Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4690/2020 26.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, maraqlı şəxs Azərbaycan Respublikası DƏDRX-nin 01 saylı Bakı şəhər Ərazi İdarəsinə, Bakı şəhər 38 saylı dövlət notariat kontoruna qarşı “alqı-satqı müqaviləsinin, hüquqların dövlət qeydiyyatının, çıxarışın etibarsız hesab edilməsi, əsl mülkiyyətçinin hüquqlarının tanınması və qeydə alınması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində olan 18 saylı binanın 69 saylı mənzillə bağlı mülkiyyətçi Cavabdeh2 Museyib qızı ilə arasında 1997-2000-ci illərdə qeyri rəsmi-etibarnamə yolu ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarlı sayılması, həmin mənzillə bağlı mülkiyyətçi adından onunla Cavabdeh1 arasında xx xxxx 2002-ci il tarixdə, Bakı şəhər 38 saylı dövlət notariat kontorunda təsdiq edilməklə 4-Ə-1-81 reyestr nömrə ilə qeydə alınmış 142988 saylı alqı-satqı müqaviləsinin və həmin mənzilə Cavabdeh1 hüquqlarının dövlət qeydiyyatının, eləcə də bu mənzillə bağlı ona verilmiş çıxarışın etibarsız hesab edilməsi, əsl mülkiyyətçi kimi onun hüquqularının tanınması və qeydə alınması barədə qətnamə qəbul edilməsin xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsini rəhbər tutaraq “iddia tələbinin dəqiqləşdirilməsi” barədə Məhkəməyə ərizə verərək, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində olan 18 saylı binanın 69 saylı mənzillə bağlı mülkiyyətçi Cavabdeh2 Museyib qızı ilə arasında 1997-2000-ci illərdə qeyri rəsmi-etibarnamə yolu ilə bağlanmış alqı-satqı müqaviləsinin onunla bağlanmış hesab edilməsi, həmin mənzillə bağlı mülkiyyətçi adından onunla Cavabdeh1 arasında xx xxxx 2002-ci il tarixdə, Bakı şəhər 38 saylı dövlət notariat kontorunda təsdiq edilməklə 4-Ə-1-81 reyestr nömrə ilə qeydə alınmış 142988 saylı alqı-satqı müqaviləsinin və həmin mənzilə Cavabdeh1 hüquqlarının dövlət qeydiyyatının, eləcə də bu mənzillə bağlı ona verilmiş çıxarışın etibarsız hesab edilməsi, əsl mülkiyyətçi kimi onun hüquqlarının tanınması və qeydə alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin göstərişinə uyğun olduğundan Məhkəmə iddianın bu formada dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində olan 18 saylı binanın 69 saylı mənzilini Bakı şəhər sakini Cavabdeh2 Museyib qızından hələ ötən əsrin 97-ci ilində almışdır. Şifahi razılaşma ilə müəyyən olunan dəyərini iddiaçı Gülpəriyə tam ödəmişdir. Bu məqsədlə Cavabdeh2 iddiaçıya Bakı şəhər 1 saylı notariat kontorunda, xx xxx 1997ci il tarixdə, sözügedən mənzili özgəninkiləşdirmək hüququ verən, 4 e-12012 reyestr nömrə ilə qeydə alınmış 3 illik dövrə baş etibarnamə vermişdir. Bu evi 1997-ci ildə alanda orta məktəb şagirdi olan iddiaçının oğlu Bərşadın 13 yaşı var idi. Evə sənədlər toplananda ilk etibarnamənin müddəti bitdiyindən Cavabdeh2 sənədlərin toplanması və onun adından alqı-satqı müqaviləsinə notariusda imza etmək üçün iddiaçıya xx xxxx 2000-ci il tarixdə, 12 saylı dövlət notariat kontorunda 4-E- 18/6421 reyestr nömrə ilə qeydə alınmış 2-ci etibarnamə vermişdir. Etibarnamə iddiaçının adına olduğunda təbii ki, öz adına sənədləşdirə bilməzdir. Bu səbəbdən başqa bir şəxslə müqavilə yazılmalı olması gündəliyə gəldiyindən müqavilə yazılana kimi heç yerdə işləməmiş, 1 qəpik də olsun qazancı olmayan, x xxxxxx 1985-ci il təvəllüdlü, başqa sözlə yetkinlik yaşına çatmamış iddiaçının oğlu Bərşadın adına 2002-ci ildə evi rəsmiləşdirdi. 142988 saylı alqı-satqı müqaviləsi xx xxxx 2002-ci il tarixdə, Bakı şəhər 38 saylı dövlət notariat kontorunda təstiq edilməklə 4-Ə-1-81 reyestr nömrə ilə qeydə alınmış, müqavilə etibarnamə əsasında mülkiyyətçi əvəzdən iddiaçı tərəfdən imzalanmışdır. Yeganə oğlu olduğundan sonralar adından çıxarmaq təşəbbüsündə olmadı və nə də gələcəkdə problem yaranacağını güman etmədi. Evi alandan, yəni 1997-ci ildən iddiaçı və ailə üzvləri həmin mənzildə yaşayırlar. Mənzilə Bərşadın mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə dövlət qurumunda qeydə alınmaqla ona ******* saylı çıxarış verilmişdir. Göründüyü kimi mübahisələndirilən mənzilin Bərşada məxsus olmasından söhbət gedə bilməz. Mənzil alınanda Bərşad 13 yaşlı orta məktəb şagirdi olub. Mənzil iddiaçınındır, formal olaraq Bərşadın adına sənədləşdirilmişdir. Müqavilədə göstərilən və evin dəyəri olan 144 milyon manatı Bərşad nə iddiaçıya, nə də Gülpəriyə verməmiş və nə də verməyə 1 qəpik də olsun pulu olmamışdır. Uydurma sözlər müqavilədə öz əksini tapmışdır. Bərşada heç vaxt ev satmamışdır. Odur ki, alqısatqı müqaviləsi və Bərşadın hüquqlarının dövlət qeydiyyatı etibarsız hesab edilməli, əsl mülkiyyətçi kimi iddiaçının hüquqları tanınmalı və qeydə alınmalıdır. Göründüyü kimi əqd təmiz niyyətlə bağlanmamış, uydurma və görüntü xətrinə bağlanmışdır ki, belə əqdlər bağlandığı andan etibarsızdır. Sənədlərin toplanması və alqı-satqı müqaviləsinə notariusda imza etmək üçün iddiaçıya xx xxxx 2000-ci il tarixdə etibarnamə verilərkən və müqavilə notariusda 2002-ci ildə təstiq olunarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin qüvvədə olan 335.2-ci maddəsində göstərilir ki, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təstiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təstiqlənməsi tələb edilmir. Göründüyü kimi hətta cavabdeh iddiaçı ilə qeyri-rəsmi bağladığı müqavilənin notariat təstiqindən imtina etsə belə əqdi tamamilə icra edib dəyərin ödədiyindən məhkəmə iddiaçı ilə Cavabdeh2 Museyib qızı ilə bağlanmış alqı-satqı müqaviləsini etibarlı saya bilər. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1, maraqlı şəxs Azərbaycan Respublikası DƏDRX-nin 01 saylı Bakı şəhər Ərazi İdarəsinin, Bakı şəhər 38 saylı dövlət notariat kontorunun nümayəndələri məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin və maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul edərək, təmin edilməsin məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəməyə təqdim edilmiş ərizədə bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində olan 18 saylı binanın 69 saylı mənzili onun şəxsi mülkü olub. Həmin mənzili İddiaçı o, satmışdır. Pulunu da Sabir həkim ona ödəyib. O dövrdə sənəd toplamaq çətin idi. Odur ki, Sabirə etibarnamə verdi ki, sənədləri toplasın. Sonuncu haqq-hesablarını 2000-ci ildə üzüb Sabirə baş etibarnamə verdi. Bir sözlə mənzili Sabir həkimə etibarnamə ilə satmışdır. Oğlu Bərşadı tanımır və onunla heç bir sövdələşməsi olmayıb. Bu günlərdə Sabirin iddiası ilə tanış olduqda bəlli oldu ki, mənzili onun adına sənədləşdirib. Sabir həkimin iddiası haqlıdır. İddianı qəbul edir. İddia ərizəsinin təmin edilməsini xahiş edir. Azərbaycan Respublikasının MPM-nin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyil, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur və məhkəmə tərəfindən qəbul olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli məktubundan görünür ki, 1 saylı dövlət notariat kontoru tərəfindən arxivə təhvil verilmiş 1997-ci ilə dair etibarnamələrin qeydə alındığı notariat reyestrinə baxış keçirilərkən xx.xx.1997-ci il tarixdə 12012 nömrə ilə Cavabdeh2 Museyib qızı tərəfindən etibarnamənin verilməsi ilə bağlı qeydiyyatın aparıldığı müəyyən edilmişdi. Beləliklə məhkəmə iclası zamanı tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Cavabdeh2 tərəfindən xx xxxx 2000-ci ildə İddiaçı ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 18, 69 nömrəli mənzilin alqı-satqısı üçün lazımi sənədləri toplamaq və alqı-satqı müqaviləsini notariat qaydasında rəsmiləşdirməsi üçün 3 illik etibarnamə verilmişdir. xx.xx.2002-ci il tarixli 142988 nömrəli müqavilədən görünür ki, həmin tarixdə Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 18, 69 nömrəli mənzilini Cavabdeh1 144.400.000 manata satmışdır ( Xİ-JQ 260461 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı və X3 xx xxxxxx 1985-ci il təvəllüdlü Cavabdeh1 valideynləridirlər). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 18, 69 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 2440 nömrəli reyestr kitabının 227149 nömrəli vərəqində qeydiyyata alınmışdır. 17 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 817 saylı xx xxxxxx 2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı, ailə tərkibi həyat yoldaşı X3, oğlu Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatadırlar. 17 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 503 saylı arayışda qeyd edilir: “Azadlıq prospekti olan 18 saylı binanın 69 saylı mənzilinin sahibi Cavabdeh1dur. Göstərilən mənzil vətəndaş Cavabdeh1 adına olmasına baxmayaraq, mənzilin kommunal xərcləri vətəndaş İddiaçı tərəfindən ödənilib”. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(103)-8752/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı “X1”xxxx” MMC-yə qarşı iddia ərizəsi, sonradan isə ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsini də cavabdeh qismində göstərdiyi iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində olan 18 saylı binanın 69 saylı mənzili ilə bağlı “X1” MMC-nin keçirdiyi hərracın, onun nəticələri haqqında tərtib edilmiş xx xxxxxxx 2018-ci il tarixli 285 saylı protokolun və onun nəticələrinin, xx xxxxx 2018ci il tarixli QR-1041 saylı qiymətləndirmə rəyinin, eləcə də həmin mənzilə X2 adına 2018-ci ilin dekabrında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində aparılmış qeydiyyatın və verilmiş çıxarışın etibarsız hesab olunması, tələbin yönəldilməsinə yol verilmədiyindən həmin mənzilin siyahıdan çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxılaraq İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1116/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbləri qismən təmin olunmuş (tələbin bir hissəsi üzrə icraata xitam verilmiş olduğu nəzərə alınmaqla), Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində olan 18 saylı binanın 69 saylı mənzilinin qiymətləndirilməsi barədə “xxxx” MMC-nin xx xxxxx 2018-ci il tarixli QR-1041 saylı rəyi, həmin mənzilin açıq hərracdan satılması ilə bağlı “X1” MMC tərəfindən keçirilmiş hərracın nəticələri, o cümlədən hərracın yekunları barədə xx xxxxxxx 2018-ci il tarixli 285 saylı Protokol və mənzilə dair X2 adına xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarış etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, «bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir». “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmə tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 03 saylı qərarın 7-ci bəndində qeyd olunur: “məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 82.2, 82,3-cü maddələrində nəzərdə tutulmuş məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulmuşdur”. «Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarında qeyd olunur: «İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır.» “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 saylı qərarın 6.2-ci bəndində qeyd olunur: “Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 362.1-ci maddəsinə əsasən, “bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər”. «Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının xx xxxx 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2004-cü il tarixli Qərarında qeyd olunur: «Prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malik olan məhkəmələr vicdanlı inamdan hakim qərəzliyinə və ya subyektivliyinə keçməmək üçün prosessual qanunvericiliklə müəyyən olunmuş qaydalara dönmədən əməl etməlidirlər. Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir». Azərbaycan Respublikası MM-nin 646.1-ci maddəsinə əsasən, “daşınmaz əşyaların alğısatqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür”. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən, “öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir”. Azərbaycan Respublikası MM-nin 425.2-ci maddəsinə əsasən, “öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər”. Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsinə əsasən, “bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər”. Azərbaycan Respublikası MM-nin 337.2-ci maddəsinə əsasən, “əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir”. Azərbaycan Respublikası MM-nin 337.4-cü maddəsinə əsasən, “mübahisə edilən və əhəmiyyətsiz əqdlər etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır”. Azərbaycan Respublikası MM-nin 337.5-ci maddəsinə əsasən, “əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir”. “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının x xxxxxxx 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2004-cü il tarixli Qərarında göstərilir ki, «Əqd etibarsız olduqda isə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.5-ci maddəsi). Göründüyü kimi, həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin hesab edir ki, alqı-satqı müqaviləsinin etibarsız hesab etməklə tərəflərin hüquqi statusunu ilkin vəziyyətə qaytarılması təkcə onun əqd üzrə xərclərin ödənilməsi ilə məhdudlaşmamalıdır. Beləliklə, yuxarıda qeyd olunan qüvvədə olan məhkəmə aktları, iş materiallarına əlavə edilmiş sənədlərlə və prosessual normalarının tələbləri ilə müəyyən edilir ki, iddiaçının tələbi əsaslı olduğuna görə, bundan başqa cavabdeh tərəf, yəni Cavabdeh2 iddianı mübahisələndirmir və qəbul etdiyinə görə iddia qismən təmin edilərək Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində olan 18 saylı binanın 69 saylı mənzillə bağlı İddiaçı ilə Cavabdeh2 Museyib qızı ilə arasında 1997-2000-ci illərdə qeyri rəsmi-etibarnamə yolu ilə bağlanmış alqı-satqı müqaviləsi etibarlı sayılmalı, həmin mənzillə bağlı mülkiyyətçi adından İddiaçı ilə Cavabdeh1 arasında xx xxxx 2002-ci il tarixdə, Bakı şəhər 38 saylı dövlət notariat kontorunda təsdiq edilməklə 4-Ə-1-81 reyestr nömrə ilə qeydə alınmış 142988 saylı alqı-satqı müqaviləsi və həmin mənzilə Cavabdeh1 hüquqlarının dövlət qeydiyyatı, eləcə də bu mənzillə bağlı ona verilmiş çıxarış etibarsız hesab edilməli, əsl mülkiyyətçi kimi İddiaçı hüquqları tanınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində olan 18 saylı binanın 69 saylı mənzillə bağlı İddiaçı ilə Cavabdeh2 Museyib qızı ilə arasında 1997-2000-ci illərdə qeyri rəsmi-etibarnamə yolu ilə bağlanmış alqı-satqı müqaviləsi etibarlı sayılsın, həmin mənzillə bağlı mülkiyyətçi adından İddiaçı ilə Cavabdeh1 arasında xx xxxx 2002-ci il tarixdə, Bakı şəhər 38 saylı dövlət notariat kontorunda təsdiq edilməklə 4-Ə-1-81 reyestr nömrə ilə qeydə alınmış 142988 saylı alqı-satqı müqaviləsi və həmin mənzilə Cavabdeh1 hüquqlarının dövlət qeydiyyatı, eləcə də bu mənzillə bağlı ona verilmiş çıxarış etibarsız hesab edilsin, əsl mülkiyyətçi kimi İddiaçı hüquqları tanınsın. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-4690/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4690/2020
26.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver