixində) barədə məlumat verilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin sifarişçiyə, tələbkara və borcluya ünvanladığı xx.xx.2019-cu il tarixli 02 №-li bildirişin surətindən görünür ki, sifarişçiyə, tələbkara və borcluya İddiaçı məxsus Bakı səhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində yerləşən 7 saylı evin 41 saylı mənzilinin (ilkin satış qiyməti 126000-15%=107100 manat olmaqla) satılması üçün açıq hərracın keçirilməsinin vaxtı (xx.xx.2019-cu il tarixində) barədə məlumat verilmişdir. İş materiallarında olan “Birja Yenilikləri” qəzetinin 06 sentyabr-xx xxxxxxxx 2019-cu il tarixli buraxılışının çıxarışından görünür ki Bakı səhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində yerləşən 7 saylı evin 41 saylı mənzilinin ilkin satış qiyməti 126000 manat müəyyən edilməklə, açıq hərracın xx xxxxxxxx 2019-cu il tarixində keçiriləcəyi qeyd edilmişdir. İş materiallarında olan “Birja Yenilikləri” qəzetinin 27 sentyabr-xx xxxxxxx 2019-cu il tarixli buraxılışının çıxarışından görünür ki, xx xxxxxxxx 2019-cu il tarixinə təyin olunmuş hərrac baş tutmadığından Bakı səhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində yerləşən 7 saylı evin 41 saylı mənzilinin satış qiyməti 107100 manat müəyyən edilməklə, açıq hərracın xx xxxxxxx 2019-cu il tarixində keçiriləcəyi qeyd edilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankına ünvanladığı xx.xx.2019-cu il tarixli təklif məktubunun surətindən görünür ki, İddiaçı məxsus ipoteka yüklü Bakı səhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində yerləşən 7 saylı evin 41 saylı mənzili “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 80325 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. İş materiallarında olan Hərrac Təşkilatının xx xxxxxx 2019-cu il tarixli, 75/01 nömrəli hərracın yekunları barədə protokoldan görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 7 saylı evin 41 saylı mənzili Bakı Apelyasiya Məhkəməsinin 2(103)-11658/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin, Nəsimi rayon İcra və probasiya şöbəsinin 13804- 104840/19/5-6 nömrəli, xx.xx.2019-cu il tarixli sifariş məktubunun və ləğv prosesində olan “xxxx” QSC-nin müvafiq məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 126000 manat, əmlakın təkrar hərracdakı ilkin satış qiyməti 15 % endirimlə 107100 manat, ipoteka predmetinin “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiyməti 80325 manat qiymətlə tələbkarın əldə etmək hüququnun olması bildirmişdir. Həmin tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən ləğv prosesində olan “xxxx” QSC əmlakı qəbul edərək balansına götürmüşdür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac bas tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair xx xxxxxxx 2014-cü il Qərarına əsasən “İpoteka haqqında” Qanunun 43.7 və 43.8-ci maddələrinə müvafiq olaraq bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində göstərilən əsasla ipotekaya xitam verilməsinin proseduru ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, ikinci hərrac keçirildikdən sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, məhkəmə qətnaməsinə əsasən iddiaçının mülkiyyətində olmuş Bakı səhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində yerləşən 7 saylı evin 41 saylı mənzilinə ipoteka predmeti kimi tutma yönəldilmiş, mənzil açıq hərracda satışa çıxarılmış, xx xxxxxxxx 2019-cu il tarixində ilkin, xx xxxxxxx 2019-cu il tarixində isə ikinci hərrac keçirilmiş, lakin hərraclar baş tutmadığından xx xxxxxx 2019-cu il tarixində ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 % az olmayan qiymətlə ləğv prosesində olan “xxxx” QSC-yə təklif olunmuş, xx xxxxxx 2019-cu il tarixində isə həmin mənzil bank tərəfindən əldə edilmişdir. Beləliklə, iddiaçı tələbini cavabdehin təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini əldə etməməsi ilə əsaslandırsa da, işin hallarından göründüyü kimi, cavabdeh xx xxxxxx 2019-cu il tarixində ona təklif olunan mənzili (cavabdehin hərracın baş tutmaması barədə daha əvvəldən məlumatlı olmasına dair hər hansı sübut müəyyən edilməmişdir) xx xxxxxx 2019-cu il tarixində əldə etməklə bunun üçün qanunvericilikdə müəyyən edilmiş 30 təqvim günü müddətini ötürməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və "X2 Mərkəzi" MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankına qarşı "ipotekaya xitam verilməsi və s." tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və "X2 Mərkəzi" MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankına qarşı "ipotekaya xitam verilməsi və s." tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar