Məhkəmə qərarları › İş №2(006)-3872/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3872/2024

22.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3872/2024 22.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, Həziyev Emin Eldəniz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi 6 saylı Bakı «ASAN» xidmət mərkəzində qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi “ölüm akt qeydinin bərpa edilməsi” barədə ərizəsinə əsasən mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələb: Ərizəçi 6 saylı Bakı «ASAN» xidmət mərkəzində qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “ölüm akt qeydinin bərpa edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X1 xx.xx.1963-cü il tarixdə Ermənistan Respublikası Zəngibasar rayonunun Sarvanlar kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X6 xx.xx.2024-cü ildə Bakı şəhərində vəfat etmişdir. Atasından miras qalmış Bakı şəhəri Nəsimi rayonunda yerləşən mənzili vərəsəlik qaydasında adına rəsmiləşdirmək üçün notariat kontoruna müraciət edildikdə onlardan X1 ölüm haqqında şəhadətnaməsi tələb edilmişdir. 1988-ci ildə deportasiya zamanı babasının ölüm haqqında şəhadətnaməsini gətirə bilməmişlər. Babası xx.xx.1963-cü il tarixdə Ermənistan Respublikası Zəngibasar rayonunun Sarvanlar kəndində vəfat etmişdir. Babasının ölüm akt qeydinin bərpa edilməsi barədə 6 saylı Bakı «ASAN» xidmət mərkəzində qeydiyyat şöbəsinə müraciət etsə, müraciəti təmin edilməmişdir. 6 saylı Bakı «ASAN» xidmət mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunda ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. X1 məhkəmə qaydasında ölüm akt qeydinin bərpası ona X6ndan miras qalmış evi adına rəsmiləşdirməsi üçün lazımdır. Tərəflərin iştirakı və izahatı: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs 6 saylı Bakı «ASAN» xidmət mərkəzində qeydiyyat şöbəsi məhkəməyə ərizə ünvanlayaraq mülki iş üzrə keçiriləcək məhkəmə baxışı iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində göstərmişdir ki, Ərizəçi – nəvəsi, mərhum Füzuli Əliyev – oğlu və Adil Əliyev isə – mərhum əridir. Adil Əliyev ilə o, 16-17 yaşı olarkən faktiki nikaha daxil olmuşdur. Lakin nikahları daha gec qeydiyyata alınmışdır. Adil Əliyev avqust ayında, o, sonuncu övladına hamilə olarkən vəfat etmişdir. Yoldaşının vəfatından 5-6 ay sonra, 1964-cü ildə övladı dünyaya gəlmişdir. İş materialları: İİ-ЗЖ seriyalı, 119856 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, 1931-ci il təvəllüdlüX19 və 1940-cı il təvəllüdlü X3 arasında xx.xx.1962-ci il tarixdə bağlanmış nikah 62 nömrə ilə qeydiyyata alınmışdır. İ-ЖЗ seriyalı, 650758 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. X8, anası X2r. İ-ЖЗ seriyalı, 509282 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. X8, anası X2r. Sabirabad RPŞ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZE seriyalı, № 09026776 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X15 xx.xx.1962-ci ildə Ermənistan, Masis rayonunda anadan olmuşdur. İ-ЖЗ seriyalı, 691892 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.1964-cü il tarixdə anadan olmuşdur. X8, anası X2r. ASAN-1 tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZE seriyalı, № 15724409 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1962-ci ildə Ermənistan, Masis rayonunda anadan olmuşdur. İİ-СЛ seriyalı, 260652 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X17 və X7 arasında xx.xx.1980-cı il tarixdə bağlanmış nikah 10 nömrə ilə qeydiyyata alınmışdır. V-СЛ seriyalı, 330189 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. X6, anası X5r. AZ-İİ seriyalı, 414279 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X17 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. 6 saylı Bakı «ASAN» xidmət mərkəzində qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/7-Ə-7xx-xx/2024 nömrəli məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-cü bəndinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Həmin Müddəaların 14-cü bəndinə əsasən itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Hazırkı halda ölüm akt qeydinin həqiqətən olduğunu təsdiq edən müvafiq sənədlər təqdim olunmadığı üçün müraciətin icrasından imtina edilərək ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. **********79 saylı qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmənin mövqeyi: Ərizəçi məhkəmə iclasındakı izahatından, dindirilmiş şahidin ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin babası X19 xx.xx.1963-cü il tarixdə Zəngibasar rayonu Sarvanlar kəndində vəfat etmiş, orada dəfn edilmişdir. Lakin ərizəçinin ailəsi 1988-ci ildə Ermənistandan deportasiya olunmuş, ona görə ərizəçinin babasının ölüm akt qeydinin bərpası mümkün olmamışdır. Ərizəçi babasının ölümünün qeyd edilməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, 1931-ci il təvəllüdlü X12 xx.xx.1963-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi üçün kifayət qədər əsaslar vardır. Odur ki, ərizə təmin edilməli və Ərizəçi babası 1931-ci il təvəllüdlü X12 xx.xx.1963-cü il tarixdə Zəngibasar rayonu Sarvanlar kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1931-ci il təvəllüdlü X12 xx.xx.1963-cü il tarixdə Zəngibasar rayonu Sarvanlar kəndində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar