Məhkəmə qərarları › İş №2(006)-3412/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3412/2021

26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3412/2021 26.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayıova Səbinə İmran qızının katibliyi, Cavabdehin vəkili X2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətinin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyəti Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı BOKT ASC arasında 28.11.2014-cü il tarixli, 0485/14/PB saylı kart kredit müqaviləsi imzalanmışdır. Müvafiq olaraq 28.11.2014-cü il tarixli, 0485/14/PB saylı kredit müqaviləsi 36 ay müddətinə, 28 faiz olmaqla, 30 gün güzəşt müddəti ilə 8000 manat məbləğində kredit verilmişdir. Bundan sonra 22.02.2016-cı il tarixdə 1 saylı Əlavə əsasında 28.11.2014-cü il tarixli, 0485/14/PB saylı kredit müqaviləsinə əlavə və dəyişiklik müqaviləsi bağlanaraq kredit limiti 17.000 manat qaldırılmışdır. Kredit müqaviləsinin 2.9-cu bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün borclu kreditora krejitin qalıq məbləğinin 0,2 faiz həcmində dəbbə pulu tələb edir; 5.5-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə faizləri ikiqat hesablayıb borcludan tələb edir. Cavabdeh BOKTa 28.11.2014-cü il tarixli, 0485/14/PB saylı kart kredit müqaviləsi üzrə 16953,22 manat əsas, 30612,39 manat hesablanmış faiz olmaqla, cəmi 47565,61 manat kredit borcu mövcuddur. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Göstərilənləri nəzərə alaraq Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə 28.11.2014-cü il tarixli, 0485/14/PB saylı kredit müqaviləsi üzrə 16953,22 manat əsas, 30.612,39 manat hesablanmış faiz borcu olmaqla, cəmi 47565,61 manat kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb etmiş və iddia tələbinə etiraz edərək bildirmişdir ki, 28.11.2014-cü il tarixli 0485/14/PB saylı kredit müqaviləsinin axımı 29.11.2014-cü il tarixdən başlamışdır və 28.11.2017-ci ildə başa çatmışdır. Lakin öhdəliyi icrası başa çatmaması müqavilələr üzrə qanunla müəyyən 3 il müddətinin axını kredit müqaviləsinin başa çatması andan başlayır, yəni 28.11.2017-ci il tarixdən. Bu tarixdən sonra keçmiş 3 il beş aydan artıq müddət olması deməyə əsas verir ki, borc tələbi üzrə iddia müddəti keçmişdir. Bu səbəbdən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin ərizəsinə əsasən iddia müddəti tətbiq edilməklə iddia tələbi təmin edilməməlidir. Belə ki, işin materiallarındakı İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 28.11.2014-cü il tarixli, 0485/14/PB saylı kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh 36 ay müddətinə illik 28 faiz olmaqla, 8000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 28.11.2014-cü il tarixli 0485/14/PB №-li kredit müqaviləsinə 22.02.2016-cı il tarixli 01 №-li əlavə və dəyişiklikdən görünür ki, 28.11.2014-cü il tarixli 0485/14/PB saylı kredit müqaviləsinə əsasən plastik kart vasitəsi ilə verilmiş 8000 manat məbləğində kreditin limiti 17.000 manat məbləğindək artırılmış, 28.11.2014-cü il tarixli, 0485/14/PB saylı kredit müqaviləsinə əsasən plastik kart vasitəsi verilmiş kreditin faiz dərəcəsi 28%-dən 18%-ə endirilmiş, müqavilənin digər şərtləri dəyişilmədən qalmışdır. İşin materiallarında olan İddiaçı BOKT ASC tərəfindən verilmiş 18.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 28.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı BOKT ASC-yə əsas borc üzrə 16953,22 manat, faiz borcu üzrə 30612,39 manat olmaqla, cəmi 47,565,61 manat məbləğində borcu vardır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 28.11.2014-cü il tarixli, 0485/14/PB saylı kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh 36 ay müddətinə illik 28 faiz olmaqla, 8000 manat məbləğində kredit verilmiş, həmin müqavilənin 01 №-li əlavə və dəyişiklikləyə əsasən kredit müqaviləsi ilə verilmiş 8000 manat məbləğində kreditin limiti 17.000 manat məbləğindək artırılmış və kreditin faiz dərəcəsi 28%-dən 18%-ə endirilmişdir, cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini tam icra etməmiş və nəticədə onun banka əsas borc üzrə 16953,22 manat, faiz borcu üzrə 30612,39 manat olmaqla, cəmi 47565,61 manat məbləğində borcu yaranmışdır. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, 28 noyabr 2014-cü il tarixdə tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 28 noyabr 2017-ci il tarixdə bitmişdir. İddiaçı isə həmin müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı 12 aprel 2021-ci il tarixində məhkəməyə müraciət etmişdir. Belə olan halda aydın olur ki, iddiaçı müqavilə tələbləri üzrə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini keçirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) il müəyyən edilmişdir. Eyni Məcəllənin 373.3-cü maddəsinə görə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03.04.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30.10.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli Qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətinin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddiası, qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş iddia müddəti keçdiyindən (buraxıldığından) iddia müddəti tətbiq olunmaqla təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətinin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar