Məhkəmə qərarları › İş №2(006)-3804/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3804/2022

07.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3804/2022 07.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, mərhum xx.xx.1960cı il tarixdə Gəncə şəhərində doğulan Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 38-40, mənzil 16-da qeydiyyatda olan atası X1 xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1960-cı il tarixdə Gəncə şəhərində doğulan Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 38-40, mənzil 16-da qeydiyyatda olan atası X4 xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhərində təcili yardım gəlib çatana kimi rəhmətə getmişdir və bununla bağlım Sumqayıt şəhər Xəstəxanası Təcili və X2 Stansiyası tərəfindən xəbərdarlıq vərəqəsi də verilmişdir. Başları yas mərasiminə qarışdığından atasının ölüm haqqında şəhadətnaməsini vaxtında götürə bilməmişlər. Atası rəhmətə getdikdən sonra onlar mərhumu Corat qəbirstanlığında dəfn etmişlər. Son vaxtlar isə ərizəçi bəzi işlərlə bağlı sənədləşmə aparmaq istədikdə ondan atası barədə hər hansı sənəd istəyirlər. Ərizəçi 1 saylı şəhər Poliklinikasına 106 saylı Forma arayış almaq üçün müraciət etdikdə ona bildirdilə ki, uzun müddət poliklinikaya anası ilə bağlı müraicət olunmadığı üçün 106 saylı Formanın verilməsinin mümkün olmadığını və ona bu barədə məhkəməyə müraciət etməyi bildirdilər. Ərizəçi isə bununla bağlı ölüm haqqında şəhadətnamə almaq üçün Nəsimi rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, onun əlində əsaslı sənədlər olmadığı üçün ona imtina edilmiş və bildirmişlər ki, xx.xx.1960-cı il tarixdə Gəncə şəhərində doğulan Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 38-40, mənzil 16-da qeydiyyatda olan atası X1 ölümü haqqında hər hansı məlumat aşkar edilməmişdir. Bir sözlə ölüm haqqında şəhadətnamə ona bir çox sənədləşmə işlərində lazım olur. Atasının ölüm faktını şahidlər də təsdiq edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, xx.xx.2022-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsilə yazılı ərizə ünvanlayaraq məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, o, Sumqayıt şəhərində yaşayır. Ölən şəxs mərhum X4 onun yoldaşının qardaşıdır. Coratda dəfn olunub. Mərhum onun evində rəhmətə gedib. Özü xəstə idi. Vəziyyəti yaxşı deyildi. Narkoman idi və xəstəliyi isə ürək çatışmazlığı olmuşdur. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını və şahidin ifadəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhəri Corat Bələdiyyəsi tərəfindən verilən 19 iyul 2022-ci il tarixli Arayışdan görünür ki, ərizəçi X3 atası xx.xx.1960-cı il təvəllüdlü X4 xx.xx.2018-ci il tarixində vəfat etmiş və həmin tarixdə Corat Qəbirstanlığında bastırılmışdır. İş materiallarında olan AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 “Bakı Şəhər Baş Səhiyyə və Mərkəzi” X10 1№-li Şəhər Poliklinikasından verilən 20 iyul 2022-ci il tarixli, 181№-li məktubdan görünür ki, Mərdanov Qardaşları küçəsi, ev 38/40, mənzil 16 ünvanında qeydiyyatda olan X1 1 nömrəli şəhər poliklinikasında ambulator kartası və hər hansı xəstəliyi ilə əlaqədar məlumatları olmadığına görə ölüm haqqında 106 saylı arayış verilməmişdir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilən 15 iyul 2022-ci il tarixli, 05/Q-1117/75 №-li Ərizəçi ünvanlanmış məktubdan görünür ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınmasının mümkün olmadığı bildirilmişdir. İş materiallarında olan Sumqayıt şəhər X6 və X2 Stansiyası tərəfindən verilən 1949№-li, 29 oktyabr 2018-ci il tarixli Arayışdan görünür ki, xx.xx.2018-ci il tarixdə saat 1017-də 1960-cı il təvəllüdlü X4 adına 3 nömrəli çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda xəstə ağır vəziyyətdə idi. Xəstəyə lazımi tibbi yardım göstərilmişdir. xx.xx.2018-ci il tarixdə saat 0703-də həmin ünvana təkrar 77 nömrəli çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda 1960-cı il təvəllüdlü X1 meyiti aşkar edilmişdir. Müayinə zamanı meyit üzərində gözlə görünən zədə və zorakılıq əlamətləri aşkar edilməmişdir. Beləliklə, məhkəmədə ərizəçinin izahatından, şahidin ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin atası X4 29 oktyabr 2018-ci il tarixdə Sumqayıt şəhərində (ev şəraitində) vəfat etmiş və Corat qəbirstanlığında dəfn edilmiş, lakin ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi atasının ölümü haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi atası X1 29 oktyabr 2018-ci il tarixdə Sumqayıt şəhərində (ev şəraitində) vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1960-cı il təvəllüdlü X1 xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. X1 vəfat etməsi faktının müəyyən edilməsi “ölüm haqqında şəhadətnamə”nin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar