Məhkəmə qərarları › İş №2(006)-3876/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3876/2025

16.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3876/2025 16.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişinin təsdiq edilməsi”nə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişinin təsdiq edilməsi”nə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/9/2024-01287 nömrəli barışıq sazişinin məcburi icrası üçün xx.xx.2024-cü il tarixli, MŞB/9/2024-01287 nömrəli barışıq sazişinin təsdiq edilməsi, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun Maraqlı şəxs tutularaq Ərizəçi MMC-yə ödənilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə onunla əsaslandırılmışdır ki, Ərizəçi MMC (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında xx.xx.2024-cü il tarixli, MŞB/9/2024-01287 nömrəli barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinə əsasən, Maraqlı şəxs tərəfindən şirkətə 5.300 manat vurulmuş ziyana görə Tərəflər razılaşırlar ki, ikinci tərəf xx.xx.2024-cü il tarixdən etibarən on səkkiz ay ərzində xx.xx.2026-cı ilədək hər ayın 5-dən gec olmayaraq aylıq 295 manat olmaqla hər ay hissə-hissə borcunu ödəyəcək. İkinci tərəf hər hansı ayın ödənişini ödəməzsə və ya gecikdirərsə, birinci tərəf dərhal məhkəməyə müraciət edərək ikinci tərəfin borcunu tam şəkildə ödəməyini tələb edəcək. Eyni zamanda sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar tərəflər üçün yalnız sazişin şərtləri etibarlı olur. Sazişin imzalanması sadəcə bu sazişlə əhatə olunan məsələlərə aiddir və tərəflər arasında digər irad və tələblərə aid edilmir. Bu sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırki mübahisə ilə əlaqədar birbirini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/9/2024-01287 nömrəli barışıq sazişi Maraqlı şəxs tərəfindən icra edilmir. Tərəflərin iştirakı və izahatları: Ərizəçi MMC “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə xx.xx.2025-ci il tarixində məlumat ünvanlayaraq, məhkəmə iclası iştirakı olmadan keçirilməsini və ərizənin təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə göstərilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: Bakı 9 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/9/2024- 01287 nömrəli barışıq sazişinə əsasən, ikinci tərəf vurulmuş 5.300 manat ziyana görə Tərəflər razılaşırlar ki, ikinci tərəf xx.xx.2024-cü il tarixdən etibarən on səkkiz ay ərzində xx.xx.2026-cı ilədək hər ayın 5-dən gec olmayaraq aylıq 295 (iki yüz doxsan beş) manat olmaqla hər ay hissə-hissə borcunu ödəyəcək. xx.xx.2025-ci il tarixli, **********79 saylı mədaxil qəbzinin surətindən görünür ki, Ərizəçi MMC Nəsimi Rayon Məhkəməsinə ərizə təqdim etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1 barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmənin mövqeyi: Barışıq sazişinin şərtlərindən göründüyü kimi, həmin sazişin təsdiq edilməsinə maneə yaradan (MPM-nin 355-26-cı maddəsində sadalanmış) hallar yoxdur. Belə olan təqdirdə ərizəçinin hüquqları bərpa edilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi MMC-nin Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişinin təsdiq edilməsi”nə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilməli, Ərizəçi MMC ilə Maraqlı şəxs arasında bağlanmış Bakı 9 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişi təsdiq olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-25.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi MMC-nin Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişinin təsdiq edilməsi”nə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilsin. Ərizəçi MMC ilə Maraqlı şəxs arasında Bakı 9 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişinin məcburi icrası tələb olunan 1-ci bəndi - “Tərəflər razılaşırlar ki, ikinci tərəf xx.xx.2024-cü il tarixdən etibarən 18 (on səkkiz) ay ərzində xx.xx.2026-cı ilədək hər ayın 5-dən gec olmayaraq aylıq 295 (iki yüz doxsan beş) manat olmaqla hər ay hissə-hissə ödəyəcək.” şərti və digər şərtlərlə təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar