Məhkəmə qərarları › İş №2(006)-4135/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4135/2020

28.09.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4135/2020 28.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X3 və cavabdehin nümayəndələri X5, X6 və X12 iştirakı ilə, X2nun cavabdeh "xxxxxxxx" ASC-yə qarşı "işə bərpa və s." tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxx” ASC-nin xx.xx.2020-ci il tarixli K/20-02537 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa, xx.xx.2020-ci il tarixdən işə bərpa olunacağı günə qədər hər ay üçün məcburi işburaxmaya görə aylıq əmək haqqının, əmək haqqının gecikdirildiyi hər gün üçün onun 2%-i həcmində ödəncin və 10.000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X8 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı xx.xx.2015-ci il tarixdən “xxxxxxxx” ASC-nin Hüquq İdarəsində hüquqşünas vəzifəsində işləmişdir. Əmək funksiyalarının xüsusiyyətlərinə, onun icrasının şərtlərinə və müddətinə görə vəzifəm üzrə gördüyü işlərin daimi xarakter daşımasına baxmayaraq cavabdeh müəssisə tərəfindən hər dəfə 3 ay olmaqla onunla müddətli əmək müqaviləsi bağlanılmışdır. Cavabdeh müəssisə tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli K/20-02537 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (Əmək Məcəlləsi) 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə bu əmri aşağıda göstərilənlərə görə əsassız və qanunsuz hesab edir:Əvvəla, Əmək Məcəlləsinin 44-cü maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Lakin cavabdeh müəssisə tərəfindən Əmək Məcəlləsinin bu tələbləri kobud şəkildə pozularaq əmək müqaviləsinin 1 nüsxəsi bu günə kimi iddiaçıya təqdim edilməmişdir. Bu səbəbdən həmin müqavilənin müddətli olması iddiaçıya yalnız şifahi şəkildə bildirilmiş və hesab edir ki, məhkəmə qaydasında cavabdehdən alınaraq iddiaçıya təqdim edilməlidir. Həmçinin bildirir ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək ambulator müalicədə olmuşdur. Bu barədə iddiaçıya 38 nömrəli şəhər poliklinikası tərəfindən 820478 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi verilmişdir. Buna baxmayaraq əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə qanunsuz olaraq işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən, İşçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətliəmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Həmçinin, Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İddiaçı barəsində verilmiş əmək müqaviləsinə xitam verilməsi əmri işəgötürən tərəfindən əsaslandırılmamış və lazımi qaydada rəsmləşdirilməmişdir. Belə ki, xx.xx.2015ci ildən hər dəfə 3 ay artırılmaqla fasiləsiz olaraq xx.xx.2020-ci ilədək davam edən əmək münasibətlərinə işəgötürən tərəfindən müqavilə müddətinin bitməsi ilə bağlı qəflətən xitam verilməsinin hansı səbəblə əlaqədar olması sözügedən əmrdə əsaslandırılmamışdır. Üstəlik bu əmr müəssisənin möhrü ilə təsdiqlənməmişdir.Digər tərəfdən, Əmək Məcəlləsinin 87-ci maddəsinin 3-cü hissəsinə əsasən işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Həmin Məcəllənin 172-ci maddəsinin 6-cı hissəsinə əsasən işçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Həmçinin, Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin maddənin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin qeyd hissəsinə əsasən bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Əmək müqaviləsinin xəstələnməyi ilə bağlı işə gəlmədiyi dövrdə ləğv edilməsini nəzərə aldıqda, işəgötürən tərəfindən sözügedən əmrin surətinin, əmək kitabçamın və son haqq-hesabımın sonuncu iş günü mənə verilmədiyi açıq-aydın anlaşılır. Bu hal sözügedən əmrdə xüsusilə qeyd edilməsinə baxmayaraq əmək qanunvericiliyin bu tələblərinə də işəgötürən tərəfindən əməl edilməmişdir. Həmçinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsində əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin məzmunundakı məlumatların dairəsi göstərilmişdi. Bu dairəyə “İşəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı”, “Əmək müqaviləsinin ləğv edilməsinin əsası”, “həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş Əmək Məcəlləsinin müvafiq maddəsi, hissəsi və bəndi” və s. məlumatlar daxildir. Həmin maddənin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilir. Bildirir ki, əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin iddiaçı barəsində verdiyi əmrdə əmək müqaviləsinin ləğv edilməsinin əsası göstərilsə də, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsinin qaydası nəzərdə tutulmuş Əmək Məcəlləsinin 73-cü maddəsi və onun müvafiq hissəsi əmrdə qeyd edilməmişdir. Əmək Məcəlləsinin 73-cü maddəsinin əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə qeyd edilməməsi, həmin maddənin tələblərini pozaraq xəstələndiyim dövrdə əmək müqaviləmə xitam vermiş işəgötürənin bu maddədən bixəbər olduğunu bir daha sübuta yetirir. Bu azmış kimi sözügedən əmrdə işəgötürənin adı və atasının adı da qeyd edilməmişdir. Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin maddənin qeyd hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Cavabdeh müəssisə Əmək Məcəlləsinin yuxarıda göstərilən maddələrini pozmaqla iddiaçı ilə olan əmək münasibətlərinə xitam verərkən bununla əlaqədar ona həmçinin mənəvi ziyan vurmuşdur. Belə ki, iddiaçının həyat yoldaşı, iki azyaşlı övladı və təqaüdçü valideynləri onun öhdəliyindədirlər. Əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verildiyi dövrdən hazırkı vaxtadək iddiaçı heç bir yerdə işə düzələ bilmədiyi üçün ailəsində ağır maddi durum yaranmış və bu hal ona ağır mənəvi istirab və sarsıntı yaşatmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X15 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Cəmiyyət tərəfindən iddiaçının müqavilə müddətinin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilən zaman işçiyə əvvəlcə şifahi məlumat verilmiş, əmək müqaviləsinə xitam verilməsi barədə xx xxxx 2020-ci il tarixli k/20-02537 nömrəli əmr iddiaçıya təqdim edilməsinə baxmayaraq o, əmri qəbul etməkdən imtina etmişdir. Poçt vasitəsilə əmr iddiaçının ünvanına göndərilmişdir. Həmin vaxt iddiaçı əmək qabiliyyətinin olmaması barədə vərəqəni Cəmiyyətə təqdim etməmiş və bu barədə Cəmiyyətə məlumat verməmişdir. X1 30 iyun, 01 iyul və 02 iyul tarixlərində “xxxxxxxx” ASC-nin ünvan 1 ünvanında yerləşən ofis binasında öz əmək funksiyalarını icra etmişdir. Bu “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş akt və digər sənədlərlə öz təsdiqini tapmışdır. Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən baxış iclasında iddiaçının vəkilinin əmək qabiliyyətinin olmaması barədə vərəqənin əslinin məhkəməyə təqdim etməsi qeyd olunanları bir daha sübut edir ki, Cəmiyyəti qanunsuz yolla əldə edilmiş vərəqə barədə qəsdən xəbərdar etməyərək məhkəmədə bu halı sübut etməyə çalışır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin digər nümayəndələri X16 və X19 yuxarıda göstərilən məzmunda izahat verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X20 ifadəsində bildirdi ki, o, "xxxxxxxx” ASC-nin hüquq idarəsinin hüquqşünası vəzifəsində çalışır. X4 30 iyun, 01 iyul və 02 iyul tarixlərində işdə olması ilə bağlı akt tərtib etmişlər. Araz Allahverdiyev əmək müqaviləsinə xitam verilən gün işdə olmuşdur. X14 həmin gün konkret olaraq hansı əmək funksiyalarını yerinə yetirdiyi barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində bildirdi ki, o, "xxxxxxxx” ASC-nin hüquq idarəsinin hüquqşünası vəzifəsində çalışır. X7 əmək müqaviləsinə xitam verilən gün işdə olmuşdur. Lakin onun da Araz Allahverdiyevin həmin gün konkret olaraq hansı əmək funksiyalarını yerinə yetirdiyi barədə məlumatı yoxdur. Məhkəmə proses iştirakçılarının izahatını və şahid ifadlərini dinləyib mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunan “xxxxxxxx” ASC-nin xx xxxx 2020-ci il tarixli k/20- 02537 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin surətindən görünür ki, “xxxxxxxx” ASC-nin hüquq idarəsinin hüquq idarəsinin hüquqşünası X4 əmək müqaviləsinə müqavilə müddətinin qurtarması ilə əlaqədar xx.xx.2020-ci il tarixindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan ******* saylı əmək kitabçasının surətindən görünür ki, X4 xx xxxx 2020-ci ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən müqavilə müddətinin qurtarması ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 38 saylı şəhər Poliklinikası tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 820478 №-li əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, X7 xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək ambulator müalicədə olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir; Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır; Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasənn işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər; Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 300-cü maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin Məcəllənin 172.5-ci maddəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, X7 xx.xx.2015-ci il tarixdən “xxxxxxxx” ASC-də hüquqşünas kimi işə qəbul edilmiş, xx.xx.2020-ci ildə tarixdə isə tərəflər arasındakı əmək müqaviləsinə müqavilə müddətinin qurtarması ilə əlaqədar xx.xx.2020-ci il tarixindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən xitam verilmişdir. Həmçinin məhkəmə tərəfindən müəyyən edildi ki, X7 xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 38 saylı şəhər Poliklinikasında ambulator müalicədə olmuşdur. Məhkəmə ilkin olaraq qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməli olmasına baxmayaraq, iş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış Əmək müqaviləsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada - müəssisənin möhürü ilə təsdiqlənməmişdir. Məhkəmə bundan əlavə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə biləcəyini müəyyən edir. Lakin cavabdeh həmin müddətdə ambulator müalicədə olmuşdur. Bu hal əmək qabiliyyətinin olmaması barədə vərəqə ilə təsdiqlənir və əksi sübuta yetirilməyincə tibb müəssisəsinin işçinin “əmək qabiliyyətinin olmaması barədə vərəqəsi” mötəbər və həqiqi sübut sayılır. Beləliklə, məhkəmənin qənaətinə görə xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək ambulator müalicədə olan X4 əmək müqaviləsinə müqavilə müddətinin qurtarması ilə əlaqədar onun müalicədə olduğu dövrdən - xx.xx.2020-ci il tarixindən xitam verilməsi barədə “xxxxxxxx” ASC-nin xx.xx.2020-ci il tarixli, k/20-02537 saylı əmri əsassızdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi “işə bərpa və məcburi işburaxmaya görə aylıq əmək haqqının ödənilməsi” hissəsində əsaslı olduğundan təmin edilməli, “xxxxxxxx” ASC-nin hüquq idarəsinin hüquqşünası vəzifəsində çalışan X4 əmək müqaviləsinə xitam verilməsinə dair xx xxxx 2020-ci il tarixli, k/20-02537 saylı əmri ləğv edilməli, X7 əvvəlki, “xxxxxxxx” ASC-nin hüquq idarəsinin hüquqşünası vəzifəsinə bərpa edilməli və ona məcburi işburaxma günlərinə görə əmək haqqı hesablanaraq ödənilməlidir. Məhkəmə iddia tələbinin əmək haqqının gecikdirildiyi hər gün üçün onun 2%-i həcmində ödəncin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı qeyd edir ki, qanunvericilikdə iddiaçıya ödənilməsi geçikdirilmiş məbləğlə bağlı hər hansı kompensasiyanın ödənilməsi nəzərdə tutulmamışdır. Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməli olduğu müəyyən edilir. Hazırki mübahisədə tərəflər arasında fərdi əmək mübahisəsinin olduğu aşkardır. Belə olan halda məhkəmə hesab edir ki, tələb bu hissədə əsassızdır və təmin edilməməlidir. Tələbin mənəvi zərərin ödənilməsi hissəsinə münasibətdə isə məhkəmə aşağıdakıları bildirir: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X22 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X22 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya”nın müddəaları və X22 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı məhkəmə araşdırması zamanı fiziki və mənəvi sarsıntılar keçirməsini və bunun nədə ifadə olunması ilə bağlı hər hansı bir sübut təqdim edə bilməmişdir. Bu səbəbdən də iddia tələbi iddiaçıya vurulmuş 10000 mənəvi ziyanın tutulması hissəsində əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, “xxxxxxxx” ASC-nin hüquq idarəsinin hüquqşünası vəzifəsində çalışan X4 əmək müqaviləsinə xitam verilməsinə dair xx xxxx 2020-ci il tarixli, k/20-02537 saylı əmri ləğv edilməli, X7 əvvəlki, “xxxxxxxx” ASC-nin hüquq idarəsinin hüquqşünası vəzifəsinə bərpa edilməli və ona məcburi işburaxma günlərinə görə əmək haqqı hesablanaraq ödənilməli, iddia digər hissələrdə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin xx xxxx 2020-ci il tarixli, k/20-02537 saylı əmri ləğv edilsin. X7 əvvəlki, “xxxxxxxx” ASC-nin hüquq idarəsinin hüquqşünası vəzifəsinə bərpa edilsin və ona məcburi işburaxma günlərinə görə əmək haqqı hesablanaraq ödənilsin. İddia digər hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar