Məhkəmə qərarları › İş №2(006)-3790/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3790/2024

11.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3790/2024 11.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. 2.Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin anası X9 30 yanvar 1998-ci ildə vəfat etmişdir. Ölümündən qabaq vəziyyəti pisləşdiyi zaman onlar X13a zəng etdilər. Zənglə əlaqədar Təcili yardım gəldi, anasının ölüm faktını təsdiq edən kağız verdi. Lakin onlar öz səhlənkarlıqları üzündən başları yas mərasiminə qarışdığı üçün, anasının ölümü ilə əlaqədar ölüm şəhadətnaməsi almaq üçün Qeydiyyat İdarəsinə müraciət etmədilər və sonra bu işlə məşğul olmadılar. Hal-hazırda onlara anasının vəfatı haqqında ölüm şəhadətnaməsi lazımdır. Bununla əlaqədar onlar Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» Publik hüquqi şəxs «Respublika Təcili və X3 Mərkəzi» Publik hüquqi şəxsə müraciət etdilər. 18 aprel 2024-cü il tarixli 18-1-88/2-541/2024 saylı məktubla onlara cavab gəldi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 dekabr 2016-cı il tarixli 100 saylı əmrinə əsasən çağırış vərəqələri (A/.S 110 Q) üçün saxlama müddəti 1 (bir) il müəyyənləşdirildiyi üçün vaxtaşırı həmin sənədlər aktlaşdırılıb silinir. Bu səbəbdən xx.xx.1932-ci il təvəllüdlü X2 adına xx.xx.1998-ci il tarixində Bakı şəhəri, Təcili X3 Stansiyasına çağırış daxil olması barədə verə bilmirlər. Onlar göstərilən məktubla Nəsimi rayon Qeydiyyat şöbəsinə müraciət etdilər. Nəsimi rayon Qeydiyyat şöbəsindən 11 aprel 2024-cü il tarixli 3-16-5/8-13- 609/2024 saylı məktub aldı. Məktubda göstərilib: «Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət Qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Odur ki, ərizəçi məhkəməyə müraciət edib, anasının ölüm faktını müəyyən edilməsini istəyir ki, onun ölüm şəhadətnaməsini alsın. Anasının ölüm faktını şahidlər X5, X1 təsdiq edə bilərlər. Bundan əlavə, ərizəyə Pirşağı kənd qəbirstanlığında yerləşən anasının qəbrinin foto-şəklini əlavə etmişdir. Göstərilənlərə əsasən, X6 30 yanvar 1998-ci ildə öldüyü faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, anası X9 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. Onlar anası vəfat edərkən X13 çağırdılar. Onlar anasının ölümü ilə bağlı onlara bu faktı təsdiq edən kağız verdilər. Lakin bundan sonra onların başı yas mərasiminə və digər işlərə qarışdığından anasının ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün qeydiyyat şöbəsinə müraciət etmədilər. Daha sonra onlar bununla bağlı TƏBİB-in “Respublika Təcili və X3 Mərkəzi” PHŞ-nə müraciət etsələr də, müraciətin təmin olunmasının mümkün olmaması ona bildirildi. Daha sonra isə Maraqlı şəxsnə müraciət etdikdə müraciətin təmin olunmasının mümkün olmaması, aiddiyyatı üzrə məhkəməyə müraciət edilməyinin məqsədəmüvafiq olması onlara bildirildi. Nəticədə, onlar məcbur qalıb məhkəməyə müraciət etdilər. Odur ki, qeyd edilənləri nəzərə alaraq ərizənin təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. 4.Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində bildirmişdir ki, hazırki mülki iş üzrə ərizəçi onun həyat yoldaşı, vəfat edən şəxs isə qayınanası olmuşdur. Qayınanası 1998-ci ildə vəfat etmişdir. O, ürəktutmasından vəfat etmişdir. Dəfnində və yas mərasimində iştirak etmişdir. 5.İş üzrə Maraqlı şəxs məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının iştirak edə bilməyəcəyini qeyd edərək, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə hazırki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 7.Beləliklə, məhkəmədə ərizəçinin izahatından, şahid ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin anası X9 30 dekabr 1998-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, lakin ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. b) Mülki işin materialları: 10.Mülki işin materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 18-1-88/2-541/2024 saylı cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 dekabr 2016-cı il tarixli 100 saylı əmrinə əsasən çağırış vərəqələri üçün saxlama müddəti 1 il müəyyənləşdirildiyi üçün vaxtaşırı həmin sənədlər aktlaşdırılıb silinir. Bu səbəbdən xx.xx.1932-ci il təvəllüdlü X2 adına xx.xx.1998-ci il tarixində Bakı şəhər Təcili və X3 Stansiyasına çağırış daxil olması barədə məlumat verə bilmirlər. 11.Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2024cü il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən ölümün qeydə alınması üçün zəruri olan sənədi təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 12.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 13.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 14.Göründüyü kimi ərizəçi anasının ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir. 15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 16.Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. 17.Həmin Qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. 18.Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 19.Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi anası xx.xx.1932-ci il təvəllüdlü X6 xx.xx.1998-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. 20.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 21.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 22.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 23.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 24.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 25.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 26.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1932-ci il təvəllüdlü X6 xx.xx.1998-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar