Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4474/2025 08.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızının sədrliyi, Əliyev Əmrah Səbuhi oğlunun katibliyi ilə Ərizəçi nümayəndəsi X1 iştriakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2025ci il tarixdə bağlanmış MŞB/20/2025-00161 saylı barışıq sazişinin təsdiq edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırılmışdır ki, Ərizəçi MMC ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixli barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinə əsasən, Maraqlı şəxs tərəfindən şirkətə 5400 manat vurulmuş ziyana görə Tərəflər razılaşırlar k, Tərəf 2 (Maraqlı şəxs) xx.xx.2025-ci il tarixədək ümumi borc məbləğinin 2000 (iki min) manatını, xx.xx.2025- ci il tarixinədək isə qalan 3400 (üç min dörd yüz) manat borcu tam şəkildə Tərəf 1 (Ərizəçi MMC) ödəyəcəkdir. Tərəf 2 (Maraqlı şəxs) hər hansı ayın ödənişini ödəməzsə və ya gecikdirərsə, Tərəf 1 (Ərizəçi MMC) Tərəf 2 (Maraqlı şəxs)-nin borcunu tam şəkildə ödəməsi şərti ilə Barışıq Sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət edəcəkdir.Eyni zamanda Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar birbirini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. Tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi Maraqlı şəxs tərəfindən icra edilmir. Maraqlı şəxs tərəfindən aylıq ödənişlər könüllü şəkildə icra edilmədiyi üçün barışıq sazişinin 2-ci bəndi əsas götürülməklə borc məbləğinin tam şəkildə ödəməsi şərti ilə saziş təsdiq edilməlidir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi nümayəndəsi X2 xx.xx.2025-ci il tarixdə bağlanmış MŞB/20/2025-00161 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmişdir. Sədrlik edən Maraqlı şəxs ilə məhkəmə iclasından telefonla əlaqə saxlamış və ilk olaraq onun şəxsiyyətini müəyyənləşdirmiş daha sonra barışıq sazişi iıə bağlı fikirlərini soruşmuşdur. Maraqlı şəxs ərizə ilə tanış olduğunu və ərizəyə etiraz etmədiyini, eyni zamanda barışıq sazişinin ərizəçi ilə razılığa gələrək özü imzaladığını bildirmişdir. Məhkəmə tərəfləri dinləyib iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduğu, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldığı hallarında məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Sadalanan qanunvericilik normalarından görünür ki, tərəflər arasında mediasiya qaydasında bağlanmış barışıq sazişinin şərtləri, həmin barışıq sazişində müddət nəzərdə tutulmuşdursa həmin müddətdə tərəflər tərəfindən könüllü şəkildə icra olunmalıdır. Məhkəmə tərəfindən barışıq sazişi qanuna zidd olmadıqda, eləcə də barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulmayan hallarda barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməsi nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı 20 saylı Mediasiya Təşkilatının keçirdiyi mediasiya prosesi nəticəsində Ərizəçi MMC ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə bağlanmış MŞB/20/2025-00161 saylı barışıq sazişi təsdiq edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ərizəçi ödənilmiş dövlət rüsumunun maraqlı şəxsdən tutularaq ona ödənilməsini xahiş etdiyindən Maraqlı şəxs 100 manat alınaraq Ərizəçi MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 355-25 - 355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Bakı 20 saylı Mediasiya Təşkilatının keçirdiyi mediasiya prosesi nəticəsində Ərizəçi MMC ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə bağlanmış MŞB/20/2025-00161 saylı barışıq sazişi təsdiq edilsin:
1. Tərəf 2 (Maraqlı şəxs) xx.xx.2025-ci il tarixədək ümumi borc məbləğinin 2000 AZN (iki min)-ni, xx.xx.2025-ci il tarixinədək isə qalan 3400 AZN (üç min dörd yüz) borcunu tam şəkildə Tərəf 1 (Ərizəçi MMC)-ə ödəyəcək.
2. Tərəf 2 (Maraqlı şəxs) hər hansı ayın ödənişini ödəməzsə və ya gecikdirərsə, Tərəf 1 (Ərizəçi MMC) Tərəf 2 (Maraqlı şəxs)-nin borcunu tam şəkildə ödəməsi şərti ilə Barışıq Sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət edəcəkdir. Maraqlı şəxs ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat alınaraq Ərizəçi MMCyə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Gülşən Fərəcova