Məhkəmə qərarları › İş №2(006)-362/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-362/2022

05.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-362/2022 05.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndələri və vəkilləri Vəkil və X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "əmlakın naturada bölünməsi" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçın Cavabdeh qarşı "əmlakın naturada bölünməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən iddiaçı ilə cavabdehin arasında 1/2 hissədə paylı mülkiyyətdə olan Bakı şəhəri, Nəsimi rayonu. Səməd Vurğun küçəsi 56 saylı evin, 39 saylı mənzilin İddiaçı ilə cavabdeh- Cavabdeh arasında naturada bölünməsinə, payın ayrılması mümkün olmadıqda, payının əvəzi olan 200000 (iki yüz ) min manat pulun cavabdeh tərəfindən ona kompensasiya kimi ödənilməsi, cavabdeh bundan imtina etdikdə isə qeyd edilən mənzilin hərracdan satılması, əldə olunan pulun paylara uyğun olaraq mülkiyyətçilər arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 05.09.1978-ci il tarixdə o, cavabdehlə ailə həyatı qurmuşdur. Nəsimi rayon Məhkəməsinin 30 aprel 2019-cu il tarixli 2(006)-1239/2019 saylı qətnaməsinə əsasən aralarda bağlanılmış nikah pozulmuşdur. Nəsimi rayon Məhkəməsinin 16.09.2020-ci il tarixli 2(006)-1585/2020 saylı qətnaməsi ilə digər əmlaklarla yanaşı Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 56 saylı evin 39 saylı mənzilin 1/2 hissəsinə onun pay hüququ müəyyən edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən müvafiq Çıxarış verilmişdir. Hazırda cavabdehlə bir yerdə yaşamaq imkanları yoxdur və cavabdeh qeyd edilən ev üzərində mülkiyyət hüququnun həyata keçirilməsində ona əsassız maneələr yaradır. Belə ki, qeyd edilən mənzildə yaşamasa da, mütəmadi olaraq mənzilə gələrək mübahisə yaradır, müxtəlif bəhanələr edərək mənzilə gəldikdən sonra “102 Polis xidməti”nə zənglər edir, ona şər-böhtan atır. Mənzildə yaşamaq həddən artıq stres və gərginlik yaradır. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır ki, həmin mənzilin ya naturada bölgüsü apanlsın, ya da həmin evdə dair cavabdeh tərəfindən ona düşən kompensasiya verilsin, yaxuda həmin mənzil açıq həracda satılmaqla paylara müvafiq pul bölünsün. İddiaçının nümayəndələri və vəkilləri Vəkil və X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanındakı əmlaka olan hüququn sahibləri ½ hissədə Cavabdeh, ½ hissədə İddiaçıdur. Məhkəmə qərardadı əsasında təyin edilmiş 05.01.2022-ci il tarixli 10/6321 saylı ekspert rəyindən görünür ki, tədqiqatın nəticə hissəsində ünvan 1 saylı mənzilinin Cavabdeh məxsus olan ½ hissəsinin və X2 məxsus ½ hissəsinin naturada (real) bölünərək ayrılması texniki cəhətdən mümkün deyildir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflərin bərabər ½ hissədə olmaqla ünvan 1 ünvanındakı əmlak üzərində paylı mülkiyyət hüququları mövcuddur. İddiaçının iddia ərizəsindən görünür ki, o, hazırkı iddianı qaldırlmaqla payınn naturada ayırılmasını tələb etmişdir, bu mümkün olmadıqda isə ona payının dəyəri kimi kompensasiya ödənilməsini, cavabdeh isə həmin kompensasiyanı ödəməkdən imtina etdiksə isə əmlakın açıq hərracda satılaraq əldə edilən vəsaitin paylara uyğun bölünməsini xahiş etmişdir. Məhkəmə hazırkı iddia tələbi üzrə hüquqi dəyərləndirmə apararaq, aşağıdakıları qeyd edir. Belə ki, hazırda tələbin ilkin hissəsi payın naturada ayrılması ilə bağlı olduğundan məhkəmə ilk öncə həmin tələbə hüququ qiymət verməyi zəruri hesab edir. Mülki məcəllənin (bundan sonra MM) 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; MM-nin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; MM-nin 220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; MM-nin 220.4-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı jüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, paylı mülkiyyət hüququ üzrə ½ hissədə Cavabdeh və ½ hissədə X2 məxsus olan ünvan 2 ünvanındakı əmlakın paylara uyğun naturada bölünməsi mənzilə tənasübsüz zərər vurmadan mümkün deyil. Mübahisəli mənzilin naturada bölünməsinin mümkünsüzlüyü Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 05.01.2022-ci il tarixli 10/6321 saylı ekspert rəyi ilə də təsdiqini tapmışdır. Göründüyü kimi, qanunvericiliyə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılmasının üsul və şərtləri haqqında razılığa gələ bilmədikdə, paylı mülkiyyətin mülkiyyətçisinə öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək hüququ verilir. Payın naturada ayrılmasına yol verilmirsə və ya payın ayrılması ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərini paylı mülkiyyətin digər mülkiyyətçilərindən tələb edə bilər. Belə ki, MM-nin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbayjan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarında Məhkəmənin hüququ mövqeyi ondan ibarət olmuşdur ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərrajdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Hazırki işin halları da, ondan ibarətdir ki, iddiaçı əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllığına əməl etmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak etməmiş, bu məqsədlə məhkəmə iclası təxirə salınıb mübahisəli mənzildə olan 1/2 hissə payına görə iddiaçıya hər hansı məbləğ ödəmək fikrinin olması bildirməsi təklif edilsədə, soncunu məhkəmə iclasında iştirak etməmiş və həmin payın dəyərinin ödənilməsinə dair fikir bildirməmişdir. Belə olan halda məhkəmə qanunverciliyin yuxıarda qeyd edilən tələblərini əsas tuararaq qeyd edir ki, iddiaçının payının naturada ayrılması mümkün olmadığından və cavabdehin kompensasiya vermək imkanı olmadığından əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylara mütənasib surətdə bölüşdürülməsi üçün əsaslar mövcuddur. Məhkəmə qeyd edir ki, iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 56 saylı evin, 39 saylı mənzil hərracdan satılmalı, əldə olunan pul paylara uyğun olaraq mülkiyyətçilər İddiaçı ilə cavabdeh Cavabdeh arasında bölünməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 56 saylı evin, 39 saylı mənzil hərracdan satılsın, əldə olunan pul paylara uyğun olaraq mülkiyyətçilər payına müvafiq olaraq ½ hissə olmaqla İddiaçı ilə cavabdeh Cavabdeh arasında bölünsün. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar