Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4056/2021 02.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi və vəkili X3 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "ipoteka predmetinin əvəz olunması tələbi"nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "ipoteka predmetinin əvəz olunması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC Sərraf və İddiaçı2lərə qarşı 03- MK/0810 saylı, 18 avqust 2014 tarixli kredit müqaviləsinin ləğvi, kredit məbləğinin və kredit faizinin tutulmasına, tələbin 03-MK/0810 saylı, 18 avqust 2014-cü il tarixli ipoteka predmetinə yönəldilməsinə, mənzildə olan şəxslərin qeydiyyatdan çıxarılmasına dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Kredit və ipoteka müqavilələri 18 avqust 2014-cü il tarixində bağlanmışdır. Cavabdehlərdən İddiaçı2 istisna olmaqla, digər cavabdeh-Sərraf İmamqulu oğlu məhkəmə prosesləri barədə məlumatı olmamışdır, iki nəfər- İddiaçı1 və X4 isə məhkəmə prosesinə cəlb olunmamışdılar. Sumqayıt Şəhər Məhkəməsi mülki iş materialları üzrə iddianın qismən təmin olunmasına dair qətnamə çıxarmışdır. Qətnamə ilə tələb onlara mülkiyyət hüququ əsasında məxsus olan və ünvan 1 -yə yönəldilmişdir. Məhkəmə prosesləri iddiaçıların iştirakları olmadan və onlara məlumat verilmədən aparılmışdır. İddiaçıların Sumqayıt şəhərində və ümumilikdə isə Azərbaycan ərazisində və kənarlarda bu mənzildən başqa daşınmaz əmlakları yoxdur. Bu mənzilin ipoteka ilə yüklü edilməsi, gələcəkdə tutmanın mənzilə yönəldilməsi barədə iş üzrə cavabdeh İddiaçı3 istisna olmaqla, onlara məlumat verilməmişdir. Məhkəmə prosesləri yekunlaşmış, tələb ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilmiş və hər şey bitmişdir. Hazırda ünvan 1 ünvanının yeni mülkiyyətçisi cavabdeh hesab olunur. İddiaçılara məxsus mənzilin mülkiyyətçisi artıq, Cavabdeh ASC-dir. Bu bank da müflisləşmiş hesab olunub. Əvəzləşdirilməsi istənilən əmlak, mülkiyyət hüququ əsasında, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan maraqlı şəxs- X2 məxsusdur. Qeyd olunan əmlak 0.12 ha torpaq sahəsində yerləşən, birmərtəbəli, kürsülü, 4 otaqdan ibarət fərdi həyət evidir. Evə dair RX seriyalı, ******* nömrəli çıxarış, 16 yanvar 2018-ci il tarixində Qəbələ Regional Ərazi İdarəsi tərəfindən verilmişdir və **********14 daşınmaz əmlakın reyestr nömrəsilə qeydiyyatdan keçmişdir. Əvəzlənməsi istənilən əmlakın bazar qiymətinə hazırki dəyəri 100.000 manata yaxındır. Göstərilənlərə əsasən cavabdeh - Cavabdeh ASC -yə mülkiyyət hüququ əsasında məxsus olan ünvan 3 ünvanının X2 mülkiyyət hüququ əsasında məxsus olan, Qəbələ rayonunun, Vəndam kəndində yerləşən, 0.12 ha torpaq sahəsində yerləşən, birmərtəbəli, kürsülü, 4 otaqdan ibarət fərdi həyət evi, 16 yanvar 2018-ci il tarixində Qəbələ Regional Ərazi İdarəsi tərəfindən verilmiş, **********14 daşınmaz əmlakın reyestr nömrəsilə qeydiyyatdan keçmiş RX seriyalı, ******* nömrəli çıxarışı ilə fərdi həyət evi ilə əvəzləşdirilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi və vəkili X5 iddianın məzmununa uyğu izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçılarının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Qəbələ rayonu, Vəndam kəndində yerləşən 0,12 ha torpaq sahəsi X1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4598/2017 saylı, 06 aprel 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, “Amrahbank" ASC ilə cavabdeh İddiaçı2 arasında bağlanmış 18 avqust 2014-cü il tarixli, 03-MK/0810 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh İddiaçı2 18 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə milli manat ekvivalentində əsas borc üzrə 38.577 ABŞ dolları, faiz məbləği üzrə 13.967 ABŞ dolları, cərimə məbləği üzrə 100 ABŞ dolları, ümumilikdə ödənilmiş 30 manat (otuz) dövlət rüsumundan 28 manat Cavabdeh ASC-nin xeyrinə tutulması, tələbin ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinə yönəldilməsi, yaşayış sahəsinin ilkin satış qiymətinin 52.000 manat müəyyən edilməsi, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra milli manat ekvivalentində 52,644 ABŞ dolları və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş puldan 28 manatın "xxxx" ASC-yə ödənilməsi, qalan vəsaitin isə İddiaçı3 qaytarılması, iddianın qalan hissəsinin təmin olunmaması qət edilmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İpoteka qoyulmuş əmlakın hüquqi mahiyyəti ondan ibarətdir ki, həmin əmlak əsas öhdəliyin icra olunmasının təminatı kimi çıxış edir. Bununla əlaqədar, ipoteka müqaviləsi ipoteka saxlayan ilə ipoteka qoyan arasında girovla təmin olunmuş əsas öhdəliyə münasibətdə əlavə öhdəlik yaradır. Deməli, ipoteka müqaviləsinə xitam verilməsi əsas öhdəliyə xitam verilməsi ilə müəyyən edilir. Bununla belə ipoteka əqdin bir növü olduğuna görə (Mülki Məcəllənin 324.2-ci maddəsi) onun bağlanmış hesab olunması üçün Mülki Məcəlləyə əsasən əqdin bağlanması üçün zəruri olan bütün şərtlərin mövcud olması vacibdir. Bu cür şərtlərdən tərəflərin fəaliyyət qabiliyyətinin və əqdin hüququn tələblərinə uyğun olmasının mövcudluğu zəruridir. Mülki Məcəllənin 269-cu maddəsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Həmin maddəyə görə ipoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür (MM-in 269.1-269.3-cü maddələri). Bununla yanaşı, nəzərə alınmalıdır ki, borclunun kreditor qarşısında yaranan əsas öhdəliklərinin icrasını təmin edən ipoteka aksessor xarakter daşıyır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, ipoteka icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Yuxarıda qeyd olunduğu kimi iddiaçılar ipoteka müqaviləsi bağlanarkən göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqaviləni bağlamışlar. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 6.5-ci maddəsinə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka saxlayanın razılığı ilə dəyişdirilə bilər. Bu halda ipoteka müqaviləsində dəyişikliklər edilir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. İşdən də göründüyü kimi sözügedən mübahisəli müqavilə ilə bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur və həmin aktda tutmanın sonrakı ipoteka müqaviləsinin predmeti olan əmlaka yönəldilməsi, onun açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi öz əksini tapmışdır. Belə olan halda, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "ipoteka predmetinin əvəz olunması tələbi"nə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "ipoteka predmetinin əvəz olunması tələbi"nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-4056/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4056/2021
02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver