Məhkəmə qərarları › İş №2(006)-3830/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3830/2021

15.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3830/2021 15.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Ərizəçi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 28 avqust 1986-cı ildə Bakı şəhərində anadan olmuş Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr, 20 Yanvar küçəsi, 30 saylı evin 53-cü mənzilində yaşamış X2 05 yanvar 2021-ci il tarixdə vəfat etməsinin hüquqi fakt kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum oğlu X4 28 avqust 1986-cı ildə Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanda onunla birlikdə yaşamışdır. Oğlu X4 heç vaxt evlənməmişdir. Oğlu X4 05 yanvar 2021-ci il tarixdə yaşadıqları mənzildə öz əcəli ilə vəfat etmişdir. Bakı şəhəri Təcili və X3 Stansiyasına 05.01.2021-ci il tarixdə çağırış etmiş və 5 saylı bölmənin həkimi gələrək həqiqətən oğlunun həkimə qədər öldüyünü və meyidin aşkar edildiyini 06.01.2021-ci il tarixli arayışla təsdiq etmişdir. Ruslanın dəfn mərasimi və yas mərasimi pasport qeydiyyatında olmaqla yaşadıqları Bakı şəhəri, 5-ci mikrorayon, 20 Yanvar küçəsi 30 saylı evin 53-cü mənzilində keçirilmişdir. Oğlu 06.01.2021-ci il tarixdə Bakı şəhərində, Dədə Qorqud qəbirstanlığında dəfn edilmişdir. Oğlu X2 evdə vəfat etməsini bir çox qohumlar və qonşular təsdiq edə bilərlər. O, oğlu X2 ölümünün qeydə alınması barədə Maraqlı şəxsnə müraciət etmişdir. Lakin 08.01.2021-ci il tarixli məktubla bundan imtina edilmiş və ona bildirilmişdir ki, ölüm haqqında həkim şəhadətnaməsi olmadığına görə ölum faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Ölüm faktının müəyyən edilməsi ona oğlu X2 yaşadığı mənzildən qeydiyyatdan çıxarılması üçün lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəçinin sözlərini təsdiq edərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəməyə məktub ünvanlayaraq ərizəyə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, nümayəndənin məhkəmə iclasına gələ bilməməsinin üzürlü səbəbi kimi iş həcminin çox olması göstərilmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin, onun nümayəndəsi və vəkilinin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X5 məhkəmə iclasında veridiyi ifadəsində bildirdi ki, o, ərizəçinin anası, mərhumun isə nənəsidir. Mərhum nəvəsi X4 05 yanvar 2021-ci il tarixdə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr, 20 Yanvar küçəsi, 30 saylı evin 53 saylı mənzilində vəfat etmişdir. Nəvəsi spirtli içkilərdən çox istifadə edirdi. Hadisə baş verən gün qızı yaşadıqları evə getmiş, lakin uzun müddət qapının zəngini çalmasına baxmayaraq, cavab verən və qapını açan olmamışdır. Qızı Janna bu barədə ona məlumat vermiş və o, narahat olduğu üçün həmin ünvana getmişdir. Bir müddət səslənməsinə baxmayaraq, hər hansı bir cavab ala bilməmiş və bu səbəbdən polis çağırmaq məcburiyyətində qalmışlar. Daha sonra həmin mənzilin qapısını sındırmışlar və içəri daxil olduqda, nəvəsinin oturaq vəziyyətdə tapmışlar. Ona yaxınlaşmaq istədikdə isə, nəvəsinin artıq öldüyünü anlamışlar. X7 qəbirstanlığında dəfn etmişlər. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin oğludur. Bakı şəhəri Təcili və X3 Stansiyası 5 saylı bölmənin 06 yanvar 2021-ci il tarixli, 179 saylı arayışından görünür ki, 05.01.2021-ci il tarixdə, saat 18:21 radələrində ünvan 3 ünvanından X2 adına çağırış verilmişdir. Həkim tərəfindən kişi cinsli meyit aşkar edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin 06 yanvar 2021-ci il tarixli, 083-1967-1221 saylı arayışından görünür ki, 28.08.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mik, 20 Yanvar küçəsi, ev 30, mənzil 53-də qeydiyyatda olmaqla yaşayan X4 05 yanvar 2021-ci il tarixdə yaşadığı mənzildə öz əcəli ilə vəfat etmişdir. Bakı şəhəri Maraqlı şəxs 08.01.2021-ci il tarixli 05/Q-31/75 saylı məktubundan görünür ki, ərizəçiyə ölüm haqqında həkim şəhadətnaməsi təqdim etmədiyinə görə mərhumənin adına tərtib edilməli olan ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş, qeyd olunan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin 05 fevral 2021-ci il tarixli, 33 saylı arayışından görünür ki, X4 06.01.2021-ci il tarixində Dədə Qorqud qəbirstanlığında yer ayrılaraq dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, ərizəçi Rodina X1 Ruslan Anatolyeviçin ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, 28.08.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 3 ünvanında qeydiyyatda olmuş X4 05 yanvar 2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 28.08.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 3 ünvanında qeydiyyatda olmuş X4 05 yanvar 2021-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar