Məhkəmə qərarları › İş №2(006)-4145/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4145/2022

03.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4145/2022 03.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, Ərizəçi - Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs olmaqla «ölümün qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 18 avqust 2022-ci il tarixdə Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs olmaqla «ölümün qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ölüm haqqında şəhadətnamənin əldə edilməsi əsası üçün xx.xx.1980-ci il təvəllüdlü X3 01 aprel 2022-ci il tarixdə ölümü faktının tanınması barədə hüquqi əhəmiyyəti olan faktın tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçiərizəsini onunla əsaslandırmışdır ki, mərhum qardaşı X7 01 aprel 2022-ci il tarixdə kəskin ürək çatışmazlığı səbəbindən ev şəraitində dünyasını dəyişmişdir. Qardaşının gözlənilmədən ölümü səbəbindən vaxtında aidiyyəti orqanlara müraciət edə bilmədikləri üçün tibb müəssisəsinin ölüm faktı barədə müvafiq sənədi olan ölüm haqqında həkim şəhadətnaməsini əldə edə bilməmişlər. Daha sonra mən tibb müəssisəsinə müraciət etsə də, qeyd edilən sənədin ona verilməsinin mümkün olmadığı, ölüm haqqında şəhadətnamənin əldə edilməsi üçün isə aidiyyəti üzrə qeydiyyat orqanına müraciət etməli olduğu iddiaçıya bildirilmişdir. Bundan sonra o, ərizə ilə aidiyyəti üzrə Maraqlı şəxsnə müraciət etsə də, həmin orqandan iddiaçıya imtina cavabı verilmişdir. Hazırki ərizəyə əlavə edilən maraqlı şəxs Nəsimi rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022- ci il tarixli 05/Q-743/75 saylı məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Qeyd edilən ölüm haqqında həkim şəhadətnaməsini əldə etmək mümkün olmadığından iddiaçı ölüm faktının tanınmasına dair hazırkı ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə ilə eyni məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 bildirmişdir ki, ərizəçi ilə 10 ilə yaxın dostluq münasibətindədirlər, mərhum ərizəçinin qardaşı olmaqla, subay idi, mərhumun vəfat etdiyi tarix təxminən 9 ay əvvəl olub. Mərhum vəfat edən zaman o (şahid) başqa yerdə idi, ona zəng gəlmiş, həmin gün oraya (mərhumun vəfat etdiyi mənzilə) getmiş, mərhumun vəfatı ilə bağlı ona ortaq dostu məlumat vermişdir. Mərhumun meyidini görmüş, təcili tibbi yardım gələndə orda idi, daha sonra dəfn mərasimində iştirak etmişdir. Mərhum Xırdalan qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 bildirmişdir ki, ərizəçi onun müdiridir, mərhum ərizəçinin qardaşı idi, mərhumun şəklini görmüşdür. Mərhum vəfat edəndə işdə idi, ərizəçiyə zəng etdilər və hadisəni bildirdilər. Ərizəçi də dərhal işdən çıxıb hadisə yerinə getdi. Dəfn mərasimində iştirak etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə kifayət qədər əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1980-ci ildə Azərbaycan Respublikasında doğulmuşdur. AZE 17529525 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1980-ci ildə Azərbaycan Respublikası, Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. BŞT və TTYS-in Statistika şöbəsinin 01 aprel 2022-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 01 aprel 2022-ci il saat 15:45 tarixdə ünvan 2 ünvanında X7 həkim gələnə qədər vəfat etmişdir. Azərbaycan Respublikası Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı Baş Səhiyyə Mərkəzi PHŞ “9 nömrəli poliklinika” tərəfindən verilmiş məktubdan görünür ki, X7 poliklinikada heç bir xəstəliklə müraciəti olmadığı üçün ona ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Nəsimi rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli 05/Q-743/75 saylı məktubundan görünür ki, ərizəçiyə ölüm haqqında həkim şəhadətnaməsi təqdim etmədiyinə görə mərhumun adına tərtib edilməli olan ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş, qeyd olunan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan Bələdiyyəsi tərəfindən verilmiş XB- 164 saylı arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə X1 Bələdiyyəsinin tabeliyində olan Xırdalan qəbirstanlığında dəfn edilmişdir. Beləliklə, məhkəmədə ərizəçinin və şahidlərin izahatından və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin qardaşı X7 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində (ev şəraitində) vəfat etmiş Xırdalan qəbirstanlığında dəfn edilmiş, lakin ərizəçi qardaşının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi qardaşının ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və ərizəçinin qardaşı - xx.xx.1980-ci il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 3 ünvanında qeydiyyatda olmuş X3 01 aprel 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməli, ödənilmiş dövlət rüsumu isə ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1980-ci il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 3 ünvanında qeydiyyatda olmuş X3 01 aprel 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar