Məhkəmə qərarları › İş №2(006)-4881/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4881/2021

27.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4881/2021 27.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla qanuni nikahda olmuş və vəfat etdiyi anadək onun yaşadığı ünvanda yerləşən eyni mənzildə yaşamış 20.05.1941-ci il təvəllüdlü X2nın 08 mart 2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən olunması; X2nın müəyyən olunmuş ölüm faktının dövlət qeydiyyatına alınması və buna dair müvafiq rəsmi sənədin – ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsinin icrasının iş üzrə maraqlı şəxsə – müvafiq icra hakimiyyəti orqanının VVADQ həyata keçirən qurumu olan Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Azərbaycan Respublikasının Xankəndi şəhərində doğulmuş 20 may 1941-ci il təvəllüdlü X5 ilə 1964-cü ildə qanuni nikah münasibətinə girməklə ailə qurmuşdur. Onların nikahları müvafiq qaydada № 2250 sayla qeydə alınmaqla 10 noyabr 1964-cü il tarixdə Bakı şəhəri Səadət Sarayında rəsmiləşdirilmişdir ki, bu barədə müvafiq sənəd - 20.04.2017-ci ildə təkrar verilmiş AZ-İ № 306244 saylı nikah haqqında şəhadətnamə vardır. X2 ömrünün axırınadək onunla və övladları ilə, o cümlədən ailəli olan 30.08.1971-ci il təvəllüdlü oğlu X6 özü və digər ailə üzvləri ilə birlikdə yaşamışlar. Qızlıq soyadı «Əliyeva» olan rəhmətlik həyat yoldaşı X1 sağlığında həmişə qaydasında olmuş, onun sağlamlıq durumunda heç bir problem olmamışdır. O, bütün ömrü boyu cəmi bir neçə dəfə, o da qısa müddətli adi infeksion xəstəliyə, məsələn, adətən hər kəsin yoluxub ayaqüstü keçirə bildiyi qrip kimi ötəri rahatsızlıq halını istisna etməklə, hər hansı ciddi xəstəlik keçirməmiş, xroniki xəstəlikdən əziyyət çəkməmişdir. Bu səbəbdən də, o, özünün sağlamlıq durumu ilə bağlı nəinki heç vaxt tibbi yardıma müraciət etməmişdir, ümumiyyətlə, yaşayış yeri üzrə tibbi xidmət göstərən poliklinikada tibbi uçotda olmamış və onun adına ambulator tibbi karta belə açılmamışdır. 08 mart 2021-ci il tarixdə səhər tezdən, yəni saat 04:00 radələrində yoldaşının halı gözlənilmədən pisləşmiş və oğlu Anar dərhal «Təcili tibbi yardım» Xidmətinə zəng vurub həkim çağırmışdır. Çağırış zəngindən bir neçə dəqiqə sonra ünvana gəlmiş Tibbi yardım xidmətinin həkim briqadası çatdıqdan sonra məlum olmuşdur ki, arvadı artıq dünyasını dəyişmişdir. Tibb əməkdaşları həmin anda onlardan asılı olan yeganə işi görərək, yəni məzmununda «həkimə qədər ölüm (qadın cinsli meyit) aşkar olunmuş» və sair zəruri məlumatlar əks olunan sənədi - ölüm haqqında Xəbərdarlıq Vərəqəsini yazıb təqdim edərək çıxıb getmişlər. O, ölümün qeydə alınması barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Həmin qurumdan ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməli olduğundan, ölümün qeydiyyata alınmasının mümkün olmadığını və ölüm faktının müəyyən olunması ilə əlaqədar məhkəməyə müraciət edilməli olduğunu bildirən imtina məktubu verilmişdir. Həyat yoldaşının həqiqətən 08.03.2021-ci il tarixdə səhər saat 04:00 radələrində daimi qeydiyyatda olduqları və biryerdə yaşadıqları mənzildə, digər ailə üzvlərinin yanında və yuxarıda qeyd olunan şəraitdə, yəni təbii ölümlə və qəflətən ölməsini və həmin günü, bütün dəfn xərcləri və digər məsrəflər öz hesablarına şəhər qəbiristanlığında dəfn olunduğunu təsdiqləyən şahidlərin və sübutedici sənəd və faktlar vardır ki, onları ərizəyə əlavə etmişdir. Necə deyərlər, öz əcəli ilə, evdə qəflətən dünyasını dəyişmiş həyat yoldaşının ölüm faktının müəyyən olunması və VVADQ həyata keçirən müvafiq qurumda qeydə alınması və ölüm haqqında şəhadətnamənin VVADQ orqanı tərəfindən verilən müvafiq rəsmi sənəd olan ölüm haqqında Şəhadətnamə ona təqaüdçü həyat yoldaşının vəfatı ilə əlaqədar dəfn xərcinin - qanunvericiliklə müəyyən olunmuş müavinatın alınması üçün, eləcə də ailə-məişət xarakterli sair şəxsi məsələlərin həllində gərək olan bir rəsmi sənəd kimi lazımdır. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub ünvanlayaraq ərizəyə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, nümayəndənin məhkəmə iclasına gələ bilməməsinin üzürlü səbəbi kimi iş həcminin çox olmasını göstərmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X7 ifadəsində bildirdi ki, logistika sahəsində çalışır. Ərizəçi atası, mərhum Adelya Xəlilova anasıdır. Valideynlərinin iki övladı doğulmuşdur, o və bacısı. 07 mart 2021-ci il tarixdə anası A.Xəlilovanın beyninə qansızma baş vermişdir. Anasını Bakı Sağlamlıq Mərkəzinə aparmışlar, çünki həyat yoldaşı həmin Mərkəzdə həkim işləyir. Daha sonra «Avrasiya» klinikasına aparmışlar. Hər iki klinikada həkimlər məsləhət görmüşlər ki, cərrahiyyə əməliyyatı keçirilsə belə, xeyri olmayacaqdır. Ona görə xəstəni evə aparsalar daha yaxüi olar. Onlar anaları A.Xəlilovanı təcili tibbi yardım maşını ilə evə aparmışlar. Anasının vəfatından sonra isə poliklinikaya müraciət etdikdə, oradan bildirmişlər ki, A.Xəlilova xəstə olmayıb deyə, müvafiq sənədi təqdim edə bilmirlər, məhkəməyə müraciət olunmasını tövsiyə edirlər. Anası A.Xəlilovanın yalnız ürəyindən həmişə şikayəti və narahatçılığı olmuşdur. Hətta anası təxminən 2011-2012-ci illərdə mikro insult da keçirtmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin arvadıdır. X5 20.05.1941-ci il tarixdə Xankəndi şəhərində doğulmuşdur. Təcili və X4 Stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 08 mart 2021-ci il tarixdə ünvan 1 ünvana, X3 adına çağırış daxil olmuş, çağırış üzrə 04:25 radələrində xəstənin yanına gələn həkim “həkimə qədər ölüm” baş verdiyini (qadın cinsli meyit) müəyyən etmişdir. Bakı şəhər İcra Hakimiyyəti MKTD-nin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin 05.08.2021-ci il tarixli 56 saylı arayışından görünür ki, X5 08 mart 2021-ci il tarixdə Qaradağ rayonu Ümumşəhər (Qurd Qapısı) qəbristanlığında dəfn edilmişdir. Üzəri götürülmüş məzardan görünür ki, mərhumə X3 məzarının üstü götürülmüşdür, məzarüstü xatirə lövhəsi quraşdırılmışdır. Mərmər xatirə lövhəsinin üzərinə mərhumənin şəkli həkk olunmuş, soyadı, adı, atasının adı, doğum və vəfat tarixləri göstərilmişdir. Bakı şəhəri Maraqlı şəxs 17.03.2021-ci il tarixli 05/Q-548/75 saylı məktubundan görünür ki, ərizəçi ölüm haqqında həkim şəhadətnaməsi təqdim etmədiyinə görə mərhum arvadının adına tərtib edilməli olan ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş, qeyd olunan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. 1 saylı şəhər Poliklinikasının 18.03.2021-ci il tarixli 49 saylı məktubu ilə ərizəçinin oğlu X6 ərizəsinə cavab olaraq bildirilmişdir ki, Adelya Xəlilovanın poliklinikaya müraciəti, ambulator kartası olmadığı, poliklinikada heç bir həkim müayinəsindən keçmədiyi və ölüm səbəbi poliklinikaya məlum olmadığından, poliklinika tərəfindən ölüm haqqında şəhadətnamə verilməsi qanuna əsasən mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi arvadının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, 20.05.1941-ci il tarixdə Xankəndi şəhərində doğulmuş X5 08.03.2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 20.05.1941-ci il tarixdə Xankəndi şəhərində doğulmuş X3 08.03.2021-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Hazırkı məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar