Məhkəmə qərarları › İş №2(006)-3970/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3970/2024

18.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3970/2024 18.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. 2.Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi qardaşı olmuş X5 xx.xx.1972-ci ildə Bakı şəhərində dünyaya gəlmişdir. Həmin dövrdə ərizəçinin valideynləri Nəsimi rayonu ərazisində kirayə mənzildə yaşamışlar. Ərizəçinin mərhum qardaşı Etibar Balayev 3 ay yarımlıq olan vaxt ərizəçinin valideynləri ailəvi olaraq Ağcabədi rayonuna toya getmişlər. Həmin gecə uşağın səhhəti pisləşmiş, dayanmadan ağlamış və qohumların gözü önündə uşaq anidən keçinmişdir. Ağcabədi RİHB-nm İmamqulubəy kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilən arayışdan da görünür ki, X4 xx.xx.1972-ci ildə Ağcabədi rayon İmamqulubəyli kənd qəbristanlığında dəfn etmişlər. Həmçinin bildirilir ki, X3 indiyə kimi təhsil ocaqlarında təhsil alıb-almaması, hərbi xidmətə gedib-getməməsi, poliklinikada qeydiyyatda olub-olmaması barədə vəkil sorğuları göndərmişlər. Həmin sorğuların verilməsində məqsəd o olmuşdur ki, əgər X5 indiyə kimi həyatda olsaydı, orta məktəbdə təhsil almış və hərbi xidmətə getmiş olardı. Lakin verilmiş vəkil sorğularına cavab hələ ki, daxil olmamışdır. O cümlədən mərhum X3 ölməsinə dair “ölüm haqqında tibbi şəhadətnamə alınması üçün” valideynlərinin yaşadıqları ərazi üzrə həm 1 nömrəli Uşaq poliklinikasına, həm də 5 saylı Şəhər Poliklinikasına müraciət olunsa da, 1 nömrəli Uşaq poliklinikası tərəfindən verilmiş 23 iyul 2024-cü il tarixli məktubla şəhadətnamənin verilməsindən imtina edilmiş, 5 nömrəli şəhər poliklinikasından isə cavab daxil olmamışdır. Həmçinin, mərhum X3 ölməsinə dair “ölüm haqqında şəhadətnamə alınması üçün” Qeydiyyat şöbəsinə müraciət olunsa da, 4 saylı Bakı “ASAN Xidmət” mərkəzinin xx.xx.2024-cü il tarixli məktubu ilə şəhadətnamənin verilməsindən imtina edilərək, məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. O cümlədən, Nəsimim Rayon Qeydiyyat Şöbəsinin də 11.07.204-cü il tarixli məktubu ilə də imtina edilmişdir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Çünki ərizəçinin atası Valeh Balayev vəfat etmiş və vərəsəlik işi açılmışdır. Lakin mərhum Etibar Balayevin ölüm haqqında şəhadətnaməsi olmadığından vərəslik işi açıq qalmışdır. Göründüyü kimi Etibar Balayevin ölməsi faktinin müəyyən edilməsi ərizəçiyə vərəslik hüquq münasibətlərinin nizama salınması üçün lazımdır. Göstərilənlərə əsasən, xx.xx.1972-ci il təvəllüdlü X3 xx.xx.1972-ci il tarixdə Ağcabədi rayonu, İmamqulubəyli kəndində vəfat etməsi faktının müəyyən edilməsi və X3 ölüm haqqında şəhadətnaməsinin verilməsi öhdəliyinin Nəsimi rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. 3.Daha sonra ərizəçinin nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, xx.xx.1972-ci il təvəllüdlü X3 xx.xx.1972-ci il tarixdə Ağcabədi rayonu, İmamqulubəyli kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək bildirmişdir ki, ərizəçinin qardaşı olmuş X5 xx.xx.1972-ci il tarixdə Bakı şəhərində dünyaya gəlmişdir. O, 3 aylıq olarkən ailəsi onu da götürərək Ağcabədi rayona toya getmişlər. Həmin gecə uşağın səhhəti pisləşmiş və anidən vəfat etmişir. Daha sonra o, ailəsi tərəfindən xx.xx.1972-ci il tarixdə Ağcabədi rayonu, İmamqulubəyli kənd qəbristanlığına dəfn edilmişdir. Həmin vaxt mərhumun öülm faktı ilə bağlı şəhadətnamə alınmamış, bir müddət öncə bununla bağlı ərizəçi tərəfindən ərazi üzrə həm 1 nömrəli Uşaq poliklinikasına, həm də 5 saylı Şəhər Poliklinikasına müraciət edilmiş, 1 nömrəli Uşaq poliklinikasından verilmiş xx.xx.2024-cü il tarixli cavaba əsasən bundan imtina edilmişdir. Həmçinin, bununla bağlı qeydiyyat şöbəsinə də müraciət olunsa da, 4 saylı Bakı “Asan xidmət” mərkəzinin xx.xx.2024-cü il tarixli şəhadətnamənin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət ediməsi tövsiyə olunmuşdur. Odur ki, tərəflərindən bununla bağlı məhkəməyə müraciət olunmuşdur. Göstərilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 5.Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 6.Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində bildirmişdir ki, ərizəçi və vəfat etmiş uşaq onun övladlarıdır. İlk övladı olan oğlu X5 1972-ci ilin noyabr ayının 6-da Ağcabədi rayonu, İmamqulubəyli kəndində vəfat etmişdir. Onlar həmin vaxt oraya qohumların toyu üçün getmişdilər. Həmin günün axşamı övladının halı birdən-birə pisləşmiş, qızdırma, halsızlıq kimi narahatlıqları yaranmışdı. Həmin gecə durmadan ağlamış və səhərə yaxın halı daha da pisləşdiyi üçün Füzuli rayonuna həkim yanına aparmaq istədilər. Lakin onu həkimə çatdırmaq mümkün olmamış, yolda vəfat etmişdir. Daha sonra onlar onu Ağcabədi rayonu, İmamqulubəyli kənd qəbristanlığında dəfn etmişlər. Həmin vaxt ona ölüm haqqında şəhadətnamə almaq lazım olduğunu bilməmişlər. Hazırda həyat yodaşı vəfat etmişdir. O, mülkiyyətinə keçmiş mənzili oğlu Ərizəçi bağışlamaq istəyir. Həmin şəhadətnamənin olmaması buna əngəl törədir. 7.Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirmişdir ki, ərizəçi və mərhum onun baldızının övladlarıdır. Baldızının ilk övladı olan oğlu X5 1972-ci ilin noyabr ayının 6-da Ağcabədi rayonu, İmamqulubəyli kəndində vəfat etmişdir. Onlar həmin vaxt oraya qohumların toyu üçün getmişdilər. Həmin günün uşağın vəziyyəti birdən-birə pisləşmiş, qızdırma, halsızlıq kimi narahatlıqları yaranmışdır. Həmin gecə durmadan ağlamış və səhərə yaxın halı daha da pisləşdiyi üçün Füzuli rayonuna aparılmışdır. Lakin qısa müddət sonra onlar geri qayıtmış və bu zaman onlara məlum olmuşdur ki, uşaq vəfat etmişdir. Daha sonra o, Ağcabədi rayonu, İmamqulubəyli kənd qəbristanlığında dəfn edilmişdir. 8.İş üzrə Maraqlı şəxs məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının iştirak edə bilməyəcəyini qeyd edərək, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə hazırki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 9.Məhkəmə ərizəçinin, onun nümayəndəsi və vəkilinin izahatını və şahidlərin ifadəsini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 10.Beləliklə, məhkəmədə ərizəçinin və onun nümayəndəsi və vəkilinin izahatından, şahidlərin ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin qardaşı X5 xx.xx.1972-ci il tarixdə Ağcabədi rayonunun İmamqulubəyli kəndində vəfat etmiş, lakin ərizəçi qardaşının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. b) Mülki işin materialları: 11.Mülki işin materiallarında olan xx.xx.1984-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1984-cü il tarixdə Xırdalan şəhərində anadan olmuş, atası Balayev Valeh, anası Xudiyeva Məcburə olmuşdur. 12.Mülki işin materiallarında olan xx.xx.1972-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1972-ci il tarixdə Xırdalan şəhərində anadan olmuş, atası Balayev Valeh, anası Xudiyeva Məcburə olmuşdur. 13.Mülki işin materiallarında olan xx.xx.1971-ci il tarixli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, Balayev Valeh və Xudiyeva Məcburə arasında xx.xx.1971-ci il tarixdə nikah bağlanmışdır. 14.Mülki işin materiallarında olan Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024cü il tarixdə verilən AZ-İİ seriyalı, 384268 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. 15.Mülki işin materiallarında olan Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının İmamqulubəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 63 nömrəli Arayışdan görünür ki, xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş X5 xx.xx.1972-ci ildə vəfat etmişdir. O, Ağcabədi rayon İmamqulubəyli kənd qəbirstanlığında dəfn edilmişdir. 16.Mülki işin materiallarında olan 4 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. 17.Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən verilən xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Eyni zamanda “İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Lanununun 38.3-cü maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar əldə olunmasına məhdudiyyətlər qoyulan ailə həyatına dair məlumatlardandır. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı" Qaydasının 9.1-ci bəndinə əsasən vətəndaşlara və onların qanuni nümayəndələrinə onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Göstərilənlərlə bağlı bildirilir ki, qeyd olunan „Qayda“nın 1.14-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş saxslərin özlərinə verilir. Şəhadətnamələr və arayışlar notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Göstərilənlərin nəzərə alınması xahiş olunmuşdur. 18.Mülki işin materiallarında olan 1 nömrəli Uşaq Poliklinikasından verilən xx.xx.2024-cü il tarixli, 279 nömrəli cavab məktubundan görünür ki, körpə vaxtında dünyasını dəyişmiş mərhum xx.xx.1972-ci il təvəllüdlü X3 ölüm faktı 1 nömrəli uşaq poliklinikası tərəfindən qeydə alınmamışdır. Vəfat edən şəxs 1 nömrəli uşaq poliklinikasında qeydiyyatda olmadığı üçün TQS №106 verilməsindən imtina edilmişdir. 19.Mülki işin materiallarında olan AR-nın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilən xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü X3 həqiqi hərbi xidmətə çağrılması üçün qeydiyyata alınıbalınmaması, o cümlədən həbri xidmətə göndərilib-göndərilməməsi, əgər qeydiyyata alınmayıbsa və ya hərbi xidmətə göndərilməyibsə, bunun səbəbləri barədə rəsmi məlumat verilməsinə dair xx.xx.2024-cü il tarixli 19VB-195/24 nömrəli məktuba baxılmış və bildirilmişdir ki, xidmətin strukturuna daxil olan qurumların arxiv-uçot sənədləri üzrə E.V.Balayev barədə heç bir məlumat aşkar edilməmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 20.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 21.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 22.Göründüyü kimi ərizəçi qardaşının ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir. 23.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 24.Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. 25.Həmin Qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. 26.Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 27.Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1972-ci il təvəllüdlü X5 həqiqətən 3 aylıq körpə olduğu zaman qəfil halı pisləşmiş və həkimə gedərkən dünyasını dəyişmişdir. Bu səbəbdən ərizə təmin edilməli və Ərizəçi qardaşı xx.xx.1972-ci il təvəllüdlü X3 xx.xx.1972-ci il tarixdə Ağcabədi rayon İmamqulubəyli kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. 28.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 29.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 30.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 31.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 32.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 33.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 34.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1972-ci il təvəllüdlü X3 xx.xx.1972-ci il tarixdə Ağcabədi rayon İmamqulubəyli kəndində vəfat etməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar