Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3670/2022 18.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, Ərizəçi nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi maraqlı şəxs olmaqla «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi maraqlı şəxs olmaqla «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən 1932-ci il təvəllüdlü mərhum atası X1 xx.xx.2013-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 1932-ci il təvəllüdlü mərhum atası X5 xx.xx.2013cü il tarixdə 81 yaşında uzun sürən xəstəlikdən əziyyət çəkdiyi üçün vəfat etmişdir. Həmin gün evə çağırılmış Təcili və X4 Stansiyası tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Xəbərdarlıqda qeyd edilmişdir ki, xx.xx.2013-cü il tarixdə saat 00:18 radələrində xəstə X5 vəfat etdiyindən müalicə tədbirləri aparılmadı. Mərhum Şamaxıda, iddiaçının əcdadlarının yanındadəfn edilmişdir. Keçən illər ərzində ölüm haqqındaşəhadətnamə almamış və buna zərurət mərhumun adına olan mənzilin özəlləşdirilməsi istəyi ilə başlanmışdır. Poliklinikaya etdiyi müraciət etsə də, ölüm haqqında tibbi şəhadətnamə ala bilməmişdir. Ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün də Qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnamə verməmiş və faktın tanınması üçün məhkəməyə müraciət edilməli olduğuna dair yazılı cavab vermişdir. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub ünvanlayaraq ərizəyə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, nümayəndənin məhkəmə iclasına gələ bilməməsinin üzürlü səbəbi kimi iş həcminin çox olması göstərilmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə kifayət qədər əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, ərizəçi qonşusudur. Mərhumu tanıyıb. 2013-cü ilin payızında vəfat edib. Dəfndə iştirak etməyib. Yasda iştirak edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, ərizəçi atasıdır. Mərhum babasıdır. 2013-cü ilin noyabrında vəfat edib. Dəfndə və yasda iştirak edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, ərizəçi sinif yoldaşı İlqarın atasıdır. Mərhum ərizəçinin atasıdır. 20 ildən artıq müddətdir ki, ərizəçinin ailəsini tanıyır. Mərhum 2013-cü ilin noyabr ayında vəfat edib. Dəfndə iştirak etməyib, lakin yasda iştirak edib. Belə ki, iş materiallarında olan: xx.xx.1971-ci il tarixli, АЗБ № 068822 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci il Göyçay rayonunda doğulmuş, atası X9 oğludur. BŞT və TTYS-in 5 saylı bölməsinin 09 noyabr 2013-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X1 adına daxil olmuş çağırışa əsasən 09 noyabr 2013-cü il tarixdə saat 00.18-də ünvan 1 ünvanına gəlmiş və xəstənin vəfat etməsi əsas gətirilərək müalicə tədbirləri aparılmadı qeydi edilməklə sahə üzrə poliklinikaya müraciət edilməsini tövsiyə etmişdir. AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, M.Cəlal küçəsi, ev 20, mənzil 58-də yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” publik hüquqi şəxsi “Bakı şəhər Baş Səhiyyə İdarəsi” publik hüquqi şəxsi 20 saylı Şəhər Poliklinikası (bundan sonra 20 saylı Şəhər Poliklinikası) tərəfindən ərizəçiyə verilmiş xx.xx.2022-ci il tarixli 270 saylı məktubda qeyd edilir ki, 1932-ci il təvəllüdlü Raxida X3 rayonu, Kaveroçkin küçəsi, ev 21, mənzil 162 ünvanında qeydiyyatda olmasına baxmayaraq, ünvan 2 mənzil 58-də yaşamış və vəfat etmişdir. Mərhum A.Raxidanın 20 saylı Şəhər Poliklinikasına müraciəti olmayıb, eyni zamanda xx.xx.2013-cü il tarixində vəfat etdiyindən poliklinika tərəfindən ölüm haqqında tibbi şəhadətnamə yazılması imkan xaricindədir. xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 051293-75 saylı məktubdan görünür ki, ölümü təsdiq edən sənədin olmamasına görə ərizənin təmin edilməsinin mümkün olmadığı bildirilmiş, ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Şamaxı rayonu Şəhriyar bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 33 saylı arayışdan görünür ki, mərhum X5 2013-cü ildə Şamaxı rayonunun Şəhriyaar qəsəbəsində yerləşən “Yeddi günbəz” adlanan məzarlıqda dəfn olunub və hal-hazırda məzarı mövcuddur. Beləliklə, məhkəmədə ərizəçinin nümayəndəsinin izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin atası X5 09 noyabr 2013-cü il tarixdə Bakı şəhərində (ev şəraitində) vəfat etmiş və Şamaxı rayon Şəhriyar qəsəbəsində “Yeddi günbəz” adlanan qəbirstanlıqda dəfn edilmiş, lakin ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi atasının ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir. MPM-in 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr, ilk növbədə, nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və ərizəçinin atası X1 09 noyabr 2013-cü il tarixdə Bakı şəhərində (ev şəraitində) vəfat etməsi faktı müəyyən edilməli, ödənilmiş dövlət rüsumu isə ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1932-ci ildə Cəlilabad rayonunda doğulmuş, ünvan 3 ünvanında qeydiyyatda olmuş X1 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-3670/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3670/2022
18.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver