Məhkəmə qərarları › İş №2(006)-409/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-409/2025

05.06.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-409/2025 05.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən "xxxx" QSC-nin 15 iyun 2024-cü il tarixli 13-123/3-10-17302/2024 nömrəli əmrin ləğv edilməsi, İddiaçı "xxxx" QSC-nin Yük Daşımaları Departamentinin, Yük əməliyyatları xidmətinin, Planlama şöbəsinin mütəxəssisi vəzifəsinə bərpa olunması, işə bərpa olunan günə qədər məcburi iş buraxma müddəti ərzində almadığı əmək haqqının ödənilməsi və dəymiş mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində təzminatın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı 11 mart 2016-cı ildən "xxxx" QSC-yə işə qəbul olunmuşdur. Onun ərizəsi olmadan onu qanunsuz 14 iyun 2019-cu il tarixdən işdən azad edib və 19 iyun tarixində yenidən işə qəbul ediblər. "xxxx" QSC rəhbərliyi tərəfindən 15 iyun 2024-cü il tarixli 13-1- 23/3-10-17302/2024 nömrəli qanunsuz əmr qəbul olunana qədər öz vəzifəsini icra etmişdir. Onu qəsdən işdən çıxarmaq məqsədi cari ilin yanvar ayında öz istəyilə işdən çıxmaq ərizəsin yazdırmağa cəhd ediblər lakin o, razılaşmadıqda işdən azad edilmişdir. Halbuki işlədiyi 8 illik müddət ərzində daim öz işində fərqlənmiş, rəhbərliyin verdiyi tapşırıqları yüksək məsuliyyət və keyfiyyətlə yerinə yetirmişdir. 2018-ci ildə keçirilən Prezident seçkilərində fəal iştirak etdiyi üçün xarici nümayəndə tərəfindən təşəkkürnamə almışdır. Magistraturanı fərqlənmə ilə bitirib və ingiliscə sərbəst bildiyi üçün daima işguzar yazışmaları ona tapşırırdılar və xarici səfərlərə göndərilirdi. 2017-ci ilin oktyabr ayında Gürcüstanın paytaxtı Tiflis şəhərində bir kəmər bir yol konfransında məruzəçi qismində prezentasiya ilə ADY-ni təmsil etmişdir. 2018-ci ilin aprel ayında Türkiyənin paytaxtı Ankara şəhərində İslam Ölkələri konfransında məruzəçi qismində prezentasiya ilə ADY-ni təmsil etmişdir. 01 iyun 2018-ci ildə 02 ay müddətində Çin Dəmir yolu üzrə Konfransda iştirak edib diplom almışdır. 1 C MÜHASİBAT PROQRAMİ. ERP ORACLE. WMS LOCİSTİCS MANAGEMENT, ONLİNE CUSTOMER MANACER, MİCROSOFT OFFİCE sərbəst bilməyinə baxmayaraq ona bildirmişlər ki, ona ADY-də iş yoxdur. Təkcə ADY-də 8 ildən çox iş stajı olduğu halda, qərəzli şəkildə işdən azad olunmuşdur. Cavabdeh "xxxx" QSC-nin 15 iyun 2024-cü il tarixli 13-1-23/3-10-17302/2024 nömrəli əmrinə əsasən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin «b» bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi) əmək müqaviləsinə xitam verilmişdir. Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndinə əsasən tərəflərin, yəni işçi ilə işəgötürənin hüuq bərabərliyi prinsipinə əməl etməklə və onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsi bağlana bilər. Bu bəndi əsas götürən və fürsət bilən uişəgötürənlər demək olar bütün işçiləri ilə qısa müddətli əmək müqaviləsi bağlayır. Bunun işəgötürənə faydası odur ki, işçi ilə hər hansı ədavət yarandıqda müddətin bitməyib gözləyirlər və heç bir əsaslandırma, səbəb olmadan işdən azad edirlər. 2019-cu ildə onun imzası və iştirakı olmadan işdən çıxma ərizəsinə qanunsuz qol çəkiblər. İşdən azad olunmağı barədə əmrlə razılaşmadığından qarşı tərəf "xxxx" QSC-yə xx.xx.2024-cü il tarixində mediasiya təşkilatına göndərmişdir. Cavabdehin nümayəndəsi Mediasiya təşkilatı tərəfindən təyin olunan 24 iyul 2024-cü il tarixli mediasiya prosesinə də gəlməmişdir və Mediasiya təşkilatı tərəfindən 24 iyul 2024-cü il ilkin Mediasiya sesiyasında (İMS) iştirak edilməməsi barədə arayış verilmişdir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin etirazı: "xxxx" QSC iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddianı qəbul etmirlər və hesab edirlər ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. Belə ki, İddiaçı xx.xx.2016-cı il tarixdə ADY-nin Maliyyə İdarəsinin Qərb istiqaməti üzrə şöbəsində aparıcı iqtisadçı vəzifəsinə təyin edilmiş, xx.xx.2017-ci il tarixdə Tarif siyasəti və marketinq idarəsinin Marketinq şöbəsinin Daşımaların təşkili bölməsinə mütəxəssis vəzifəsinə keçirilmişdir. Daha sonra, xx.xx.2019-cu il tarixdə iddiaçının öz xahişi ilə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Bundan bir müddət sonra, iddiaçı ilə xx.xx.2019-cu il tarixli 32 nömrəli yeni əmək müqaviləsi bağlanmış, o, ADY-nin Yük daşımaları departamentinin Yük və kommersiya xidmətinin Tarif şöbəsinin Planlama bölməsində mütəxəssis vəzifəsinə təyin olunmuşdur. Əmək müqaviləsinin müddəti Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndinə əsasən yəni, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığına əsasən 1 (bir) il müddətinə, yəni xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinədək bağlanmış və bir neçə dəfə əmək müqaviləsinin müddəti uzadılmışdır. Belə ki, xx.xx.2020-ci il tarixdə Yük və kommersiya xidmətinin Yükləmə, boşaltma əməliyyatı şöbəsinin Planlama bölməsində mütəxəssis vəzifəsinə, xx.xx.2021 -ci il tarixdə Yük və kommersiya xidmətinin Yüklərin planlama şöbəsinə mütəxəssis vəzifəsinə, xx.xx.2023-cü il tarixdə Yük daşımaları departamentinin Yük əməliyyatları xidmətinin Yüklərin planlaması şöbəsinə mütəxəssis vəzifəsinə keçirilmişdir. xx.xx.2024-cü il tarixdə isə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verilmişdir. Yuxarıda da qeyd edildiyi kimi İddiaçı ilə ADY arasında müddətli əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı əsasında bağlanmış, əmək müqaviləsi bağlanarkən iddiaçı müqavilənin müddətli olduğunu bilərək və razılaşaraq imzalamışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitdiyi üçün xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrlə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən müqaviləyə qanunvericiliyə uyğun olaraq xitam verilmişdir. Həmçinin, əlavə olaraq bildirilir ki, xx.xx.2023-cü il tarixli 13-1-23/3-13-31815/2023 nömrəli əmrə əsasən İddiaçı vəzifə öhdəliklərini keyfiyyətsiz yerinə yetirərək əmək funksiyalarını pozduğuna görə töhmət elan edilmişdir. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixdə ADY Smart proqramında 23-005 2889 saylı sifarişdə idxal əvəzinə tranzit, gediş əvəzinə gediş-dönüş qeyd etmişdir. Sifarişlərin düzgün yoxlanılmaması kimi nöqsan ADYyə maddi ziyan vurulması ilə nəticələnir. Bundan əlavə, iddiaçı ona mənəvi ziyan dəydiyini iddia etsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu hissədə də iddia tamamilə əsassızdır. Odur ki, məhkəmədən İddiaçı cavabdeh "Azərbaycan Dəmir Yollan” QSC-yə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi işburaxma müddəti ərzində işə bərpa olunacağı günə qədər almadığı əmək haqqının ödənilməsi tələbi”nə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiası İddiaçı izahat verərək bildirdi ki, 2016-cı ilin may ayında imtahan verərək "xxxx" QSC-yə işə daxil olmuş, aparıcı mütəxəssis vəzifəsinə, maliyyə idarəsinə qəbul olmuşdur. Rusiyanın Rabitə Nazirliyi işdə fərqləndiyinə görə ona təşəkkürnamə verib. 2017-ci ildə onu Türkiyədə konfransa göndərdilər. İşdə daim yaxşı fəaliyyət göstərmişdir. Təəssüf ki, sonradan rəhbərliyə gəlmiş yeni rəhbər ona qanunsuz töhmət verməyə çalışmışdı. Toğrul Əliyev başqa şöbədən rəhbərliyə gəldikdən sonra 3 işçi işdən çıxdı. O, bu qanunsuz töhmətdən yuxarı rəhbərliyə şikayət etdi. Orada əsas işi odur ki, vaqonlar konteynerə fasiləsiz işləsinlər. Özü şənbə və bazar günləri əlavə də işləyirdi. Hesabatları da var. Yeni rəhbərlik digər işçilərin yüklərini də ona yükləyərək çalışmışdır ki, onda nöqsan yaratsın. Töhmətlə razılaşmadığı üçün ona dedi ki, “ya sən mənim dediyim kimi yazacaqsan izahatı, ya da səni işdən çıxardacam”. 2019-cu ildə işdən çıxma ilə bağlı heç bir ərizə yazmamışdı. 8 ildir ki, fasiləsiz olaraq "xxxx" QSC işləyir, "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli Fransanın Azərbaycan Respublikasındakı Səfirliyinə ünvanlanmış məktubunda da onun xx.xx.2016-cı il tarixdən "xxxx" QSC-də mütəxəssis vəzifəsində işləməsi göstərilmişdir. Neçə aydır işsiz qalmışdır. "xxxx" QSC onun kimi savadlı işçi ola-ola qıraqdan işçi axtarır. Əlavə dolanacaq yeri yoxdur. Aliment ödəyir, övladı var. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" QSC-nin nümayəndəsi izahat verərək bildirmişdir ki, əmək müqaviləsinin yenidən bağlanması iddiaçının öz xahişi ilə olub və 1 il müddətinə müqavilə bağlanılıb. İddiaçı öz işini layiqincə yerinə yetirmədiyi üçün barəsində intizam tənbehi var. Müqavilənin müddəti bitdikdən sonra işəgötürən yenidən müqavilə bağlamayıb. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, - İddiaçı xx.xx.2016-cı il tarixdə "xxxx" QSC-nin Maliyyə İdarəsinin Qərb İstiqaməti üzrə şöbəsində aparıcı iqtisadçı vəzifəsinə təyin edilmişdir. -xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən "xxxx" QSC-nin Maliyyə İdarəsinin Qərb İstiqaməti üzrə şöbəsinin aparıcı iqtisadçı vəzifəsindən Tarif sifayəsəti və marketinq idarəsinin marketinq şöbəsinin Daşımaların təşkilatı bölməsində mütəxəssis vəzifəsinə keçirilmişdir. -xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən öz xahişi ilə əmək müqaviləsi ləğv edilmişdir. -xx.xx.2019-cu il tarixdə "xxxx" QSC-nin yük daşımaları departamentinin Yük və Kommersiya Xidmətinin Tarif Şöbəsinin Planlama bölməsində mütəxəssis vəzifəsinə qəbul edilmişdir. -xx.xx.2020-ci il tarixdə yük və kommersiya xidmətinin Yükləmə Boşaltma əməliyyatı Planlama bölməsinə mütəxəssis vəzifəsinə keçirilmişdir. -xx.xx.2021-ci il tarixdə Ştat cədvəlinə edilən dəyişikliyə əsasən Yük və Kommersiya xidmətinin yüklərin Planlama şöbəsinə mütəxəssis vəzifəsinə keçirilmişdir. -xx.xx.2023-cü il tarixdə struktur dəyişliyinə əsasən Yük Daşımaları departamentinin Yük əməliyyatları xidmətinin Yüklərin planlama şöbəsinə mütəxəssis vəzifəsinə keçirilmişdir. -xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi) əmək müqaviləsinə xitam verilmişdir. Bakı 06 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/6-01346 saylı, xx.xx.2024-cü il tarixli arayışa əsasən, "xxxx" QSC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə, saat 11:00da keçirilmiş ilkin mediasiya sessiyasına gəlmədiyindən proses davam etdirilməmişdir. "xxxx" QSC-nin 15 iyun 2024-cü il tarixli 13-123/3-10-17302/2024 nömrəli əmrinə əsasən İddiaçı ilə "xxxx" QSC arasında bağlanmış müqaviləyə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi) əmək müqaviləsinə xitam verilmişdir. "xxxx" QSC-nin xx.xx.2019-cu il tarixli əmrinə əsasən İddiaçı "xxxx" QSC-nin yük daşımaları departamentinin Yük və Kommersiya Xidmətinin Tarif Şöbəsinin Planlama bölməsində mütəxəssis vəzifəsinə qəbul edilmiş və vəzifə maaşı 345 (üç yüz qırx beş) manat təşkil edir. Müqavilənin müddəti xx.xx.2020-ci il tarixdə bitir. "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli əmrinə əsasən xx.xx.2023-cü il tarixində ADY Smart proqramında 23-005 2889 saylı sifarişin düzgün icra olunmamasının araşdırılması zamanı məlum olmuşdur ki, yük daşımaları departamentinin (Departament) Yük əməliyyatları xidmətinin Yüklərin planlaması şöbəsinin mütəxəssisi İddiaçı xx.xx.2023-cü il tarixində ADY Smart proqramında 23-005 2889 saylı sifarişdə idxal əvəzinə tranzit, gediş əvəzinə gediş-dönüş qeyd etmişdir. Nəticədə 17 vaqonun Yük daşıma sifarişinin (YDS) olmamasına baxmayaraq, yalnış YDS nömrəsi qeyd edilərək hesabata daxil edilmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində saat 14:33-də elektron poçt vasitəsi ilə göndərilən məktubda YDS-siz vaqon aşkar edilmədiyi bildirilmiş və eyni məlumatı Departamentin digər rəhbər şəxslərinə də göndərilmişdir. xx.xx.2023-cü il tarixində vaqonlar Departamentin Stansiyaların idarə edilməsi xidmətinin Şimal sahəsinin İ sinif Dübəndi stansiyasına çatdıqdan sonra stansiya rəisinin yük və kommersiya işləri üzrə müavini Telman Vəliyev tərəfindən yoxlanıldıqda 17 vaqonun sifarişi aşkar edilməmiş və Yük əməliyyatları xidmətinin Yüklərin planlaması şöbəsi bu haqda məlumatlandırılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, ADY Smart proqramında da adı gedən yüklü vaqonların YDS-i daxil edilməmiş və yalnız sonradan ekspeditorla telefon vasitəsi ilə əlaqə saxlanılaraq dəyişiklik icra edilmişdir. Qeyd edir ki, ADY Smart proqram təminatında ekspeditorlar tərəfindən daxıl edilən sifarişlərin düzgün yoxlanılmaması kimi nöqsan "Azərbaycan Dəmir Yolları” QSC-yə maddi ziyan vurulması ilə nəticələnə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin xx.xx.2013-ci il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə X3 8.6.3-cü yarımbəndini və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin "a'' bəndini, 11 -ci maddəsinin 1-ci hissəsinin “c” və “d" bəndlərini, 186-cı maddəsinin 2-ci hissəsinin "a” bəndini rəhbər tutaraq vəzifə öhdəliklərini keyfiyyətsiz yerinə yetirərək əmək funksiyalarını pozduğuna görə Departamentin Yük əməliyyatları xidmətinin Yüklərin planlaması şöbəsinin mütəxəssisi İddiaçı töhmət elan edilməsi əmr edilmişdir. "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli əmrinə əsasən İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi) əmək müqaviləsinə xitam verilmişdir. "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli İR-13 nömrəli Fransanın Azərbaycan Respublikasındakı Səfirliyinə ünvanlanmış məktuba əsasən, İddiaçı xx.xx.2016-cı il tarixdən "xxxx" QSC-nin işçisidir və hazırda Yük Daşımaları departamentinin mütəxəssisi vəzifəsində işləyir, əmək haqqı 1454.77 manat təşkil edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4081/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-xətşünasılıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 4/2013 saylı rəyinə əsasən Ekspertizaya təqdim edilmiş, mülki işin 85ci vərəqində olan xx.xx.2019-cu il tarixli "əmək müqaviləsinin ləğv edilməsi barədə" ərizədəki "xxxx" QSC-nin sədri…" sözləriylə başlayan əlyazmalar və imza İddiaçı tərəfindən icra olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-409/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə əlavə məhkəmə-xətşünasılıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 4/604 saylı rəyinə əsasən Ekspertizaya təqdim edilmiş, mülki işin 85-ci vərəqində olan "əmək müqaviləsinin ləğv edilməsi barədə" ərizədə "Ərizənin yazılma tarixi" qrafasındakı "14.06.19" rəqəmi İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertiza xərclərinə dair bildirişlərə əsasən, aparılmış tədqiqatların dəyəri 120 və 138 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır; Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “İnsan hüquqlarının və X4 haqqında” Konvensiya: Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Maddə 3.9. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 45.2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Maddə 45.3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Maddə 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Maddə 47. Müddətli əmək müqaviləsi bağlanan hallar aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: ...f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə. Maddə 68.1. Əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması. Maddə 73.1. (əvvəlki redaksiya) Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 83.2 Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 300. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublıkası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.”

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli qərarı “... əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər.”

Məhkəmənin mövqeyi: Tərəflər arasında yaranmış mübahisə əmək mübahisəsidir və iddia tələbi işçi ilə əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsinin qanunsuzluğu barədədir. İşin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyətli olan və məhkəmə tərəfindən müəyyən edilmiş hallar ondan ibarətdir ki, İddiaçı xx.xx.2016-cı il tarixdə "xxxx" QSC-də işə qəbul olunmuş, xx.xx.2019-cu il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən (öz xahişi ilə) əmək müqaviləsi ləğv edilmişdir. xx.xx.2019-cu il tarixdə iddiaçı yenidən işə qəbul edilmiş, əmək müqaviləsinin müddəti 1 il müəyyən edilmiş, daha sonra ştat cədvəlinə edilən və struktur dəyişikliklərinə görə əmək müqaviləsinə bir neçə dəfə dəyişikliklər edilmiş, sonuncu dəyişiklik xx.xx.2023cü il tarixdə edilməklə xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin yeni redaksiyası kimi tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə (əmək müqaviləsinin müddətinin bitməsi) əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini o əsasla mübahisələndirir ki, təyin olunduğu vəzifədə 8 ilə yaxın işləmişdir, bu səbəbdən də işəgötürənin onun müvəqqəti işci hesab etməsi qanunsuzdur. Qeyd edilməlidir ki, qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmini qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Belə ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunusuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasındadır (Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndi). İşəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Göründüyü kimi İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixinədək (öz ərizəsi əsasında işdən çıxanadək), habelə xx.xx.2019-cu il tarixdən yenidən işə qəbul olunduqdan sonra da "xxxx" QSC-də Planlama şöbəsində mütəxəssis vəzifəsində işləmiş, hər dəfə struktur və ya ştat cədvəlində dəyişikliklər baş verdikcə müqavilə yeni redaksiyada tərtib olunmaqla (1 illik müddət çərçivəsində) iddiaçı hər dəfə faktiki olaraq eyni vəzifə üzrə əmək funksiyalarını həyata keçirmişdir. İddiaçı tərəfindən yazılmış xx.xx.2019-cu il tarixli ərizəni əsas gətiməklə həmin ərizənin iddiaçının öz istəyi əsasında (başqa işəgötürənlə əmək müqaviləsi bağlaması əsası ilə) işdən çıxmaq niyyətini əks etdirməsi barədə cavabdehin nümayəndəsinin dəlilini məhkəmə əsassız saymaqla, qeyd edir ki, “başqa işəgötürənlə əmək müqaviləsi bağlamaq fikri olan” və bu səbəbdən xx.xx.2019-cu il tarixdə işdən çıxma ərizəsi yazan işçi (iddiaçı) ilə həmin ərizə əsasında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsinə xitam verdikdən 1 iş günü sonra (əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə xitam verilmiş, 15-16 iyun həftə sonu olmuş, həftələrarası istirahət günlərinin iş günü hesab olunmayan Azərbaycan xalqının Milli Qurtuluş günü ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq 17 iyun istirahət günü hesab edilmişdir) – xx.xx.2024-cü il tarixdə yenidən mütəxəssis vəzifəsinə təyin olunması ilə bağlı yeni əmək müqaviləsinin bağlanmasının hansı zərurətdən doğması məlum deyildir. Bu da həmin ərizənin işçinin öz istəyi ilə yazıldığını istisna edir və görünən odur ki, işəgötürən iddiaçı ilə 2016-cı ildən bağlanmış əmək müqaviləsi üzrə fasiləsizliyi aradan qaldırmaqla, iddiaçı ilə əmək münasibətlərinin davam etdirilməsi fonunda Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinin (5 illik müddətlə bağlı) dispozisiya şərtinin ödənilməsinin qarşısını almaq məqsədini güdmüşdür. O da qeyd olunmalıdır ki, işin faktiki halları baxımından həmin ərizənin iddiaçı tərəfindən yazılıb-yazılmaması da bir əhəmiyyət kəsb etmir. Belə ki, cavabdeh iddiaçı ilə əmək münasibətlərinin xx.xx.2019-cu il tarixdə kəsilərək, münasibətlərin yeni başlanğıcının xx.xx.2019-cu il tarixli müqavilənin tarixindən hesablamaqla, əmək münasibətlərinin fasiləsiz olaraq 5 ildən artıq davam etməməsi səbəbindən Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinin tətbiqi üçün əsasların olmadığını əsaslandırmağa çalışır. Halbuki göründüyü kimi iddiaçı ilə xx.xx.2016-cı il tarixdən bağlanmış bütün əmək müqavilələrində işəgötürən qismində "xxxx" QSC çıxış etmiş, yalnız QSC-nin strukturunda və ştat cədvəlində baş vermiş dəyişikliklərlə əlaqədar mövcud əmək müqavilələrinə dəyişiklik edilərək eyni vəzifə üzrə əmək münasibətləri davam etmişdir. Yalnız xx.xx.2019-cu il tarixdə əmək müqaviləsinə xitam verilməklə 1 iş günü sonra yeni əmək müqavləsi bağlanmışdır ki, bunu da məhkəmə yuxarıda göstərilənlərə əsasən fasiləsizliyin pozulması kimi deyil, işəgötürənin işçiyə münasibətdə üstün mövqeyindən sui-istifadə etməsi kimi qiymətləndirir. Məlumdur ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. Bu baxımdan məsələyə formal yanaşmayaraq, eyni işəgötürən və eyni işçi arasında eyni vəzifə üzrə müqavilələrin bağlanmasını məhkəmə fasiləsiz əmək münasibətləri kimi qiymətləndirərək, ƏM-nin 45-ci maddənin 5-ci hissəsinin tətbiqi üçün əsasın olması qənaətinə gəlir. Çünki həmin maddədə “müddətli əmək müqaviləsinin fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməsi” dedikdə, eyni işəgötürənlə əmək münasibətlərinin davam etdiyi müddət və bunun törətdiyi hüquqi nəticələr nəzərdə tutulur. Göründüyü kimi, cavabdeh müddətli əmək müqaviləsinin müddətsiz əmək müqaviləsinə keçdikdən (çevrildikdən) sonra müddətin bitməsi əsası ilə xitam verilməsinə dair əmr verməkdə haqlı olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəllənin 68-ci maddəsinin "b” bəndi ilə xitam verilməsi ilə qanunvericiliyinin tələbləri pozulduğundan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında cavabdeh "xxxx" QSC tərəfindən verilən xx.xx.2024-cü il tarixli əmr ləğv edilməlidir. Əmr ləğv edildiyindən işçi əvvəlki vəzifəsinə bərpa edilməlidir. İddia tələbinin “məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı “məcburi iş buraxmaya görə əmək haqqı tutulması” tələbini cavabdeh "xxxx" QSC tərəfindən onunla bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozulmaqla xitam verilməsi ilə əsaslandırmışdır. Belə olan halda, məhkəmə qeyd edir ki, İddiaçı məcburi işburaxmaya görə əmək haqqı tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsi təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində əməyin ödənilməsi ilə bağlı mübahisələrə baxılarkən mülkiyyət hüququnun müdafiəsini təmin edən “İnsan hüquqlarının və X4 haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edilir. Məhkəmə tərəfindən işə baxılması ona əsaslanır ki, əmək haqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözlənti”sini təşkil edir. Bununla bağlı mübahisələndirilən ödəmə müqavilə və ya normativ aktla müəyyən edilməli və işəgötürənin müvafiq öhdəlikləri yaranmış olmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmuş əmr əmək qanunvericiliyinin tələbləri pozulmaqla qəbul edildiyindən və iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi olduğundan cavabdeh "xxxx" QSC tərəfindən qəbul edilmiş əmr ləğv edilməklə, İddiaçı xx.xx.2024-cü il tarixdən işə bərpa edildiyi günədək məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə gəldikdə qeyd edilməlidir ki, mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Hazırkı halda məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən iddiaçının işə bərpa edilməsi barədə iddiası təmin edildiyindən mənəvi zərərin təsirinin azalması və ya aradan qalxması labüddür. Belə olan halda iddianın mənəvi zərər hissəsinin təmin edilməməsini məhkəmə məqsədəmüvafiq hesab edir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində qeyd olunur ki, «İnsan hüquqlarının və X4 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 2-ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X4 haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər»anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin «b» bəndinə əsasən xitam verilməsi haqqında cavabdeh "xxxx" QSC tərəfindən verilən 15 iyun 2024-cü il tarixli 13-1-23/3-10-17302/2024 nömrəli əmr ləğv edilməli, İddiaçı "xxxx" QSC-nin Yük Daşımaları Departamentinin, Yük əməliyyatları xidmətinin, Yüklərin planlaması şöbəsinin mütəxəssisi vəzifəsinə işə bərpa edilməli, İddiaçı xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir.

Məhkəmə xərcləri: Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.1-ci maddəsinə əsasən iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən dövlət mədaxilinə tutulmalıdır. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün qiymətləndirilməyən iddialar üçün nəzərdə tutulmuş 100 manat məbləğində dövlət rüsumunun 50 manat hissəsi (iddia qismən təmin edildiyindən) cavabdehdən tutulmaqla dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda ekspertiza tədqiqatının dəyəri 258 (iki yüz əlli səkkiz) manat tərəflərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilməsi haqqında cavabdeh "xxxx" QSC tərəfindən verilən 15 iyun 2024-cü il tarixli 13-1-23/3-10-17302/2024 nömrəli əmr ləğv edilsin. İddiaçı "xxxx" QSC-nin Yük Daşımaları Departamentinin Yük əməliyyatları xidmətinin Yüklərin planlaması şöbəsinin mütəxəssisi vəzifəsinə işə bərpa edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Cavabdeh "xxxx" QSC-dən 50 (əlli) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Ekspertiza tədqiqatının dəyəri 258 (iki yüz əlli səkkiz) manat tərəflərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar