Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4191/2021 26.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsini işə cəlb etməklə Cavabdeh qarşı «ümumi mülkiyyət hüququnda payın artırılması, mülkiyyət hüququnun tanınması və s» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsini işə cəlb etməklə Cavabdeh qarşı «ümumi mülkiyyət hüququnda payın artırılması, mülkiyyət hüququnun tanınması və s» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsi iddiaçının, ½ hissəsi isə iddiaçının əmisi Abdul Qurban oğlunun xüsusi mülkiyyətində olmuş, 14.03.2003-cü ildə əmisi özünə məxsus ½ hissədən ibarət payını bui ş üzrə cavabdeh Niftullayeva (Quliyeva) Hülya Saleh qızına satmış, ona görə də hazırda bu ev üzərində hər birinin ½ hissədən ibarət payları vardır. 16.09.2016-cı il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə iddiaçı tərəfindən olunaraq bildirilmişdir ki, evləri bir mərtəbədən ibarətdir. Hazırda iddiaçı, həyat yoldaşı, iki uşaqları və iki bacısı burada yaşayırlar. Cəmi evinin yaşayış sahəsi 35,5 kv.m. olan iki otaqdan ibarətdir. İddiaçının oğlu hərbi xidmətdən çoxdan qayıtmış, laki onu evləndirmək istəsələr də yaşayış sahələri az olduğundan onu evləndirə bilmədikləri səbəbindən yaşadıqları evin birinci mərtəbəsinin üstündə, yəni ikinci mərtəbədə üç otaqdan ibarət biri 12,10 kv.m., 9,8 kv.m. və 21,7 kv.m. ibarət olan, cəmi 43,6 kv.m. hissədən ibarət yaşayış sahəsi tikmək istəmiş və həmin layihəni hazırlayaraq İH-nə göndərmişlər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına əsasən evin ikinci mərtəbəsində tikiləcək bu yaşayış otaqlarının layihəsi Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə göndərilməklə onlar məlumatlandırılmışdır. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən tikinti ilə bağlı heç bir etiraz daxil olunmamış, ona görə də evin birinci mərtəbəsinin üstündə həmin tikili tikilməyə başlanmışdır. 28.03.2017-ci il tarixdə ərizə ilə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə müraciət olunaraq bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin iddiaçının xüsusi mülkiyyətində olan ½ hissəsində evin 2-ci mərtəbəsində 3 otaqdan ibarət 43,6 kv.m. yaşayış sahəsinin tikilməsi üçün 16.09.2016-cı il tarixdə onun layihəsi göndərilməklə məlumat verilmiş, hazırda tikintinin başa çatması barədə müvafiq aktla rəsmiləşdirilməlidir. Bundan sonra Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin və Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları bu tikilən sahəyə baxmış və etiraz olmadığından, 28.03.2017-ci il tarixində tikintinin başa çatması ilə bağlı ərazi üzrə 59 saylı MİS tərəfindən bu sahənin faktiki sxemi çəkilmiş və müvafiq akt tərtib etmişdir. Həmin aktda göstərilir ki, Nəsimi rayonu, A.D.Qurbanov küçəsi, 65 saylı fərdi yaşayış evi DƏDRX-nin 30/4936 saylı, 14.03.2003-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən ümumilikdə 5 otaq, 92,9 kv.m.yaşayış sahəsindən, 109,7 kv.m. ümumi sahədən ibarətdir. Həmin mülkün ½ hissəsi İddiaçı məxsusdur. Yerində müayinə zamanı məlum olmuşdur ki, İddiaçı istifadəsində olan sahə faktiki olaraq 7 otaqdan, 107.2 kv.m. yaşayış sahəsindən, 161,18 kv.m. ümumi sahədən ibarətdir. Eyni zamanda bu aktla birlikdə həm də 59 saylı MİS tərəfindən iddiaçının evinin istifadədə olan faktiki sahəsinin plan sxemi də çəkilmişdir. Tikintinin başa çatmasına dair adı çəkilən akt və plan sxem məlumat üçün Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə göndərilmişdir. Aktda birinci mərtəbədə yerləşən təsərrüfat otaqları və qaraj göstərilmədiyindən ümumi sahə 161,18 kv.m. göstərilmiş, lakin 59 saylı MİS tərəfindən çəkilmiş plan sxemdə isə ümumi sahə 204,58 kv.m. qeyd edilmişdir. 2017-ci ildə bu iş üzrə Cavabdeh iddiaçıya qarşı Nəsimi rayon Məhkəməsinə iddia ərizəsi verərək evin bölünməsi tələbi ilə müraciət etmiş, Nəsimi rayon Məhkəməsinin 2(006)-3396/2017 saylı 11.10.2017-ci il tarixli qətnaməsi ilə onun iddia tələbi təmin edilməmişdir. Cavabdeh bu qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-604/2018 saylı 29.11.2018-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Nəsimi rayon Məhkəməsində icraat vaxtı məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzi 17.08.2017-ci il tarixli 12701 saylı rəy vermiş və «ünvan 2 ünvanında yerləşən yaşayış evinin tərəflər arasında paylarına uyğun şəkildə bölünməsinin texniki cəhətdən mümkün olduğunu bildirmişdir. Bunun üçün həyatyanı sahə ümumi istifadədə saxlanılmaqla, «A» saylı yaşayış evinin 2,4,8,9,10,11 saylı tikililəri, eləcə də «Q» saylı tikilinin bütövlükdə iş üzrə Cavabdeh istifadəsində, «A» saylı yaşayış evinin 1,3,5,6,7 saylı tikililərin, eləcə də «B», «V» saylı tikililərin bütövlükdə iş üzrə cavabdehin İddiaçı istifadəsinə verilə bilər». Bakı Apellyasiya Məhkəməsində icraat zamanı məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzi özünün 16.10.2018-ci il tarixli 18583 saylı digər rəyi ilə «ünvan 2 ünvanında yerləşən yaşayış evinin tərəflər arasında paylarına uyğun şəkildə bölünməsinin texniki cəhətdən mümkün olmadığını bildirmişdir». 2016-cı ildə evin iddiaçıya məxsus və yaşadıqları ½ hissəsinin üstündə ikinci mərtəbəsinin tikilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh heç bir etiraz bildirmədi və özü də gələcəkdə birinci mərtəbənin üzərində yaşayış sahəsini tikəcəyini bildirdi. 01.04.2019-cu il tarixdə iddiaçı tərəfindən adı çəkilən sənədlər sənədlər toplanılaraq Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanına müraciət edərəkünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 2-ci mərtəbəsində inşa etdiyi yaşayış sahəsinin reyestrdə qeydə alınmasını xahiş etmişdir. Orada evin paylı mülkiyyətdə olduğunu bildirərək digər palı mülkiyyətçinin də razılıq ərizəsi verməli olduğunu bildirmişlər. İddiaçı Cavabdeh müraciət edərək belə razılıq ərizəsi verməsini xahiş etmişdir. Lakin cavabdeh müxtəlif bəhanələr gətirmiş, gah demişdir ki, «istifadə etdiyim B tikilisi olan mətbəxi mənə ver». İddiaçı hətta həyətdə ümumi istifadədə olan sanitar qovşağı da cavabdehə vermişdir. Lakin yenə də cavabdeh razılıq ərizəsi verməmişdir. Ona görə də bu iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Mülki Məcəlləsinin normalarına uyğun olaraq ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin iddiaçıya məxsus ½ hissəsinin 1-ci mərtəbəsinin üstündə 2-ci mərtəbədə inşa etdiyi və müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilmiş 21,7 kv.m., 12,1 kv.m.və 9,8 kv.m. yaşayış otaqlarından, 13,0 kv.m. mətbəxdən, 4,20 kv.m. sanitar qovşağı, 2,5 kv.m. dəhliz, 2,3 kv.m. metr pilləkən qovşağından ibarət cəmi, 65,6 kv.m. sahəyə mülkiyyət hüququ tanınmaqla iddiaçının mülkiyyətinə daxil olmalıdır. Evin tərtib olunmuş texniki pasportuna və akta uyğun olaraq isə İddiaçı mülkiyyətində olan sahə faktiki olaraq 7 otaqdan, 107,2 kv.m. yaşayış sahəsindən, 161,18 kv.m. ümumi sahədən ibarətdir ki, bu sahəyə mülkiyyət hüququ tanınmaqla daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alınmaqla, mülkiyyət hüququna dair çıxarış verilməlidir. Göstərilənlərə əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsinin 1-ci mərtəbəsinin üstündə 2-ci mərtəbədə inşa etdiyi (21,7+12,1+9,8+13,0+4,20+2,5+2,3 kv.m.)=65,6 kv.m. ümumi sahə və 82,6 kv.m. mansard həcmində ümumi mülkiyyətdə iddiaçının payı artırılmaqla, cəmi 7 otaqdan, 107,2 kv.m. yaşayış sahəsinin, 204,57 kv.m. ümumi sahəsinin üzərində mülkiyyət hüququ tanınmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla müvafiq çıxarışla rəsmiləşdirilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməmiş və bununla bağlı etiraz ərizəsi təqdim edərək, bildirmişdir ki, ünvan 3-d yerləşən evin ½ hissəsi İddiaçı, ½ hissəsi isə Cavabdeh məxsusdur.İddiaçı və onun ailə üzvləri 2003-cü ildən cavabdeh paylı mülkiyyətçisi olduğu evin onun dədə baba torpağı olduğunu bildirərək ona və ailəsinə orada yaşamağa imkan verməyəcəklərini deyərək dəfələrlə evinə basqın etmiş və ölümlə hədələmişdirlər. 2011-ci ildə İddiaçı cavabdehin qardaşının evdə olmadığından istifadə edərək oğlu Əbdülzadə Qurban və həyat yoldaşı Əbdülzadə Lətifə ilə birlikdə qəflətən gecə yarısı növbəti dəfə evinə basqın etmişlər, cavabdehi, onun anasını və yaşlı anasını X3 vəhşicəsinə döyüb ağır bədən xəsarətləri yetirərək başını partlamışlar və bu vəhşiliklərindən sonra bu günə qədər cavabdeh İddiaçı və onun ailə üzvləri ilə bir kəlmə də olsuq danışmamışdır və aralarında heç bir dialoq olmayıb. 2016-cı ildə cavabdeh ailəsi ilə Türkiyə Cümhüriyyətində istirahətdə olan zaman paylı mülkiyyətçi hüququnu pozraq cavabdehdən icazə almadan öz evlərinin üstünü tikmək adı ilə cavabdehin də evinin üstünə icazəsiz bir hissəsini salmaqla 3 otaqdan ibarət qanunsuz tikinti normativlərinə uyğun olmayan hər an uçma təhlükəsində olan gecəqondu inşa etmişdir. İddiaçı özbaşına evin paylı mülkiyyətçisindən icazə almadan apardığı qanunsuz tikintinin nəticəsində yaşadıqları ev qəzalı vəziyyətdə düşmüşdür, evin tavan hissəsində çatlar əmələ gəlmişdir və bu çox təhlükəli olduğu üçün mütəxəssislərin evin hər an çökmək təhlükəsi olduğunu bildirdikləri üçün onun müraciəti əsasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin mütəxəssisləri tərəfindən araşdırma aparılmış və qəzalı tikintinin sökülməsi üçün müvafiq akt tərtib edilərək aidiyyəti üzrə tədbirlərin görülməsi üçün Nəsimi rayon İcra Hakimiyyətinə göndərilmişdir. İddiaçı və ailə üzvlərinin özbaşınalığına, cinayətkar əməllərinə gələcəkdə dövlətdən pul alsın deyə qanunsuz apardığı tikililərə görə iddiaçının və onun ailəsinin həyatı təhlükə altında qalıb və eyni zamanda maddi və mənəvi zərər çəkirlər. İddiaçı cavabdehin razılığı olmadan onun mülkiyyətçi hüquqlarını pozaraq inşa etdirdiyi onun və ailə üzvlərinin həyatına təhlükə yaradan evini qəzalı vəziyyətə salmış qeyri-qanuni tikiliyə «mülkiyyət hüququnda payın artırılması barədə» tələbinə qəti şəkildə etiraz edir. Bu səbəbdən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı, 007594 saylı, 02.03.2000-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 109,7 kv.m, yaşayış sahəsi 92,7 kv.m. olan 5 otaqlı xüsusi mülkiyyətdə olan ev ½ hissəsinə X2,½ hissəsinə Abdul Qurban oğlunun xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır. İş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı, 019723 saylı, 14.03.2003-cü il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 109,7 kv.m, yaşayış sahəsi 92,7 kv.m. olan 5 otaqlı xüsusi mülkiyyətdə olan ev ½ hissəsinə X1,½ hissəsinə X2 xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır. İş materiallarınd olan Nəsimi rayon 59 saylı MKİS-nin rəisi Ə.Rüstəmov, mühəndisi R.Süleymanov, sahə nəzarətçisi Ə.İsmayılov tərəfindən tərtib edilmiş 28.03.2017-ci il tarixli aktından və İddiaçı istifadəsində olan sahənin faktiki sxemindən görünür ki, A.D.Qurbanov küçəsi, 65 saylı fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 30/4936 saylı, 14.03.2003-cü il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən ümumilikdə 5 otaq, 92,9 kv.m. yaşayış sahəsindən, 109,7 kv.m. ümumi sahədən ibarətdir. Həmin mülkün ½ hissəsi İddiaçı Əliqulu oğluna məxsusdur. Yerində araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı Əliqulu oğlu oğlunun istifadəsində olan sahə faktiki olaraq 7 otaqdan 107,2 kv.m.yaşayış sahəsindən, 161,18 kv.m. ümumi sahədən ibarətdir. İş materiallarında olan Nəsimi rayon Məhkəməsinin 11.10.2017-ci il tarixli, 2(006)- 3397/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı «evin bölünməsi, tikililərin sökülməsi və maneənin aradan qaldırılması» tələbinə dair ilkin iddia ərizəsi təmin edilməmiş, İddiaçı Cavabdeh qarşı «cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi» tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-604/2018 saylı, 29.11.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3396/2017 saylı iş üzrə 11.10.2017-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya baxışı zamanı keçirilmiş ekspertizasının xərci qismində 100 manat Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği Cavabdeh özünə aid olunması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, A.Qurbanov küçəsi, ev 65 ünvanında yaşayan Nümayəndə2 ünvanlanmış 13.02.2020-ci il tarixli məktubun surətindən görünür ki, yaşadıqları mənzilinin qəzalı vəziyyətə düşməsi barədə Agentliyə ünvanlandıqları 14.01.2020-ci il tarixli müraciət mütəxəssislər tərəfindən yerində araşdırılmış və aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi üçün akt tərtib olunmuş və Nəsimi rayon İcra Hakimiyyətinə məktub ünvanlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, A.Qurbanov küçəsi, ev 65 ünvanında yaşayan Nümayəndə2 ünvanlanmış 12.03.2020-ci il tarixli məktubun surətindən görünür ki, yaşadıqları mənzilin qəzalı vəziyyətə düşməsi barədə Azərbaycan Respulikası Nazirlər Kabinetinə ünvanladığı 24.01.2020-ci il tarixli müraciətə Agentlikdə baxılmışdır. Eyni məzmunlu müraciəti ilə bağlı mütəxəssisləri tərəfindən araşdırma aparılmış və müvafiq akt tərtib edilərək aidiyyəti üzrə tədbirlərin görülməsi üçün Nəsimi rayon İcra Hakimiyyətinə gönlərilmişdir. Hazırki mübahisə ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddia tələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.3-cü maddəsi çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına bu əmlakı yaxşılaşdıran əlavələr etmişsə və həmin əlavələr əmlakdan ayrıla bilməzsə, ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə artırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Məhkəmə belə qənaətə gəlir ki, qanunvericilikdə qeyd edilmiş müddəalar baxımından ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydası dedikdə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadənin onun bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilməsi başa düşülür. Belə olan halda əgər mülkiyyətçi qeyd edilən qaydalara riayət etməklə yaxşılaşdırmalar həyata keçirmişdirsə və həmin yaxşılaşdırmalar əmlakdan ayrıla bilmirsə, ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə artırılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən mülkiyyətçilərdən birinin zərurət olmadan və qalan mülkiyyətçilərin razılığını almadan çəkdiyi xərclərin əvəzi qalan mülkiyyətçilər tərəfindən ödənilməməlidir. Bu zaman yaranan mübahisələr məhkəmə qaydasında həll olunur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən mülkiyyətçilərin əksəriyyətinin razılığı ilə əşyanın dəyərini və işlənməyə yararlığını qorumaq üçün saxlama, təmir (bərpa) və təzələmə işləri aparıla bilər. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən əşyanın dəyərini artırmaq və ya sərfəliyini və işlənməyə yararlığını yüksəltmək məqsədi ilə aparılan təzələmə və yenidənqurma işləri üçün eyni zamanda əşyadakı payların çox hissəsini təmsil edən mülkiyyətçilərin əksəriyyətinin razılığı zəruridir. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən əşyanın yalnız xarici görünüşünün yaxşılaşdırılması və ya ondan istifadənin əlverişliyinin artırılması üçün nəzərdə tutulan tikinti işlərini və ya başqa işləri ancaq bütün mülkiyyətçilərin razılığı ilə görməyə icazə verilir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov küçəsində yerləşən 65 saylı evə paylı mülkiyyət hüququna malikdirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı isə ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etmədən cavabdehə aparılmış tikinti işləri barədə qabaqcadan məlumat verməmiş, onun razılığı alınmamış və digər payçınında payına düşən hissədən ( rəsmi çıxarışla müəyyən edilmiş sahədən 50% daha çox sahə) tam istifadə edərək iddiaçı ümumi əmlakdakı sahənin artırılmasını həyata keçirmişdir. Beləliklə, iş materiallarında olan sübutları nəzərdən keçirməklə məhkəmə belə qənaətə gəlir ki, iddiaçının iddia ərizəsində, iddiaçı və cavabdehin nümayəndələrinin məhkəmə baxışı zamanı verdiyi izahatlarda iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə iddianın ümumi mülkiyyətdəki payının artırılmaqla mülkiyyət hüququnun tanıması hissəsində iddia tələbi təmin edilmədiyindən iddianın digər hissəsi olan çıxarışın rəsmiləşdirilməsi hissəsində prossesual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırılma aparılmadan iddia tələbi bu hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsini işə cəlb etməklə Cavabdeh qarşı «ümumi mülkiyyət hüququnda payın artırılması, mülkiyyət hüququnun tanınması və s» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-4191/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4191/2021
26.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver