Məhkəmə qərarları › İş №2(006)-4225/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4225/2021

31.08.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4225/2021 31.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Azər Zabid oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin 15.01.2021-ci il tarixli, k/21-00178 nömrəli əmrinin ləğv edilməsi, onun müvafiq ASC-də işə bərpa olunmağı və ona dəymiş maddi ziyan 3270 (üç min iki yüz yetmiş) manat, mənəvi ziyan isə 50.000 (əlli min) manat məbləğində ödənilərək tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 02.06.2015-ci il tarixdən etibarən “Azərişıq" ASC-nin İnkişaf və İnvestisiya Departamentinin Tikinti və Yenidənqurma İdarəsinə texniki nəzarətçi vəzifəsində başlamış, 13.06.2019-cu il tarixdən həmin idarədə təmir tikinti bölməsinin rəisi vəzifəsində işləmişdir. Əslində o, göstərilən dövr ərzində aparıcı mühəndis vəzifəsində çalışmışdır. Qeyd edir ki, bu fakt onun əmək kitabçasında yanlış qeyd edilmişdir. Cari ilin 15.01.2021-ci il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştatların ixtisarı ilə əmək müqaviləsinə xitam verilmişdir. 2020-ci ilin avqust ayında departament ləğv olunarkən insan resursları departamentinin rəhbəri həmçinin "xxxx" ASC-nin işlər idarəsinin rəisi kollektiv qarşısında çıxış edərək bildirmişlər ki, ASC-də aparılan struktur islahatları ilə əlaqədar departamentin ləğv olunmasına baxmayaraq, işçilər işsiz qalmayacaq, müxtəlif idarə və şöbələrə yerləşdiriləcəklər bununla əlaqədar narahatçılığa heç bir əsas yoxdur. Lakin bu baş vermədi. Daha sonra ona heç bir təklif edilmədi. O, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti, Qarabağ müharibəsi veteranıdır. Belə ki, ölkə başçısının pandemiya dövrü ərzində dövlət və özəl sektorların rəhbərlərinə çağırışları nəzərə alınmamış həmçinin Qarabağ müharibəsi veteranı kimi onun hüquqları təmin edilməmişdir. Bu ixtisar əmək məcəlləsinin 78-ci maddəsinin 2-ci bəndinə həmçinin veteranlar haqqında Azərbaycan Respublikasının qanununun 9-cu maddəsinə ziddir. Bildirir ki, müvafiq əmrin surəti ona indiyədək verilməyib, bununla bağlı ASC-yə müraciətləri nəticəsiz qalmış, işdən çıxarıldıqdan sonra səhhəti ona məsələ barədə məhkəməyə müraciət etməyini ləngitmişdir. Belə ki, işdən çıxarıldıqdan sonra himayəsində olan 2 tələbə övladının həyat səviyyəsi xeyli enmiş, səhhətində ciddi problemlər yaranmış ,bununla əlaqədar uzun müddət ev şəraitində, daim sahə həkiminin nəzarəti altında müalicə almışdır. Müalicəsini yekunlaşdırdıqdan sonra hazırda işə bərpa olmağı barədə iddia ərizəsi ilə müraciət edir. Bildirir ki, müvafiq əmrin surəti ona verilmədiyindən, həmçinin səhhətindəki problemləri ilə əlaqədar iddiasını indi qaldırır. İddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək məhkəmədən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 15.01.2021-ci il tarixli k/21-00178 nömrəli əmrinin ləğv edilməsi, onun müvafiq ASC-də işə bərpa olunmağı, ona dəymiş maddi ziyanın 5232 (beş min iki yüz otuz iki) manat və mənəvi ziyanın isə 50000 (əlli min) manat məbləğinin cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, irəli sürdüyü iddia tələbinin bir hissəsi də ona vurulmuş 3270 manat məbləğində maddi ziyanın ödənilməsidir. Azərbaycan Respublikasının qanunvericiliyinin tələbinə əsasən irəli sürdüyü iddia tələbinə müvafiq müddətdir ki, baxılır və bu müddət ərzində cavabdeh tərəfindən ona vurulan maddi ziyan artmaqda davam edir. Belə ki, iddia ərizəsindən də məlum olduğu kimi o, əsassız və qanunsuz olaraq işdən azad olduğuna görə aylıq 654 manat məbləğində əmək haqqını ala bilmir. Bu səbəbdən də o, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsini əsas tutaraq iddia tələbinin ona dəymiş maddi ziyanın 3270 manat məbləğindən artıraraq 5232 (beş min iki yüz otuz iki) manat məbləğinin ödənilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. O həmçinin bildirmişdir ki, 15.01.2021ci ildə ixtisara salınmış, lakin sonradan iş ilə təmin edilmiş digər işçilərlə bərabər müvafiq siyahıda olmasına baxmayaraq, ona iş təklif edilməmişdir. Əmək kitabçasının ona yanvar ayında təqdim edildiyini, son haqq-hesabın edildiyini, əmək müqaviləsinə xitam verilməzdən bir neçə ay əvvəl ixtisar barədə ona məlumatın verildiyini bildirmişdir. İddiaçı eyni zamanda mübahisələndirilən əmrin ona verilmədiyini, şifahi qaydada dəfələrlə "xxxx" ASC-yə bununla əlaqədar müraciət etdiyini, lakin ASC-nin əməkdaşları tərəfindən əmrin ona ancaq məhkəmə sorğusuna əsasən təqdim ediləcəyini və ancaq indi götürə bildiyini nəzərə alaraq Əmək Məcəlləsinin 296.2-ci maddəsi ilə müəyyən edilmiş 1 təqvim ayı müddətinin buraxılmasını üzrlü sayaraq, prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 izahatında bildirmişdir ki, İddiaçı işdən çıxarılarkən "xxxx" ASC əməkdaşları tərəfindən əmək qanunvericiliyinin hər hansı normasının pozuntusuna yol verilməmişdir. O həmçinin qeyd etmişdir ki, mülki işin materiallarına əlavə olunmuş sənədləri təhlil edərək işçi İddiaçı "xxxx" ASC sədrinin k/21-0017 nömrəli 15.01.2021-ci il tarixli əmri ilə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin "b" bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi, lakin iddiaçının 25.05.2021-ci il tarixdə sözügedən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi müəyyən edilməkdədir. Mövcud mübahisənin Azərbaycan Respublikası ƏM-nin müddəaları ilə tənzimləndiyini nəzərə alıb, həmin Məcəllənin 296-cı maddəsinin 2-ci bəndinə uyğun olaraq fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilməsi təsbit edilmişdir. Qeyd olunanları nəzərə alıb, işçi İddiaçı "k/21-0017 nömrəli 15.01.2021-ci il tarixli əmrinin ləğv edilməsi və sair” tələblərinə dair iddianın Azərbaycan Respublikası ƏMnin 296-cı maddəsinin 2-ci bəndi ilə təsbit edilmiş 1 təqvim ayı ərzində verilmədiyindən rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Azərbaycan Respublikasının DİN tərəfindən 18.05.2000-ci il tarixdə verilmiş 024355 saylı vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır. ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 02.06.2015-ci il tarixli, k-15-0637 saylı əmr ilə "xxxx" ASC-nin İnkişaf və İnvestisiya Departamentinin Tikinti və Yenidənqurma idarəsinə texniki nəzarətçi vəzifəsinə təyin edilmiş, 13.06.2019-cu il tarixli, K/19-030 saylı əmr ilə həmin idarədə təmir-tikinti bölməsinin rəisi vəzifəsinə keçirilmişdir. 15.01.2021-ci il tarixli "k/21-0017 nömrəli əmr ilə İddiaçı tərəf olduğu əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq ştatın ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. "xxxx" ASC-nin X1 30.11.2020-ci il tarixli qərarından görünür ki, İnkişaf və İnvestisiya Departamentinin ləğvi ilə əlaqədar həmin Departamentin müşaviri X6, Tender və Müqavilə şöbəsinin baş mütəxəssisi X3, Tikinti və Yenidənqurma İdarəsinin aparıcı mühəndisləri X13, X7, İddiaçı və həmin idarənin 110/35 kv-luq Elektrik şəbəkələrində Yenidənqurma işlərinə Nəzarət şöbəsinin rəis müavini X4 ilə bağlanmış əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə X5 etiraz etməmişdir. 08.09.2020-ci il tarixli, 17-20/193 saylı əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdarlıqdan görünür ki, struktur dəyişikliyi ilə əlaqədar "xxxx" ASC-nin k/20-03402 saylı, 13.08.2020-ci il tarixli əmrinə əsasən İddiaçı ştatının ləğv edilməsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi və ƏM-nin 77-ci maddəsinin 3-cü bəndinə əsasən qanunla nəzərdə tutulmuş məbləğdə müavinət ödəniləcəyi barədə xəbərdar edilmiş, əmək müqaviləsinə xitam verildikdən sonra çıxış vərəqəsini və əmək kitabçasını götürmək üçün Səhmdar Cəmiyyətin Kadrlar şöbəsinə müraciət edilməsi xahiş olunmuşdur. 15.01.2021-ci il tarixli "k/21-0017 nömrəli əmrin surətindən görünür ki, İddiaçı – İnkişaf və İnvestisiya Departamentinin Tikinti və Yenidənqurma idarəsinin aparıcı mühəndisinin əmək müqaviləsinə ştatın ixtisarı ilə əlaqədar 15.01.2021-ci il tarixindən orta aylıq əmək haqqının 1,7 misli miqdarında işdənçıxma müavinət ödəməklə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (əsas: ştatın ixtisarı) xitam verilməsi, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən son haqq hesabın (01.06.2019/20-15.01.2021-ci il üçün istifadə olunmamış məzuniyyət üçün 45 t/günü və əmək haqqı) ödənilməsinin təmin edilməsi əmr edilmişdir. Azərbaycan Respublikası DİN-in Tibb İdarəsinin 2 saylı poliklinikası tərəfindən tərtib olunmuş 719 saylı, 08.07.2021-ci il tarixli tibbi arayışdan və 05.05.2021-ci il tarixli, TQS seriyalı, 027 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, İddiaçı ambulator müalicə almışdır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı "xxxx" ASC-nin İnkişaf və İnvestisiya Departamentinin Tikinti və Yenidənqurma idarəsinin aparıcı mühəndis vəzifəsində çalışmışdır. K/21-00178 saylı, 15.01.2021-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən İddiaçı tərəf olduğu əmək müqaviləsinə xitam verilmişdir. "xxxx" ASC-nin X1 30.11.2020-ci il tarixli qərarına əsasən, tərəflərin əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə X1 etiraz etmədiyi müəyyən edilmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, k/21-0017 nömrəli 15.01.2021-ci il tarixli əmrinin ləğv edilməsini, dəymiş maddi və mənəvi zərərin ödənilməsi və s. barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının müvafiq tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüququ işəgötürənin əsas hüquqlarından biridir. Həmin Məcəllənin 70-ci maddəsinin «b» bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.1-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 77.1-77.3-cü maddələrinin tələblərinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Həmin Məcəllənin 80.1-ci və 80.2-ci maddələrinin tələblərinə görə bu Məcəllənin 70ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli şəkildə təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan əmək münasibətlərinə xitam verilə bilməz. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə ştatın ixtisar edilməsi əsası ilə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh-təşkilat tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, işçiiddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, iddiaçı cavabdeh tərəfindən ştatın ixtisar edilməsi səbəbi ilə əmək münasibətlərinə xitam veriləcəyi barədə vaxtında xəbərdarlıq edilmiş, həmkarlar ittifaqı təşkilatına təqdimatla müraciət edilmiş və iddiaçının işdən azad edilməsinə qabaqcadan razılığı alınmışdır. Bundan başqa "xxxx" ASC tərəfindən 15.01.2021-ci il tarixli əmrin çıxarılması barədə iddiaçıya məlumat verilməklə onunla son haqq-hesab aparılmış, əmək kitabçası təqdim edilmişdir. Məhkəmə həmçinin iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78 maddəsinin təsiri altına düşdüyü üçün işdə saxlanmaqda üstünlük hüququna malik olması ilə əlaqədar aşağıdakılar qeyd edilməlidir. Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Həmin Məcəllənin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqı təşkilatının və ya hər hansı siyası partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Məhkəmə hesab edir ki, iddiaçının bu məsələdə istinad etdiyi dəlillər əsassızdır. Belə ki, Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci bəndinin məzmunundan da görünür ki, qanunvericilik işçilərin sayı və ya ştat vahidləri ixtisar edilərkən, işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Hazırkı işin hallarından isə görünür ki, iddiaçının işlədiyi ştat vahidi ümumiyyətlə ləğv edilmiş və artıq belə bir ştat olmadığından işəgötürənin işçilər arasında seçim etmək imkanına da malik olmamışdır. Bundan başqa məhkəmə qeyd edir ki, hazırkı iş üzrə Əmək Məcəlləsinin 79-cu maddəsinin təsiri altına düşən hallar müəyyən edilməmişdir. Beləliklə yuxarıda şərh edilənlərə əsasən məhkəmə iddiada göstərilənlərin əmək müqaviləsinə xitam verilməsi barədə mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsas olmadığı üçün iddianın rədd edilməsi qənaətə gəlir. Həmçinin məhkəmənin bu qənaətinə görə, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni işə bərpa edilmə və məcburi işburaxma müddətinə görə əmək haqqının tutulması tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Məhkəmə iddianın “maddi və mənəvi zərərin ödənilməsi”nə dair hissəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096 və 1097.1-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Beləliklə cavabdehin iddiaçıya qarşı hər hansı hüquqazidd əmələ yol verməsi məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddia bu hissədə də rədd edilməlidir. Məhkəmə cavabdeh tərəfin iddiaçının məhkəməyə müraciət üçün iddia müddətinin buraxılmasına dair ərizəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən isə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bənnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan məhkəmə tərəfindən iddia müddətinin tətbiqindən imtina edilməlidir. Buna baxmayaraq məhkəmə iddiaçı tərəfindən verilmiş iddia müddətinin bərpasına dair ərizə ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddiaçının izahatına əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən ona mübahisələndirilən 15.01.2021-ci il tarixli, k-21-00178 saylı əmr verilməsə də, özünə məxsus əmək kitabçası yanvar ayında təqdim edilmişdir. Hazırkı iddia ərizəsi ilə isə iddiaçı tərəfindən məhkəməyə 2021-ci ilin may ayının 25-də müraciət edilmişdir. Göründüyü kimi İddiaçı tərəfindən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində müəyyən edilmiş 1 aylıq iddia müddəti ötürülmüşdür. Belə ki, yuxarıda qeyd edildiyi kimi 296-cı maddəsinin 3-cü hissəsində sadalanan sənədlərin hər birinin və ya təkcə birinin işçiyə təqdim edilməsi ilə işçi artıq onunla işəgötürən arasında olan əmək münasibətlərində hər hansı bir dəyişikliyin (onunla əmək münasibətlərinə xitam verilməsi və s.) baş verməsindən agah olur. Çünki həmin sənədlərin işçiyə verilməsində əsas məqsəd işçini onun əmək münasibətlərində baş verən dəyişikliklə xəbərdar etməkdir və mahiyyəti etibarı ilə həm əmrdə (sərəncam və ya qərarda), həm əmək kitabçasında, həm də haqq-hesab sənədlərində həmin sənədlərin verilmə səbəbi göstərilir. Ona görə də, həmin sənədlərdən yalnız birinin verilməsi yetərlidir ki, işçi onunla işəgötürən arasında olan əmək münasibətlərində baş verən həmin dəyişiklikdən xəbərdar olsun. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı işdə əmək kitabçasının iddiaçıya verildiyi ay, yəni yanvar ayı onun öz hüququnun pozulduğunu aşkar etdiyi tarix hesab olunur və belə olan halda 15.01.2021-ci il tarixli, k-21-00178 saylı əmrin surətinin ona vaxtında təqdim edilməməsi mübahisənin həllinə heç bir təsir etmir. Həmçinin iddiaçı müddətin üzrlü səbəblərdən buraxdığını bildirsə də, bu halı sübut edə bilməmişdir. Belə ki, İddiaçı poliklinikaya qeydiyyata düşdüyü, müvafiq ambulator müalicə aldığına dair dəlil kimi göstərdiyi halları məhkəmə iddianın verilməsini istisna edən hal kimi qəbul edilə bilməz. Belə ki, ambulator müalicə xəstənin hərəkətlərini, gediş-gəlişini hər-hansı formada məhdudlaşdıran müalicə forması deyildir və iddiaçının öz hüquqlarının pozulduğunu bildiyi gündən qanunvericilikdə nəzərdə tutulan müddət ərzində məhkəməyə müraciət etməsini istisna etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək, iddiaçının tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyi və onun tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən iddiasının rədd edilməsi nəticəsinə gəlir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar