Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4409/2024 22.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil, Cavabdeh PHŞ-nin nümayəndəsi X5 iştirakları ilə İddiaçı Cavabdeh PHŞ-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh PHŞ-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh 1838 nömrəli, xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsini, onun işə bərpa edilməsi, iddiaçının məcburi iş buraxmağa görə əmək haqqı (maddi ziyan) hesablanması və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, habelə vurulmuş mənəvi ziyana görə 8000 (səkkiz min) manat məbləğində pulun, dövlət rüsumu və mediasiya xərcinə görə ümumilikdə ödənilmiş 155 (bir yüz əlli beş) manat pulun iddiaçının xeyrinə tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 243 nömrəli, xx.xx.2015-ci il tarixli əmr ilə B.Eyvazov adına X7 və X1 Talassemiyanın profilaktikası şöbəsində laborant vəzifəsinə qəbul olmuşdur. xx.xx.2021-ci il tarixində 65 nömrəli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinə “a” yarımbəndi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, həmin tarixli 412 nömrəli əmrə əsasən Milli Hematologiya və X2 Diaqnostik Laboratoriya şöbəsinin Talassemiyanın profilaktikası bölməsində laborant vəzifəsinə işə qəbul olunmuşdur. Sonradan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh 1838 nömrəli, xx.xx.2024-cü il tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad olunaraq tam qərəzli və qanunsuz olaraq ləğv edilmiş və iddiaçı işə buraxılmamışdır. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinə əgər işçi ilə bağlanılmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə də işə götürən tərəfindən, istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İddiaçı işdən çıxarılmasına dair əmrdə əmək müqaviləsinin ləğv edilməsinə səbəb kimi göstərilənlər tam şər və böhtan xarakterlidir. Belə ki, Cavabdeh PHŞ tərəfindən İddiaçı qəsdən buraxılmamış və iddiaçının vəzifəsinə Mərkəzin rəhbərliyi tərəfindən öz adamı təyin edilmişdir. İddiaçı işdən çıxarılmamışdan öncə Mərkəzə təyin edilmiş yeni rəhbərlik tərəfindən ona və digər işçilərə “kim qalıb işləmək istəyir 3000 manat gətirsin” xəbərdarlığı edilmişdir. Lakin, iddiaçının maddi imkanı olmadığından onu bu yolla sonradan işdən çıxartmışlar. Həmçinin, iddiaçının işdən çıxarılmağı barədə əmr verilməmişdən öncə işəgötürən onu işə buraxmayaraq bildirilmişdir ki, guya o işdən çıxarılmış, lakin ona bu barədə əmr və əmək kitabçası verilməmişdir. İddiaçının çox saylı təkidindən sonra ona əmr və əmək kitabçası təqdim edilmişdir. Bundan sonra iddiaçıya məlum olmuşdur ki, o Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılmışdır. Əmək müqaviləsinə eyni zamanda, iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Əmrdə əmək müqaviləsinin bir nüsxəsinin cavabdehə bağlanan zaman verilməsi və həmin müqavilələrin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər barədə heç bir sənəd yoxdur. Həmçinin, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. Bununla yanaşı, cavabdeh tərəfindən iddiaçının işdən çıxarılmağı onun şəxsi keyfiyyətləri ilə əlaqələndirilərək guya sonuncunun bundan əvvəl barəsində tətbiq edilmiş “şiddətli töhmət” növündə intizam tənbeh növündən nəticə çıxarmayaraq işəgötürən məlumat vermədən uzun müddət işə gəlməmişdir. Əslində əmrdə qeyd olunanlar hamısı şər və böhtandan, habelə işəgötürənin iddiaçının yerinə öz yaxın adamını gətirmək üçün düşünülmüş qondarma bəhanədən başqa bir şey deyildir.
3. Cavabdeh tərəfindən məhkəməyə etiraz ərizəsi təqdim edilərək, İddiaçı Cavabdeh PHŞyə qarşı iddiasının əsassız olduğundan və iddia müddəti ötürüldüyündən rədd edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir.
4. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddia ərizəsi məhkəmə tərəfindən icraata qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci bəndinə əsasən həmin Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 (üç) təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci bəndinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 (bir) təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Lakin, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin müvafiq maddəsi ilə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Belə olan halda, işçinin əmək hüquqlarının pozulmasına dair əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş iddia müddəti ötürülmüş hesab edilir. İddiaçı Qubadlı X4 X3 şöbəsinin Talassemiyanın profilaktikası bölməsində laborant vəzifəsində fəaliyyət göstərmişdir. İddiaçı işlədiyi müddət ərzində əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, mütəmadi olaraq işə gecikmə hallarına yol verərək müəssisənin iş davamiyyətini və ahəngini pozmuş, heç bir üzürlü səbəb bildirmədən və həmin səbəbi təsdiq edən sənəd təqdim etmədən işə uzun müddət gəlməmiş, iş yerində əmək və icra intizamının normal ahəngini və daxili nizam-intizam qaydalarını dəfələrlə kobud şəkildə pozmuşdur. Bu səbəbdən iddiaçıya xəbərdarlıqılar edilsə də, o məhəl qoymadan əmək pozmağa davam etmişdir. Daha sonra Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən Mərkəz tərəfindən iddiaçıya xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində verilmiş sonuncu xəbərdarlıqla şiddətli töhmət növündə tənbehlərdən nəticə çıxarmayaraq iddiaçı yenidən işəgötürənə məlumat vermədən uzun müddət işə gəlməmiş və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməyə davam etmişdir. Belə olduğu halda qeyd edilənləri nəzərə alaraq və əsas götürərək İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli, 1838 nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Həmçinin, iddiaçı öz ərizəsində qeyd etdiyi işdən çıxarılma səbəblərini əsaslandırmamış, onları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bunlar isə qeyd edilənlərin yalnız böhtan xarakter daşıdığını və həqiqətə uyğun olmadığını təsdiq edir. Bununla yanaşı, İddiaçı barəsində 2023-cü ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən başlanılmış cinayət işinə əsasən istintaqla onun 2022-2023-cü illər ərzində Milli Hematologiya və Transfuziologiya Mərkəzində işləyərkən qanuni əsas olmadan həqiqi hərbi xidmətdən yayınmaq üçün ona müraciət etmiş ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti alaraq laborator müayinə üçün onlardan götürülmüş qan nümunələrini dəyişməklə talassemiya daşıyıcısı olmalarına dair əldə etdiyi saxta nəticələri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabe qurumlarına təqdim edib həqiqi hərbi xidmətdən yayınmalarını təşkil etməsinə və digər qanunsuz hərəkətlər törətməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Toplanmış sübutlarla İddiaçı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 maddələri (qulluq mövqeyindən istifadə etməklə təkrar dələduzluq), 320.1-ci maddəsi (rəsmi sənədləri saxtalaşdırma) və 32.3-cü, 321.1-ci maddəsi (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmasını təşkil etmə) ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən İddiaçı barəsində tərtib edilmiş ittiham aktı təsdiq edilərək xx.xx.2023-cü il tarixində baxılması üçün aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı barəsində başlanılmış cinayət işi barədə məqalə mediada (“Musavat.com”, “32gun.az”, “APA.az” saytlarında) yayımlanmışdır. a) Məhkəmə prosesi:
5. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.
7. Məhkəmə iclasında Cavabdeh PHŞ-nin nümayəndəsi X9 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi.
8. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və vəsatəti iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
9. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 Milli Hematologiya və Transfuziologiya Mərkəzinin: - xx.xx.2022-ci il tarixli, 110 nömrəli “töhmət verilməsi haqqında” əmrindən görünür ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ-nin X3 şöbəsinin Talassemiyanın profilaktikası bölməsinin laborantı İddiaçı müəssisə daxili nizam-intizam qaydalarını pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən intizam tənbehi – töhmət verilmişdir. - xx.xx.2022-ci il tarixli, 1228 nömrəli “şiddətli töhmət verilməsi haqqında” əmrindən görünür ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ-nin X3 şöbəsinin Talassemiyanın profilaktikası bölməsinin laborantı İddiaçı daxili nizam-intizam qaydalarını və mütəmadi olaraq iş davamiyyətini pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. - xx.xx.2022-ci il tarixli, 1609 nömrəli “əmək və icra intizamının pozulmasına dair yazılı xəbərdarlıq verilməsi haqqında” əmrindən görünür ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ-nin X3 şöbəsinin Talassemiyanın profilaktikası bölməsinin laborantı İddiaçı əmək və icra intizamını pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3cü bəndinə əsasən yazılı xəbərdarlıq edilmişdir. Gələcəkdə belə hallar təkrar baş verərsə qanunvericiliyə əsasən ona qarşı daha ciddi tədbirlər görüləcəyinin işçiyə çatdırılması qeyd edilmişdir.
10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ-nin icraçı direktoru V.T.Hüseynova X3 şöbəsinin müdiri Ə.Məmmədova tərəfindən ünvanlanmış:
11. xx.xx.2023-cü il tarixli təqdimatdan görünür ki, həmin şöbənin Talassemiyanın profilaktika bölməsinin laborantı İddiaçı əmək müqaviləsi üzrə tutduğu vəzifə öhdəliklərini layiqincə icra etmədiyinə, daxili nizam-intizam qaydalarını dəfələrlə kobud şəkildə pozduğuna, subordinasiya qaydalarına riayət etmədiyinə, vəzifəsi üzrə rəhbərliyin müvafiq tapşırıqlarına əməl etmədiyinə görə iclaslar keçirilmiş və bununla bağlı qərarlar qəbul edilmişdir. Qeyd edilənləri və İddiaçı əmək müqaviləsinin bitməsini nəzərə alaraq əmək müqaviləsinə xitam verilməsinə dair münasibət bildirilməsi xahiş edilmişdir.
12. X3 şöbəsinin müdiri Əfsanə Məmmədova tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli təqdimatdan görünür ki, İddiaçı xx.xx.2023-cü il (saat 15:48), xx.xx.2023-cü il (saat 15:53) tarixlərində iş yerini vaxtından əvvəl tərk etmiş, xx.xx.2023-cü il (saat 09:16), xx.xx.2023-cü il (saat 09:06), xx.xx.2023-cü il (saat 09:05), xx.xx.2023-cü il (saat 09:14), xx.xx.2023-cü il (saat 09:05) tarixlərində isə işə gecikmişdir. xx.xx.2023-cü il tarixində icazə verilmədiyi halda iş yerini tərk edib, saat 09:09-da geri dönmüş, xx.xx.2023-cü il tarixində isə ümumiyyətlə işə gəlməmişdir. İddiaçı haqqında Nizam-intizam Komissiyasının iclasının qərarı əsasında şiddətli töhmət verilmiş, lakin işçi heç bir nəticə çıxarmayaraq müəssisənin qaydalarına əməl etməmişdir. Kadrlar şöbəsi tərəfindən şöbə müdiri kimi ona işçi haqqında edilən iradın haqlı olduğunu düşünür. Qeyd edilənləri nəzərə alaraq, müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir.
13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ-nin: - Nizam-intizam Komissiyasının 3 nömrəli xx.xx.2023-cü il tarixli protokolundan və Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ-nın xx.xx.2023-cü il tarixli, 919 nömrəli əmrindən görünür ki, X3 şöbəsinin Talassemiyanın profilaktikası bölməsinin laborantı İddiaçı iş yerində əmək və icra intizamının normal ahəngini, müəssisədaxili nizam-intizam qaydalarını və mütəmadi olaraq iş davamiyyətini pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. - Nizam-intizam Komissiyasının 3 nömrəli xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, X3 şöbəsinin laborantı İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. - İcraçı direktoru V.T.Hüseynova X3 şöbəsinin müdiri VMİE Q.Orucov tərəfindən ünvanlanmış təqdimatdan görünür ki, həmin şöbənin laborantı İddiaçı xx.xx.2023-cü il tarixində işə gəlməmiş və bu barədə heç bir məlumat verməmişdir (şöbə müdiri və kadrlar şöbəsi). İddiaçı tərəfindən belə hallar dəfələrlə və əsasən cümə günlərində təkrar olunmuşdur. Əməkdaş tərəfindən gəlməməyi ilə bağlı heç bir rəsmi sənəd təqdim edilməmişdir. - xx.xx.2023-cü il tarixli, 1382 nömrəli əmrindən görünür ki, laborantı İddiaçı iş yerində əmək funksiyasını pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Əmrə əlavə edilmiş xx.xx.2023-cü il tarixli imzası ilə təsdiq etdiyi izahatından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixində işə gələrkən səhhətində problem yaranması (halsızlıq, baş ağrısı və boğaz şişmiş) ilə əlaqədar şöbə müdirinə məlumat vermək istəmiş, lakin əlaqə yarada bilməmişdir. Dərhal kadrlar şöbəsinə məlumat vermişdir.
14. xx.xx.2023-cü il tarixli Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ-nin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri R.D.İbrahimxəlilova, həmin şöbənin mütəxəssisləri C.X.Rzayeva , N.M.Əlimusayeva, T.R.Şabanova və V.Ç.Abdullayeva tərəfindən tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş Aktdan görünür ki, Mərkəzin X3 şöbəsinin Talassemiyanın profilaktikası bölməsində laborantı İddiaçı özünün bildirdiyi və şəxsi işində qeyd etdiyi ünvanda yaşamadığı, həmçinin Bakı şəhərində kirayə qaldığı evləri mütəmadi olaraq dəyişməsi səbəbindən qeydiyyat ünvanına iş ilə əlaqədar hər hansı sənədlərin göndərilməsi barədə xəbəri olmayacağı üçün onunla şöbə tərəfindən xx.xx.2023-cü il tarixində telefon əlaqəsi saxlanılmışdır. İddiaçı tərəfindən isə işə gəlməməsi barədə hər hansı səbəb bildirilməmiş və heç bir rəsmi sənəd təqdim edilməmişdir. Ona işə heç bir üzürlü səbəb olmadan və bununla bağlı rəsmi sənəd təqdim edilmədən gəlməməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə səbəb olacağı bildirilmişdir.
15. xx.xx.2023-cü il tarixli, 1838 nömrəli əmrindən görünür ki, Mərkəzin X3 şöbəsinin Talassemiyanın profilaktikası bölməsində laborantı İddiaçı onun barəsində tətbiq edilmiş şiddətli töhmət növündə intizam tənbehlərindən nəticə çıxarmayaraq uzun müddət işəgötürənə məlumat vermədən işə gəlməməsini nəzərə alaraq onunla bağlanmış xx.xx.2021-ci il tarixli, 0552 nömrəli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verilmişdir.
16. xx.xx.2023-cü il tarixli Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ-nin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri R.D.İbrahimxəlilova, həmin şöbənin mütəxəssisləri C.Rzayeva , N.Əlimusayeva, T.Şabanova və V.Abdullayeva tərəfindən tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş Aktdan görünür ki, Mərkəzin Talassemiyanın profilaktikası şöbəsinin laborantı vəzifəsində işləyən İddiaçı heç bir üzürlü səbəb olmadan günlərlə işə gəlməmiş və bununla bağlı heç bir təsdiqedici sənəd təqdim etməmişdir. Səbəblərini araşdırmaq üçün əlaqə saxlanıldığı zaman İddiaçı zənglərə cavab vermədiyindən onunla əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Həmin günü İddiaçı İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri R.İbrahimxəlilova ilə telefon vasitəsilə əlaqə saxlayaraq işdən azad edilməsinin səbəblərini soruşduğu zaman sonuncu tərəfindən ona günlərlə işdə olmadığı, bununla əmək vəzifələrini pozduğuna görə əmək müqaviləsinə xitam verildiyi bildirilmiş və işdən azad olunması haqqında əmrlə tanış olmaq, əmək kitabçasını götürmək üçün Mərkəzə çağırılmışdır. Lakin İddiaçı Mərkəzə gəlməkdən və əmək kitabçasını götürməkdən imtina etmişdir.
17. xx.xx.2023-cü il tarixli Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ-nin İnsan resurslarının idarə edilməsi şöbəsinin mütəxəssisləri Nərmin Əlimusayeva, Vəfa Abdullayeva, Cəvahir Rzayeva və Təmilə Şabanova tərəfindən tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş Aktdan görünür ki, Mərkəzin Talassemiyanın profilaktikası şöbəsinin laborantı vəzifəsində işləyən İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar olaraq əmrin surəti və əmək kitabçasını götürmək üçün dəfələrlə telefon vasitəsilə əlaqə saxlanılmış, lakin o zənglərə cavab verməmişdi. Əmək müqaviləsinə xitam verildiyi gündən sonra İddiaçı müxtəlif vaxtlarda ayrı-ayrı bəhanələrlə Mərkəzə gəldiyi zaman ona İnsan resurslarının idarə edilməsi şöbəsi tərəfindən əmrin surəti və əmək kitabçası təqdim edilmiş, o əmrlə tanış olmuş, lakin imza atmaqdan və sənədləri qəbul etməkdən imtina edərək səbəb olaraq qısa müddət ərzində işə qayıdacağını bildirmişdir.
18. Bakı 18 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/18/2024-00773 nömrəli ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışından görünür ki, tərəflərə xx.xx.2024-cü il tarixdə bildiriş göndərilmiş və Cavabdeh PHŞ-nin nümayəndəsi X9 mediasiya sessiyasının davam etdirilməsinə razılıq verməmişdir. İddiaçı tərəfindən 50 manat İMS xərci + 5 manat kargüzarlıq xərci olmaqla, 55 manat pul ödənilmişdir. 0077414 nömrəli əmək kitabçasında edilmiş qeydlərdən görünür ki, İddiaçı: - xx.xx.2021-ci il tarixli, 412 nömrəli Əmrə əsasən xx.xx.2021-ci il tarixdən Mərkəzin X3 şöbəsinin Talassemiyanın profilaktikası bölməsində laborant vəzifəsinə işə qəbul olunmuşdur. - xx.xx.2023-cü il tarixli, 1838 nömrəli Əmrə əsasən xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verilmişdir.
19. 08.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 105 manat rüsum ödənilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
20. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh PHŞ işçi və işəgötürən olmaqla əmək münasibətlərinin tərəfi olmuşlar. İddiaçı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində sonuncu xəbərdarlıqla şiddətli töhmət növündə intizam tənbehi verilmişdir. İntizam tənbehlərinin verilməsinə əsas səbəb iddiaçının mütəmadi olaraq işə davamiyyətini pozması olmuşdur. xx.xx.2023-cü il tarixdə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun barəsində tətbiq edilmiş şiddətli töhmət növündə intizam tənbehlərindən nəticə çıxarmayaraq uzun müddət işəgötürənə məlumat vermədən işə gəlməməsini nəzərə almaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçıya onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında məlumat verilmişdir. İddiaçı özü də təsdiq edir ki, sentyabr ayında son haqq-hesab ona ödənilmiş və o, işdən azad edilməsi ilə bağlı artıq məlumatlı olmuşdur, lakin əmr iddiaçıya təqdim edilməmişdir. xx.xx.2023-cü il tarixdə Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ-nin İnsan resurslarının idarə edilməsi şöbəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş akt ilə təsdiqlənir ki, iddiaçı ilə telefonla əlaqə saxlamaq mümkün olmamış, müəssisəyə gəldikdə əmrlə tanış olmuş, lakin bu faktı təsdiq etmək üçün imza atmaqdan imtina etmişdir. Cavabdeh PHŞ tərəfindən məhkəməyə təqdim edilmiş çıxarışdan görünür ki, müvafiq əmr iddiaçıya xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir.
21. Mülki iş materiallarında olan sənədlərdən, iddiaçının və vəkili-nümayəndəsinin izahatlarından görünür ki, İddiaçı onunla bağlanmış əmək müqaviləsinin ləğv edildiyi barədə 2023cü ilin sentyabr ayından bəri məlumatlı olmuş, lakin əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin və əmək kitabçasının müəssisədən təhvil alınması üçün heç bir cəhd göstərməmiş, əksinə rəsmi olaraq əmək kitabçasını və müvafiq əmri aldığını təsdiq etmək üçün imza çəkməkdən imtina etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş çıxarışdan iddiaçının xx.xx.2024-cü il tarixdə əmri təhvil almasını imzalaması görünsə də, iddiaçı həmin imzanın onun imzası olmadığını bildirmişdir. İddiaçı məhkəmədə əmrin ona nə vaxt təqdim edilməsi barədə suala dəqiq cavab verməmiş, işdən çıxarıldıqdan bir müddət sonra əmri aldığını bildirmiş, “bir müddət sonra”nın nə qədər müddət olmasını bildirməmişdir. Yəni, iddiaçı əmri nə vaxt aldığına dair heç bir dəqiq məlumat bildirməmiş, sübut təqdim etməmişdir.
c) Məhkəmənin mövqeyi:
22. Məhkəmə qeyd edir ki, Cavabdeh PHŞ iddia ərizəsinə etiraz təqdim edərək, iddianın əsassız olduğundan və iddia müddəti ötürüldüyündən rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçının cavabdehə qarşı “işə bərpa və s.” tələbinə dair iddia qaldırmaq üçün subyektiv hüququnun olduğunu nəzərə alaraq iş üzrə iddia müddətinin tətbiq edilməsini ədalətli və ağlabatan hesab edir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin tələblərinə görə işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddia müddətinin məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etməkdir.
23. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
24. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları).
25. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsi onu nəzərdə tutmur ki, iddiaçı nə vaxt əmək müqaviləsinin ləğv edilməsi barədə əmri, əmək kitabçasını əlinə alıbsa, iddia müddəti həmin gündən hesablanır. İddia müddətinin başlanğıcı işçinin hüququnun pozulduğunu bildiyi vaxtdan hesablanır. Hazırkı iş üzrə iddiaçı öz hüququnun pozulması barədə əmək müqaviləsi ləğv edildikdə (2023-cü ilin sentyabr ayında) məlumatlı olmuş, lakin əmrin ona təqdim edilməsini gözləmişdir. İddiaçı tərəf hesab edir ki, iddia müddəti ötürülmədən məhkəməyə müraciət edilmişdir. Lakin, iş üzrə təqdim edilmiş və toplanmış materiallardan, proses iştirakçılarının izahatlarından bəlli olur ki, iddia müddəti ötürülmüşdür. Belə ki, xx.xx.2024-cü il tarixdə tərəflərə mediasiyanın keçirilməsi barədə bildiriş göndərilmiş, xx.xx.2024-cü il tarixdə mediasiya prosesi keçirilmiş, xx.xx.2024-cü il tarixdə isə məhkəməyə müraciət edilmişdir. İddiaçı hüquqlarının pozulduğunu bildiyi vaxtdan 10 aydan çox müddət keçdikdən sonra mediasiyaya və daha sonra məhkəməyə müraciət etmişdir.
26. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilən mövqeyini nəzərə almaqla qeyd edir ki, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığı kimi, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzürlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Hazırkı iş üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinin üzürlü hesab edilməsi barədə məhkəməyə ərizə təqdim edilməmiş, əksinə, iddiaçı və onun vəkili-nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə gec müraciət etdiklərini, lakin iddia müddətini ötürmədiklərini bildirmişlər.
27. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı işə bərpa, ödənilməmiş əmək haqqının ödənilməsi barədə maddi ziyan və 8000 manat məbləğində mənəvi ziyan tələbləri rədd edilməlidir.
d) Tətbiq edilən hüquq və gəlinən nəticə:
28. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması ... prinsiplərinə əsaslanır. - 9-cu maddəsinin “q” bəndinə əsasən əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq Əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. - 11-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək (b) işəgötürənin əsas hüquqlarındandır. - 12-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək (b) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. - 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. - 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. - 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. - 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. - 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. - 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. - 296-cı maddəsinin 6-cı hissəsinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. - 296-cı maddəsinin 7-ci hissəsinə əsasən Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. - 297-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır.
29. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: - 28.1-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. - 35.1 və 35.2-ci maddələrinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. - 32.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. - 32.1.9-cu maddəsinə əsasən bu Qanunun 21.8-ci, 29.2-ci və 29.3-cü maddələrində göstərilən arayış tərtib olunduqda mediasiya prosesinə xitam verilir. - 29.2-ci maddəsinə əsasən tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. - Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülkiprosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”.
33. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.
34. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh PHŞ-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddiası təmin edilməməlidir. İddia təmin edilmədiyindən məhkəmə xərcləri İddiaçı aid edilməlidir.
35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; - 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; - 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır; - 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; - 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə:
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh PHŞ-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova