Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4886/2023 06.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, Ərizəçi Hüseynli (Məmmədova) Xalidə Famil qızının Maraqlı şəxs qismində qeyd etməklə «sazişin məcburi icrası üçün təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Hüseynli (Məmmədova) Xalidə Famil qızı Maraqlı şəxs qismində qeyd etməklə «sazişin məcburi icrası üçün təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə Bakı 13 saylı Mediasiya Təşkilatında aralarında bağlanılmış xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay xx.xx.2023-cü il tarixdən başlayaraq hər uşağa görə 250 manat, ümumi 500 manat aliment məbləğinin ödənilməsi barədə MŞB/13/2023-01026 saylı, xx.xx.2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün həmin sazişin təsdiq edilməsi, sazişin bağlanılması və təsdiqi üçün tərəfindən ödənilmiş 60 manatın və 40 manat ödənilmiş dövlət rüsumunun, cəmi 100 manatın maraqlı şəxsdən xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədə qeyd olunmuşdur ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)- 291/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən hazırkı iş üzrə Maraqlı şəxs ilə aralarında bağlanılmış xx.xx.2020-ci il tarixli nikahın pozulması, birgə nikahdan olan övladları xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 himayəsinə verilməklə onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Maraqlı şəxs aylıq qazancının və başqa gəlirlərinin üçdə bir (1/3) hissəsi miqdarında xeyrinə aliment tutulması qət edilmişdir. Maraqlı şəxs tutduğu vəzifədən azad edildiyinə görə onun aylıq qazanc və başqa gəlirlərindən müəyyən olunmuş hissə üzrə alimentin tutulması mümkün olmamış, müəyyən olunan alimentin dəyişdirilməsi ilə bağlı mediasiya təşkilatına müraciət etmiş, Bakı 13 saylı Mediasiya Təşkilatında xx.xx.2023-cü il tarixdə onunla aralarında barışıq sazişi bağlanılmışdır. Maraqlı şəxslə aralarında bağlanılmış həmin barışıq sazişinə əsasən “1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs ilə birgə nikahdan olan övladları xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay xx.xx.2023-cü il tarixdən başlayaraq hər uşağa görə 250 manat, ümumi 500 (beş yüz) manat aliment məbləğini 2-ci tərəf Maraqlı şəxs 1-ci tərəf Ərizəçi aid Kapitalbank 4169 7388 8789 1202 nömrəli kart hesabına və ya 1-ci tərəfə aid digər hesaba ödəməyi, icra etməsini öz öhdəsinə götürmüşdür”. Mediasiya posesi nəticəsində əldə edilmiş barışıq sazişi könüllü qaydada maraqlı şəxs tərəfindən icra edilmədiyinə görə aliment məbləğini əldə edə bilməyərək maddi çətinliklərlə qarşılaşır. Maraqlı şəxs tərəfindən barışıq sazişi müəyyən olunmuş 10 gün müddətində könüllü qaydada icra edilməyərək həmin sazişinin könüllü icrasından imtina etdiyinə görə barışıq sazişinin məcburi icrasının təmin olunması üçün həmin barışıq sazişi məhkəmə qaydasında təsdiq edilməlidir. Aralarında bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin 6, 8 və 9-cu maddələrinin tələblərinə görə saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. Sazişin könüllü icrasından imtina olunarsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Ərizəçi məhkəməyə ərizə (xx.xx.2023, H-272/23) ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməməsinə görə işə onun iştirak olmadan baxılmasını və ərizənin təmin olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən Maraqlı şəxs ilə saxlanılmış telefon əlaqəsi zamanı (telefonoqram iş materiallarına əlavə edilmişdir) sonuncu məhkəmə iclasında iştirak edə bilməyəcəyini, alimentlə bağlı ödənişlər etməsini, habelə övladlarının təhsil haqqı ödənişlərini etdiyini bildirmişdir. Maraqlı şəxs tərəfindən edilmiş aliment ödənişlərinə dair qəbzlər müvafiq mesajlaşma proqramı vasitəsilə məhkəməyə göndərilmişdir. Məhkəmə ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-291/2023 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2020-ci il tarixdə Yasamal Rayon Qeydiyyat Şöbəsində 74 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 anası Ərizəçi himayəsində saxlanılması, xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Maraqlı şəxs aylıq qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi (1/3) miqdarında alimentin Ərizəçi xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, alimentin xx.xx.2022-ci il tarixdən hesablanması qət edilmişdir. Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/13/2023-01026 saylı Barışıq Sazişindən görünür ki, tərəflər aşağıda göstərilən tələblər üzrə göstərilən şərtlərlə razılığa gəldilər: - (aliment tələbi) Tərəflər 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs ilə birgə nikahdan anadan olan xx.xx.2013-cü il təvəllüdlü uşaqları X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay xx.xx.2023-cü il tarixindən başlayaraq hər uşağa görə 250 (iki yüz əlli) manat, ümumi 500 (beş yüz) manat aliment məbləğini 2-ci tərəf Maraqlı şəxs 1-ci tərəf Ərizəçi aid Kapitalbank 4169 7388 8789 1202 nömrəli kart hesabına və ya 1-ci tərəfə aid digər hesaba ödəyir, icra etməsini öz öhdəsinə götürür. Barışıq sazişinin şərtlərindən göründüyü kimi, həmin sazişin təsdiq edilməsinə maneə yaradan (MPM-nin 355-26-cı maddəsində sadalanmış) hallar yoxdur. Ödəniş qəbzlərindən görünür ki, mediasiyaya müraciət edilərkən 50 manat və 10 manat olmaqla, cəmi 60 manat məbləğində mediasiya xərci və məhkəməyə ərizə təqdim edilməsi üçün 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə maraqlı şəxs tərəfindən barışıq sazişi üzrə alimentin ödənişlərinə dair təqdim etdiyi qəbzlərlə bağlı müəyyən edir ki, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 200 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 50 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 200 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən isə 300 manat məbləğində ödəniş edilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, tərəflər arasında təsdiqlənmiş barışıq sazişi şərtlərinə əsasən hazırki iş üzrə maraqlı şəxs olan Maraqlı şəxs tərəfindən aliment ödənişləri hər uşağa görə 250 manat olmaqla, cəmi 500 manat məbləğində olmaqla xx.xx.2023-cü il tarixdən başlayaraq həyata keçirilməlidir. Lakin maraqlı şəxs tərəfindən məhkəməyə göndərilmiş qəbzlərdən aydın olur ki, həmin ödənişlər vaxtlı-vaxtında həyata keçirilməmişdir. Bu baxımdan məhkəmə maraqlı şəxs tərəfindən barışıq sazişi üzrə şərtlərin lazımi şəkildə həyata keçirilmədiyini müəyyən edərək, həmin barışıq sazişinin məcburi icrası üçün təsdiqini məqsədəuyğun hesab edir. Məhkəmə diqqətə çatdırır ki, barışıq sazişi ərizəçinin himayəsində olan 2 azyaşlının maddi təminatı məqsədilə maraqlı şəxsin yerinə yetirməyi öhdəsinə götürdüyü alimentlə bağlıdır və bu zaman uşaqların üstün mənafeyi əsas götürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizəçi Hüseynli (Məmmədova) Xalidə Famil qızının Maraqlı şəxs qismində qeyd etməklə «sazişin məcburi icrası üçün təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilməli, ərizəçi Hüseynli (Məmmədova) Xalidə Famil qızı ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 13 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış MŞB/13/2023-01026 saylı Barışıq Sazişi təsdiq olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Hazırki halda tərəflər arasında alimentlə bağlı münasibətlər üzrə bağlanmış barışıq sazişində müəyyən edilmiş tarix nəzərə alınmaqla aliment tutulması xx.xx.2023cü il tarixdən hesablanmalıdır. Həmçinin Mülki Prosessual Məcəllənin 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə ödənilmiş dövlət rüsumunun maraqlı şəxsdən tutulması ilə bağlı bildirir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış “Mediasiya xidmətlərinin göstərilməsi” barədə müqavilənin 1-ci bəndinin mediasiya xərclərini məbləği, ödənilməsi şərtləri və qaydası hissəsində qeydə əsasən 50 manat məbləği müqavilə üzrə birinci tərəf, yəni Ərizəçi ödəyir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya ilə bağlı xərclərinə öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Odur ki, hazırki iş üzrə mediasiya xərcləri ərizəçi tərəfindən ödənildiyindən həmin xərclər və ödənilmiş dövlət rüsumu məbləği ilə birlikdə maraqlı şəxsdən ərizəçinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-25.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə «sazişin məcburi icrası üçün təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 13 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış Barışıq sazişinin 2-ci bəndi- “(aliment tələbi) Tərəflər 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs ilə birgə nikahdan anadan olan xx.xx.2013-cü il təvəllüdlü uşaqları X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay xx.xx.2023-cü il tarixindən başlayaraq hər uşağa görə 250 (iki yüz əlli) manat ümumi 500 (beş yüz) manat aliment məbləğini 2-ci tərəf Maraqlı şəxs 1-ci tərəf Ərizəçi aid Kapitalbank 4169 7388 8789 1202 nömrəli kart hesabına və ya 1-ci tərəfə aid digər hesaba ödəyir, icra etməsini öz öhdəsinə götürür.”təsdiq olunsun. Alimentin tutulması (ödənilmiş aliment məbləğləri çıxılmaqla) xx.xx.2023-cü il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Ödənilmiş 60 manat mediasiya xərci və 40 manat dövlət rüsumu maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-4886/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4886/2023
06.11.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver