Məhkəmə qərarları › İş №2(006)-4850/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4850/2021

02.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4850/2021 02.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs olmaqla «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası, X4 17.12.2020-ci il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyət kəsb edən faktın təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası - 04.11.1932-ci il təvəllüdlü X9 17 dekabr 2020-ci il tarixdə vəfat etmiş, Nardaran qəbiristanlığında dəfn olunmuşdur. Ərizəçi ölüm haqqında şəhadətnaməni almaq üçün Nəsimi qeydiyyat şöbəsinə müraciət etmiş, ondan 5 nömrəli şəhər poliklinikasından forma 106 tələb edilmişdir. Lakin 5 nömrəli şəhər poliklinikası tərəfindən 03 fevral 2021-ci il tarixli 150 saylı məktubla mərhum X4 Bakı şəhəri, Q.Quliyev ev 11/13, mənzil 53-də vəfat etdiyini uzun müddət müraciət etmədiyi, müayinə və müalicə almadığı üçün ölümün səbəbini bilməmiş və forma 106 verməkdən imtina etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə mülki iş üzrə iddia tələbinə dair məhkəmə baxışına onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, üzürlü səbəbi kimi iş həcminin çox olması göstərilmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək göstərmişdir ki, mərhum onun qaynanasıdır. Ərizəçinin anası X9 17 dekabr 2020-ci il tarixdə ev şəraitində dünyasını dəyişmiş, həmin zaman o da orada olmuşdur. Mərhumun Nardaran qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadə verərək göstərmişdir ki, o, X1 dostudur. Ərizəçinin anası X9 17 dekabr 2020-ci il tarixdə ev şəraitində dünyasını dəyişmişdir. Mərhumun dəfn mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə kifayət qədər əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 22.06.1960-cı il tarixli, İ ИЕ - № 994584 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı ildə Bakı şəhərində doğulmuş, anası X7r. BŞT və TTYS-in 8 saylı bölməsinin 17 dekabr 2020-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X9 həkim gələnə qədər vəfat etmişdir. Azərbaycan Respublikası Bakı şəhər Baş Səhiyyə İdarəsi 5 nömrəli şəhər poliklinikasının 03 fevral 2021-ci il tarixli 150 saylı məktubundan görünür ki, X9 qeyd olunan poliklinikada müayinə və müalicə olunmadığı üçün onun ölüm səbəbi ilə bağlı forma 106 təqdim etmək mümkün olmamışdır. 13.01.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bakı şəhəri Maraqlı şəxs 20.05.2021-ci il tarixli 05/Q-971/75 saylı məktubundan görünür ki, ərizəçiyə ölüm haqqında həkim şəhadətnaməsi təqdim etmədiyinə görə mərhumənin adına tərtib edilməli olan ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş, qeyd olunan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. QMİ-nin Sabuçnu və Pirallahı rayonları üzrə qazısının məktubundan görünür ki, 17.12.2020-ci il tarixdə vəfat etmiş X2 rayonu, Nardaran qəbiristanlığında dəfn edilmişdir. Beləliklə, məhkəmədə ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin anası X9 17 dekabr 2020-ci il tarixdə Bakı şəhərində (ev şəraitində) vəfat etmiş və Nardaran qəbiristanlığında dəfn edilmiş, lakin ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi anasının ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və ərizəçinin anası X5 17 dekabr 2020-ci il tarixdə Bakı şəhərində (ev şəraitində) vəfat etməsi faktı müəyyən edilməli, ödənilmiş dövlət rüsumu isə ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 04.11.1932-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmuş X4 17.12.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar