Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-391/2021 15.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Bakı şəhəri 14 X7, X6 Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və Suraxanı rayon İcra və probasiya şöbəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh qarşı "kredit və ipoteka müqavilələri üzrə öhdəliklərin xitam olunması və s." tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında imzalanmış xx xxxxxx 2018ci il tarixli, 3M-1397 reyestr nömrəli kredit müqaviləsi və xx xxxxxx 2018-ci il tarixli, reyestr nömrəsi 3M-1398 olan ipoteka müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi, İddiaçı məxsus Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsi, 6-cı döngə, ev 15C ünvanında yerləşən evin ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, 2018-ci ilin noyabr ayında iddiaçının oğlu Aydın Əhmədov iddiaçıya zəng edərək 14 saylı notariat kontoruna gəlməyini xahiş etmişdir. İddiaçı və onun digər oğlu qeyd olunun notariat kontoruna getmişdilər. X11 işi ilə əlaqədar təcili 680.000 manat pul lazım olduğunu və həmin məbləğin müqabilində əmlak qoyulmasını xahiş etmişdir. xx xxxxxx 2018-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında 230.000 manat pulun borca verilməsi ilə bağlı reyestr nömrəsi 3M-1397 olan kredit müqaviləsi və həmin kredit müqaviləsinin təminatı kimi xx xxxxxx 2018-ci il tarixli, 3M-1398 reyestr nömrəli ipoteka müqaviləsinə əsasən Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsi, 6-cı döngə, ev 15C ünvanında yerləşən, ümumi sahəsi 327,5 kv.m olan evi ipoteka ilə yüklü etmişdir. Bundan sonra iddiaçının oğlu Aydın Əhmədov tərəfindən xx xxxxxx 2018-ci il tarixli 3M-1397 reyestr nömrəli kredit müqaviləsi üzrə ödənilməli olan məbləğ 140.000 ABŞ dolları olmaqla, onun 120.000 ABŞ dolları Arif Kiçikbəyov, 20.000 ABŞ dolları isə oğlu Elman Əhmədov vasitəsilə Cavabdeh ödənilmişdir. Bu fakt Bakı şəhəri, BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis kapitanı X5 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərarı ilə də sübut olunur. Həmçinin whatsapp danışmalarında da cavabdeh ona 140.000 ABŞ dolları məbləğində pulun verilməsini etiraf edir. Göründüyü kimi xx xxxxxx 2018-ci il tarixli, 3M- 1397 reyestr nömrəli kredit müqaviləsi üzrə öhdəliklər iddiaçı tərəfindən icra olunmuşdur. Belə olan halda xx xxxxxx 2018-ci il tarixli, 3M-1397 reyestr nömrəli kredit və xx xxxxxx 2018-ci il tarixli, 3M-1398 reyestr nömrəli ipoteka müqavilələri üzrə öhdəliyə xitam verilməli və İddiaçı məxsus Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsi, 6-cı döngə, ev 15C ünvanında yerləşən ev ipoteka yüklülüyündən azad olunmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, onlar 674.000 manat borca görə 3 əmlak girov qoymuşlar. 140.000 ABŞ dolları ödədikləri üçün həmin əmlaklardan birinin, yəni Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsi, 6-cı döngə, ev 15C ünvanında yerləşən evin ipoteka yüklülüyündən azad edilməsini xahiş edirlər. Cavabdeh polis araşdırma apararkən ifadəsində etiraf edir ki, 140.000 ABŞ dolları qaytarılıb. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X4 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı tərəf pulun qaytarılması ilə bağlı heç bir sübut təqdim etməmişdir. Polisin qərarına istinad edirlər. Qərarda pulun qaytarılması ilə bağlı heç bir etirafedici ifadə yoxdur. İddiaçı tərəf sübut kimi Arif Kiçikbəyov vasitəsilə 120.000 ABŞ dollarının cavabdehə göndərilməsini bildirir. Deyirlər ki, Musanın kim olması barədə məlumat yoxdur. X10 adlı şəxs varsa, niyə şahid kimi dindirilməmişdir. Bu məsələlərlə bağlı məhkəmə qətnamələri var, evlə bağlı hərrac da bitmişdir. Sadəcə məhkəmə mübahisəsi var deyə bu şəkildə qalmışdır. Pulun ödənilməsinə dair heç bir sənəd təqdim edilməmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh (borc verən) ilə İddiaçı (borc alan) arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, borc verən 230000 manat məbləğində pulu borc alana verməyi, borc alan isə krediti xx.xx.2018-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. (Reyestrdə 3M-1397 № ilə qeyd edilib). İş materiallarında olan Cavabdeh (ipoteka saxlayan) ilə İddiaçı (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 327.5 kv.m olan fərdi yaşayış evi xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasınının təminatı kimi Cavabdeh ipoteka kimi təqdim edilmişdir. İpoteka predmeti 500000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, İddiaçı girov müqaviləsi əsasında iki evini və bir torpaq sahəsini girov qoymaqla Cavabdeh borc pul götürməsi və götürdüyü pulu qaytara bilmədiyindən mülklərinin girovda qalması ilə bağlı toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı ( borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 294.1-ci maddəsinə əsasən girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir. Həmin Məcəllənin 307.6-cı maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Qeyd olunan Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılmış hallarından görünür ki, tərəflər arasında kredit müqavilələri və həmin müqavilələrin təminatı olaraq ipoteka müqavilələri bağlanmışdır. İddiaçı xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə borcu ödədiyini əsas gətirərək, cavabdeh ilə aralarında bağlanmış xx xxxxxx 2018-ci il tarixli kredit və ipoteka müqavilələrinə xitam verilməsini xahiş etsə də, məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, öhdəlik institutunun tələblərinə görə müqavilənin hər iki tərəfi öz üzərinə düşən öhdəliklərini tam şəkildə vicdanla yerinə yetirməlidir. Hal-hazırda isə iddiaçının cavabdeh qarşısında öz üzərinə götürmüş olduğu öhdəliyi tam yerinə yetirdiyini təsdiq edə biləcək hər hansı bir hala rast gəlinmir. İddiaçı tələbinin əsası kimi cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarda Cavabdeh verdiyi izahata istinad edərək, onun borcun ödənildiyini etiraf etdiyini bildirir. Lakin qeyd edilən qərarda cavabdehin xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə borcun ödənildiyini təsdiq edən dair hər hansı ifadəsi müəyyən edilməmişdir. Beləliklə, iddiaçının sübut kimi məhkəməyə təqdim etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarda onun dedikləri öz təsdiqini tapmamışdır. Həmçinin iddiaçının iş materiallarına əlavə etdiyi sosial şəbəkə çıxarışlarinı məhkəmə mötəbər sübut kimi qəbul etmir. Eyni zamanda məhkəmə qeyd edir ki, həmin yazışmaların sübut kimi qiymətləndirildiyi halda belə, yazışmalarda iddia tələbində qeyd olunan hallar təsdiq edilmir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə borcun qaytarılması üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbinin əsası kimi irəli sürdüyü hallar məhkəmə araşdırılması zamanı sübuta yetirilməmiş, iddiaçı tələbini yalnız iddia ərizəsində göstərdikləri ilə əsaslandırmaqla kifayətlənmiş və tələbini təsdiq edən hər hansı əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Bakı şəhəri 14 X7, X6 Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və Suraxanı rayon İcra və probasiya şöbəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh qarşı "kredit və ipoteka müqavilələri üzrə öhdəliklərin xitam olunması və s." tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Bakı şəhəri 14 X7, X6 Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və Suraxanı rayon İcra və probasiya şöbəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh qarşı "kredit və ipoteka müqavilələri üzrə öhdəliklərin xitam olunması və s." tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-391/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-391/2021
15.03.2021 · Müqavilələrin ləğv edilməsi - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver