Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4119/2023 24.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «ölümün qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi 5 saylı Bakı «Asan xidmət» mərkəzi Qeydiyyat şöbəsini maraqlı şəxs qismində qeyd etməklə, «ölümün qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixində vəfat etmiş xx.xx.1960-cı il təvəllüdlü mərhum atası X5 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən evdə qeydiyyatdadır və həmin evdə ailəsi ilə birlikdə yaşıyır. Mərhum atası xx.xx.1960-cı il təvəllüdlü X7 ürək xəstəliyindən əziyyət çəkirdi və müalicə olunurdu. xx.xx.1960-cı il təvəllüdlü mərhum atası X7 xx.xx.2023-cü il tarixində Sabunçu rayonu, Maştağa qəsəbəsində vəfat etmişdir. O, dərhal təcili yardım çağırmışdır. Növbətçi həkim bunun əsasında onun ölməsi barədə həkimə qədər ölüm halını təsdiq edən təcili yardım arayışı vermişdir. Mərhum atası 21 saylı şəhər poliklinikasında qeydiyyatda olduğu üçün həmin yerdən atasının ölümü barədə həkim şəhadətnaməsini istəmişdir. Lakin poliklinikadan ona bildirmişlər ki, mərhum atası həmin poliklinikada qeydiyyatda olsa da, müalicələr üçün müraciət edilməməsi səbəbindən atasının ölümü barədə həkim arayışı verə bilməzlər. O, daha sonra həmin sənədləri ölüm kağızı almaq üçün 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində ölüm haqqında şəhadətnamə verilməsi üçün təqdim etmiş, lakin ölüm kağızı verməmişlər və ona məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Mərhum atası Yasamal qəbirstanlığında dəfn edilmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs 5 saylı Bakı «Asan xidmət» mərkəzi Qeydiyyat şöbəsi məhkəməyə məktub ünvanlayaraq ərizəyə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, nümayəndənin məhkəmə iclasına gələ bilməməsinin üzrlü səbəbi kimi iş həcminin çox olması göstərilmişdir. Məhkəmə yuxarıda qeyd edilən ərizəni nəzərə alıb, ərizəyə maraqlı şəxs 5 saylı Bakı «Asan xidmət» mərkəzi Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X4 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, ərizəçinin bacısı, mərhumun isə qızıdır. Mərhum atası uzun müddət xəstəlikdən əziyyət çəkirdi. Atası onun yanında yaşayırdı. Bir gün işdən evə qayıtmış və atasının halının pisləşdiyini görmüşdür. Təcili tibbi yardım çağırmış, lakin həkim gələnə kimi atası rəhmətə getmişdir. Onun dəfn mərasimində iştirak etmişdir. Mərhum atası Yasamal qəbirstanlığında dəfn edilmişdir. Dəfn mərasimində qohumlar və dostlar iştirak etmişlər. X1 məhkəmə iclasında veridiyi ifadəsində bildirdi ki, o, mərhumun kürəkənidir. Mərhum qaynatası onlarla birlikdə yaşayırdı. O, işdən evə gəlmiş və yemək yedikdən sonra mərhum bildirmişdir ki, dişi ağrıyır. Daha sonra su istədiyini bildirmiş və su içmişdir. Daha sonra aptekdən dərman almaq üçün getmiş və geri qayıtmışdır. O bildirmişdir ki, havası çatmır. Bir müddət kondisionerin qabağında dayanmışdır. Daha sonra isə halı pisləşmiş və rəhmətə getmişdir. Mərhum Yasamal qəbristanlığında dəfn edilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin atasıdır. Bakı şəhəri Təcili və X3 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 19 avqust 2023-cü il tarixdə 63 yaşlı X5 adına çağırış verilmişdir. “Həkimə qədər ölüm. Kişi cinsli meyit” aşkar edilmişdir. 21 nömrəli Şəhər Poliklinikasının xx.xx.2023-cü il tarixli, 609 saylı məktubundan görünür ki, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, Məlik Dadaşov küçəsi, ev 2A ünvanında yaşamış xx.xx.1960-cı il təvəllüdlü X7 xx.xx.2023-cü ildə vəfat etmişdir. Həmin tarixdə “Ölüm haqqında tibbi şəhadətnamə” alınması üçün poliklinikaya müraciətin olunmadığını nəzərə alaraq “Ölüm haqqında tibbi şəhadətnamə” yazılmasının səlahiyyətləri xaricində olması bildirilmişdir. 5 saylı Bakı «Asan xidmət» mərkəzi Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3- 16-5/8-10-2028/2023 saylı məktubundan görünür ki, ərizəçiyə ölümü təsdiq edən sənəd olmadığından, ölümün qeydə alınması mümkün olmadığı bildirilmiş, qeyd olunan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bakı şəhəri Yasamal Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1086 saylı arayışından görünür ki, X7 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, X9 küçəsində yerləşən Dağüstü 1 qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, mərhum X5 məzarının üstü götürülmüş, məzarüstü xatirə lövhəsi quraşdırılmışdır. Mərmər xatirə lövhəsinin üzərinə mərhumun soyadı, adı, atasının adı, doğum və vəfat tarixləri göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi atası X5 ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1960-cı il tarixdə Bakı şəhərində doğulmuş X7 19 avqust 2023-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Hazırki qətnamə qanuni qüvvəyə mindikdən sonra mərhum xx.xx.1960-cı il təvəllüdlü X5 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1960-cı il tarixdə Bakı şəhərində doğulmuş X5 19 avqust 2023-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-4119/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4119/2023
24.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver